Press-reliZ 11 May 2011-ci IL Bakı, Azərbaycan

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 23 Kb.
tarix21.10.2017
ölçüsü23 Kb.

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
11 May 2011-ci il

Bakı, Azərbaycan


  • ELMAR HÜSEYNOVUN QƏTLİ İLƏ BAĞLI DAHA ÜÇ NƏFƏRİN ADI HALLANIR

  • BƏXTİYAR HACIYEVİN HÖKMÜNÜN ELAN EDİLMƏSİ QEYRİ MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI

  • ƏLİ HƏSƏNOVA GÖRƏ  DİFFAMASİYANIN DEKRİMİNALLAŞDIRILMASI JURNALİSTLƏRİ MƏSULİYYƏTDƏN AZAD ETMİR

  • SATİRİK YAZAR ƏMƏK HÜQUQUNUN POZULDUĞUNU İDDİA EDİR


ELMAR HÜSEYNOVUN QƏTLİ İLƏ BAĞLI DAHA ÜÇ NƏFƏRİN ADI HALLANIR

           “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı gizli məqamlar ortaya çıxıb. Bu barədə “Azadlıq” qəzeti məlumat verir. Qəzetin 11 may tarixli sayında qeyd edilir ki, istintaq orqanları bəzi məqamları gizli saxlayır. Məlumatda göstərilir ki, keçən altı ildə işi araşdıran istintaq orqanının ictimaiyyətə verdiyi məlumat bundan ibarət olub ki, “qətli törədən iki nəfərin adı məlumdur (Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyev) və onların həbsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

           Belə ki, vəkil Adil İsmayılov bu günlərdə mətbuata açıqlama verərək bildirib ki, istintaq orqanı bu qətllə bağlı bir sıra vacib məqamları ictimaiyyətdən gizli saxlayır. Söhbət Elmar Hüseynovun qətlinin icraçıları kimi təqdim olunan şəxslərin sayından gedir. Məlum oldu ki, Tahir Xubanov və Teymuraz Əliyev qətldən bir müddət əvvəl və qətl ərəfəsində Azərbaycana gəlib-gedərkən onları daha üç nəfər müşayiət edib. Bunlar da Kasiya Arçil, Bolkvadze Nuqzar və Davrişov Serqo adlı Gürcüstan vətəndaşlarıdır. Onlar qətldən bir neçə saat sonra Azərbaycan-Gürcüstan sərhədini də beş nəfər olaraq, birlikdə keçiblər. Amma nədənsə, istintaq orqanı adlarını sadaladığımız üç nəfərin adını hallandırmamağı lazım bilib.

“Adları çəkilən şəxslərlə bağlı “Azadlıq” qəzetinə ilginc məlumat daxil olub. Xəbəri verən mənbənin sözlərinə görə, bu günlərdə adları açıqlanan şəxslərin üçü də Gürcüstan vətəndaşı olsalar da, onların hamısı milliyyətcə gürcü deyil. Konkret olaraq, Serqo Davrişovun milliyyətcə kürd olduğu bildirilir”, - deyə qəzetdə qeyd edilir.

Bu məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyi isə hər hansı bir şərh verir.

            Xatırladaq ki,  2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılaraq cəzalandırılmayıblar.



BƏXTİYAR HACIYEVİN HÖKMÜNÜN ELAN EDİLMƏSİ QEYRİ MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI

            Mayın 11-də  Gəncə şəhəri Nizami rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə orduda xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyev barəsində hökm çıxarılmalı idi. Amma hakim hökmün çıxarılmağını qeyri müəyyən vaxta təxirə salınıb. Bu barədə RATİ-yə gənc fəalın qardaşı Vüqar Hacıyev məlumat verib.

 Xatırladaq ki, Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.

Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.  Hüquq mühafizə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.   



ƏLİ HƏSƏNOVA GÖRƏ  dİffamasİyaNIN DEKRİMİNALLAŞDIRILMASI JURNALİSTLƏRİ MƏSULİYYƏTDƏN AZAD ETMİR

            Mayın 11-də  Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisi Prezident Administrasiyası, parlament, Kütləvi İnformasiya Vasitələri və media ekspertlərinin iştirakı ilə Azərbaycanda diffamasiya problemi  müzakirə edilib.

            “Qanunvericiliyin islahatı vasitəsilə diffamasiyanın dekriminallaşdırılması” mövzusunda təşkil olunmuş konfransda ATƏT-in KİV məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç də iştirak edib. 

Yeri gəlmişkən qeyd edək ki, Miyatoviç prezident İlham Əliyevlə və digər rəsmi şəxslərlə jurnalistlərə qarşı cinayət təqibi problemini müzakirə etmək üçün Bakıya gəlib.

          Tədbirdə   Miyatoviç bildirib ki, jurnalistlərin rəsmi şəxsləri tənqid etmək imkanları olmalı və bunu peşəkarlıqla etməlidirlər, ictimai xadimlər isə tənqidə  daha da tolerant yanaşmalıdırlar. 

             Tədbirdə iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov isə tədbirdə bildirib ki, diffamasiyanın dekriminallaşdırılması heç də jurnalistləri məsuliyyətdən azad etmir. Amma o bu məsuliyyətin nədən ibarət olduğunu aydınlaşdırmayıb.

  ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel isə tədbirdə bildirib  ki, Mətbuat Şurası ilə birgə hazırlanmış “Diffamasiya haqqında” qanun demokratik cəmiyyətin – söz azadlığının təməl daşının davamlılığını təmin etməyə yardım göstərəcək.

            İREX-in hüquqşünası Ələsgər Məmmədli isə bildirib ki, qanun layihəsi Avropa İnsan Hüquqları Konvensiyasına, Avropa məhkəməsi hüquq sahəsinə uyğun hazırlanıb, jurnalistləri cinayət təqiblərindən  müdafiə etməyə  qadirdir və jurnalistlərin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə həbsinin ləğvini nəzərdə tutur. Lakin o qeyd edib ki, dekriminallaşdırılma haqqında qanunun qəbulu söz azadlığı sahəsində tam zəmanət vermir. “Digər konstitusion və qanunverici məhdudiyyətlər qalır ki, bunlardan da gələcəkdə jurnalistlərə qarşı cinayət təqibləri məqsədilə istifadə oluna bilər”, - deyə Məmmədli vurğulayıb.

            “Diffamasiya haqqında” qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.

SATİRİK YAZAR ƏMƏK HÜQUQUNUN POZULDUĞUNU İDDİA EDİR

            Mayın 11-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində  “Azadlıq” qəzetinin  keçmiş əməkdaşı Mirzə Sakit əmək  hüququnun pozulması iddiası ilə mətbuat konfransı keçirib. Satirik yazarın sözlərinə görə, Almaniyadan 2 aydır qayıtmasına baxmayaraq  sosial təminatını təmin edə bilmir və o əvvəlki iş yerinə işə bərpa oluna bilmir.

            Mirzə Sakit bildirdi ki, dəfələrlə bir sıra tanınmış ziyalılar vasitəsilə  “Azadlıq” qəzetinə müraciət etməsinə baxmayaraq işə bərpa olunmağına dair müsbət cavab ala bilməyib.

            “Hazırda işsizəm. Ailəmin və özümün yaşamağımız üçün  işləməyim lazımdır. Yazılarımı digər qəzetlər də çap etmir”, - deyə qeyd edən Mirzə Sakit yaranmış vəziyyətdən çıxış yolunu tapa bilmədiyini bildirdi.

Məsələ ilə bağlı “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid RATİ-ya bildirdi ki, Mirzə Sakitin şerləri bir daha “Azadlıq” qəzetində çap edilməyəcək. “Bir zamanlar Sakitin şerləri çap olunub. Lakin Sakitin “Azadlıq” qəzetinin kollektivinə qarşı münasibəti və xüsusi iddiaları nəticəsində onun şerlərinin çapı dayandırılıb. “Azadlıq ” qəzetinin kiminsə şerlərini əbədiyyətə qədər çap etmək kimi bir öhdəliyi yoxdur”, - deyə Qənimət Zahid əlavə etdi.

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə