Press-reliZ 13 iyun 2012-ci IL Bakı, Azərbaycan



Yüklə 29,08 Kb.
tarix25.10.2017
ölçüsü29,08 Kb.
#12418

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
13 iyun 2012-ci il

Bakı, Azərbaycan


  • RATİ MEHMAN HÜSEYNOVUN TUTULMASINI PİSLƏYİR, YERLİ VƏ BEYNƏLXALQ QURUMLARI TƏCİLİ TƏDBİR GÖRMƏYƏ ÇAĞIRIR

  •  “EUROVİSİON MƏHBUSU”- MEHMAN HÜSEYNOV

  • TAĞI ƏHMƏDOVUN İDDİASI İLƏ “AZADLIQ” QƏZETİ 30 MİN MANAT MƏBLƏĞİNDƏCƏRİMƏLƏNDİ

  • OQTAY GÜLƏLİYEV AZAD EDİLDİ

RATİ MEHMAN HÜSEYNOVUN TUTULMASINI PİSLƏYİR, YERLİ VƏ BEYNƏLXALQ QURUMLARI TƏCİLİ TƏDBİR GÖRMƏYƏ ÇAĞIRIR

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) öz əməkdaşı və “Turan” İnformasiya Agentliyinin reportyoru, eyni zamanda multimedia jurnalisti Mehman Hüseynovun həbsini qətiyyətlə pisləyir, və Mehmana daha  uzunmüddətli ədalətsiz həbs cəzasının verilməsinin qarşısının alınması üçün yerli və beynəlxalq ictimaiyyəti təxirəsalınmaz tədbirlər görməyə çağırır.



 

23 yaşlı Mehman Hüseynov 12 İyun 2012-ci il tarixində Səbail Rayon Polis İdarəsinə çağırılmış və həmin gün Bakı vaxtı ilə saat 21:00 radələrində 48 saat müddətinə həbs olunmuşdur. O, Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir. Hazırkı məqamda Mehman Hüseynovun həbsi ilə bağı məhkəmə qərarı yoxdur, amma 48 saatlıq müddət başa çatdıqdan sonra onu həbsdə saxlamaq üçün və ya barəsində həbs-qəti imkan tədbiri görmək üçün məhkəmə qərarına ehtiyac olacaq. Mehman Hüseynova qarşı ittihamların səbəbi 21 May 2012-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirilən razılaşdırılmamış aksiyada çəkiliş apardığı zaman onunla polis arasında baş verən şifahi mübahisə olmuşdur. Mehman Hüseynov aksiya zamanı öz peşə borcunu yerinə yetirərkən digər jurnalistlər, onun RATİ-dən olan həmkarları və aksiyaçılar kimi o da polis zorakılığına məruz qalmışdır. Belə ki, polis Mehmanın kamerasını sındırmışdı. Əgər təqsiri sübuta yetirilsə Mehmanı bir ilə qədər həbs cəzası gözləyə bilər.

 

RATİ hesab edir ki, Mehmana qarşı olan ittihamlar tamamilə əsassızdır, və onun tutulmasının əsas səbəbi onun peşəkar fəaliyyətidir. RATİ Mehmanın tutulması sifarişinin Azərbaycan hökumətinin ən yüksək dairələrindən gəldiyindən şübhələnir və bu addımın RATİ və Mehman Hüseynovun hüquq müdafiəsi sahəsində, xüsusilə Avroviziya mahnı müsabiqəsi çərçivəsində həyata keçirdikləri fəaliyyətlərinə görə qisas olduğunu hesab edir.



 

Mehman Hüseynov Azərbaycanın ən tanınmış multimedia jurnalistlərindən biridir. Onun video və foto xəbərləri sosial şəbəkələrdə geniş yayılmışdır, yerli və beynəlxalq mətbuat vasitələri tez-tez bu foto və videolardan istifadə edir. Mehman Hüseynov bir çox xarici media vasitələri ilə, xüsusilə iki həftə bundan əvvəl Azərbaycanda keçirilən Avroviziya mahnı müsabiqəsi çərçivəsində, əməkdaşlıq etmişdir, və o, xüsusilə “Demokratiya Naminə Oxu” (“Sing for Democracy”) kampaniyasında fəal iştirak etmişdir.

 

Mehman Hüseynov Beynəlxalq Mediaya Dəstək (İMS) təşkilatı (www.i-m-s.dk) tərəfindən dəstəklənən və  RATİ tərəfindən həyata keçirilən Azərbaycan Gənclər Media Mərkəzinin koordinatorudur.



 

Mehman Hüseynov alman jurnalistlərin Avroviziya barədə çəkdikləri qısametrajlı sənədli filmdə də  http://bit.ly/KNhNEZ yer almışdır və bu film Almaniyada yayımlanıb.

Hüseynov həmçinin 2010-cu ildə ABŞ Dövlət Departamentinin Demokratiya Mövzusunda Foto Müsabiqəsinin qaliblərindən biri olmuşdur http://1.usa.gov/LI3Wju .
  Mehmanın “Youtube” video portalındakı kanalına 2000-ə qədər abunəçi yazılmışdır və onun videolarına 2.5 milyon dəfə baxılmışdır http://bit.ly/NwNkMr .

 

Mehman Hüseynov bundan əvvəl 11 mart 2011-ci ildə Daxili İşlər Nazirliyin işçiləri tərəfindən tutulmuşdu. Onun qolları qandallanmış və o, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılmışdı. Orada Hüseynov sosial şəbəkələrdəki fəaliyyəti ilə bağlı sorğu-sual edilmiş və ona daha az fəallıq göstərmək tövsiyə olunmuşdu. Mehman Hüseynov RATİ direktoru Emin Hüseynovun qardaşıdır.



 

RATİ hökuməti Mehman Hüseynovu dərhal azadlığa buraxmağa çağırır. Bundan başqa, RATİ beynəlxalq təşkilatları da Mehman Hüseynovun dərhal azad edilməsini və ona qarşı olan ittihamların dərhal götürülməsini tələb etməyə çağırır. Mehman Hüseynovun 48 saatlıq həbs-qətimkan tədbirinin daha uzunmüddətli həbs cəzasına çevrilməsinin qarşısının alınması üçün təcili tədbirlər görülməsi çox zəruridir.

  

EUROVİSİON MƏHBUSU”- MEHMAN HÜSEYNOV



Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynovun saxlanması tamamilə əsassızdır, onun əməllərində cinayət tərkibi yoxdur və o, çevik polis alayının əməkdaşına hər-hansı fiziki təsir göstərməyib. Bu barədə Media Mərkəzdə keçirilən bugünki mətbuat konfransında RATİ rəhbəri Emin Hüseynov bildirib.

    Bununla belə, Səbail polisi onu istintaqdan yayına biləcəyi iddiası ilə həbs edib. “Lakin Mehman polisə çağırıldığı zaman xaricdə idi və istəsəydi qayıtmaya bilərdi. O, təyin edilən vaxtda Bakıda idi və polisə gedib”, deyə onun vəkili Elçin Sadıqov bildirib. Bu halda həbs qətimkan tədbiri qanunsuzdur, belə ki, onun ittiham olunduğu CM-in 221.1 maddəsi (xuliqanlıq) həbsdən çəkinməyə imkan verir.

    Bütün çıxış edənlərin ortaq fikri Mehman Hüseynovun “Eurovision məhbusu” olmasına söykənir. Hakimiyyət “Eurovision” günlərində Azərbaycandakı problemlər və hüquq pozuntuları haqqında faktları açıqlayanların, “Demokratiya naminə oxu” kampaniyasında iştirak edənlərin təqibinə başlayıb.

    “Mehman mühakimə olunsa, beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyacaq”, publisist Şahvələd Çobanoğlu belə hesab edir.

    “Mehman Hüseynov Eurovision günlərində fotoları vasitəsilə dünyaya hakim ailənin yaratdığı problemlərindən bəhs edirdi. Bu, ailənin biznesi olan “Eurovision”a da aiddir”,- deyə “Azadlıq” radiosunun icmalçısı Xədicə İsmayılova bildirib. Onun sözlərinə görə, Mehmanın həbsi jurnalistlərə təzyiq nümunəsidir.

    “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev hakimiyyətin əməllərinin proqnozlaşdırılan və gözlənilən olduğunu qeyd edib. O, hakimiyyətin “Eurovision” ərəfəsindəki hadisələrə reaksiyasını “bir qədər gecikmiş” adlandırıb. Eyni zamanda, “Mehmanın işində bizi uğur gözlədiyindən” əminliyini ifadə edib və bu məsələdə hamını səfərbər olmağa çağırıb.

    “Real” hərəkatının rəhbəri İlqar Məmmədov ictimaiyyəti vətəndaş itaətsizliyinə çağırıb. “Repressiyalar çoxdan siyasi ailənin tərkib hissəsinə çevrilib”, deyə o bildirib. Mehman Hüseynov azad edilməsə, kütləvi itaətsizlik aksiyalarına əl atmaq lazımdır.

    Media sahəsində ekspert Ələsgər Məmmədli qeyd edib ki, jurnalistlərin hüquqlarının pozulması faktları araşdırılmır. Polisə gəlincə, o, vətəndaşları təhqir etmək və onların hüquqlarını pozmaq haqqı yoxdur, Heç bir halda jurnalistin kamerasını əlindən ala, sındıra bilməz.

    “Azadlıq” qəzetinin publisisti Xalid Bahadır deyib ki, bildirib ki, İlham Əliyev andiçmə mərasimində verdiyi vədləri unudub. O, jurnalistlərlə mübarizə aparan kriminal rejim yaradıb.

    Sonda Emin Hüseynov bu məsələdə sonuna qədər gedəcəklərini deyib. “Mehmanın həbsi hakimiyyətin qorxutma metodudursa, bu, RATİ-nin gələcək fəaliyyətinə təsir etməyəcək. Biz qanuna uyğun şəkildə mübarizə aparacağıq”, deyə o bildirib.


TAĞI ƏHMƏDOVUN İDDİASI İLƏ “AZADLIQ” QƏZETİ 30 MİN MANAT MƏBLƏĞİNDƏ CƏRİMƏLƏNDİ
Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun “Azadlıq” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi və vurulmuş mənəvi ziyanın ödənmilməsi tələbi ilə qaldırdığı iddiasına əsasən məhkəmə prosesinə yekun vurulub. Məhkəmə “Azadlıq” qəzetinin təkzib verməsi və qəzetin Tağı Əhmədova 30 min manat təzminat ödəməsi ilə bağlı qərar qəbul edib.

Azadlıq qəzetinin nümayəndəsi, Media hüquqları İnstitutunun əməkdaşı Fariz Namazov məhkəmənin qərarının ədalətsiz olduğunu və bu qərardan apellyasiya şikayəti verəcəklərini bildirib. Xatırladaq ki, “Azadlıq” qəzetinin 8 aprel 2012-ci tarixli buraxılışında “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” başlıqlı yazıda metropolıitendə qiymətlər 20 qəpik olandan sonra, əvvəlcədən yüklənilmiş gedişlərdəki əlavə 5 qəpiklərdən istafadə edilməsinin mümkün olmadığı göstərilib. Tağı Əhmədov isə həmin məqalədə ona böhtan atıldığını, şərəf və ləyaqətinin alçaldığını hesab etdiyindən qəzetə qarşı iddia qaldıraraq təkzib verilməsi və 200 min manat təzminat ödənilməsi ilə bağlı qərar çıxarılmasını istəmişdir.


OQTAY GÜLƏLİYEV AZAD EDİLDİ
İyunun 13-də Sabirabad Rayon Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev azadlığa buraxılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Oqtay Güləliyevin özü məlumat verib.

O. Güləliyev bildirdi ki, vəkili Yalçın İmanov cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi, həmçinin həbs qətimkan tədbirinin ləğv olunması və ya dəyişdirilməsinə dair məhkəmədə vəsatətlər qaldırıb və hakim F. Əliyev həbs qətimkan tədbirinin ləğv olunması və onun məhkəmə zalından azadlığa buraxılması barədə qərar çıxarıb:



“Məhkəmənin bu gün olacağı barədə mənə dünən məlumat verdilər. Həbsim siyasi qərarla həyata keçirildiyi kimi, azadlığa çıxmağımı da siyasi qərar hesab edirəm. Mən azadlığa buraxılmağımı natamam hesab edirəm. Çünki, cinayət işi ləğv olunmayıb və istintaq hələ də davam edir, ölkədən çıxmağıma qadağa var”, - deyə Güləliyev bildirib.

Xatırladaq ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru, “Şəffaflıq” jurnalının baş redaktoru Oqtay Güləliyev aprelin 8-də Sabirabadın Minbaşı kəndində monitorinq apararkən saxlanılıb və inzibati qaydada 12 sutkalıq həbs cəzası alıb. Ayın 19-da isə ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılıb. Sabirabad rayon Məhkəməsi O. Güləliyev barəsində 2 ay həbs qətimkan tədbiri seçilmişdi.
Yüklə 29,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin