Press-reliZ 17 avqust 2009-cu IL Bakı, Azərbaycan



Yüklə 47,97 Kb.
tarix25.07.2018
ölçüsü47,97 Kb.
#57552

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
17 avqust 2009-cu il

Bakı, Azərbaycan


  • TOLIŞİ-SƏDO” QƏZETİNİN BAŞ REDAKTORU HƏBSXANADA DÜNYASINI DƏYİŞİB

  • EUROVISİON-2009 YARIŞMASINDA ERMƏNİSTAN TƏMSİLÇİSİNƏ SƏS VERƏNLƏR MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNƏ ÇAĞIRILIB

  • MİLLƏTİM” QƏZETİNİN BAŞ REDAKTORUNA QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

  • FUTBOL KLUBU PREZİDENTİNİN FANAT.AZ SAYTINA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

  • JURNALİSTLƏR APELLYASİYA ŞİKAYƏTİ VERİBLƏR

  • HÜQUQ MÜDAFİƏÇİSİNİN BAŞ REDAKTORA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ BAXIŞI YEKUNLAŞIB

  • NOVRUZ MƏMMƏDOV GƏNCLƏRİN HƏBSİNİ “XULİQANLIQ HADİSƏSİ” ADLANDIRIB

  • GƏNC BLOQÇULARIN AZAD OLUNMASI İLƏ BAĞLI MÜRACİƏT GÖNDƏRİLİB

  • PARALEL” QƏZETİNİN MÜXBİRİ BAŞ MÜTƏŞƏKKİL CİNAYƏTKARLIQLA MÜBARİZƏ İDARƏSİNƏ ÇAĞIRILIB

  • AZERSAT” PEYKİNİN YARADILMASI İLƏ BAĞLI TENDERDƏ AMERİKA ŞİRKƏTİ QALİB GƏLİB

TOLIŞİ-SƏDO” QƏZETİNİN BAŞ REDAKTORU HƏBSXANADA DÜNYASINI DƏYİŞİB

Bu gün (17 avqust) “Tolışi-səda” (”Talışın səsi”) qəzetinin həbsdə olan baş redaktoru Novruzəli Məmmədov vəfat edib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna baş redaktorun Hüquqlarının Müdafiə Komitəsinin sədri Hilal Məmmədov məlumat verib.

Qeyd edək ki, bir neçə aydır ki, səhhəti kəskin pisləşmiş N.Məmmədov iyul ayının 28-də cəza çəkdiyi 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.

            Xatırladaq ki,“Tolışi Sədo” (“Talışın Səsi”) Novruzəli Məmmədovun Azərbaycan Respublikası CM-nin 274 (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il azadlıqdan məhrum edilmişdi. 
EUROVISİON-2009 YARIŞMASINDA ERMƏNİSTAN TƏMSİLÇİSİNƏ SƏS VERƏNLƏR MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNƏ ÇAĞIRILIB
Politoloq Ərəstun Oruclunun 17 yaşlı oğlu “Eurovision-2009” müsabiqəsi zamanı Ermənistandan olan ifaçıya səs verdiyinə görə avqustun 6-da Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən Ərəstun Oruclunun sözlərinə görə, naməlum şəxs oğlunun mobil telefonuna zəng edərək, MTN-in Nəsimi rayon şöbəsinə gəlməsini tələb edib. Bu barədə xəbər tutan ata oğlunun bölməyə getməsini qadağan edib. “Telefon vasitəsilə zəng edərək səbəb bildirmədən çağırdıqlarına və rəsmi çağırış göndərmədiklərinə görə, oğlumun heç yerə getməyəcəyini bildirdim və yazılı çağırış göndərməyi tələb etdim. Bundan başqa, oğlumun 18 yaşı tamam olmayıb və o, yalnız vəkilin və ya valideynlərinin iştirakı ilə dindirilə bilər. Bununla belə, zəng edənlərdən biri oğlumu polisin köməyilə zor güc gətirəcəyi ilə hədələyib. Buna görə, bunu açıq hədə hesab edirəm”.  

Rövşən Nəsirli adlı Azərbaycan vətəndaşı da “Azadlıq” radiosuna bildirib ki, may ayında keçirilən “Eurovision 2009” mahnı müsabiqəsində Ermənistandan olan iştirakçılara səs göndərdiyi üçün avqustun 12-də onu Milli Təhlükəsizlik Nazirliyinin Nəsimi rayon şöbəsinə çağırıblar. “Məndən izahat alındı ki, niyə Ermənistana səs göndərmişəm. Dedilər ki, bunu dövlət təhlükəsizliyi üçün edirik. Mənə psixoloji təzyiq etmək istəyirdilər ki, sənin milliyyətin yoxdur, niyə Ermənistana səs verirsən? İzahat yazdırıb buraxdılar” – deyən Rövşən Nəsirli vurğulayıb ki, onu sorğu-suala tutan MTN əməkdaşının əlindəki siyahıda ondan başqa daha bir neçə nəfərin də adı və telefon nömrəsi olub.

Hüquqşünas Ələsgər Məmmədli RATİ-yə bildirib ki, yarşımada Ermənistan iştirakçısına səs verən şəxslərin MTN-ə çağırılmasının heç bir hüquqi əsası yoxdur və bu hal qanunsuzdur. Azərbaycanın “Eurovision” şəbəkəsinə heç bir şərt irəli sürmədən qoşulduğunu qeyd edən hüquqşünas vurğuladı ki, Ermənistan nümayəndəsinin çıxışı Azərbaycanın İctimai Televiziyası tərəfindən birbaşa yayımlanırsa, bu zaman vətəndaşların seçiminə də məhdudiyyət qoyulmamalı, həmçinin sonradan onlara problem yaradılmamalıdır. “Bu, ifadə azadlığının pozulması olduğundan, belə hallara yol vermək qanun pozuntusudur.”

Məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin münasibətini öyrənmək üçün dəfələrlə zəng etsək də, nazirlikdən telefonlarımıza cavab verən olmadı.

MİLLƏTİM” QƏZETİNİN BAŞ REDAKTORUNA QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (17 avqust) Nərimanov rayon Məhkəməsində hakim Arif İsmayılovun sədrliyi ilə hüquq müdafiəçisi Çingiz Qənizadənin  “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğluna (Allahverdiyev) qarşı  xüsusi ittiham qaydasında iddiasına əsasən məhkəmə prosesi keçirildi. Prosesdə xüsusi ittihamçının nümayəndəsi Raqif Mustafayev, cavabdeh tərəfdən isə Fərəməz Novruzoğlu və vəkili İmran Kərimov iştirak edirdi.

Cavabdeh F. Novruzoğlu 14 saylı cəzaçəkmə müəssisəsində baş verən işgəncə halları ilə bağlı ifadə vermək üçün əvvəllər həmin müəssisədə cəza çəkmiş Mirzə Sakit (Zahidov) və Rustavelli Quliyevi şahid qismində məhkəməyə dəvət olunması üçün şifahi vəsatət qaldırdı. Hakim A. İsmayılov vəsatəti təmin edilməsinə qərar verdi.

Prosesdə F.Novruzoğlunun izahatında bildirdi ki, həbsxanalarda olan qanunsuz hallar və cinayət faktları ilə bağlı hüquq müdafiəçisi Çingiz Qənizadəyə verilən məlumatlar, onun tərəfindən gizlədilir. Cavabdeh həmçinin vurğuladı ki, bu kimi faktların gizlədilməsi üçün 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənov Çingiz Qənizadəyə 30 min dollar rüşvət verib. Daha sonra prosesdə şahid qismində ifadə verən 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənov isə F.Novruzoğlunun dediklərini inkar edərək bildirdi ki, rəhbərlik etdiyi cəzaçəkmə müəssisəsində heç bir işgəncə faktının olmadığını bildirdi.

İddiaçının vəkili R.Mustafayev “Millətim” qəzetinin 13 may 2009-cu il tarixinin 7-ci sayında gedən və iddiaya səbəb olan yazılarda işlənən ifadələrdə təhqir elementlərinin olub-olmamasının aydınlaşdırmaq üçün, məqalənin ekspertizaya göndərilməsi ilə bağlı vəsatət qaldırdı. Hakim A. İsmayılov vəsatəti təmin edərək, prosesi 20 avqust saat 09:30-a təyin etdi.

Xatırladaq ki, hüquq müdafiəçisi Çingiz Qənizadə həbsxanalarda baş verən cinayət halları və bu halların hüquq müdafiəçiləri tərəfindən gizlədilməsi faktları barədə “Millətim” qəzetinin baş redaktoru F. Novruzoğlunun müəllifi olduğu yazılara görə Cinayət Məcəlləsinin 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.



FUTBOL KLUBU PREZİDENTİNİN FANAT.AZ SAYTINA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB
Bu gün (17 avqust) Nəsimi  rayon Məhkəməsində hakim Elmar Kərimovun sədrliyi ilə “Xəzər-Lənkəran” Futbol Klubunun prezidenti Mais Məsimovun “” idman saytının layihə rəhbəri Zahir Əzəmətə və saytın idman yazarı Natiq Muxtarlıya qarşı Cinayət Məcəlləsinin (CM) 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə cavabdeh tərəfdən saytın idman yazarı N. Muxtarlı, saytın layihə rəhbəri Zahir Əzəmət və vəkili Xalid Bağırov, iddiaçı tərəfdən isə vəkillər - Məzahir Niftəliyev və Azər Tağıyev iştirak edirdilər.

Cavabdehin vəkili X.Bağırov iş üzrə sübutların araşdırılması, “Xəzər–Lənkəran” klubunun prezidenti M. Məsimovun və klubun keçmiş məşqçisi Bəxtiyar Musayevin, klubun oyunçuları Kamran Ağayev və Emin Quliyev və Rəvan Bəşirovun məhkəmədə iştirak etməsi ilə bağlı vəsatət qaldırdı.

Hakim E.Kərimov vəsatətlə ilə bağlı qərarın qəbulunu növbəti prosesə təxirə saldı.

İddiaçının vəkili M.Niftəliyev saytda gedən yazılarda yer alan ifadələri hüquqlarını müdafiə etdiyi şəxsin şəxsiyyətinə qarşı təhqir və böhtan hesab edərək, iddiasının əsaslı olduğunu bildirdi və cavabdehlərin cəzalandırılmasını istədi.

Hakim E. Kərimov növbəti prosesi 26 avqust, saat 15:30-a təyin etdi.

Xatırladaq ki,  Mais Məsimov Natiq Muxtarlının “FANAT.AZ” idman saytında yerləşdirilmiş köşə yazılarında şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək, Zahir Əzəmət və Natiq Muxtarlıya qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.
JURNALİSTLƏR APELLYASİYA ŞİKAYƏTİ VERİBLƏR
“Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyli, jurnalistlər Fərəməz Novruzoğlu və Ramiz Tağıyev Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovun xüsusi ittiham qaydasında iddiasına əsasən Nizami rayon məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayəti veriblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) S.Əlibəyli məlumat verib.

Qeyd edək ki, 22 iyul Milli Mətbuat Günündə - “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyli və qəzetin yazarı Fərəməz Allahverdiyevi Cinayət Məcəlləsinin böhtan (maddə 147) və təhqirə (maddə 148) görə cinayət cəzası nəzərdə tutan maddələri ilə təqsirli bilən  Bakı şəhəri Nizami rayon Məhkəməsi (hakim Ziya Əliyev) onların hər ikisini 3 ay müddətinə azadlıqdan məhrum edib. Apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayarsa, hər iki jurnalist həbsə alınacaqlar. Həmin hökmlə qəzetin başqa bir yazarı Ramiz Tağıyevi isə 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.  

S.Əlibəyli RATİ-yə onu da bildirib ki, Daxili Qoşunların komandanlığının xüsusi ittiham qaydasında iddialarına əsasən Nizami rayon məhkəməsinin barəsində çıxardığı hökmdən də apellyasiya şikayəti verib.

Xatırladaq ki, Daxili Qoşunlar komandanı general-leytenant Zakir Həsənov, Daxili Qoşunlar komandanının müavini, general-mayor Fəxrəddin Səmədov, Daxili Qoşunların kadrlar idarəsini rəisi polkovnik Nəsir Hüseynov və Daxili Qoşunların maliyyə Xidmətinin rəisi Namiq Poladovun “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə qarşı CM-nin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə iddia qaldırmış və məhkəmə cavabdehə 7 ay icbari iş verilməsi və aylıq gəlirinin 4 faizinin dövlətin nəfinə tutulması barədə hökm oxuyub.


HÜQUQ MÜDAFİƏÇİSİNİN BAŞ REDAKTORA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ BAXIŞI YEKUNLAŞIB

Bu gün (17 avqust) Nərimanov rayon Məhkəməsində hakim Arif İsmayılovun sədrliyi ilə hüquq müdafiəçisi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovun “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğluna qarşı mülki qaydada iddiasına əsasən məhkəmə prosesi keçirildi. Prosesdə iddiaçı tərəfdən Elçin Behbudov və nümayəndəsi Səməd Əliyev, cavabdeh tərəfdən isə Fərəməz Novruzoğlu iştirak edirdi.

İddiaçının vəkili Səməd Əliyev Qobustan Qapalı Həbsxanasının məhbusu Eldar Cabbarovun yazılı müraciətini məhkəməyə təqdim etdi. Müraciətdə Elçin Behbudobun ondan rüşvət almaması bildirilirdi. Cavabdeh Fərəməz Novruzoğlu bildirdi ki, müraciət sübut sayıla bilməz.

Daha sonra hakim məhkəmə baxışının bitdiyini deyərək, yekun çıxış üçün tərəflərə söz verdi. İddiaçının nümayəndəsi S.Əliyev iddiaya səbəb olmuş məqalələrdə E.Behbudova böhtan atıldığını və təhqir olunaraq işgüzar nüfuzuna zərbə vurulduğunu deyərək, iddianın təmin olunmasını istədi.

F.Novruzoğlu isə bildirdi ki, sözügedən yazılarda heç bir təhqir və böhtana yol verilməyib və yalnız bir məqaləyə görə təkzib verməyə hazırdır. “Elçin Behbudov 1 saylı cəzaçəkmə müəssisəsində fiziki təzyiqə məruz qalmadığını məhkəmədə bəyan etdiyinə görə, bu məqama təkzib verəcəyəm” – deyə F.Novruzoğlu qeyd etdi.

Hakim qərardadın elan olunması üçün son prosesi 19 avqust saat 10.15-ə təyin etdi.

Xatırladaq ki, hüquq müdafiəçisi Elçin Behbudov həbsxanalarda baş verən cinayət halları və bu halların hüquq müdafiəçiləri tərəfindən gizlədilməsi faktları barədə “Millətim” qəzetinin baş redaktoru F. Novruzoğlunun müəllifi olduğu yazılara görə məhkəməyə müraciət edib və baş redaktorun təkzib verməsini, həmçinin 100.000 (yüz min) manat təzminat ödəməsini istəyir.

 

NOVRUZ MƏMMƏDOV GƏNCLƏRİN HƏBSİNİ “XULİQANLIQ HADİSƏSİ” ADLANDIRIB

Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Emin Milli və Adnan Hacızadənin həbsini xuliqanlıq hadisəsi kimi qiymətləndirib. Bu barədə N.Məmmədov gənc bloqçuların azad edilməsi çağırışı ilə bağlı beynəlxalq aləmin çoxsaylı müraciətlərini şərh edərkən “Turan”a bildirib. “Bir xuliqanlıq baş verib və bir-iki aydan sonra onlar buraxılacaq. Amma belə işlər dünyada yüzlərlə olur, sadəcə olaraq onların bir neçəsi kimlərəsə lazım olanda siyasiləşdirilir. Sonra isə kimlərinsə marağına uyğun olaraq, dünyada süni olaraq mühüm hadisə kimi qələmə verirlər” - deyən Məmmədov vurğulayıb ki, bu məsələ qanunvericilik daxilində həllini tapacaq.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.


GƏNC BLOQÇULARIN AZAD OLUNMASI İLƏ BAĞLI MÜRACİƏT GÖNDƏRİLİB
Gənc bloqçular Emin Milli (Abdullayev) və Adnan Hacızadənin Hüquqlarını Müdafiə Komitəsi gənclərin müdafiəsinə dəstək çağırışı ilə ABŞ konqresinə, Britaniya parlamentinə və Avropa İttifaqı ölkələrinə müraciət göndərib. Bu barədə “Turan” informasiya agentliyi məlumat yayıb. Müraciətdə gənc fəalların saxta xuliqanlıq ittihamı ilə həbs edilməsi, onların həbsinə demokratiya problemləri və ölkədə baş alıb gedən korrupsiya ilə bağlı internetdə öz fikirlərini bildirmələrinin səbəb olduğu yer alıb. Emin Milli və Adnan Hacızadənin bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq etmələrinə toxunulan müraciətdə beynəlxalq demokratik ictimaiyyətin nüfuzlu liderlərindən gənclərə köməklik göstərmələri xahiş olunub.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.


PARALEL” QƏZETİNİN MÜXBİRİ BAŞ MÜTƏŞƏKKİL CİNAYƏTKARLIQLA MÜBARİZƏ İDARƏSİNƏ ÇAĞIRILIB
Avqustun 13-də “Paralel” qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə müxbiri Yasəf Həsənov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Y. Həsənov özü məlumat verib. Jurnalist bildirib ki, artıq 1 il yarımdır ki, Bakı şəhərində yaşayır və Naxçıvan MR ilə bağlı xəbərlər hazırlayır. “Həmin gün gecə saat 12-də telefon vasitəsilə BMCMİ-yə çağırılmağıma etiraz etdim və ora yalnız səhər gələ biləcəyimi söylədim. Səhər saat 8-də yenidən zəng etdilər və mən həmin idarəyə getdim. Burda axşama qədər gözləməli oldum. Sonra isə dedilər ki, get, sonra özümüz səni çağıracağıq. ”

Y. Həsənov qeyd edib ki, ona növbəti dəfə jurnalist vəsiqəsi ilə gəlməyi tapşırıblar: “Buna görə də hesab edirəm ki, bu çağırış jurnalist fəaliyyətimlə bağlıdır”.

AZERSAT” PEYKİNİN YARADILMASI İLƏ BAĞLI TENDERDƏ AMERİKA ŞİRKƏTİ QALİB GƏLİB
Amerikanın Orbital Sciences Corporation şirkəti 2009-cu ilin sentyabrında Azərbaycanın ilk kosmik rabitə peyki “AzerSat”-ın yaradılmasına başlayacaq. Bu barədə mətbuata rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

“Bu günlərdə tender komissiyası AzerSat peykinin yaradılması ilə məşğul olacaq şirkətin seçimi üzrə tenderin nəticələrini açıqlayıb. Tenderdə Amerikanın Orbital Sciences Corporation şirkəti qalib olub. Peykin yaradılması üzrə işlərə sentyabrdan başlanacaq, orbirdəki mövqeyə isə o, 2011-ci ilin dekabrında çıxarılacaq” - deyə nazir qeyd edib.

Ə.Abbasov onu da bildirib ki, layihənin ümumi dəyəri 163 mln. manat həcmində qiymətləndirilir. Onun sözlərinə görə, xərclər 5-7 il ərzində çıxarılmalıdır, peykin istismarının sonrakı 15 ili ərzində isə o, xalis mənfəət gətirəcək.

Xatırladaq ki, Azərbaycan 2007-ci il martın 20-də “AzerSat” milli rabitə peykinin buraxılması haqqında ilk təkliflərini Beynəlxalq Telekommunikasiya İttifaqına təqdim edib.


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az
Yüklə 47,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin