Press-reliZ 22 iyul 2011-ci IL Bakı, Azərbaycan



Yüklə 23.21 Kb.
tarix25.10.2017
ölçüsü23.21 Kb.

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
22 iyul 2011-ci il

Bakı, Azərbaycan


  • MİLLİ MƏTBUAT GÜNÜNDƏ MƏRHUM JURNALİSTLƏRİN MƏZARI ZİYARƏT EDİLİB

  • MEDİA HÜQUQU İNSTİTUTU YARIMİLLİK HESABATINI AÇIQLAYIB

  • SƏRHƏDSİZ REPORTYORLAR” TƏŞKİLATI NAXÇIVAN HAKİMİYYƏTİNİ PİSLƏYİB



MİLLİ MƏTBUAT GÜNÜNDƏ MƏRHUM JURNALİSTLƏRİN MƏZARI ZİYARƏT EDİLİB

Bu gün (22 iyul) Milli Mətbuat günündə bir qrup jurnalist Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin, müstəqillik dövründə azad medianın yaradıcısı Nəcəf Nəcəfovun, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, ölkənin müstəqilliyi uğrunda döyüşlərdə həlak olmuş jurnalistlər, milli qəhrəmanlar - Salatın Əsgərova, Alı Mustafayev, Çingiz Mustafayev, Kazımağa Kazımov və digərlərinin məzarlarını ziyarət ediblər, gül dəstələri qoyublar.

  Məhrum jurnalist Elmar Hüseynovun qəbri üstündə danışan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynov bildirib ki, ölkədə media azadlığı boğulur, jurnalistlər fiziki təzyiqlərə məruz qalır. Media əsasən hökumətin nəzarətinə keçib. Azad və müxalifət medianın jurnalistləri isə təzyiqlərlə üzləşir. 2005-ci il martın 2-də qətlə yeririlmiş “Monitor” jurnalının  baş redaktoru Elmar Hüseynovun qatilləri hələ də Gürcüstandan tutulub gətirilmir. E.Hüseynovun Gürcüstanda yaşayan qatillərinin həbs edilməsinin problem olduğunu iddia edən istintaq orqanları bu günlərdə “Azər-Ross” şirkətində qətl törədərək Gürcüstanda gizlənmiş adamları bir neçə gün ərzində həbs edib ölkəyə gətirdi”, -  o bildirib.

  Çıxışlarda Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov kimi ziyalılar Azərbaycan xalqının cəmiyyəti irəli aparan mühüm şəxsləri kimi xarakterizə edilib. “Həsən bəy Zərdabi Azərbaycan xalqının vicdan səsi idisə, Nəcəf Nəcəfov müasir jurnalistikanın ədalət simvoludur”, -deyə “Turan” Agentliyinin direktoru Mehman Əliyev qeyd edib.



MEDİA HÜQUQU İNSTİTUTU YARIMİLLİK HESABATINI AÇIQLAYIB

Azərbaycanda ifadə azadlığı ilə bağlı vəziyyət ağır olaraq qalır. Bu barədə Media Hüquqları İnstitutunun (MHİ)  bu ilin birinci yarısına dair  hesabatında bildirilir.

MHİ-nin direktoru Rəşid Hacılı bildirib ki, bu gün (22 iyul) Milli Mətbuat günü olsa da bu bayram hiss edilmir, çünki bu bayramın qeyd edilməsi üçün əsas meyar olan fikir azadlığı yoxdur.

Rəşid Hacılı onu da qeyd etdi ki,   MHİ-nin uzun illər bu istiqamətdə apardığı monitorinqlərə  görə, ölkədə  jurnalistlərin hüquqi  durumu, peşə fəaliyyəti ,söz azadlığı ilə bağlı  vəziyyət gərgin olaraq qalır.

  MHİ-nin əməkdaşı Xalid Ağaliyev  bildirib ki, hesabatda ifadə azadlığı hüququnun qanunvericilik çərçivəsi, məhkəmə işləri, jurnalistlərə  fiziki, psixoloji basqılar, bilgi azadlığı, İnternetdən ifadə azadlığı və teleradio düzənlənməsi  haqqında analizlər yer alıb.

  Onun sözlərinə görə, ötən yarım ilin ən böyük olayı həbsdə olan jurnalist  Eynulla Fətullayevin azadlığa çıxmasıdır.

“Həbsdə  jurnalist yoxdur. Buna baxmayaraq,  gənclərə qarşı siyasi həbslər başlanılıb” deyə Ağaliyev vurğulayıb.

O qeyd edib ki, hesabatda “Monitorinq” jurnalının baş redaktoru  Elmar Hüseynovun qətlinin üstünün hələ də açılmaması ilə bağlı məsələ yer alıb və eyni zamanda Sosial şəbəkələrdə daha çox fəallığı ilə seçilən AXCP üzvü  Cabbar Savalanlı, gənc fəal Bəxtiyar Hacıyevin  barəsində hökmlər isə məhkəmə işləri bölümündə yer alıb.

“Ümumilikdə məhkəmə işləri bölümünə əsasən  ifadə azadlığı ilə bağlı  27  məhkəmə davası davam edib. Həmin  məhkəmə işlərindən  11-i  son yarım ildə  açılıb.    Sözügedən məhkəmə işlərində jurnalistlərə qarşı  iddia və şikayətlərin  əksəriyyətini “ictimai füqur” statuslu şəxslər qaldırıb. Məhkəmə bölümündə təzminat işlərinə gəlincə, yazılara görə məhkəməyə çəkilən  jurnalistlərdən  630 min AZN-dən artıq təzminat istənilib, 6 jurnalistə cinayət cəzası verilməsi tələb olunub. Ən çox təzminat verilməsi “Xural” qəzetinin payına düşür.” - deyə MHİ əməkdaşı  əlavə edib.

X.Ağaliyev jurnalistlərə  fiziki, psixoloji təzyiqlərin davam etdiyini bildirib. Belə ki, 50-dən çox  jurnalist  basqıya məruz qalıb. Bu basqılar arasında ən qalmaqallı olanı Azərbaycana gələn  6 əcnəbi jurnalistin fiziki  təzyiqlə üzləşməsidir.

Jurnalistlər  əsasən  kütləvi aksiyalardan, açıq toplantılardan məlumat alarkən  təzyiqə məruz qalıblar. 3 isveçli  və 1 alman jurnalist Azərbaycandan qanunsuz deportasiya edilib, iki  əcnəbi jurnalist döyülüb. Onların işi barəsində cinayət işi açılıb.

  Bilgi azadlığı bölümü barədə məlumat verən  MHİ-nin əməkdaşı  bildirib ki, bu sahədə də vəziyyət ürəkaçan deyil. Belə ki,  bilgi sorğuları əsasən  Milli Məclisə, məhkəmələrə, icra hakimiyyətlərinə, BŞİH, nazirliklərə, banklara göndərilib. Bilgi sahibləri  147 sorğunun  56-na cavab veriblər.

  Yarım ildə İnternet azadlığı sahəsində geniş tendensiya olmayıb. Bölgələrdə İnternetin surəti  və servis səviyyəsi aşağıdır. Mətbu nəşrlər  üçün keçərli olan  hüquq və azadlıqlar, məhdudiyyətlər İnternetdə də eyni qaydada tətbiq edilir.

  Ölkə əhalisinin bilgilərə əsas çatım vasitəsi televiziya və radiodur. Ancaq  milli teleradiolar bu tələbatı ödəmək gücündə deyil. Belə ki,  MTRŞ-nın boş tezliklər barədə  keçirdiyi  müsabiqə çoxlu qanun pozuntuları ilə müşayiət olunub.

Onu da qeyd edək ki,   hesabatda ifadə azadlığı ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün tövsiyələr əksini tapıb.

SƏRHƏDSİZ REPORTYORLAR” TƏŞKİLATI NAXÇIVAN HAKİMİYYƏTİNİ PİSLƏYİB

“Sərhədsiz Reportyorlar” mətbuatın müdafiə təşkilatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bölgə müxbiri Həkimeldostu Mehdiyevin hüquqlarını pozduğuna görə Naxçıvan hakimiyyətini pisləyən bəyanaty yayıb.

“Son bir həftə ərzində o, hakimiyyətin ciddi təzyiqinə məruz qalıb ki, bu da Naxçıvanda vətəndaşların və jurnalistlərin hüquq və azadlıqlarının pozulmasının növbəti təzahürü olub. Hakimiyyət bu təqiblərə, habelə yerli hakimiyyət Mehdiyevin evinin yaxınlığındakı obyektini sökərkən onu dəstəkləmək üçün gələn həmkarlarına qarşı təzyiqlərə son qoymalıdır. Təəssüf ki, Naxçıvanda jurnalistlərə təzyiq və onların təqib olunması təcrübəsi hakimiyyətin sevimli metodudur", - deyə bəyanatda bildirilir.

H.Mehdiyev özü hesab edir ki, o, Naxçıvanda səfərdə olan alman jurnalist Mixael Lüdviqi müşayiət etdikdən sonra hakimiyyət onu təqib etməyi qərara alıb. Lüdviqin Azərbaycan XİN-də akkreditasiya keçməsinə baxmayaraq, yerli hakimiyyət onun işinə mane olub. Lakin Mehdiyev alman jurnalistin işini qismən həyata keçirməsinə kömək edib.

Xatırladaq ki, iyulun 15-də Şərur rayonunun  Cəlil  kəndində reportaj hazırlayan RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasov və “Turan” İnformasiya Agentliyinin müxbiri İlqar Nəsibov Şərur Rayon Polis şöbəsinin əməkdaşlarının hücumuna məruz qalıblar. Jurnalistlər döyülüb, video kameraları, foto aparatları zorla əllərindən alınıb və çəkilişləri silinib. Konflikt   Almaniyanın tanınmış qəzeti “Frankfurter Allgemeine Zeitung”-in Moskva bürosunun müxbiri, siyasi şərhçi Mixail Ludviqin bir müddət bundan Naxçıvana səfəri və daha sonra yerli hakimiyyətin təzyiqi ilə onun  Muxtar Respublikanı tərk etməyindən sonra başlanıb. Əcnəbi jurnalistin H.Mehdiyevin müşayiəti ilə Sədərək rayonuna getməsi yerli hakimiyyətin xoşuna gəlməyib və onu cəzalandırmaq barədə əməliyyata başlayıblar.

Belə ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtomobilyuma sexinə gələn elektriki kəsdirib. İyulun 15-də  məsələ ilə bağlı yenidən onun üzərinə hücum edilib. Məsələni araşdırmaq üçün Elman Abbasov və İlqar Nəsibov da hadisə yerinə gediblər.


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə