Press-reliZ 24 May 2012-ci IL Bakı, Azərbaycan



Yüklə 19.45 Kb.
tarix21.10.2017
ölçüsü19.45 Kb.

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
24 May 2012-ci il

Bakı, Azərbaycan



  • JURNALİST 10 SUTKA MÜDDƏTİNƏ HƏBS EDİLDİ

  • OBYEKTİV TV”-NIN ƏMƏKDAŞI DÖYÜLÜB

  • İTV-NİN QARŞISINDAKI AKSİYANIN DAĞIDILMASINDA JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

  • ANAR BAYRAMLI NARKOTİK MADDƏNİN CİBİNƏ 4-CÜ POLİS BÖLMƏSİNDƏ QOYULDUĞUNU BİLDİRİB


JURNALİST 10 SUTKA MÜDDƏTİNƏ HƏBS EDİLDİ
“Gunxeber.com” saytının əməkdaşı Anar Gəraylı 10 sutka həbs cəzası alıb. Bu barədə “gunxeber.com” saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Anar Gəraylı mayın 22-si də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Jurnalist Nəsimi rayon Məhkəməsinə aparılıb ictimai asayişi pozmaq və polisə tabe olmamaq ittihamı (306-cı maddə) ilə ona 10 sutka həbs verilib. Məhkəmənin hansı şəraitdə, necə keçməsi barədə məlumat verilmir.

Qeyd edək ki, “günxeber.com” saytının əməkdaşı Anar Gəraylı saxlanılan zaman onun əynində “sing for democracy” (demokratiya naminə oxu) yazılmış köynək, əlində “Nida”nın bukletləri olub. Hazırda onun harada saxlandığı barədə məlumat verilmir.
OBYEKTİV TV”-NIN ƏMƏKDAŞI DÖYÜLÜB

May ayının 23-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (Obyektiv.tv) əməkdaşı Vəfa Nağı (Nağıyeva) axşam saat 21:30 radələrində ingilis dili kursundan Bakının Yasamal rayonu ərazisində kirayə qaldığı mənzilə gedərkən, məhəllədə Samir kimi tanınan şəxs tərəfindən nalayiq təhqirlərə məruz qalıb.

V. Nağı ona qarşı ünvanlanmış bu təhqirlərin səbəbini soruşmağa çalışıb və gözləmədiyi anda həmin şəxsin fiziki hücumuna, təzyiqinə məruz qalıb. Özünü qəfil zərbələrdən qorumağa çalışarkən mobil telefonu və dəftər-kitab olan selofan torbası ayaq altında qalaraq dağılıb. V.Nağı bildirir ki, bu cür münasibətin səbəbini hələ də anlaya bilmir. Şillə-təpik hücumlarından çətinliklə qurtardıqdan sonra evə tələsən V.Nağı telefonunu hadisə yerində unutduğunun fərqində olaraq geri qayıtmalı olub. Bu zaman o yenidən Samir adlı adamın hücumu ilə üzləşib:

“Təsəvvür edin ki, məhəllədə olan insanlar bu adamın zorakılığının qarşısını almağa çalışsalar da, o təkrar-təkrar üzərimə hücuma keçməkdə davam edirdi”, - deyə RATİ-nin əməkdaşı bildirir. Hadisədən dərhal sonra V.Nağı şikayət ərizəsi ilə Yasamal rayon 28-ci Polis bölməsinə müraciət edib. Zərərçəkən müxbirin ərizəsi qəbul olunub və aldığı bədən xəsarətlərini təsdiqləmək üçün tibbi ekspertizadan keçirilib. Bölmədə müxbiri görən Samir əməllərindən polisə şikayət etdiyinə görə Vəfa Nağını “haqq-hesab çəkəcəyi” ilə hədələyib.

28-ci Polis Bölməsinin baş tədqiqatçısı Hüseyn Məmmədov RATİ-yə bildirib ki, hadisə ilə bağlı hazırda araşdırma aparılır və ona görə də hadisəni törədən şəxsin adını açıqlaya bilməzlər: “Biz həmin şəxsi bölməyə gətirdik və ondan izahat aldıq. Araşdırmalar davam edir, onun nəticələri haqda araşdırma bitəndən sonra məlumat verə biləcəyik. Bu məsələ ilə bağlı o, birbaşa rəhbərliklə əlaqə saxlamağı məsləhət

görüb. 28-ci Polis bölməsindən RATİ-yə verilən məlumata görə, rəhbərlik

də araşdırma başa çatandan sonra konkret açıqlama verəcək.

İTV-NİN QARŞISINDAKI AKSİYANIN DAĞIDILMASINDA JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİBLƏR
Mayın 24-də İctimai Palata İctimai Televiziyanın (İTV) qarşısında keçirdiyi piket zamanı polis və mülki geyimli şəxslər jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə maneçilik yaradıblar. Belə ki, İctimai Palata fəalları telekanalın binasına doğru irəliləyərkən mülki və polis geyimli şəxslər tərəfindən ciddi zorakılığa məruz qalıblar. Aksiya iştirakçıları ilə kobud davranılıb, onlar zor gücünə polis maşınlarına və əraziyə gətirilən avtobuslara mindiriliblər.

Bu zaman da peşə fəaliyyətini yerinə yetirən “Gündəlik Teleqraf” qəzetinin fotoqrafı Bayram İsgəndərli polislər tərəfindən saxlanılıb, daha sonra sərbəst buraxılıb. Habelə aksiya zamanı “Turan” informasiya agentliyinin əməkdaşı Etimad Budaqov, eləcə də “Obyektiv TV”-nin əməkdaşlarının və digər media qurumlarının peşə fəaliyyətinə maneələr yaradılıb. Hadisələri izləyənlər arasında beynəlxalq media qurumların təmsilçiləri də olub. Aksiyanı xarici jurnalistlər də videolentə alıblar. İTV əməkdaşları teleşirkətin binasından kənara çıxmadan çəkiliş aparıblar.

Qeyd edək ki, piket İTV-nin siyasi plüralizmi, ifadə azadlığını pozmasına etiraz olaraq keçirilib. Müxalifət hesab edir ki, “Eurovision”un təşkilatçılarından biri olan İTV Avropa Yayım Birliyinin ifadə azadlığı haqqında prinsiplərini pozur, Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun fəaliyyət göstərmir. Piketin əsas tələblərindən biri İctimai Teleradioda müxalif düşərgəyə efir vaxtı ayrılması olub.

ANAR BAYRAMLI NARKOTİK MADDƏNİN CİBİNƏ 4-CÜ POLİS BÖLMƏSİNDƏ QOYULDUĞUNU BİLDİRİB

Bu gün (24 may) Binəqədi rayon məhkəməsində İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Anar Bayramlı həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib və qeyd edib ki, narkotik maddəni onun cibinə Binəqədi rayon 4-cü polis bölməsində qoyublar. Prosesdə şahid kimi ifadə verən 4-cü polis bölməsinin əməkdaşı Rüfət Qasımov Anar Bayramlını özünü şübhəli apardığına görə saxladıqlarını və onun üzərindən narkotik maddə aşkar edildiyini bildirsə də, Bayramlı onu saxlayan polis əməkdaşları arasında Rüfət Qasımovun olmadığını bildirib.

Vəkil Anar Qasımlı isə ibtidai istintaq zamanı Anar Bayramlıdan vəkilin iştirakı olmadan ifadə alındığını və buna görə də həmin ifadənin əsassız olduğunu bildirib. İş üzrə digər şahidlər prosesə gəlmədiyi üçün proses 1 iyun saat 14:30-a təxirə salınıb.

Xatırladaq ki, “Səhər” telekanalının müxbiri Anar Bayramlı fevralın 17-də Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb.



MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 408-08-42 ; 408-75-30, fax: (+ 99 412) 598-45-19

QAYNAR XƏTT + 994 12 408 75 30



e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə