Press-reliZ 27 aprel 2009-cu IL Bakı, Azərbaycan



Yüklə 40,69 Kb.
tarix22.10.2017
ölçüsü40,69 Kb.
#10173

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ

27 aprel 2009-cu il

Bakı, Azərbaycan


  • REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK INSTİTUTUNUN BƏYANATI 

  • ANS TV-NİN ƏMƏKDAŞLARI POLİS TƏZYİQİNƏ MƏRUZ QALIB

  • "İDEAL" QƏZETİNİN AXTARIŞDA OLAN TƏSİSÇİSİ HƏBS OLUNDU

  • İNSAN HÜQUQLARI EVİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB

  • HÖKÜMƏT AVROPA MƏHKƏMƏSİNİN SUALLARINI CAVABLANDIRIB

  • ASİF MƏRZİLİNİN MƏHKƏMƏ HAZIRLIQ İCLASI TƏXİRƏ SALINDI

  • İDEAL”-IN TƏSİSÇİSİ DAHA İKİ MADDƏ İLƏ İTTİHAM OLUNUR

  • NOTA” QƏZETİNƏ QARŞI QALDIRILMIŞ İDDİA İCRAATA GÖTÜRÜLMƏDİ



REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK INSTİTUTUNUN BƏYANATI 
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) dünən təxminən gecə saat 00.00 radələrində ANS TV-nin üç əməkdaşına qarşı baş vermiş polis zorakılığını pisləyir.
RATİ qeyd edir ki, ANSin işçiləri - müxbir Nicat Süleymanov, operator Elmin Muradov və şirkətin korporativ nəzarət xidmətinin əməkdaşı Azər Balayev Yasamal rayonu Murtuza Muxtarov küçəsi 190 ünvanında yerləşən məscidin sökülməsi ilə bağlı çəkiliş apararkən təxminən 30-dan çox polisin təzyiqinə məruz qalıb.
ANS-in bildirdiyinə görə, Müxbir Nicat Süleymanov ərazidəki binada söküntü işlərinin hansı qərarla icra edildiyini öyrənmək məqsədilə polis idarəsinin rəisi Möhübbət Hüseynova yaxınlaşıblar. Hüseynov məlumat verməkdən və mövqe bildirməkdən imtina edərək tabeçiliyində olan polis əməkdaşlarına çəkiliş qrupundan kamera və kasetin əllərindən alınması əmrini verib.

 

Çəkişmə zamanı ANS çəkiliş qrupunun kamera və kaseti sındırılıb. Sonradan sındırılmış kamera çəkiliş qrupuna qaytarılsa da, polis kaseti qaytarmayıb.(Fotolar ANS-ə məxsusdur: http://www.anspress.com/index.php?albumid=470).


RATİ Yasamal Rayon Polis İdarəsi və Azərbaycan Daxili işlər Nazirliyi ilə əlaqə saxlamağa cəhd etsə də zənglərimiz cavabsız qaldı. Eyni zamanda, DİN Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov ANS-ə deyib: “Yasamal Rayon Polis İdarəsinin əməkdaşları deyir ki, deyilənlərin əksi baş verib və günah jurnalistlərdə olub. Ona görə də biz tədqiqat bitəndən sonra biz bu məsələyə aydınlıq gətirəcəyik.”
RATİ hesab edir ki bu hadisə Azərbaycan Reespublikasının Cinayət Məcəlləsinin 163 (jurnalistlərin peşə fəaliyyətinə müdaxilə), 187 (mülkiyyətin dağıdılması və ona ziyan vurulması), və 221 (xuliqanlıq) maddələrinin pozulmasıdır. Bu hadisə həmçinin Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinin (İfadə azadlığı) və 20 Mart 1952-ci ildə imzalanmış Avropa İnsan Haqları Konvensiyasına dair Protokolun 1-ci maddəsinin (mülkiyyətin qorunması) pozulmasıdir.  
RATİ Azərbaycan Daxili İşlər Nazirliyindən bu hadisəni diqqətlə araşdırmasını və ANS-in jurnalistlərinə qarşı hadisəni törədən və hücuma rəhbərlik edənlərin haqqında cəza tədbirləri görməsini xahiş edir. RATİ həm də Yasamal Rayon Polis İdarəsindən xahiş edir ki, ANS-dən müsadirə etdiyi kassetləri tam çəkiliş də içində olmaq şərtilə dərhal teleradio şirkətinə qaytarsın, ANS-ə polis tərəfindən sındırılmış kameranı təmir və ya əvəz etmək üçün təzminat ödəsin və ANS-in işçiləri - Nicat Süleymanov, Elmin Muradov və Azər Balayevə bu hadisə nəticəsində ehtiyac duyacaqları hər hasnı tibbi yardımla təmin etsin.

 
ANS TV-NİN ƏMƏKDAŞLARI POLİS TƏZYİQİNƏ MƏRUZ QALIB


Dünən (26 aprel) saat 24:00-da ANS TV-nin “İç xəbər” verilişin “Şər içi” rubrikasının əməkdaşları polis təzyiqinə məruz qalıb. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) ANS TV-nin əməkdaşı Ləman Əşrəfqızı verib. Onun sözlərinə görə, “Şər içi” rubrikasının əməkdaşları - müxbir Nicat Süleymanov, operator Elmin Muradov, şirkətin korporativ nəzarət xidmətinin əməkdaşı Azər Balayev Yasamal rayonu Murtuza Muxtarov küçəsi 190 ünvanında yerləşən məscidin sökülməsi ilə bağlı çəkiliş aparıblar. Onlar binada aparılan işin hansı qərarla icra olunduğunu öyrənmək üçün Yasamal rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynova yaxınlaşıblar. O, isə məlumat verməkdən imtina edib və tabeliyində olan polislərdən ANS-in əməkdaşlarından kamera və kasetin alınması əmri verib. Ləman Əşrəfqızı kamera və kasetini verməkdən imtina edən hər üç əməkdaşın 30-dan çox polisin təzyiqinə məruz qalıb, kamera sındırılıb, kasset isə polislərin tərəfindən götürülüb və geri qaytarılmayıb.

L. Əşrəfqızı məsələ ilə bağlı Daxili İşlər naziri (DİN) Ramil Usubova müraciət etdiklərini də bildirdi.

Hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovla əlaqə saxladıq. O, məsələnin nəzarətdə olduğunu və DİN-nin müvafiq qurumlarında araşdırmada olduğunu bildirdi.

"İDEAL" QƏZETİNİN AXTARIŞDA OLAN TƏSİSÇİSİ HƏBS OLUNDU
24 aprel axşam saatlarında “İdeal” qəzetinin təsisçisi Nazim Quliyev həbs olunub.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumatı N. Quliyevin qardaşı Bəhruz Quliyev verib.

Onun sözlərinə görə, N. Quliyev həbs olunduqdan sonra Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb və hal-hazırda orda saxlanılır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovla əlaqə saxladıq. E. Zahidov bildirib ki, Cinayət Məcəlləsinin (CM) 4 maddəsi ilə axtarışda olan Nazim Quliyev DİN-nin Baş Cinayət Axtarış İdarəsi və Abşeron rayon polis şöbəsi əməkdaşlarının birgə həyata keçirilmiş tədbirlər nəticəsində tutularaq istintaqa təhvil verilib. O, həmçinin N. Quliyevin istintaq təcridxanalarının birində saxlandığını vurğuladı.

N. Quliyevin vəkili Vüqar Xasayev isə Bəhruz Quliyevin sözləri təsdiqləyərək söyləyib ki, qəzetin təsisçisi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır. Həmçinin vəkilin bildirdiyinə görə, o, 25 aprel idarənin rəisi Mirqafar Seyidovla və orada saxlanılan N. Quliyevlə görüşüb. Onun sözlərinə görə, qəzetin təsisçisinin vəziyyəti normaldır və saxlanma şəraitindən heç bir şikayəti yoxdur. V. Xasayev qeyd etdi ki, həmin gün Ombudsman aparatının iki əməkdaşı təsisçi ilə görüşüb.

Xatırladaq ki, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının Nazim Quliyevə qarşı Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən, 2008-ci il noyabrında Nəsimi rayon məhkəməsinin hakimi Elman Əhmədov N. Quliyev haqqında həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Həmçinin Nazim Quliyev məhkəməyə gəlmədiyinə görə barəsində axtarış elan olunub.
İNSAN HÜQUQLARI EVİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB
25 aprel ATƏT, Avropa Şurası, Norveç, Böyük Britaniya, ABŞ səfirlikləri dəstəyi ilə İnsan Hüquqları Evinin açılış mərasimi keçirilib.

Tədbiri çıxış sözü ilə açan Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yan Ramberq bu cür qurumun yaradılmasının Azərbaycanda insan hüquqlarının qorunması uğrunda atılan mühüm addımlardan biri olduğunu vurğuladı: “Bu addımın təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da həmrəylik yaradacağına ümid etdirəm”- deyə söylədi.

Daha sonra İnsan Hüquqları Şəbəkəsinin direktoru Mariya Daula çıxış edərək layihənin gələcək planları, əlaqədar qurumlar, keçiriləcək seminar-treninqlər barədə məlumat verdi. Direktor Hüquq Evinin İnsan Hüquqlarına dair məsələlər üzrə beynəlxalq aləmlə Azərbaycan arasında davamlı əlaqələrin qurulmasında yardımçı rol oynayacağını qeyd etdi.

Belarusiya İnsan Hüquqları Evinin direktoru Boris Zvozskau da qurumun əhəmiyyətindən danışdı və gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Layihə direktoru Anna Bonde digər İnsan Hüquqları Evlərinin Azərbaycana ünvanlanmış təbriklərini və xoş arzularını tədbir iştirakçılarına çatdırdı.

Mərasimi yekun sözü ilə bitirən Şəhla İsmayılova qurumun direktoru kimi üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirəcəyinə söz verdi.

Qeyd edək ki, İnsan Hüquqları Evi 2008-ci ildə qeydiyyatdan keçib. Fəaliyyətinin ilk dövrlərində tərəfdarları ilə iş birliyi qurmağı planlaşdıran İnsan Hüquqları Evinin yaxın gələcəkdə rəsmi üzvlərinin olacağı da nəzərdə tutulur.
Video: http://www.irfs.az/content/view/2233/1/lang,eng/

Foto:http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,235/lang,az/


HÖKÜMƏT AVROPA MƏHKƏMƏSİNİN SUALLARINI CAVABLANDIRIB
“Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan hökumətinə ünvanladığı sualları cavablandırılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun atası Emin Fətullayev məlumat verdi. Onun sözlərinə görə, Avropa məhkəməsi Azərbaycan hakimiyyətinin cavablarının surətini baş redaktorun vəkili İsaxan Aşurova göndərib. Belə ki, İsaxan Aşurov cavablarla tanış olduqdan sonra Avropa məhkəməsinə cavab məktubu yazacaq. Bundan sonra Avropa Məhkəməsi Eynulla Fətullayevin işi ilə bağlı qərar çıxaracaq.

Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 20-də böhtan və təhqirdə ittiham olunaraq  2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.


ASİF MƏRZİLİNİN MƏHKƏMƏ HAZIRLIQ İCLASI TƏXİRƏ SALINDI
Bu gün (27 aprel) Yasamal rayon Məhkəməsində hakim Südabə Məmmədovanın sədrliyi ilə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin “Təzadlar” qəzetinin baş redaktoru Asif Məzili və müstəqil jurnalist Zümrüd Məmmədovaya qarşı Cinayət Məcəlləsinin (CM) 147 və 148 maddələrinə əsasən xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirilməli idi. Lakin prosesdə iddiaçı tərəf iştirak etmədiyi üçün hazırlıq iclası 5 may saat 14:00-a təxirə salındı.

Xatırladaq ki, “Təzadlar” qəzetinin baş redaktoru A. Mərzili, Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şərəf və ləyaqətin müdafiəsi maddələri ilə qaldırdığı iddia əsasında Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilmişdir. İddiaya səbəb qəzetin 19-26 avqust 2008-ci il tarixli saylarında “Mahir Abdullayev Bakıdadır?” başlıqlı və bu mövzuda dərc olunan digər məqalələr olub. İddiaçı öz iddiasında məhkəmədən “Təzadlar” qəzetinin bağlanmasını, hər iki jurnalistin iddiada göstərilən maddələrlə təqsirli bilinərək həbs olunmasını və dəymiş mənəvi ziyana görə hər birindən 30 min manat təzminatın ödənilməsi haqqında qərarın çıxarılmasını xahiş etmişdi.


İDEAL”-IN TƏSİSÇİSİ DAHA İKİ MADDƏ İLƏ İTTİHAM OLUNUR
24 aprel həbs olunmuş “İdeal” qəzetinin təsisçisi Nazim Quliyev hələ də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumatı N. Quliyevin vəkili Elbrus Sarıvəlli verib. Onun sözlərinə görə N. Quliyevin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanma səbəbi onun haqqında bir neçə vətəndaş tərəfindən Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciətlərə əsasən CM-nin 182 (hədə qorxu ilə tələb etmə) və 311 (rüşvət alma) maddələri üzrə ittiham irəli sürülməsidir.



Vəkil həmçinin onu da qeyd etdi ki, bu gün N. Quliyevin 1 saylı İstintaq Təcridxanasına köçürülməsi ilə əlaqədar Nəsimi rayon Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının Nazim Quliyevə qarşı Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən, 2008-ci il noyabrında Nəsimi rayon məhkəməsinin hakimi Elman Əhmədov N. Quliyev haqqında həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Həmçinin Nazim Quliyev məhkəməyə gəlmədiyinə görə barəsində axtarış elan olunub.


NOTA” QƏZETİNƏ QARŞI QALDIRILMIŞ İDDİA İCRAATA GÖTÜRÜLMƏDİ
Bu gün (27 aprel) Xətai Rayon Məhkəməsində hakim İlqar Qaralovun sədrliyi ilə “Azadlıq Hərəkatçılar Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota”  qəzetinin baş redaktoru Sərdar Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 148-ci (Təhqir), qəzetin əməkdaşları Ramiz Tağıyev və Fərəməz Novruzoğluna (Allahverdiyev) qarşı isə 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələrinə əsasən xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib. İddiaya səbəb AHB-nin sədri T. Novruzovun “Nota” qəzetinin 01-07 fevral 2009-cu il tarixli sayında dərc edilmiş “Təhmasib Novruzov kimlərin sifarişini yerinə yetirir”, 08-14 fevral 2009-cu il tarixili sayında dərc edilmiş “ATM əməkdaşlarımızı ölümlə hədələyir!”, “MTN-in APA-dakı adamı kimdir?”, 22-28 fevral 2009-cu il tarixli sayında dərc edilmiş “Bəhlul Muradova daha bir cinayət işi qaldırdı”, 01-07 mart 2009-cu il tarixli sayında dərc edilmiş “Anan ölsün ay Ramazan-2”, 08-14 mart 2009-cu il tarixli sayında dərc edilmiş “Sevil Nuriyevanın adının qəzetimizdə hallanmasını istəyən qüvvələr kimdir?” başlıqlı yazılarda özünün şərəf və ləyaqətinin təhqir edildiyini hesab etməsi olub.

İclasda cavabdehlər - F. Novruzoğlu və R. Tağıyev hal-hazırda “Millətim” qəzetində fəaliyyət göstərdiklərini və iddia ərizəsində onların ünvanlarının düzgün göstərilmədiyini bildiriblər. F. Novruzoğlu həmçinin şikayət ərizəsinin onun ünvanına göndərilmədiyindən işlə tanış olmadığını da qeyd edib.

Bütün bunlardan sonra hakim İ. Qaralov iddia ərizəsinin düzgün tərtib edilmədiyini bildirərək işi icraata götürməkdən imtina etdi.

*MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN


 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az

Yüklə 40,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin