R A T İ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
PRESS-RELİZ
3 Aprel 2012-ci il
Bakı, Azərbaycan
-
ELANLAR
-
RATİ-NİN JURNALİSTLƏRİN TƏZYİQƏ MƏRUZ QALMAĞI İLƏ BAĞLI BƏYANATI
-
ƏJDƏR NAĞIYEV İSMAYILLIDA DƏFN EDİLDİ
-
HƏBSDƏ OLAN BAŞ REDAKTOR ETİRAZ AKSİYASINA HAZIRLAŞIR
-
JMK HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AZAD EDİLMƏSİNƏ DAİR ÇAĞIRIŞ EDİB
-
JURNALİSTLƏR FİZİKİ HÜCUMA MƏRUZ QALIBLAR
ELAN!
4 aprel saat 13:30-dan 15:00-a dək, RATİ/Media Mərkəzində jurnalist Xədicə İsmayılovanın özəl həyatına müdaxilə və jurnalist fəaliyətinə görə məruz qaldığı təhdidlərlə bağlı aparılan araşdırmanın nəticələri təqdim olunacaq və prokurorluğun apardığı istintaqla bağlı problemlər barədə məlumatlar ictimaiyyətə çatdırılacaq.
Yerli və xarici jurnalistlər, beynəlxalq və yerli insan haqları təşkilatlarının nümayəndələri dəvətlidir.
ELAN!
6 aprel saat 14.00-da İnsan Hüquqları Klubu 1998-ci ilə qədər həbs edilərək ölüm cəzasına məhkum olunan, sonradan cəzaları ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilən məhbusların, o cümlədən bəzi digər ömürlük məhbusların hüquqlarının müdafiəsinə həsr edilmiş ictimai kampaniyanın təqdimatı keçiriləcək. Tədbirdə hüquq
müdafiəçiləri, vəkillər, ömürlük məhbusların yaxınları iştirak edəcək.
Maraqlanan bütün şəxslər dəvətlidir.
RATİ-NİN JURNALİSTLƏRİN TƏZYİQƏ MƏRUZ QALMAĞI İLƏ BAĞLI BƏYANATI
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Turan” informasiya agentliyinin fotomüxbiri Etimad Budaqov və “Azadlıq” radiosunun əməkdaşı Nüşabə Fətullayevanın peşə fəaliyyətini yerinə yetirərkən fiziki təzyiqə məruz qalmalarını pisləyir və bunu mediaya qarşı növbəti qəsd kimi qiymətləndirir.
Belə ki Şəmsi 02 aprel 2012-ci ildə Şəmsi Bədəlbəyli küçəsi 20 ünvanında söküntü işləri ilə bağlı çəkiliş aparan “Turan” informasiya agentliyinin fotomüxbiri jurnalisti Etimad Budaqov və Azadlıq radiosunun əməkdaşı Nüşabə Fətullayeva Bakı Şəhər İcra Hakimiyyəti katibliyinin rəisi Zülfəli İsmayılovun və onun ətrafında olan 20-yə qədər fəhlənin fiziki zorakılığına məruz qalıblar. Nəticədə Etimad Budaqovun fotoaparatı sındırılıb və istifadəyə yararsız hala düşüb.
RATİ bəyan edir ki, peşə fəaliyyətini yerinə yetirən media nümayəndələrinin işinə mane olmaq sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi (məlumat azadlığı), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi və ''Məlumat azadlığı haqqında'' Azərbaycan Respublikasının Qanununun 1-ci (hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır) maddəsi ilə ziddiyyət təşkil edir. Həmçinin jurnalistin peşə fəaliyyətinə mane olma Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) ilə də cinayət məsuliyyəti yaradır. RATİ qeyd edir ki, fiziki zor tətbiq etməklə xəsarət yetirmə və jurnalistin qanuni peşə fəaliyyətinə mane olma cinayət əməli sayıldığına görə, bu əməlləri törətmiş şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmalıdırlar.
RATİ Azərbaycan hakimiyyətini və hüquq-mühafizə orqanlarını beynəlxalq və yerli qanunlara hörmətlə yanaşaraq, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə şərait yaratmağa, həmçinin jurnalistlərə təzyiq göstərmiş və avadanlıqlarını yararsız hala salmış şəxsləri cəzalandırmağa çağırır.
ƏJDƏR NAĞIYEV İSMAYILLIDA DƏFN EDİLDİ
Azərbaycan fotojurnalistikası tarixində ayrıca yeri olan, özünə xas baxış üslübü ilə fərqlənən fotomüxbir Əjdər Nağıyev aprel ayının 2-də 57 yaşında vəfat edib.
Əjdər Nağıyev 1955-ci il mart ayının 8-də İsmayıllı rayonunun Qoydan kəndində dünyaya gəlib.
Əjdər bəy ixtisasca memar idi. Gözəl rəssamlığı, karikatura çəkməyi vardı. Rəsm əsərlərindən ibarət sərgisi açılmışdı. Yüksək zövqü onun fotolarına sənət əsəri dəyəri qazandıra bilmişdi. Çəkdiyi fotolara görə “Media açarı” mükafatı almışdı. Əjdər Nağıyevin mövzu müxtəlifliyi ilə seçilən, saysız anları əbədiləşdirən yaradıcılığında Azərbaycan xalqının 1988-ci ildən başlayan azadlıq mübarizəsinin əksi olan sənədli fotolar önəmli yer tutur . Bu fotoların hər biri tarixin yaddaşına, faktların təsdiqinə çevrilib. Müəllifini illər boyu yaşadacaq.
Onun əsas iş yeri “Azadlıq” qəzeti olsa da, fotoşəkilləri ölkəmizin bir çox mətbu nəşrlərinin səhifələrini bəzəyirdi. Son iş yeri “Simsar” jurnalı olub. Əjdər Nağıyev qarlı dağlar qoynunda, doğulduğu kənddə dəfn edilib. Allah rəhmət eləsin!
HƏBSDƏ OLAN BAŞ REDAKTOR ETİRAZ AKSİYASINA HAZIRLAŞIR
Aprelin 2-də vəkil Yalçın İmanov “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüb. Bu barədə “Mediaforum” xəbər saytı məlumat yayıb. Məlumatda bildirilir kİ, vəkil Bakı İstintaq Təcridxanasında keçirilən görüşdə Əvəz Zeynallının saxlanma şəraitindən və səhhətindən şikayət etmədiyini deyib.
“Lakin o, istintaq hərəkətlərinin aparılmamasından gileylidir. Artıq uzun müddətdir ki, onunla bağlı hər hansı istintaq hərəkəti aparılmır və baş redaktor bunu istintaqın dalana dirənməsi, istintaqçıların əlində hər hansı ifşaedici dəlilin olmaması ilə əlaqələndirir. Eyni zamanda o bunu dolayısı ilə özünün günahsızlığına, qeyri-qanuni, əsassız həbs edilməsinə bir sübut sayır. Əvəz bəy deyir ki, belə davam edəcəyi təqdirdə müxtəlif etiraz üsullarına əl atmağı planlaşdırır”.
Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın iddiası ilə oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Prosessual Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, yanvarın 17-də isə bu müddət daha 3 ay artırıldı.
JMK HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AZAD EDİLMƏSİNƏ DAİR ÇAĞIRIŞ EDİB
Jurnalistləri Müdafiə Komitəsi (ABŞ) ölkə başçısı İlham Əliyevə müraciət edərək, Azərbaycanda həbsdə olan 6 jurnalisti (“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, həmin qəzetin müxbiri Aydın Canıyev, “İslamazeri.az” saytının baş redaktoru Ramin Bayramov, İranın “Səhər” telekanalının Azərbaycan müxbiri Anar Bayramlı, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev) azad etməyə çağırıb.
“Turan” informasiya agentliyinin məlumatına görə, bu beynəlxalq təşkilatın Azərbaycan prezidenti İlham Əliyevə müraciətində aşağıdakı çağırış yer alır: “Sizi mətbuat azadlığına dair beynəlxalq standartların təmin olunması ilə bağlı öhdəliklərə əməl etməyə, dərhal və heç bir şərt olmadan jurnalistləri azad etməyə çağırırıq”.
Komitənin direktoru Coel Saymon İlham Əliyevi sistematik islahatlar aparmağa, Azərbaycanda mətbuat azadlığının pisləşməsinin səbəblərini araşdırmağa səsləyir.
JURNALİSTLƏR FİZİKİ HÜCUMA MƏRUZ QALIBLAR
Bu gün (2 aprel) Şəmsi Bədəlbəyli küçəsi 20 ünvanında söküntü işlərilə bağlı çəkiliş aparan “Turan” informasiya agentliyinin fotojurnalisti Etimad Budaqov və “Azadlıq radiosu”nun əməkdaşı Nüşabə Fətullayeva fiziki təzyiqə məruz qalıblar. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Etimad Budaqov məlumat verib.
Onun sözlərinə görə, söküntü işləri aparmaq üçün gələn şəxslərlə bina sakinləri arasında qarşıdurma yaranıb və nəticədə özü və “Azadlıq” radiosunun xanım əməkdaşı Nüşabə Fətullayeva Bakı Şəhər İcra Hakimiyyəti katibliyinin rəisi Zülfəli İsmayılovun və onun ətrafında olan 20-yə qədər fəhlənin fiziki zorakılığına məruz qalıb:
“Mən və digər jurnalist yoldaşlarım peşə fəaliyyətimizi yerinə yetirən zaman adıçəkilən şəxslərin fiziki hücumuna məruz qaldıq. Mənim fotoaparatım sındırıldı. Məsələ ilə bağlı aidiyyatlı qurumlara müraciət edəcəyəm”, – deyə Budaqov qeyd edib.
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)
Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86
tel: (+99 412) 408-08-42 ; 408-75-30, fax: (+ 99 412) 598-45-19
QAYNAR XƏTT + 994 12 408 75 30
e-mail: irfs.az@gmail.com
web: www.irfs.az skype: irfs.az
Dostları ilə paylaş: |