Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3


Tələbat orqanizmin və ya şəxsiyyətin nəyə isə obyektiv ehtiyacını əks etdirən psixi hadisədir



Yüklə 0,86 Mb.
səhifə10/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   6   7   8   9   10   11   12   13   ...   95
Tələbat orqanizmin və ya şəxsiyyətin nəyə isə obyektiv ehtiyacını əks etdirən psixi hadisədir. Tələbatlar həm insan, həm də heyvana mənsub olmaqla bioloji, yalnız insana mənsub olmaqla sosial və ya mənəvi xarakter daşıya bilər. Bununla belə heyvanların və insanların bioloji tələbatlarını eyniləşdirmək olmaz. Dərk olunma və ödənmə xüsusiyyətlərinə görə insan tələbatları bir-birindən əsaslı şəkildə fərqlənir. İnsan tələbatları onun dərk olunmuş ehtiyacları ilə bağlı olur. Hər hansı bir dərk olunmuş ehtiyac insanı o ehtiyacın ödənilməsi ilə bağlı şəraitdən asılı edir. Bu asılılığın psixi təəssüratdan keçirilməsi nəticəsində insan fəallaşır. Tələbatların ödənilməsi yeni tələbatlar doğurur. Tələbatlar mənşəyinə görə iki yerə bölünür: Təbii tələbatlar- fərdin yaşayışını və nəslini davam etdirmək üçün şərait və ehtiyacların əks olunması əsasında yaranır. Buraya qida, təmizlik, isti və soyuqdan qorunmaq, istirahət, nəsli davam etdirmək və s. Mədəni tələbatlar- fərdin daxil olduğu sosial qruplarda mövcud mədəniyyətin psixi əksolunması nəticəsində yaranır. Hər cəmiyyətin özünəməxsus geyim, ünsiyyət, məişət və s. dəbləri və onların əks olunması əsasında yaranan tələbatlar sistemi vardır. İnsan cəmiyyət daxilində ən kiçik yaşlarından adət və ənənələrə, yaşayış və davranış tərzinə yiyələnir, sosiallaşma prosesi keçirir. Mədəni tələbatlar öz məzmunu etibarı ilə sosial tələbatlardır. Tələbatlar məzmununa görə maddi və mənəvi tələbatlara bölünür. Maddi tələbatlar maddi ehtiyaclardan doğur. Mənəvi tələbatlara insanların siyasətə, əxlaqi davranışa, dinə, elmə, incəsənətə və s. olan tələbatlar daxildir. Maddi və mənəvi tələbatlar bir-biri ilə ayrılmaz surətdə bağlıdır. Mənəvi tələbatların təmin olunması üçün daima maddi şeylərin olması tələb edilir ki, bunlar da öz növbəsində maddi tələbatların predmetini təşkil edir. Buradan isə aydın olur ki, mənşəyinə görə təbii olan tələbat, eyni zamanda məzmununa görə maddi tələbat ola bilər. Mənşəyinə görə mədəni olan tələbatlar məzmununa görə ya maddi, ya da mənəvi ola bilər. Məsələn, yeməyə olan tələbat mənşəyinə görə təbii, məzmununa görə maddi tələbatdır. Çəngəl və bıçaqdan istifadə etmək mənşəyinə görə mədəni, məzmununa görə maddi tələbatdır. Genetik baxımdan maddi və təbii tələbatlar birincidir, mənəvi və mədəni tələbatlar onların əsasında formalaşır. Təbii tələbatlara vital (həyati) tələbatlar deyilir. Onlar insanın həyat fəaliyyəti üçün gərəklidir. Əgər təbii tələbatlar, xüsusilə yeməyə, yuxuya və s. tələbatlar təmin olunmazsa, insanın özü mütləq məhv olar. Mədəni və mənəvi tələbatlar təmin olunmazsa insan məhv olmur, lakin ondakı insani cəhətlər ciddi zərər görür. Ali tələbatların, yəni mənəvi və mədəni tələbatların təmin olunması şəxsiyyətin daxili aləminin zənginləşməsinə səbəb olur.

Motiv (latınca hərəkətə gətirən deməkdir.) insanı hər hansı bir məqsədəyönəlmiş işə, fəaliyyətə təhrik edən səbəbdir. Motivlərin öyrənilməsinin böyük önəmi vardır. Bu şəxsiyyəti fəaliyyətdə öyrənmək deməkdir. Motivlər iki yerə bölünür: dərk edilən motivlərdərk edilməyən motivlər. Dərk edilən motivlərə tələbatlar, maraqlar, dünyagörüşü, əqidə və ideallar aiddir. Dərk edilməyən motivlərə isə ustanovkanı, həvəsi və s. aid edirlər. Bir sıra hallarda tələbatların özləri motivə çevrilir. Məsələn, axşam vaxtı ailə yemək yemək üçün süfrə başına yığışır. Amma məlum olur ki, çörək azdır. Ata mağazaya gedib çörək alır. Onun bu hərəkətinin motivi çörəyə olan tələbatdır. Maraqlar insanın idrak tələbatlarının emosional təzahürləridir. Maraq şəxsiyyətin, gerçək həyatın müəyyən bir sahəsinə, müəyyən bir fəaliyyətə, bu və ya digər biliyi əldə etməyə az və ya çox yönəlməsində ifadə olunan fərdi psixi xüsusiyyətdir. Şəxsiyyətin istiqaməti onun maraqlarında ifadə olunur. Maraqların insanın həyat və fəaliyyətində rolu olduqca böyükdür. Şagird nəyləsə maraqlandıqda, yerinə yetirdiyi iş, dinlədiyi dərs onun üçün maraqlı olduqda həmin sahələrdə yüksək uğur qazanır. Əksinə, onlara qarşı maraq olmadıqda həmin işlər cansıxıcı olur, şagirdi cəlb etmir. Maraq bizdə müəyyən hisslər doğuran cisim və hadisəyə daha artıq və gərgin diqqət yetirilməsini təmin edir. Maraq hər hansı bir obyekti daha dərindən və dəqiq dərketmə meylindən doğur. Maraqlar passiv və fəal olmaqla da iki yerə bölünür. Heç bir iş görmədən nəyinənsə sadəcə maraqlanmaq insanın həmin obyektə passiv maraq bəslədiyini göstərir. Passiv maraqlar insanın ümumi inkişafına heç bir dəyərli təsir göstərmir. Fəal maraqlar isə bizi fəaliyyətə təhrik edir.

Dünya və onun qanunauyğunluqları, təbiət və cəmiyyət hadisələri haqqında müəyyən baxışlar sistemi insanın dünyagörüşünü təşkil edir. Dünyagörüşün formalaşması insanın ona uyğun davranış tərzini həyata keçirməsinə təkan verir. Cəmiyyətin inkişafı ilə bağlı olaraq insanlar elmi, dini, mütərəqqi, mürtəce dünyagörüşünə sahib olurlar.

İnsanın dünyagörüşü onun əqidəsinə çevrilə bilər. Əqidə- şəxsiyyətin onu öz baxışlarına, prinsiplərinə, dünyagörüşünə uyğun olaraq hərəkət etməyə yönəldən dərk olunmuş tələbatlar sistemidir. Əqidə insana öz həyat yolunu tam aydınlığı ilə müəyyənləşdirmək və təsəvvür etmək imkanı verir onu şərtləndirir.



İdealllar insanın nail olmağa can atdığı ən yaxın və ən yüksək məqsəddir. İdeallar müsbət hissi boyalarla zəngin olur və şəxsiyyətin istiqamət və fəaliyyətinə aydınlıq, müəyyənlik verir.

5. Şəxsiyyətin mənlik şüuru. Mənlik şüuru insanın özünü bir şəxsiyyət kimi tanıması və dərk etməsi prosesidir. Mənlik şüurunun formalaşması insana özü haqqında təsəvvürlərin, özünün zahiri görkəmini, zehni, mənəvi, iradi keyfiyyətlərini qiymətləndirmək imkanı verir. İnsanın öz “mənini” kəşf etməsi hələ körpəlik dövründə qoyulur. Psixoloqlar 16-22 aylıq uşaqlarla belə bir eksperimen aparmışlar. Ana uşağın üzünü silərkən barmağı ilə onun burnuna qırmızı rəng vurur. Uşağı güzgünün qabağında oturdurlar. Əgər uşaq əlini güzgüdəki şəklə deyil, öz burnuna vururdusa, psixoloqlar bunu uşağın güzgüdə özünü tanıması əlaməti hesab edirdilər. Eksperiment prosesində 16 aylıq uşaqlardan heç biri əlini burnuna toxundurmur. Amma 22 aylıq uşaqların hamısı əlini burnuna toxundururdu. Bu faktlar başqa araşdırmalarla da təsdiqlənir. Müəyyən olunmuşdur ki, uşaqlar özlərini güzgüdə ilk dəfə 18 aylıq olanda tanıyırlar. Özünü güzgüdə tanımaq 20 aylıq uşaqlar üçün artıq adi işdir. Uşağın öz “mən”ini ifadə etməsi nitqin inkişafı ilə birbaşa bağlıdır. Üç yaşlı uşaqda özü haqqında fikir yaranmağa başlayır. Bu dövrdə uşaq “mən” kəliməsini işlətməklə özünün müstəqilliyə olan meylini göstərir. Uşağın öz “mən”ini kəşf etməsi sonrakı dövrdə-yeniyetməlik və ilk gənclik dövründə özünü daha aydın göstərir. Yeniyetmədə özünüqiymətləndirmə tələbatı, özünü başqaları ilə müqayisə etmək meyli yaradır. Nəticədə yeniyetmə özü üçün öz “mən”ini bir növ kəşf edir. İlk gənclik dövründə məktəblilərdə mənlik şüuru, özləri haqqında təsəvvürlər dəyişir. “Mən”obrazının əsasını insanın özü haqqında bilikləri təşkil edir. İnsan öz-özünə başqalarına bəslədiyi kimi münasibət göstərə bilər, hörmət və ya nifrət edər, sevər və ya zəhləsi gedər, özünü anlaya və ya anlamaya bilər. İnsanda “mən-obraz” eyni vaxtda müxtəlif xarakterli ola bilər. Bunlara “real mən”, “ideal mən” və “sosial mən” obrazlarını aid etmək olar. “Real mən” insanın indiki anda özünü necə təsəvvür etməsi, özünün bacarıq və qabiliyyətlərini, rollarını, statusunu necə qavraması, əslində necə insan olmasını təsəvvür etməsidir. Bu zaman insan özünə öz gözü ilə baxır, özünü obyektiv, necə varsa elə də qiymətləndirir. Bəzən insan özünün bu obrazını başqalarından gizlədə bilir. “İdeal mən”də insanın özündə görmək istədiyi keyfiyyətlərə malik obrazı nəzərdə tutulur. “İdeal mən” obrazında insanın yüksək qiymətləndirdiyi keyfiyyətlər öz əksini tapır. İnsan hər zaman öz “ideal mən”ini əldə etməyə can atır. “Sosial mən”də insan həmişə özünə başqalarının gözü ilə baxır. Elə buna görə də insan başqa insanlarla ünsiyyətə girərkən özünün “sosial mən”indən çıxış edir.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin