Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə8/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   4   5   6   7   8   9   10   11   ...   95
İxtisas: RİM

Kurs: 3

Fənn: Psixalogiya

Müəllim: K. Əhmədova e-mail adresi: Kifayet.ehmedova11@gmail.com

MÖVZU 3: ŞƏXSİYYƏTİN PSİXOLOJİ CƏHƏTDƏN

ÖYRƏNİLMƏSİ VƏ İNKİŞAFI
PLAN
1.Fərd,fərdiyyət,şəxs,şəxsiyyət anlayışları
2.Şəxsiyyətin inkişafının ilkin təbii şərtləri
3. Şəxsiyyət haqqında nəzəriyyələr
4.Şəxsiyyətin fəallığı və istiqaməti
5.Şəxsiyyətin mənlik şüuru
6.Psixoloji müdafiə mexanizmləri
ƏDƏBİYYAT
1.Bayramov Ə. S.Tərccümə red.ilə Ümumi psixologiya,B.1982
2.Bayramov Ə.S.,Əlizadə Ə.Ə. Psixologiya, B.1989,2006
3.Məhərrəmov M. C. Psixologiya B.1968
4.Əliyev R. Psixologiya ,B.2006

1. Fərd, fərdiyyət, şəxs, şəxsiyyət anlayışları. Hər bir insan bir tərəfdən bioloji varlıqdır, digər tərəfdən sosial varlıqdır. Onun bioloji varlıq kimi psixoloji xüsusiyyətlərini fərd termini, həm bioloji, həm sosial varlıq kimi psixoloji xüsusiyyətlərini şəxs, həm bioloji, həm sosioloji, həm də yüksək mənəvi keyfiyyətlərə sahib olan varlıq kimi şəxsiyyət termini ilə ifadə edirlər. Elmə təsadüf nəticəsində heyvanlar arasına düşmüş və onların arasında böyümüş 50-yə qədər fakt məlumdur. Müxtəlif heyvanlar-meymun, canavar, ceyran, ayı və s. içərisində böyümüş belə uşaqların ancaq bir neçəsi, xüsusilə 1920-ci ildə Hindistanda canavar yuvasından tapılmış, Kəmalə və Amalə adlandırılmış qızlar psixoloqlar tərəfindən nisbətən ətraflı öyrənilmişdir. Kəmalənin çox uzun və qabarıq əlləri var idi, ovurdları batmışdı, qulaqları iri və yastı idi. O, demək olar ki, soyuğu və istini hiss etmirdi. Yalnız çiy ət yeyir, süd içirdi. Çox güclü alt çənəsi və iti dişləri var idi. Gündüzlər demək olar ki, hərəkət etmir, gecələr isə gəzişir və canavar kimi ulayırdı. Bir il keçəndən sonra o, ətrafdakı adamlarla maraqlanmağa başlayır. İkinci ildə qız artıq stəkandan istifadə edir və otuz söz bilirdi. O, küçəyə çılpaq çıxmağa daha razı olmurdu. Bəs bu uşaqları fərd, şəxs və şəxsiyyət adlandırmaq olarmı? Biz uşağı fərd kimi səciyyələndirərkən, birinci növbədə onun insan növünə mənsub olduğunu qeyd edirik. Deməli, heyvanlar tərəfindən böyüdülmüş bu iki qız insan növünə aid olduğu üçün fərddir. Sonralar onlar müəyyən dərəcədə sosial funksiyalar da qazanaraq şəxsə çevrilir. Onların bir şəxsiyyət kimi formalaşması üçün isə bir çox mənəvi keyfiyyətə sahib olmaları lazımdır. Yuxarıda da qeyd etdiyimiz kimi, insan övladı heyvanlar içinə düşdükdə belə, heyvana çevrilmir, insan olaraq qalır. Bildiyimiz kimi, yeni doğulmuş uşağın bədəninin konfiqurasiyası düz yerimək imkanı yaradır, beyinin sturukturu intellektin inkişaf imkanını təmin edir, əlin quruluşu gələcəkdə əmək alətlərindən istifadə perspektivləri yaradır. Bütün bunlar körpənin özünün imkanlarına görə bir insan kimi heyvan balalarından, fərqləndirir. Fərd analyışında insanın növə mənsubluğu öz əksini tapır. Fərd- özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan təbii varlıq deməkdir. Bu baxımdan hər bir insan-həm təzə doğulmuş uşaq, həm anormal insanlar, həm də hər hansı bir yaşlı insan fərddir. İnsan fərd kimi doğulur, cəmiyyətdə müəyyən sosial keyfiyyətlər qazanır və şəxsə, son nəticədə isə şəxsiyyətə çevrilir. Yeni doğulmuş uşaqlar təlim-tərbiyə sayəsində inkişaf edib şəxsə və şəxsiyyətə çevrilə bilər. Anormal insanlar isə fərd kimi qalır. “Fərdiyyət” anlayışına gəldikdə isə onu qeyd etmək olar ki, biz insanı fərdiyyət kimi nəzərdən keçirərkən onu başqa insanlardan fərqləndirən cəhətləri, onun psixikasının özünəməxsus xüsusiyyətlərini xarakterizə edirik. Fərdiyyət temperament və xarakter əlamətlərində, tələbatların, maraqların, intellektin, qabiliyyətlərin və s. özünəməxsus xüsusiyyətlərində özünü göstərir. Fərdiyyət insanın anatomik- fizioloji imkanları ilə bu və ya digər dərəcədə bağlı olsa da, onun təkrarolunmaz bioqrafiyasını əks etdirir. Təlim-tərbiyə prosesində onun nəzərə alınmasının- insanlara, xüsusən də uşaqlara fərdi yanaşmanın böyük praktik önəmi vardır. Şəxs bioloji və sosioloji xüsusiyyətlərin toplusudur. Cəmiyyət şəxs üçün sadəcə olaraq müəyyən bir xarici mühit deyil. O, cəmiyyətin üzvü kimi sosial münasibətlər sisteminə obyektiv surətdə daxil olur. Bu prosesdə insanda müxtəlif sosial keyfiyyətlər formalaşır. Şəxs öz fəaliyyət dairəsini genişləndirir. O, nəinki öz həyat yolunu müəyyən edir, həm də həyat şəraitini dəyişdirir. Şəxsiyyət isə bioloji, sosioloji və mənəvi keyfiyyətlərin toplusudur. Şəxsiyyət- müəyyən ictimai- tarixi dövrdə yaşayıb fəaliyyət göstərən, gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən, normal sosial münasibətləri və yüksək mənəvi dəyərləri olan konkret canlı insandır. Göründüyü kimi şəxsiyyəti şəxsdən fərqləndirən əsas xüsusiyyətlərdən biri onun mənəvi keyfiyyətlərə sahib olmasıdır. Təbiidir ki, ətrafımızda normal sosial funksiyaları olan, cəmiyyətdə müəyyən yer tutan, lakin mənəvi keyfiyyətlərdən məhrum insanlar vardır. Şübhəsiz ki, onları şəxsiyyət adlandırmaq mümkün deyil. Şəxsiyyət zirvəsinə çatmaq uzun bir inkişaf yolu tələb edir. Şəxsiyyət bir insanın formalaşmasında hədəf götürülən ən son məqsəd və nəticədir. Şəxsiyyətə çevrilmək müəyyən həyat mövqeyi, hər şeydən əvvəl əxlaqi mövqe tutmaq, öz mövqeyini cəmiyyətin üzvü kimi aydın dərk etmək və onun üçün məsuliyyət daşımaq, özünün əməlləri, işləri, bütün həyatı ilə onu təsdiq etmək deməkdir.

2. Şəxsiyyətin inkişafının ilkin təbii şərtləri və sosial şəraiti. İnsanın bir şəxsiyyəti kimi formalaşması bioloji (irsiyyət) və sosial amillərin (mühit və tərbiyə) təsiri ilə baş verir. Ana bətninə yenicə düşmüş döllənmiş yumurtanın genetik strukturu artıq həmin andan müəyyənləşmiş olur. Genlərimiz formalaşan hüceyrələrimizi proqramlaşdırır. Beləliklə biz balıq, quş, meymun deyil insan kimi formalaşırıq. Genlər dəri və saç rəngini, ümumi bədən ölçülərimizi, cinsiyyətimizi və bir qədər də intellektual potensialımızı müəyyənləşdirir. Ata və analarımızdan aldığımız irsi xüsusiyyətlər xromosom adı verilən və vücudumuzdakı hər bir hüceyrənin nüvəsində olan parçalar tərəfindən daşınır. Güclü mikroskop altında baxıldıqda xromosomlarda gen adlandırılan hissəciklər görülür. İnsanın bir xromosomunda təxminən 1000 və ya daha çox gen olduğu düşünülür. Hər gen dezoksiribonuklein turşusu adı verilən və DNT kimi göstərilən bir kimyəvi molekuldur. İnsan orqanizminin necə formalaşacağı və həyatının ilk anından ölüncəyə qədər olan hər bir mərhələdə hansı xüsusiyyətlərə sahib olacağı haqqında məlumatlar genlərdə depolanmışdır. Genlər bədənimizin bütün fiziki görünüşünü müəyyənləşdirir. Genlər dominant (üstün) və ressesiv (sönük) xüsusiyyətə sahib olur. Məsələn, qara göz hər zaman dominant, mavi göz isə ressesiv olur. Yəni ata-ananın hər ikisinin gözü mavidirsə, uşaq 100% mavi gözlü, ata-ananın hər ikisi qara gözlüdürsə,, uşaq 75% qara, 25% mavi gözlü, əgər biri qara, digəri mavi gözlüdürsə uşaq 50% qara, 50% mavi gözlü doğulacaqdır. Yalnız qara gözlü bir uşağın atası və anasının mavi gözlü olması mümkün deyil. Son zamanlar aparılan psixolojik araşdırmalar nəticəsində insanlarda özünə qapanıqlıq və ya aktiv sosiallılıq kimi xüsusiyyətlərin irsiyyətin təsiri ilə yarandığını düşünürlər. Bunun kimi şizofreniya adı verilən xəstəliyin də irsiyyətlə əlaqədar olduğu bir çox psixoloji araşdırmalarla təsdiqlənmişdir. İnsan davranışının irsiyyətlə bağlılığını araşdırmaq üçün psixologiyada ekizlər metodundan istifadə olunur. Ümumiyyətlə iki cür ekiz vardır: tək yumurta ekizi və cüt yumurta ekizi cüt yumurta ekizləri eyni zamanda doğulmalarına baxmayaraq ayrı-ayrı zamanlarda doğulmuş bacı-qardaş kimi görünürlər. Tək yumurta ekizləri isə genetik struktur baxımından bir-birilərinə bənzəyirlər. Aparılan araşdırmalar intellektual potensialın cüt yumurta ekizlərindən daha çox tək yumurata ekizlərində oxşar olduğunu müəyyənləşdirmişlər. Tək yumurta ekizləri doğulduqdan sonra ayrılsalar və fərqli mühitlərdə, ailələrdə böyüdülsələr də intellektual potensial baxımından cüt yumurta ekizlərindən daha çox bir-birilərinə bənzəyirlər. Ekizlər üzərində aparılan araşdırmaların irsiyyətin insan davranışına təsirini təqiq etmədə faydalı bir metod olduğu isbat edilmişdir. İrsiyyət müəyyən davranış xüsusiyyətlərinin sərhədlərini müəyyənləşdirir. Bu sərhəd içərisində insan davranışının necə formalaşmasını sosial amillər- mühit və tərbiyə müəyyənləşdirir. Bir insanın doğuşdan gətirdiyi irsi potensial sosial amillərin də təsiri ilə insanın bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. İrsiyyət bir insanın formalaşmasında önəmli bir amildir və insan davranışının təməlini meydana gətirir. Lakin irsi xüsusiyyətlərin nə səviyyədə ortaya çıxmasını sosial amillər müəyyən edir. Buradan bir nəticə çıxır ki, insanın bir şəxsiyyət kimi formalaşmasında irsiyyətlə yanaşa ona təsir edən sosial amillərin-mühit və tərbiyənin də rolu böyükdür. Unutmamaq lazımdır ki, sosial amillər mövcud genitik potensialın işlənməsi ilə insanı bir şəxsiyyət kimi formalaşdırır. Hətta insanın hansı iqlim şəraitində, harada-dağlıq yerdə və ya dəniz sahilində və s. yaşamasından asılı olaraq onun həyat tərzində müəyyən cəhətlər əmələ gəlir.

3. Şəxsiyyət haqqında əsas nəzəriyyələr. Şəxsiyyət haqqında Z.Freydin psixoanalitik nəzəriyyəsini, A.Adlerin fərdi psixologiya nəzəriyyəsini aid etmək olar. Avstriya psixoloqu və psixiatoru Ziqmund Freydin yaratdığı psixoanalitik nəzəriyyə freydizm adlanır. Z.Freyd şəxsiyyətin fəallığının mənbəyini instinktiv təhriklərdə görürdü. Bununla da Freyd psixi hadisələrə yeni anlayış-şüuraltı (şüursuzluq) anlayışı gətirmişdir. Onun fikrincə şəxsiyyətin strukturunda üç komponent var: id-alt mən, eqo-mən, süper eqo-üst mən. Freyd idi şüursuzluq, eqonu şüurluluq, süpereqonu isə yüksək şüurluluq kimi görür.

Z.Freydə görə, iddə yalnız sıxışdırılmış şüuraltı instinktlər hökmranlıq edir və onlar həzz prinsipinə tabe olur. Eqo (mən) və süpereqo (üst mən) şəxsiyyətin təməl sistemi olan iddən bütün gücünü alır. Freyd id, eqo və süpereqo arasındakı tarazılğın cəmiyyətdəki əxlaqi tarazlığı təmin etdiyini önə sürmüşdür. Ona görə şüur altı insanın varlığını bilmədiyi lakin insanın davranışına təsir göstərən motivlərdən təşkil olunmuşdur. Freyd insan psixologiyasını bir aysberqə bənzətmişdir. Aysberqin görünən hissəsi insanın varlığını bildiyi, dərk etdiyi düşüncələr, motivlərdir. Aysberqin görünməyən hissəsi isə onun varlığını bilmədiyi, dərk etmədiyi, ancaq davranışlarına təsir göstərən motivlərdir. İdin bütün hissəsi düşüncə altında qalır. İd insanın doğulmasından etibarən sahib olduğu, irsən gələn arzu və istəklərin toplamıdır, cinsiyyət və aqressivlik istəklərindən, arzularından meydana gəlir. İd davamlı olaraq istək və arzularını təmin etməyə çalışır. İd insanın psixologiyasında ömür boyu yaşayır. Freydə görə, yuxular idin arzularını yerinə yetirmə vasitəsidir. Eqo məntiqli düşünmə və gerçək dəyərləndirmələr etmə xüsusiyyətinə sahibdir. Şəxsiyyəti idarə etmə vasitəsi olub idin arzu və istəklərinin hansı səviyyədə, necə təmin ediləcəyinə qərar verir. Eqo id istəklərindən cəmiyyət tərəfindən qəbul edilənlərin şüur səviyyəsinə çıxmasına icazə verdiyi halda, digərlərini basdırma mexanizmasından istifadə edərək şüuraltında həbs edir. Yəni eqo bir yandan idin arzularını yerinə yetirməyə çalışarkən digər tərəfədən mühitin uyğun olub-olmamasına baxır. Ayrıca eqo id və süpereqonun təzadlı istəklərini əlaqələndirməyə çalışır. Süpereqo uşağa ailəsi və cəmiyyət tərəfindən mənimsənilən dəyərləri, əxlaqi normaları və adət-ənənələri təmsil edir. Süpereqo uşağın böyüklər ilə olan ünsiyyəti nəticəsində inkişaf edir və sosial qadağaları əhatə edir. Cəmiyyətin qayda-qanunları süpereqo yolu ilə şəxsiyyətin bir parçası halına gəlir. Beləliklə, insan ətrafda onu müşahidə edənlərin olmadığı şəraitdə də öz-özünün nəzarətçisi, müşahidəçisi olaraq cəmiyyətin əxlaq normalarına əməl edir. İd, eqo və süpereqodan hər hansı birinin daha çox təsir etməsi insanların davranış və düşüncələrini dəyişir. İdi çox güclü olan bir insan cəmiyyətin əxlaq normalarına qarşı etinasız, bu normaları deyil, yalnız öz arzu və istəklərini nə yolla olursa olsun yerinə yetirməyi düşünən biri ola bilər. Süpereqosu daha cox inkişaf etmiş olan bir insan isə həddən artıq utancaq, bütün hisslərini gizlətməyə çalışan, bu hissləri cəmiyyət içində qəbul etməyən biri olar. Psixopatik xəstəliklərdə və işlədiyi cinayətdən dolayı peşimanlıq hiss etməyən insanlarda süpereqo çatışmamazlığından söz edilə bilər. Freuda görə id, eqo və süpereqo arasındakı mübarizə stresə səbəb ola bilər. Əgər stres həddən artıq artarsa, eqo müdafiə mexanizmalarından istifadə edərək ortaya çıxan narahatlığın aradan qaldırılmasına çalışır.

Avstriya psixoloqu Alfred Adlerin fərdi psixologiya nəzəriyyəsidir. Onun fikrincə, insanda ən əsas onun təbii instinktləri deyil, “birlik hissidir”. Bu hiss anadangəlmədir, lakin sosial cəhətdən inkişaf etdirilməlidir. A.Adler şəxsiyyətin formalaşmasına təsir edən üç önəmli münasibəti qeyd edir: başqa adamlara münasibət, əməyə münasibət, başqa cinsə münasibət. Adlerə görə, şəxsiyyətin strukturunu müəyyən edən əsas motiv və tendensiyalar aşağıdakılardır: 1) özünün gücsüzlüyünü hiss etmək; 2) özünü inkişaf etdirməyə və üstünlük əldə etməyə cəhd; 3) birlik hissi və ya sosial hiss. Onun fikrincə bu tendensiyalar anadangəlmə deyil. Uşaq doğularkən ona hazır şəkildə verilmir.

Alman Erik Fromm (daha sonra Amerika və Meksikada yaşamış) insanları bir şəxsiyyət kimi dörd yerə ayırır: mazoxist, sadist, konformist və tənha. Mazoxist tipə malik olan insan, Frommun fikrincə, cəmiyyətdə hər zaman uğursuzluqla qarşılaşan insandır. Bu uğursuzluqda o yalnız özünü günahkar sayır. Sadist tip öz uğursuzluqlarının günahını özündə deyil, başqalarında, cəmiyyətdə görür. O, insanları və dünyanı düşmən kimi qavrayır və onları məhv etməyə cəhd göstərir. Hər zaman hökmranlığa, əzməyə, dağıtmağa can atır. Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə onlar kimi olmğa, onlardan fərqlənməməyə cəhd edir. O, həmişə mövcud şəraitə uyğunlaşır. Tənha tip həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır.

Amerikan Abraham Maslou şəxsiyyət tələbatlarının ierarxik quruluşunu vermişdir. Bununla bağlı olaraq o, insan tələbatlarının yeddi səviyyəsini qeyd etmişdir.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin