Hafizənin tipləri. Adətən psixologiyada əyani obrazlı,sözlü-mücərrəd və aralıq hafizə tipləri qeyd olunur. Hafizənin əyani-obrazlı tipi müxtəlif təssüratı yadda saxlamaqda analizatorlardan hansının daha çox məhsuldar olmasında özünü göstərir. Görmə tipinə malik olan adamlar ən çox gördüklərini, eşitmə tipinə malik olan adamlar eşitdiklərini, hərəki tipə malik olanlar isə birbaşa olaraq əməliyyat apardıqlar, hərəki analizatorların iştirak etdiyi materialları daha yaxşı yadda saxlayıb yada sala bilirlər. Həyati faktlardan göründüyü kimi bu tiplərə təmiz halda çox az halda rast gəlmək mümkündür. Həyatda daha çox qarışıq tipə: görmə-eşitmə, görmə-hərəki, eşitmə-hərəki tiplərə rast gəlmək mümkündür. Elə buna görə də təlim prosesində hafizənin tipologiyasının nəzərə alınması gərəklidir. Təlim fəaliyyəti elə təşkil olunmalıdır ki, ayrı-ayrı tiplərə mənsub olan şagirdlərin hamısının mənimsəməsi üçün səmərəli şərait yaranmış olsun.
4. Hafizə pozuntuları. Hafizənin fərdi parametrləri çox geniş diapazonda fərqlidir. Elə bu səbəbdən də “normal hafizə” anlayışı qeyri-müəyyəndir. Məsələn, bir də görürsən ki, yadasalma adi hallarda olduğundan xeyli canlı, aydın, konkretdir və ən xırda detallar belə yada salınır. Bu vəziyyət hafizənin qiperfunksiyası adlanır. O, adətən güclü təsir, kəskin həyəcanlanma və bəzən də gipnoz halında, narkotik maddə qəbul etdikdə təzahür edir. Daha tez-tez rastlaşılan hal hafizə funksiyasının zəifləməsi ilə əlaqədardır. Mövcud informasiyanın yada salınması qabiliyyəti nisbətən itir. Onun ilkin təzahürü həminki anda lazım olan materialın (tarix, ad, temin və s.) yada salınmasının nisbətən zəifləməsi- reproduktiv seçiciliyin azalmasında özünü göstərir. Hafizənin zəifləməsinin sonrakı mərhələsi onun daha da güclənərək amneziyaya keçməsidir. Onun səbəbləri sərxoşluq, zədələr, huşsuzluq, yaşlanma, şəxsiyyətin neqativ yönümdə dəyişməsi və bəzi xəstəliklər ola bilər. Amneziya zamanı əvvəlcə informasiyanın yada salınması, sonra isə hafizənin informasiya ehtiyatı toplamaq qabiliyyəti itir. İlk növbədə yaxın zamanda öyrənilənlər unudulur. Daha sonra isə həyatın son illərində baş verənlər unudulur. Uşaq və gənclik illərində baş verənlər isə hafizədə daha uzun müddət qorunur və xatırlanır. Təhrif olunmuş hafizə, səhv yadasalma, yalnız bir istiqamətli yadasalma hafizə aldanmaları adlanır. Onlar adətən güclü istək, meyl və ödənilməmiş tələbat zamanı meydana çıxır. Məsələn, uşaq ona verilən konfeti tez yeyir və sonra tam səmimi olaraq bildirir ki, o konfet yeməyib. Onu inandırmaq (bir çox hallarda böyükləri də) praktiki olaraq mümkün olmur. Hafizə asanlıqla ehtirasın, inam və meylin quluna çevrilir. Elə buna görə də keçmişin qərəzsiz, obyektiv xatırlanmasına az-az rast gəlinir. Hafizə aldanmaları əsasən özününkü və özgəninki, həqiqətdə olanlarla eşıtdikləri, oxuduqlarını fərqləndirmək qabiliyyətini itirdikdə baş verir. Belə yadasalmaların dəfələrlə təkrarı nəticəsində tamamilə personfikasiya (özününküləşdirmə) yaranır. Yəni insan tədricən və təbii olaraq başqasının fikrini özününküləşdirir. Halbuki, vaxtilə özü onları inkar edirdi. Bu bir daha göstərir ki, hafizə təxəyyüllə, fantaziya ilə sıx əlaqədardır və psixoloji reallıq adlanır.