Şəxsiyyətlərarası münasibətlərin növləri. Sosial psixologiyada şəxsiyyətlərarası münasibətlərin müxtəlif növlərini qeyd edirlər: rəsmi, qeyri-rəsmi, şəxsi, işgüzar və s.
Rəsmi münasibətlər rəsmi sənədlərə, normalara uyğun həyata keçirilən şəxsiyyətlərarası münasibətlərdir. Bu cür münasibətlər rəhbərlə tabe olanlar arasında baş verir. Bu cür qarşılıqlı münasibətlər əvvəlcədən qrupun statusunda öz əksini tapır. Burada qarşılıqlı münasibətin gedişi rəsmi şəkildə həyata keçirilir. Nə rəhbər, nə də tabe olan adam qarşılıqlı münasibətin tələblərindən kənara çıxmır. Hər kəs öz səlahiyyəti çərçivəsində hərəkət edir. Qeyri-rəsmi münasibətlər isə insanların bir –birinə olan şəxsi münasibətlərinə əsaslanır. Ona görə də bu cür münasibətlər subyektiv xarakter daşımaqla insanların bir-birilərinə olan simpatiyası, antipatiyasında və s. ifadə olunur. Ona görə də çox zaman bu cür qarşılıqlı münasibətləri şəxsi münasibətlər adlandırırlar. Bu cür qarşılıqlı münasibətlər “simpatiya” zəminində əmələ gəlir və qarşılıqlı şəkildə inkişaf edir.
Şəxsi qarşılıqlı münasibətlərin sosial psixologiyada aşağıdakı tiplərini fərqləndirirlər: tanışlıq, yoldaşlıq, dostluq, ər-arvad (N.N.Obozov, Ə.S.Bayramov, Ə.Ə.Əlizadə). mütəxəssislərin fikrincə şəxsi qarşılıqlı münasibətlərin kökü insanların hislər aləmi ilə bağlıdır və emosional amillər zəminində formalaşır. Ən geniş şəxsi qarşılıqlı münasibət forması tanışlıqdır. Bu cür qarşılıqlı münasibət özünün 3 əsas səciyyəsi ilə fərqlənir: “üzdən tanıyırsan”; “salamlaşırsan” (yalnız qarşılıqlı tanıma zamanı); “salamlaşır və ümumi mövzularda söhbət edirsən”. Bu cür tanışlıq zamanı şəxsiyyətlərarası hislər əsas rol oynamır.
Dostları ilə paylaş: |