Ümumiyyətlə hiss və emosiyaların yerinə yetirdiyi funksiyalar bir – birilə vəhdət təşkil edir. Psixoloji araşdırmalarda aşağıdakı fundamental emosiyalar müəyyən olunmuş və təsvir edilmişdir (K.İzard, 1980) maraq, sevinc, heyrət, kədər, qəzəb, nifrət, həqarət, qorxu, həya, günah, həyəcan, əzab.
45. Emosiyalar orqanizmin tələbatı ilə bağlı olan bir proses kimi.
Fransız sözü olub həyəcan mənasını verən "emosiya" öz subyektiv çaları ilə aydın ifadə olunmuş bütün hissiyyat və həyəcan növlərini əhatə edən daxili və xarici qıcıqlandırıcıların təsirinə insanların reaksiyasıdır. Emosiyalar orqanizmin ayrı-ayrı tələbatı ilə əlaqədardır. Tez sönən, habelə uzun müddət davam edən emosiyalar adamların ali sosial tələbatı ilə yaranır və biz onları sadəcə olaraq "hisslər" adlandırırıq: intellektual hisslər, estetik hisslər, əxlaqi hisslər.
Öz mənşəyinə görə iki cür olan emosiyalar mənfi və müsbət səciyyə daşıyır. Müsbət emosiyalar insan tələbatının ödənilməsi - qələbə, sevinc, şad xəbər, müəyyən bir uğur nəticəsində yaranır. Mənfi emosiyalar isə bəd xəbər, uğursuzluq, qorxu, sabaha ümidsizlik, bir sözlə, insan tələbatının ödənilməməsi sayəsində əmələ gəlir. Adamların həyat fəaliyyətini bunlarsız düşünmək olmaz.
Çox mürəkkəb olan emosional proses effekt, emosiya, hiss, ehtiras və stress kimi vəziyyətləri əhatə edir. Bunlar bir-birindən şiddət, güc, davamiyyət baxımından fərqlənirlər. Elm sübut edir ki, adamda xarici aləm hadisələrinin təsirinə qarşı affekt, emosiya, stress, hiss, ehtiraslar bir növ mühafizə siqnalı rolunu oynayır. Belə siqnallarsız yaşamaq - ölmək deməkdir.
Şəxsin sosial həyatı prosesində instinktiv emosiyalar getdikcə zəifləyir, bunların əvəzinə ictimai, etik, estetik hisslər inkişaf edir. Bilavasitə psixi hadisələr olan affektlər, stresslər, hisslər, emosiyalar və ehtiraslar insanın ali əsəb sistemi ilə əlaqədardır. Həmin proseslərin təsir mexanizmini psixologiya elmi öyrənir. Lakin problemin etik tərəfi də olduqca böyük maraq doğurur.
Stress həmişə, əvvəllər deyildiyi kimi, orqanizmin yox, şəxsiyyətin psixofizioloji reaksiyasıdır. Onun yaranmasında təkcə soyuq və isti, aclıq və xəstəlik, həyat təhlükəsi və sağlamlığı itirmək qorxusu deyil, həm də inciklik, təqsir, qısqanclıq, abır-həya mühüm rol oynayır. Bu məsələyə ayrıca əsər həsr edən alimin (Emma Maksimovna Rutman. "Nado li ubeqat ot stressa?" Moskva, 1990) fikrincə, ilkin stresdən qaçmağa çalışmamalı, əksinə, onu müəyyən istiqamətə yönəltməyi, emosiyaları cilovlamağı bacarmaq, adamın fəallığını artıran ehtiras kimi başa düşmək lazımdır. Deməli, şəxsiyyətin stresi qiymətləndirməyi bacarmasından, ona öz fəal münasibətini bildirməsindən çox şey asılıdr. Belə ki, stresə qarşı nikbin mövqe tutmaq, özünü ələ almaq özünütərbiyədə böyük əhəmiyyət kəsb edir.
Emosional stresin qarşılıqlı əlaqədə olan üç sistemi - üç mərhələsi müəyyən edilmişdir: stress doğuran hadisənin qiymətləndirilməsi;
həmin hadisəyə, yaxud onun qiymətləndirilməsinə insanın fizioloji və biokimyəvi reaksiyası; stresin səbəb və nəticəsini aradan qaldırmaq və gələcək mərhələdə ondan qaçmaq məqsədilə görülən tədbirlər.
Alimlər bu nəticəyə gəlmişlər ki, stresin əsasını çox vaxt onu doğuran hadisəyə münasibət təşkil edir. Təhlükənin obyektivliyinin necəliyi o qədər vacib deyil, başlıcası, onun necə qiymətləndirilməsidir. Qəfil və əsassız qorxu, yaxın adamın hərəkətlərinin düzgün şərh edilməsi, həqiqi ziyan və təhlükə baş vermədiyi halda bu barədə yalan məlumat da real təhlükə kimi stress üçün səciyyəvi olan fiziki və biokimyəvi təsir oyadır.
"Ah, mən bu dərdə dözə bilmərəm!" - deyə ölgünləşən, mənəvi dayaq tapmayan adamlar həmişə səksəkəli yaşayıb özlərini Demoklun at tükündən asılı olan iti qılıncı altında hiss edirlər. Belələri haqqında el arasında deyirlər: "Ölümə yaxın o adamdır ki, fikri ölümün yanındadır"; "Dəmiri nəm çürüdür, insanı qəm"; "Qorxan gözə çöp düşər" və s. Lakin həyatda bunun əksi daha qüvvətlidir: nikbin ruhlu adamlar hər cür çətinliyə sinə gərir, ən ağır kədər üz verdikdə belə özünü itirmir, şərə qarşı mərdliklə mübarizə aparır, qələbəyə inanır və nail olurlar. Vyetnamlılar "Bəlalar olmasaydı, qəhrəmanlar da olmazdı", başqırdlar "Cəsarət səadətin yarısıdır", türklər qaranquşa: "Nə üçün gah aşağıdan, gah yuxarıdan uçursan?" - deyiblər, o da: "Bəlanın bəzən altından, bəzən üstündən keçmək üçün", - sözlərini heç də təsadüfi söyləməyiblər.
Dostları ilə paylaş: |