Pyes 11 şəkildə İ Ş t I r a k e d I r L ə R



Yüklə 0,51 Mb.
səhifə4/6
tarix22.10.2017
ölçüsü0,51 Mb.
#11319
1   2   3   4   5   6

ALTINCI ŞƏKİL
Teatrda müdirin kabineti.

 

Ə m r u l l a. Yoldaşlar, kitabların hər ikisini oxudunuz: biri yoldaş Qüdrətin kitabıdır, kənd həyatından, biri də yoldaş Ötgün Zamanbəylinin kitabıdır, səhnə həyatından. Qüdrət yoldaşın əsəri Moskvada yarış komissiyasına göndərilmişdir. Hər kəs bu kitab haqqında danışmaq istəyir, xahiş edirəm, qısa və aydın danışsın ki, müxtəsər və müfid olsun.



H i k m ə t K a m a l. Yoldaşlar, biz görürük ki, bu günkü metodoloji üzrə bu əsərlər bizə və proletar ideolojisinə daban-dabana ziddir. Bu onu göstərir ki, yoldaş Qüdrət Arslan hələ də öz dünyagörüşünü yabançı təsirdən qurtara bilməmişdir. Yoldaş Qüdrət dəzgah dalında olmadığı üçün, yazıları da xırda-burjua individualizmi üzrə əsaslanmış və əsərə subyektiv nəzəriyyat ilə yanaşıldığından obyektiv analiz nəzərdən qaçırılmışdır.

F i k r ə t K a m a l. Heç elə şey yoxdur. Yoldaşlar, yoldaş Hikmət Kamal Azap üzvü olsa da, tutduğu pozisiya Rappın əsas xəttinə ziddir. Mən Azapın adından Hikmət Kamalın bu pozisiyasına qarşı protest edirəm. Proletar olmayan, proletar şairi də ola bilməz. Hikmət Kamal da subyektiv bir surətdə Rapp arqumentini irəli sürsə də, obyektiv bir surətdə düşmən nəzəriyyəsinə yuvarlanır.

Ə m r u l l a. Yoldaşlar, belə şey olmaz axı, belə danışın ki, biz də bir nəticə çıxara bilək də...

S a p a n. Deyin görək bu kitablar haqqında fikriniz nədir?

F i k r ə t K a m a l. Bu kitablar metodoloji cəhətcə idealizm məktəbi üzərində qurulmuşdur.

H i k m ə t K a m a l. Yoldaşlar, bir əsəri tənqid etmək asan deyildir. Bu teoretik, fəlsəfi bir mübahisədir. Biz görürük ki, yoldaş Əmrulla bolşevik tənqidindən qorxur və metodoloji cəhətcə yabançı olan bir əsəri keçirmək istəyir. Belə olan təqdirdə biz məsələni partiya təşkilatlarına və mətbuata keçirməliyik.

Ə m r u l l a. Ay atam, bəs tənqid eləyin də.Vicdanım haqqı, bircə qızımın ölmüşünə ki, sözlərinizi başa düşmürəm, yaxşı-yaxşı tənqid eləyin, göndərim sizin üçün bir tort da aldırım.

K a m a l F i k r i. Yoldaşlar, mən bir münəqqid olmaq hesabilə onu qeyd edə bilərəm ki, bu əsərlərdə, gərək ki, iki əsər oxunmuşdur? Hər ikisində müsavat və ittihad nəzəriyyəsi, bir az sol əyinti, bir az da sağ sapıntı vardır.

G ü l s a b a h. Məsələn, fakt göstərin.

K a m a l F i k r i. Mən, yoldaşlar, çox təəssüf ki, əsər oxunanda burada deyildim, gecikmişdim, ancaq mübahisələrə yetişə bildim. Yalnız orası var ki, mən 1920-ci ildən bəri münəqqid kimi çalışıram, yoldaş Qüdrətin keçmiş əsərləri ilə tanışam və bu barədə 1914-cü ildə bir məqalə yazmışam, o məqaləni də “Pti-Parizyen” qəzetəsi Parijdə nəşr etmiş, sətir hesabını da poçta vasitəsi ilə göndərmişdir. Ona görə də mən hərçənd bu əsərləri oxumamışam, ancaq yəqin bilirəm ki, hər halda pantürkizm və panislamizm nəzəriyyəsindən xali deyildir. Buna görə də, məndən fakt istəmək – açıq qapını zorlamaq deməkdir.

G ü l s a b a h. Yoldaş münəqqid, bu əsərlərin biri Qüdrətindir, biri də başqasının – Ötgün Zamanbəylinin!

K a m a l F i k r i. Aha... hər ikisi Qüdrətin deyilmiş! Onda əfv edərsiniz, mən ancaq Qüdrət yoldaşın əsəri haqqında danışıram. Hərçənd bilirəm yoldaş Qüdrət bunları şəxsi-qərəz hesab edəcəkdir. Çünki bədbəxtanə, bir yol, bir yol deyəndə ki, 1923-cü ildə iyul ayında, gərək ki, Ağdamda onun arvadı ilə mənim yoldaşım sözləşmişlər və indiyə qədər yoldaş Qüdrət mənim arvadıma salam vermir və həmişə də, oyan-buyanda deyir ki, Kamal Fikri keyfli ikən yazdığı resenziyaları ayıqlıqda özü oxuya bilmir. Amma bununla bərabər, bu mənim vicdani qənaətimdir və bunu mən hər dəqiqədə sübut etməyə hazıram.

M i r z ə C a m a l. Yoldaşlar, bizə də danışmaq olar?

Ə m r u l l a. Olar, yoldaş buyurun!

M i r z ə C a m a l. Mən oyan-buyan bilmirəm. O pyes ki mollalar, qolçomaqlar haqqındadır, yoldaş Qüdrətin pyesi, o yaxşıdır. Ancaq o pyes ki artistlər haqqındadır, teatr haqqındadır, o gedənin pyesi, bir qəpiyə dəyməz. Başdan-başa yalan-palandır. Nə bizim teatrımızda o cür artistlər var, nə də o cür işlər. O gedə, hələ özündən goplayıb oraya, özünün də bir vinti bir az çatmır.

X u r ş i d. O gedənin kitabı bəzi adamların xatirəsi üçün yazılmışdır. Zakaznan yazılmışdır. Biz özümüz çox yaxşı bilirik.

A r i f H i k m ə t. Yoldaşlar, bu vaxta qədər heç bir teatrda belə iş olmamışdır. Yoldaş Qüdrət hələ bizim hörmətli yazıçımızdır. Yaxşı da yazmışdır. Ancaq o biri yoldaş, o balaca, siyasi savadı yoxdur... Bu vaxta qədər əsərində ekspozisiyası eksplikasiyasına düz gəlmir. Əsər imperessiyonizm qaydası ilə yazılmış, sonra da ekspressiyonizmə keçmişdir. Axırda da gəlib çıxır supermatizmə. Odur ki, sentrtyajesti sentrvnimaniyesi ilə tutmur. Əlbəttə, bizim partiyamız bu kimi əsərləri, hərçənd mən partiyaçı deyiləm, yenə də deyirəm, partiyamız bu kimi əsərləri qəbul edə bilməz. Çünki bizim teatrımızda belə adamlar qətiyyən yoxdur. Bu, başdan-başa bizə böhtandır.

X u r ş i d. Biz bilirik ki, bu kimin zakazıdır.

S a p a n. Mən bilmirəm, bu məxluq soğan yeməyib, içi nə üçün göynəyir?

X u r ş i d. Ona görə ki, səni tərif eləyir. Sənin üçün də ağzından çıxanı yazsaydı, başqa cür danışardın.

Z a m a n. Sənin ki, adını çəkən yoxdur.

Ə l i m u x t a r. Necə yoxdur? Orada yazır ki, rejissor iş vaxtı koopbürodan düyü alır. O gün Gülsabah xanım meşq eləyəndə düyü alan kim idi, mən idim də. Bu xalq çörəyi burnuna yemir ki... Yox, bilməmişdik, gərək gəlib xanımın qabağında isluşi dayanaydıq.

A r i f H i k m ə t. Çox da adı yazılmayıb, bu teatrda şüşəni sındıran kimdir? Mən sındırmışam da... bu xalq meşədən çıxmayıb ki.

M i r z ə C a m a l. Görmürsən!.. Deyir: rejissora malçişka deyib. Belə demişəm, canını da çıxartmışam. Mən otuz ildir Fərhad kimi külüng vururam, indi hər nə teatrda çırt oldu, pırt oldu, yaz, tök camaatın qabağına... Siz öz bildiyinizi eləyin, mən də öz bildiyimi. O gedə özü dörd kərəm dəlixanadan qaçıbdır. Özü də atası öləndən sonra anadan olubdur. Mənim əlimdə faktlar vardır.

Ə m r u l l a. Ay yoldaşlar, ay başuvuza dönüm, axı məsələ qaldı kənarda, siz, heç bilmirəm, nədən danışırsınız?

X u r ş i d. Biz çox yaxşı bilirik nədən danışırıq. Sənin də ağzını malalayıblar... həlbəttə... cavan qız, mən də olsam, ləbbeyk deyərəm də... Qabaq özün teatrdan çıxartmışdın, indi başına and içirsən.

Ə m r u l l a. Yoldaşlar, qulaq asın: kim əyri işlər, mən də onunla əyri olaram, kim düz işlər, mən də düz.

E l d a r. Yoldaşlar, mən sadə bir işçiyəm. Bayaqdan diqqətlə qulaq asıram. Burada gənc bir yoldaş teatr həyatından bir əsər yazmışdır. O əsər teatrın həyatından deyil, bizim quruluşumuzun nə kimi sürətlə irəlilədiyini göstərir. Bu sürətə qarşı şairlərin belə fikri aciz qalmışdır. O sürətə çata bilmir, bu heç yaman metod deyil, bu bir təcrübədir. Ancaq əsərdə bir pərdə çatmır. O da bu günkü iclasdır. Mən təklif edirəm bu iclas da əsərə əlavə edilsin. Mən ədəbiyyatçı deyiləm, ancaq orasını bilirəm ki, bu əsərdə bir çox nöqsanlar vardır. Onu, əlbəttə, marksist tənqidçilərimiz göstərəcəklər. Ancaq siz yox, yoldaş Kamal Fikri, sizing kimi tənqidçilərin yazısını mətbuatda buraxanların əlini kəsmək lazımdır. Ancaq mən inanıram ki, bu, dünən olmuşdu. Sabah isə heç oxumadan yazdığı bir tənqid üçün artıq yetişmiş proletar cəmiyyəti sənin gözünü çıxardar. Mən işçiyəm, yoldaşlar, bəlkə də kobud danışıram. Ancaq bir əsər ki, hər kəsin ya paxırını açıb onu özünə göstərir və yerindən oynadır, o əsər, əlbəttə, lazımdır. Mənim fikrim budur. Yoldaş qüdrətin də əsəri, demək olar ki, yaman deyildir. Bir az vaxtı keçmişdir. Ancaq oynamaq olar.

M i r z ə C a m a l. Istəyir dünya yığışsın, bu əsər zakaznan yazılıb, vəssalam, bir qəpik də qiyməti yoxdur.

H i k m ə t K a m a l. Əsər metodoloji cəhətcə və ideoloji cəhətcə bizə yabançıdır.

K a m a l F i k r i . Mən yoldaş Qüdrətin əsərinə qulaq asmış olsaydım, orada pantürkizm olduğunu açıq sübut edə bilərdim və 1924-cü ildə bunu mətbuat vasitəsilə də sübut etmişəm.

G ü l s a b a h. Yoldaşlar, mən burada edilən tənqidlərdən bir şey anlamadım. Sanki adamlar öz fikirlərini söyləməkdən qorxur, başqalarının fikrini kos kimi oynadırlar. Bu, yoldaşlar, fikri iflasdır. Sən öz fikrini söylə, nöqsanlı olarsa, düzəldərlər. Yoxsa özgə bir şərait içində deyilmiş fikirləri, düzəlmiş formaları və terminləri tutdu, tutmadı, ortaya sürmək – kaverkot paltarlara ləzgi şalından yamaq salmaq deməkdir. Mən belə düşünürəm: bu əsərlərin hər ikisi yaraya bilər. Ancaq birincisini, yoldaş Qüdrətin əsərini, düzəltmək lazımdır. Çünki bir qədər vaxtı keçmişdir. Indi həyatımızda o cür molla, axund, qolçomaq və sairə yoxdur. Onun bu günün süzgəcindən keçirmək lazımdır. Əsər qüvvətli bir rejissor əlinə tapşırılmalı, qadın rolları da çox ağır olduğu üçün teatrdakı aktrisalar üzərində ciddi çalışmalıdır.

Ə l i m u x t a r. Bizdə rejissor yoxdur. Verin hələ Bayramnan Gülsabah qoysun.

X u r ş i d. Qadın rollarını da özü oynasın.

M i r z ə C a m a l. Kişi rolunda da Zamannan Sapan.

S a p a n. Mən hazıram.

X o s m ə m m ə d. Yalançının atasına lənət! Yoldaşlar, siz hamınız burada ədəbiyyatçısınız, siz olasınız öz uşaqlarınızın canı, bulvarnan şalvar qafiyədir ya yox? Siz özünüz xalis tezissiniz!

Z a m a n. Yoldaşlar, bu nöqsanlar bizdə vardır. İnkar etməyə və gizlətməyə dəyməz. Ancaq qorxaqlar öz nöqsanlarının üzünə açıq baxmaqdan qorxarlar. Biz bu əsərləri oynamalıyıq.

Ə l a b b a s. Yoldaş Əmrulla, tələsik teleqramdır.

 

Əmrulla  teleqramı oxuyur.



 

H i k m ə t K a m a l. Bu əsərlərin heç biri bizim proletar cəmiyyəti üçün yaramaz.

M i r z ə C a m a l. Bir qəpik də qiyməti yoxdur.

X u r ş i d. Özü də bilirik kimin zakazı ilə yazılmışdır.

Ə m r u l l a. Yoldaşlar, yoldaşlar, qulaq asın. Moskvadan teleqram. Teatrın yarış komissiyası... bütün respublikalardan gələn əsərlərə baxıb qurtarmışdır.

G ü l s a b a h. Nəticəsi yoxdurmu?

Ə m r u l l a. Vardır... Birinciliyi Azərbaycandan yazılmış bir əsər qazanmışdır.

G ü l s a b a h. Bu əsərlərin hər ikisi yarış komissiyasına göndərilmişdir.

M i r z ə C a m a l. Yox, yoldaşlar, iş orasına qalsa, əsərlərin hər ikisi bədii

cəhətcə çox yaxşıdır. Indi birində aktyorlar haqqında, bəzi şeylər yazılmışdır. O bir şey deyil. Axtarsan, çoxusu hələ doğrudur də... Nahaq yerə acığınız gəlir. Deyir şüşəni sındırıblar, doğru deyir də... Bəzi idraksız yoldaşlarımız var ki, hələ doğrudan da sındırıblar.

A r i f H i k m ə t. Yoldaş Mirzə Camal, mən əgər şüşəni sındırmışam, sən də teatrı dolamışsan barmağına.

M i r z ə C a m a l. Dahı mən də şüşəni sındırıb, rejissorun gözünü çıxartmamışam ki.

A r i f H i k m ə t. Mən də deyirəm əsər bədii cəhətcə yüksəkdir. Şüşəni sındırmışam, yazıbdır, deyir aktrisa söz düzəldir, doğrudur. Siz demirdiniz ki, Gülər ölüb, bu gün basdırırlar?

H i k m ə t K a m a l. Yoldaşlar, madam ki, komissiyada bu əsərlər birinciliyi qazanmışdır, onda təbii, bu əsərlər geniş kütlələr arasında müzakirəyə qoyulmalı və bütün rayonlarda oynanmalıdır.

H a m ı s ı. Əlbəttə, əlbəttə... hər ikisi...

Z a m a n. Yoldaşlar, özəyin təklifinə görə əsərin quruluşu Gülsabah xanıma tapşırılsın.

M i r z ə C a m a l. Özü də baş rolları yığsın versin sizə.

A r i f H i k m ə t. Nə ki palajitelni rollar var, versin sizə, atritsatelni rolları bizə.

X u r ş i d. Qeroinyaları da özü oynasın.

Ə m r u l l a. Yoldaşlar, müdiriyyət özü də bu fikirdədir.

M i r z ə C a m a l. Bunlar hamısı xəyalplovdur. Siz teatrı oyuncağa çevirmək istəyirsiniz. İyirmiillik aktyorun heç olmasa otuzillik rejissoru olmalıdır. Mənə kim rejissorluq edəcək? Dünənki uşaq. Yox, yoldaşlar, mən necə ki demişəm, demişəm mən bu işdə yoxam.

Ə m r u l l a. Siz teatr deyilsiniz, yoldaş Mirzə Camal. Kim yoxdur, yoxdur bunu hər saatda başımıza vurmaq lazım deyildir. Siz olmazsınız, yerinizə adam tapılar. Əsərin rejissorluğu Gülsabah xanıma tapşırılır. Onun da bacarığını yoxlamaq lazımdır. Bacarar, bacarar, bacarmaz, deyərik bacarmırsan, otur, yoldaş, yerində, istəmirsən, xoş gəldin.

 

P ə r d ə

YEDDİNCİ ŞƏKİL
Səhnədə Gülsabah boynuna götürdüyü əsərin məşqini aparır.

 

Z a m a n. Duman gəldi, dörd tərəfi bürüdü.



X o s m ə m m ə d. Qarşı dağdan düşmən qopdu, yürüdü.

Z a m a n. Ey briqada... yürüş var, hazır ol!

G ü l s a b a h. Gecikdin, Zaman! Sözün vəzni pozuldu. Bir də başdan! Muzıka! Gecikmə!

Z a m a n. Ey briqada, yürüş var, hazır ol!

S a p a n. Toplar səngərdə, silahlar əllərdə.

Z a m a n. Pulemyotlar qurulsun.

X o s m ə m m ə d. Düşmən döndü.

S a p a n. Təqib edin, yorulsun.

Z a m a n. Briqada, səngərdən qop! Yürüşə!

G ü l s a b a h. Dayan, dayan... sağ qrup, sağdan sola! Sol qrup, soldan sağa, aşağı və sola! Komanda ver, Zaman! Muzıka!..

Z a m a n. Briqada, səngərdən qop! Yürüşə!

X o s m ə m m ə d. Arxadan gələn var...

T u r a c (böyük bir həyəcanla qaçaraq). Gələnlər bizimkilərdir.

G ü l s a b a h. Çox gözəl, Turac!

M i r z ə C a m a l. Bərk durun, igidlər! Bütün kənd silahlıdır və sizinlədir.

G ü l s a b a h. Saxla... Yoldaş Mirzə Camal, səsində qüvvət və qətiyyət yoxdur. Kəndlilər görünmür, sənin səsin bir ordunun səsi olmalıdır.

M i r z ə C a m a l. Baş üstə, baş üstə, Gülsabah xanım.

G ü l s a b a h. Replika ver, Turac! Muzıka, başla!

T u r a c. Gələnlər bizimkilərdir.

M i r z ə C a m a l. Bərk durun igidlər... Bütün kənd silahlıdır, sizinlədir.

G ü l s a b a h. Saxla! Çığırmaq qüvvət deyil, yoldaş Mirzə Camal... çığırırsınız, tondan çıxırsınız, dissonas əmələ gəlir. “Qorxmayın, igidlər, bütün kənd silahlıdır və sizinlədir”.

M i r z ə C a m a l. Bu saat. Gülsabah xanım, bu saat, bağışlayın! Zəhrimar səsim öyrəşib qışqırmağa.

G ü l s a b a h. Replika ver, Turac!

T u r a c. Gələnlər bizimkilərdir.

M i r z ə C a m a l. Qorxmayın, igidlər, bütün kənd silahlıdır və sizinlədir.

Z a m a n. Briqada, yürüşə!

H a m ı s ı. Urra!..

G ü l s a b a h. Hamı bir yerdə... Muzıka... Başlayın! Replika ver, yoldaş Mirzə Camal.

M i r z ə C a m a l. Qorxmayın, igidlər, bütün kənd silahlıdır və sizinlədir.

Z a m a n. Briqada, yürüşə!

H a m ı s ı. Urra!..

G ü l s a b a h. Yaxşı, oyun hazırdır.

M i r z ə C a m a l (körpüdən düşərək). Allah sənə insaf versin, Gülsabah xanım, kürəklərimdən tər axır.

G ü l s a b a h. O, yaradıcılıq təridir, yoldaş Mirzə Camal.

M i r z ə C a m a l. Vallahı, elə qızışmışam ki, lap yüz kərəm də desən, bu pillələri çıxıb düşərəm. Belə qızışdırırsan adamı ey... elə bilirəm ki, hələ bu saat doğrudan davadır, özüm də xalis əsgərəm.

G ü l s a b a h. Çox sağ ol, yoldaş Mirzə Camal, bizə də o lazımdır.

 

P ə r d ə

SƏKKİZİNCİ ŞƏKİL
Açıq səhnə... Gülsabah rol paltarında və qrimdə.

Oyundan qabaq səhnəni gözdən keçirərək.


G ü l s a b a h. Şövqi, o arxa pərdəni bir az endir, yan pərdələri bir az geri çək. Hücum vaxtı işıq qırmızı keçəcəkdir... Dolaşdırmayasan...

Ş ö vq i. Hamısı yerli-yerində hazır.

G ü l s a b a h. Səhnə hazırdır! Bax gör adamlar hamısı öz yerlərindədirlərmi? (Şövqri qaçmaq istərkən). Hə, mənə bax, Bayrama tapşır o, Gülər ilə Turaca kömək etsin. Gülər yenə zirəkdir, özü bacarar, ancaq Turaca baxmaq lazımdır. Bax, gör gəlibdir, yox?

Ş ö vq i. Kim, Turac? Axşam saat altıdan gəlibdir, üzünü boyayır, pozur. Ancaq Gülər, gərək ki, hələ gəlməmişdir.

G ü l s a b a h. İndi gəlmiş olar. Get bax, mənə bildir. Oyunu başlamaq lazımdır.

X o s m ə m m ə d (Xurşid ilə dolaşaraq, səhnəyə çıxırlar). Əl çəksənə məndən, tezisin biri tezis...

G ü l s a b a h. Nə var yenə yoldaş Əliməmməd?..

X o s m ə m m ə d. A kişi, heç nə, gedib o yazıq Turacın belbağısını götürüb bağlayıb öz belinə, o da yazıq səhərdən axtarır... ağlayır. Belə sənin rolun antitezisdir. Bu belbağı sənin üçün yaramaz ey... deyəndə də məxluqun acığı gəlir. Buna heç bir dialektika yol verməz. Başa düşdün? Sən heç bilirsən dialektika nədir?

G ü l s a b a h. Bu belbağı sizin üçün yaramaz, Xurşid xanım. Bu Turac üçündür.

X u r ş i d. Pojalusta, çox lazımdır. Aparıb ataram üstünə, qoy o bəzənsin, onu bəyənsinlər, bizi yox.

Z a m a n (səhnəyə çıxaraq). Xurşid xanım, bu yazığın belbağısını götürmüşsən, axtarmaqdan yazığın başı gicəlir.

X u r ş i d. Pojalusta... alın (Kəməri açıb ataraq). Aparın, hamınız bəzəndirin onu. Kstati əri də qovub onu, bəlkə, hələ bu gecə ərə verəsiniz ki, əl-qolunuz açılsın.

Z a m a n (acıqlı səhnədən çıxan Xurşidə). Xurşid xanım!

G ü l s a b a h. Zaman!

Z a m a n. Yox, Gulsabah xanım, siz bilmirsiniz o nə danışır... O demək istəyir ki, guya sən, Qüdrət, Turac...

G ü l s a b a h. Mən çox yaxşı bilirəm, Zaman. Hər daş atan baş yara bilsə, yarılmamış baş qalmaz. Sən belə xırda şeylərdən yüksək ol. Uşaqlar hazırdırmı? Bu gecə imtahandır, Zaman! Möhkəm dayanın, yoxsa bir də bizə kimsə inanmaz.

Z a m a n. Qorxma, Gülsabah. Uşaqlar hamısı dəmir kimidir. İş bir yerə çatıb ki, Mirzə Camal da öz rolunu bülbül kimi əzbərdən bilir.

G ü l s a b a h. Ancaq uşaqların hamısına tapşır: səhnədə fikirləri Turac ilə Gülərdə olsun, birdən çaşıb eləsə, hamısı kömək eləsin.

Z a m a n. Gülərdən sən heç qorxma, Gülər od kimidir. Mən ancaq bir az Turacdan qorxuram, yazıq çox utanır.

S a p a n. Əgər Gülər bizim hamımızı bu gecə cibinə qoymasa... Gülər deyil, xalis oddur, od.

X o s m ə m m ə d. Antitezisdir də... amma Xurşid tezisdir.

Ə m r u l l a (tələsik səhnəyə qaçaraq). Hə, yoldaşlar, hazırsınız, yox? Bütün camaat gəlib. Amma zalda adam var ha! Ağcaqanadın sayı var, adamın yox. Moskvadan gələn yarış komissiyası bıçaqlarını bilövləyir. Bəziləri deyir ki, neçin bu  yarış quruluşunu, guya köhnədən tanınmış adamlara verməmişsiniz? Dedim: atam, baxarsınız da... biz də bir şey bilirik axı. Başuvuza dönüm, möhkəm dayanın ki, yoxsa bütün şəhərdə biabır olarıq... hər şeyə fikir verirlər, hamısına baxacaqlar, qiymət qoyacaqlar.

X u r ş i d. Bizə nə var? Bizə ki, baxan olmayacaq.

Ə m r u l l a. Hamısına baxacaqlar. Xudojnikin işinə də, aktyorların işinə də, pyesin də, rejissora da... Dörd adama mükafat veriləcəkdir. Nə yaman şeymiş bu yarış, adə. Lap ürəyim gup-gup guppuldayır. Başuvuza dönüm, belə eləyin ki, üzümüzü qaraltmayasınız. Sonra da nümayəndələri təbrik etmək lazımdır.

G ü l s a b a h. Qorxma, yoldaş Əmrulla, bütün rollar möhkəm əllərdədir.

X u r ş i d. Hələ, bir o Turac möhkəmdir, bir də o Gülər. Dünən küçədən gəlibdir, bu gün baş rol oynayırlar.

G ü l s a b a h. Qorxmayın! Onları Zaman özü hazırlamışdır.

X u r ş i d. Zaman özü çox bir şey bilir ki, onları da hazırlasın.

Ə m r u l l a. Daha mən bilmirəm. Gülsabah xanım, bu gün oyunda hər nə varsa, mən sənin yaxandan yapışacağam. Belə olmasın ki, desinlər gənclər korladı. Sən öləsən qızımın ölmüşünə ki, bu gün oyun yaxşı keçsə, heç bir kəsri olmasa, sabah sənin üçün bu boyda bir tort alacağam.

S a p a n. Avtor bəs haradadır?

Ə m r u l l a. O da mənim yanımdadır. Ancaq ovqatı çox təlxdir. Bir az da deyəsən, belədir... (Barmağı ilə boğazına vurub, kefli olduğunu göstərir). Daha mən gedirəm, özün bil də... (Gedir).

Ş ö vq i. Yoldaş Gülsabah xanım, uşaqlar hazırdır. Ancaq Turac oturub ağlayırdı, getdim sakit elədim. Geyinib hazırdır.

G ü l s a b a h. Bəs Gülər?

Ş ö vq i. Vada, Gülər heç deyəsən, yenə də gözümüzə toxunmadı?!

G ü l s a b a h. Necə gözünə toxunmadı? Bu saat oyunu başlayıram.

Ş ö vq i. Bilmirəm vallah, başım qatışdı Turacın ağlamasına, o biri lap yadımdan çıxdı.

Z a m a n. Gedim bir baxım. Birdən gəlməz, biabır olarıq.

Ş ö vq i (onun ardınca qaçaraq). Mən də, hələ, onu deyirəm də.

T u r a c. Rol paltarında geyinmiş səhnəyə çıxır.

G ü l s a b a h (gülümsəyərək). Nə var, Turac deyirlər ağlayırsan?!

Uy, nə gözəl çıxmışsan, Turac, lap yeməli bir gəlin olmuşsan.

T u r a c. Belbağım itmişdi. Qrimim də bir az yaxşı düşməmişdi. Dedim indi gələrsən baxarsan, yenə də gülərsən.

G ü l s a b a h. Mən güləndə sən inciyirmisən, Turac?

T u r a c. Yox, bilirəm ki, istədikdən gülürsən. Onda, daha da ürəyim sevinir. Mən gəldim ki, paltarıma baxasınız, bəlkə, bir şey yadımdan çıxmışdır.

G ü l s a b a h. Yox, Turac, hər şey yerindədir. Ancaq bu belini aç, bir az yuxarıdan bağla. Gözlərinin altını da buradan bir az qaralt, azacıq.

T u r a c. Mən utanıram, Gülsabah. Ürəyim elə döyünür ki, dünən gecə lap ağlamışam. Mən o qədər adamın arasına necə çıxacağam. Hamısı məni tanıyacaq, mənə güləcəkdir. Mənə elə gəlir ki, birdən danışanda boğazım tutulacaq, səsim çıxmayacaqdır.

G ü l s a b a h. Bir həftə gülərlər, Turac, bir həftədən sonra sənin istedadına pərəstiş edərlər.

T u r a c. Iki gündür qorxudan çörək də yemirəm. Hər şey yadımdan çıxmışdır. Uşaq da, ev də, hətta o da...

G ü l s a b a h. Hətta o da?

T u r a c. Yox, o yadımdan çıxmamışdır. Ancaq hərdən ki, bir belə adamın arasına çıxacağımı düşünürəm, hətta o da yadımdan çıxır. O buradamıdır?

G ü l s a b a h. O səni bu vəziyyətdə görərkən dəli olacaqdır. O, hələ, sənin ardınca çox sürünəcəkdir. Turac, ancaq geriyə yox, irəliyə!

T u r a c. Gülsabah, sən doğru deyirsən. Mən əvvəllər işsiz darıxırdım, indi isə səhərdən axşama kimi dinc vaxtım olmur: vuruşmaq, çalışmaq həvəsi. Başıma min cür fikirlər gəlir. Mən istəyirəm ki, o məni görsün və bilsin ki, mən də bir heç deyiləm.

G ü l s a b a h. O, bir də sənin yanına gələrsə, qəbul edərsənmi?

T u r a c. Onu? Bilmirəm, Gülsabah... Mən bu saat ancaq onu düşünürəm ki, səhnəyə necə çıxacağam. Başqa bir şey düşünə bilmirəm. Bu pyes yaxşı pyesdirmi?

G ü l s a b a h. Yox, Turac, deyirlər Moskvada birinciliyi qazanmışdır. Ancaq mən inanmıram. Biz onu bir qədər dəyişdirmişik. Özü bilmir. Ancaq o var ki, o həyatı qavramaq üçün elə güclü bir təkan almışdır ki, ya öləcək, ya da yüksələcəkdir.

T u r a c. Mən onun yüksəlməsi üçün hər bir əzaba hazıram.

G ü l s a b a h (gülümsəyərək). Eh. Turac, Turac... Mən çox sevinirəm ki, sən bu qədər gözəl və bu qədər ağıllısan.

T u r a c (Gülsabahın üzünə baxır və birdən onun boynuna sarılıb, bərk-bərk öpərək). Mən səni sevirəm Gülsabah. İnan ki, mən səni ondan artıq sevirəm. Evdə darıxan kimi durub sənin yanına qaçıram, səni görən kimi ürəyim açılır.

Ş ö v q i. Gülsabah, balam, saat səkkizdir, bu Gülər gəlməmişdir ki...

G ü l s a b a h (bir qorxu ilə). Necə, gəlməmişdir?

Ş ö vq i. Bilmirəm. Gəlməmişdir də... Daha bunun necəsi yoxdur ki, bu saat oyunu başlamaq lazımdır.

Ə m r u l l a (tələsik səhnəyə qaçaraq). Balam, bəs sənin bu təzə qızın yoxdur.

Ş ö v q i. Vaxsey, birdən gəlməz, biabır olarıq a.

Ə m r u l l a. Mən oyan-buyan bilmirəm, onun üçün Gülsabah zamın olmuşdur.

G ü l s a b a h. Ola bilməz ki, gəlməsin.

Ş ö v q i. Vada... gəlməmişdir də.

Ə m r u l l a. Yerinə başqası yoxdur?

G ü l s a b a h. Yerinə heç kəs yoxdur. Onsuz da kim var ki? Bütün aktrisalar məşğuldur.

Z a m a n (səhnəyə qaçaraq). Gülsabah, Gülər gəlməmişdir.

S a p a n (səhnəyə qaçaraq). Gülsabah xanım, bu necə işdir? Gülər gəlməmişdir... bəs bu nə olacaqdır?

Ə m r u l l a. Vicdanım haqqı, lap boğazım quruyur... Bütün şəhərdə biabır olarıq... O birilər cəhənnəmə... Narkompros gəlib, komissiya gəlib, idarələrdən gəliblər ki, görək gənclər nə eləyirlər? Lap biabır olarıq.

B a y r a m (səhnəyə qaçaraq). Gülsabah xanım... Gülər gəlməmişdir, saat səkkizdir.

G ü l s a b a h (sarsılmış halda bir qədər düşünüb, birdən qəti bir deyişlə). Bayram! Sən beş dəqiqə gözlə, yoldaşların hamısını gözdən keçir. Biz bu saat qayıdırıq. Gedək, Zaman!

Z a m a n. Haraya?

G ü l s a b a h. Evlərinə.

Z a m a n. Sən onların evlərinə gedəcəksən? O ki səninlə danışmır?

G ü l s a b a h. Gedəcəyəm.

Z a m a n. Axı onların evində... Onun səhnəyə gəldiyini axı heç kəs bilmir.

G ü l s a b a h. Fərq etməz. Bu gecə son imtahandır.

Z a m a n. Sən hələ belə gedəcəksən? Qrimdə?

G ü l s a b a h. Hə, belə, vaxt yoxdur.

Ə m r u l l a. Qurban olum sizə, belə eləyin ki, dahı biabır olmayaq. Vicdanım haqqı bu gecəni başa versən, sabah səninçin Baksoyuzdan bu boyda bir tort alacağam.

G ü l s a b a h. Gedək, Zaman!

 

Gedirlər.



 

X u r ş i d. Gözlə, hələ bu saat durdu gəldi.

M i r z ə C a m a l (tutqun bir halda). Sən öləsən, yazıq dişlərinin dibinə kimi sapsarı saraldı, lap ürəyim yandı.

X u r ş i d. Hələ, haçandan belə canıyanan olmuşsan?

M i r z ə C a m a l. Yox, onu demə. Işləməyinə söz yoxdur... Adamın Allahı var. Balaca bir qızdır, səhnə üçün canından keçir, hələ, bilir də, bacarır da... Insafən, mənim özümə çox şeylər öyrətmişdir. Nə olar? Ağıl yaşda olmaz, başda olar.

Ş ö vq i (səhnəni aşağı-yuxarı qaçaraq). Ay Allah, indi birdən bu gəlməsə, biz nə edəcəyik?

 

Mirzə Camal düşünərək ona baxır və birdən bir şey qərarlaşdırmış kimi,



qəti hərəkətlə ayağa qalxır və səhnədən gedirkən işıq sönür.

 

P ə r d ə



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin