Q ə tnam ə s I «21» noyabr 2016-ci IL Sumqayıt şəhəri

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 112.11 Kb.
tarix22.10.2017
ölçüsü112.11 Kb.

İş № 2(105)-1785/2016
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin

mülki kollegiyasının

Q Ə T N A M Ə S İ

«21» noyabr 2016-ci il Sumqayıt şəhəri
Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Rəhimov Elman Gülbaba oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullazadə Turan Elşad oğlunun katibliyi, iddiaçı Hacıyeva Nəhayət Məqatil qızının nümayəndəsi Fətullayev Vəfalı Əzizbaba oğlunun iştirakı ilə iddiaçılar Hacıyeva Nəhayət Məqatil qızının və Hacıyeva Xəyalə Böyükağa qızının cavabdehlər Hacıyev Böyükağa Nəci oğluna, Hacıyev Babək Nəci oğluna və Hacıyev Bəylər Nəci oğluna qarşı mənzilə məcburi köçürülmə tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 11.11.2014-cü il tarixli, 2(074)-857/2014 saylı qətnaməsindən cavabdeh Hacıyev Babək Nəci oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq

M Ü Ə Y Y Ə N E T D İ :
Şamaxı Rayon Məhkəməsinin 11.11.2014-cü il tarixli, 2(074)-857/2014 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar Hacıyeva Nəhayət Məqatil qızının və Hacıyeva Xəyalə Böyükağa qızının Şamaxı şəhəri, H.Məmmədov küçəsi, 23 saylı evə məcburi köçürülmələri qət olunmuşdur (sədrlik edən T.Hüseynova).

Həmin qətnamədən cavabdeh Hacıyev Babək Nəci oğlu apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 11.11.2014-cü il tarixli, 2(074)-857/2014 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.



İ Ş İ N H A L L A R I :

İddiaçılar Hacıyeva Nəhayət Məqatil qızı və Hacıyeva Xəyalə Böyükağa qızı cavabdehlər Hacıyev Böyükağa Nəci oğluna, Hacıyev Babək Nəci oğluna və Hacıyev Bəylər Nəci oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Şamaxı şəhəri, H.Məmmədov küçəsi, 23-də yerləşən evə məcburi köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir.
A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ :
Cavabdeh B.N.Hacıyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin qətnaməsi obyektiv qəbul edilməmişdir və qanunsuzdur.

P R O S E S İ Ş T İ R A K Ç I L A R I N I N İ Z A H A T L A R I :
Məhkəmə kollegiyasının iclasında cavabdeh Hacıyev Böyükağa Nəci oğlunun nümayəndəsi Abdullayeva Zenfira İmran qızı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı N.Hacıyeva 28.08.1986-cı ildə cavabdeh Böyükağa Hacıyevlə ailə qurmuş, birgə nikahdan 05.03.1991-ci il təvəllüdlü Xəyalə adlı qızı dünyaya gəlmişdir. Onlar bir yerdə dörd il yaşamış, sonra iddiaçı evdən çıxıb getmiş və övladları o gedəndən yeddi ay sonra dünyaya gəlmişdir. Onların münasibəti pozulduğu üçün 1990-cı ildən 2013-cü ilə qədər faktiki olaraq ayrılmışlar. Şamaxı Rayon Məhkəməsinin 11.07.2013-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı Xəyalə Hacıyeva ümumiyyətlə həmin mənzildə yaşamamışdır, hazırda isə ailə qararaq ərinin evində yaşayır. N.Hacıyeva 1990-cı ildən evdən getdikdən sonra heç vaxt həmin ünvanda yaşamayıb, onların övladı dünyaya gəldikdən sonra cavabdeh ona iki mərtəbəli ev almışdır, baxmayaraq iddiaçı iddia ərizəsində göstərmişdir ki, guya onlar müxtəlif yerlərdə kirayədə yaşamışlar və daimi yaşayış yerləri yoxdur. Eləcə də göstərmişdir ki, mübahisəli evdə iddiaçılara məxsus hər hansı bir əşya yoxdur. Daha sonra göstərmişdir ki, məhkəmənin keçirilməsindən onun xəbəri olmamış, ona bu barədə məlumat verilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 11.11.2014-cü il tarixli, 2(074)-857/2014 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə kollegiyasının iclasında iddiaçı Hacıyeva Nəhayət Mədafil qızının nümayəndəsi Fətullayev Vəfalı Əzizbaba oğlu apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçılar Hacıyeva Nəhayət Məqatil qızı və Hacıyeva Xəyalə Böyükağa qızı cavabdehlər tərəfindən evdən çıxarılmış və müxtəlif yerlərdə kirayə yaşamağa məcbur olmuşlar. İddiaçılardan Hacıyeva Nəhayət Məqatil qızı mübahisəli mənzilə 1986-cı ildə, yəni 2000-ci ilin sentyabr ayının birindən əvvəl gəlin köçdüyü üçün həmin mənzildən daimi istifadə hüququ var. İddiaçılardan Xəyalə Hacıyeva isə mübahisəli mənzildə doğulmuşdur. Mövcud qanunvericiliyə əsasən iddiaşıların hər ikisinin mübahisəli mənzildən istifadə hüququ var. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 11.11.2014-cü il tarixli, 2(074)-857/2014 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə kollegiyasının iclasında iddiaçı Hacıyeva Nəhayət Mədafil qızı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək göstərmişdir ki, o, cavabdehlərdən Böyükağa Hacıyevlə 28.08.1986-cı il tarixdə nikahlarını qeyd etdirməklə evlənmiş, dörd il orada yaşadıqdan sonra münasibətləri pozulduğu üçün çıxıb getmiş və bir daha ora qayıtmamış, sonra isə kirayədə yaşamışdır. 05.03.1991-ci il tarixdə isə qızı Xəyalə anadan olmuşdur. Cavabdehlə nikahları rəsmi olaraq 11.07.2013-cü il tarixdə pozulmuşdur. Qızı Xəyalə 2015-ci ildə ailə qurmuşdur. Daha sonra göstərmişdir ki, cavabdehlə nikahları pozulduğu üçün o, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Başqa yaşayış yeri yoxdur, ona görə də mübahisəli mənzilə köçərək yaşamaq istəyir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 11.11.2014-cü il tarixli, 2(074)-857/2014 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

İddiaçı Hacıyeva Xəyalə Böyükağa qızı, cavabdehlər Hacıyev Böyükağa Nəci oğlu, Hacıyev Babək Nəci oğlu və Hacıyev Bəylər Nəci oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.



H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R:

Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia rədd edilməlidir.

Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının Şamaxı şəhəri, H.Məmmədov küçəsi, 23 saylı mənzilin hazırkı statusu və kimin adına olması, cavabdehlərin adına idarənin arxiv materiallarında daşınmaz əmlakın qeydə alınıb-alınmaması barədə məlumatın verilməsinə dair sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Əraxi İdarəsi tərəfindən verilmiş 23.09.2016-cı il tarixli məktubdan görünür ki, sorğuda göstərilən şəxslərin, yəni cavabdehlərin adına idarənin arxiv materiallarında daşınmaz əmlak aşkarlanmamışdır.

İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı N.M.Hacıyeva ilə cavabdeh Hacıyev Böyükağa Nəci oğlu 28 avqust 1986-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan 05 mart 1991-ci il tarixdə Xəyalə adlı qızları doğulmuş, Şamaxı Rayon Məhkəməsinin 11 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən tərəflərin arasında bağlanmış nikah pozulmuşdur.

Müəyyən edilmişdir ki, iddiaçıların köçürülmələrini tələb etdiyi Şamaxı şəhəri, H.Məmmədov küçəsi, 23 saylı fərdi yaşayış sahəsi mülkiyyət hüququ əsasında tərəflərin heç birinin adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli ev xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmamış və hüquqi nöqteyi nəzərdən evin mülkiyyətçisi bəlli deyildir.

Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bu zaman 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 61 və 123-cü maddələrinə istinad etmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instanstiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz.

Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli zamanı 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinə istinad etməkdə haqlı olsa da qanunu düzgün təfsir etməmişdir.

Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərin eyni hüquq və vəzifələrinə onlarda malik olurlar. Həmin maddənin 2-ci hissəsinə əsasən həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.

Həmin maddənin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

İş materiallarından görünür ki, mübahisəli mənzilin icarədarının və ya mülkiyyətsinin kim olması müəyyən deyildir. Yəni iş materiallarından görünür ki, cavabdehlər mübahisəli evin icarədarı deyil.

Bundan başqa tərəflərin izahatlarından məlum olur ki, iddiaçı Hacıyeva Nəhayət Məqatil qızı 1990-cı ildən mübahisəli evdən çıxıb getmiş, 1991-ci ildə digər iddiaçı Nacıyeva Xəyalə doğulmuşdur.

İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən məlum olur ki, iddiaçılardan Hacıyeva Xəyalə Böyükağa qızı 15.03.2008-ci il tarixdən, Hacıyeva Nəhayət isə 14.01.2012-ci il tarixdən Şamaxı şəhəri, N.Nəcəfov küçəsi, ev 2 D 2-də qeydiyyatdadırlar. Eləcə də müəyyən olunmuşdur ki, iddiaçı X.B.Hacıyeva 2015-ci ildə ailə quraraq daimi yaşamaq üçün ərinin evinə köçmüşdür.

Bundan başqa iddiaçılar özlərinə məxsus əşyaların mübahisəli evdə olmasını bildirsələr də bunu əsaslandıra bilməmişlər. Cavabdehin nümayəndəsi isə mübahisəli evdə iddiaçılara məxsus hər hansı bir əşyanın olmadığını bildirmişdir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (keçmiş redaksiyada) 60-cı maddəsinin 1-ci bəndinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır.

İş materiallarından isə görünür ki, iddiaçı N.M.Hacıyeva 1990-cı ildən mübahisəli evdən çıxıb getməsinə baxmayaraq yalnız nikahı pozulduqdan sonra, yəni 18.08.2014-cü id tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı N.M.Hacıyeva 23.08.1986-cı ildə cavabdeh B.N.Hacıyevlə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, 1990-cı ildə iddiaçı mübahisəli evdən çıxıb getmiş, 05.03.1991-ci ildə iddiaçı X.B.Hacıyeva doğulmuşdur. Bundan sonra iddiaçı N.M.Hacıyeva ilə cavabdeh B.N.Hacıyevin arasında bağlanmış nikah 11.07.2013-cü il tarixdə pozulmuş, iddiaçı X.B.Hacıyeva isə 2015-ci ildə ailə quraraq daimi yaşaması üçün ərinin evinə köçmüşdür. Yəni bu illər ərzində iddiaçılar evə köçürülməyə dair iddia qaldırmamış, hər hansı bir orqana müraciət etməmişlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia rədd olunmalıdır.

İşə baxan məhkəmə hüquqi əsas olmadan iddiaçıların mübahisəli evə köçürülmələrinə dair nəticəyə gəlməkdə səhvə yol vermişdir.

Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir.

Hazırkı halda iddiaçılar məhkəmə iclasında cavabdehlərin onların hansı hüquqlarını pozmalarını sübuta yetirə bilməmişlər.

İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

“İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməyən iddiaçıların tələbini təmin edərkən məhkəmə əsaslı şübhələrdən azad olmayan səhv nəticəyə gəlmişdir.

Birinci instansiya məhkəməsi bu hallara qiymət vermədən yalnız iddiaçı N.M.Hacıyevanın mübahisəli evdə müəyyən müddətə yaşaması səbəbindən mübahisəli evə məcburi köçürülmələrinə dair qanunsuz qərar qəbul etmişdir.

Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər.

Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə qətnamə ləğv olunmalı,iddia təmin olunmamalıdır.

«Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası



Q Ə T E T D İ:

Şamaxı Rayon Məhkəməsinin 11.11.2014-cü il tarixli, 2(074)-857/2014 saylı qətnaməsi ləğv edilsin.

İddiaçılar Hacıyeva Nəhayət Məqatil qızının və Hacıyeva Xəyalə Böyükağa qızının cavabdehlər Hacıyev Böyükağa Nəci oğluna, Hacıyev Babək Nəci oğluna və Hacıyev Bəylər Nəci oğluna qarşı mənzilə məcburi köçürülmə tələbinə dair iddiası təmin edilməsin.

Apellyasiya şikayəti təmin edilməsin.

Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.


Sədrlik edən: Lətifə Məmmədova

Hakimlər: Elman Rəhimov
Səyyad Qafari

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə