Q. Y. Abbasova


-CU MÖVZU. SOSIAL IDARƏETMƏ



Yüklə 2,66 Mb.
səhifə13/24
tarix14.01.2017
ölçüsü2,66 Mb.
#141
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

19-CU MÖVZU. SOSIAL IDARƏETMƏ
Cəmiyyət - insanların məqsədyönlü fəaliyyətinin nəticəsidir. O, yarandığı vaxtdan idarə olunmağa ehtiyac hiss edir. Cəmiyyətin hər bir sahəsində idarəetmə fəaliyyəti ictimai münasibətlərin xarakterindən asılı olaraq formalaşmış və inkişaf etmişdir.

İdarəetmə dedikdə mütəşəkkil sistemin öz keyfiyyət müəyyənliyini saxlamağa, onun mühit ilə dinamik münasibətlərini qorumağa və sistemi inkişaf etdirməyə yönələn fəaliyyəti başa düşülür. İqtisadi və sosial idarəetmə xüsusilə zəruridir. İnsanların birgə əmək fəaliyyəti, istehsal, əmək bölgüsü, istehsalçılar ilə istehlakçılar arasında münasilbətlər, maliyyə münasibətləri və iqtisadi münasibətlərin digər növləri idarəçiliyi şərtləndirən mühüm amillərdir.

Sosial idarəetmə hər şeydən əvvəl vaxtında düzgün və dəqiq informasiya əldə etməyi nəzərdə tutur. Həmin informasiya idarəedici orqanlar tərəfindən araşdırılır və sosial sferada tətbiq edilir. Sosial informasiya insanların bu sahədəki tələbat və mənafelərinin ödənilməsinə xidmət edir. Öz məzmununa görə sosial informasiya rəngarəng olur. Burada sosial birlik formaları, onların qarşılıqlı münasibətləri prosesini əks etdirən çoxsaylı biliklər, məlumatlar, göstəricilər, ideyalar, idarəçilik qərarları, rəhbər orqanların göstərişləri və s. ifadə olunur. Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, iqtisadiyyatın və sosial həyatın idarə olunmasında tam və mötəbər informasiya çox böyük rol oynayır.

Belə ki, o sərf olunan resursları ixtisar etməyə, xammala tələbatı azaltmağa kömək edir, ucuz və effektiv materiallar yaradan novatorçu texnologiyaların əhəmiyyətini artırır, sosial proseslər haqqında səhih məlumatlar verir. Sosial idarəetmə informasiya ilə yanaşı onun əsasında idarəetmə qərarlarının işlənib hazırlanmasını və həyata keçirməsini də nəzərdə tutur. Bu sübut edir ki, idarəetmə münasibətləri informasiyadan əlavə təşkilatı tərəfi də əhatə edir.

Sosial idarəetmə mexanizmini əks əlaqə prinsipindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Bu prinsip onu ifadə edir ki, istənilən qarşılıqlı təsir formasında mənbə ilə (idarəçiliyi həyata keçirən orqanlar) idarəçiliyə məruz qalan tərəf (idarəetmənin obyekti) öz yerlərini dəyişə bilirlər. Başqa sözlə desək, idarəetmənin obyektinin onun subyektinə fəal əks təsiri mövcuddur. Əks əlaqə prinsipi həm də informasiya mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur. Bu prosesdə idarəetmə obyekti onun subyektinə informasiya vasitəsilə təsir edir. Əks əlaqə prinsipi cəmiyyətdə fasiləsiz olaraq fəaliyyət göstərir. Belə ki, idarəedilən obyektin cavab hərəkətləri idarəedən sistemin tənzimləyici funksiyasının dinamikasını təmin edir.

Müasir şəraitdə sosial idarəetmənin xarakteri elədir ki, o idarəçiliyi həyata keçirən subyektlərin qəbul edilmiş idarəçilik qərarları üçün məsuliyyətini daha da artırır. Bu bir tərəfdən idarəedici təsirin çox geniş miqyas alması ilə, digər tərəfdən isə idarə olunan obyektlərin strukturunun mürəkkəbləşməsi ilə şərtlənir. Hazırda ölkəmizdə açıq cəmiyyətə keçid prosesində bütün sahələrdə olduğu kimi sosial sferanın idarə olunmasında da demokratikləşməyə geniş yer verilir.

Qeyd edək ki, sosial idarəetmə anlayışı sözün geniş və məhdud mənalarında işlənilir. Birinci halda cəmiyyətin bütün sferalarında gedən proseslərin şüurlu surətdə və elmi əsaslarla tənzim olunması başa düşülür. Sözün məhdud mənasında götürülən sosial idarəetmə isə yalnız sosial sferaya aid edilir.

Onun başlıca məqsədi aşağıdakılardır: cəmiyyətdəki sosial birlik formalarının (siniflər, sosial qruplar, təbəqələr, şəhər və kənd əhalisi) mənafelərini müdafıə edən, onların cəmiyyətin ümumi mənafeyi ilə əlaqələndirilməsini təmin edən düzgün sosial siyasət işləyib hazırlamaq və həyata keçirmək; ölkə əhalisini təşkil edən millətlərin və etniki birliklərin mənafelərini ahəngdar əlaqələndirməyə xidmət edən, milli azlıqların, dilini, mədəniyyətini və ənənələrini qoruyan milli siyasəti reallaşdırmaq; iş qüvvəsinin tələbatına uyğun olaraq əhalinin normal artımı, onun cinsə, yaşa görə bölgüsü nisbəti ilə bağlı məsələləri həyata keçirən demoqrafıya siyasəti yeritmək. Qeyd olunmalıdır ki, sosial idarəetmənin bu əsas məqsəd və istiqamətləri bir-birilə sıx əlaqə və qarşılıqlı təsirdə çıxış edir.

Sosial idarəetmə bir çox məsələləri əhatə edən mürəkkəb prosesdir. Onun əsas pillələri aşağıdakılardır: sosial planlaşdırma, sosial layihələndirmə, sosial proqnozlaşdırma və sosial uzaq görənlik.

Fəlsəfi fikirdə idarəetməyə aid baxışlar mövcud sosial-siyasi sistemin xüsusiyyətləri ilə bilavasitə bağlı olmuşdur. Fəlsəfə tarixində bir çox mütəfəkkirlər idarəetmə haqqında maraqlı ideyalarla çıxış etmişlər. Bu sahədə formalaşan fikirlər idarəetmə praktikasına mühüm təsir göstərmişdir. Qədim dövrdə idarəetmənin formalarını dövlətin tipləri ilə əlaqələndirənlərdən biri Aristotel olmuşdur. O idarəçiliklə bağlı aşağıdakı suallara cavab verməyə çalışmışdır: Hansı mülkiyyət forması dövlət quruculuğu və idarəetmənin ən yüksək səmərəsini daha yaxşı təmin edir? Ən yaxşısı - həm xüsusi, həm də ictimai mülkiyyətin mövcud olmasıdır. Ali hakimiyət dövlətdə kimlərə məxsus olmalıdır: xalq kütlələrinə, dövlətlilərə, namuslu adamlara, ya da ki, ən yaxşısına, bəlkə də tirana (zülmkara)?

Əgər çoxluq, kütlə, dövlət mülkiyyətini öz aralarında bölsələr, dövlət onda məhv olacaq. Tiranı isə hökumətə başçı qoysalar, onun hərəkətləri yenə də ədalətli sayıla bilməz. Bəlkə hakimiyyətdə varlı adamlar olmalıdırlar? Yox, çünki onlar kütlənin əlindən mülkiyyəti alıb mənimsəyəcəklər. Bəs vicdanlı, namuslu adamlar necə? Bu halda bütün yerdə qalanların siyasi hüquqları pozulacaq, bu da ədalətsizlik deməkdir. Beləliklə, ən yaxşı hal - qanun əsasında kütlənin ali hakimiyyətindən istifadə etməsidir.

Hər halda, bir çox adamlar məşvərət və məhkəmə hakimiyyətində iştirak edə bilərlər. Dövlətin bütün vətəndaşları ümumi müzakirələrdə və seçkilərdə iştirak edə bilər. Bəzən görkəmli adamlar, xadimlər hər hansı dövlət quruluşundan xaric və ya məhv edilirlər, buna ostrakizm (aradan götürmək, məhv etmək) deyirlər. Həm demokratiya, həm də oliqarxiyada hakimiyyətdə əhalinin çoxluğu olur (oliqarxiya -varlıların çoxluğudur).

Onun fikrincə, hər bir dövlətin sosial strukturu üç qrupdan ibarətdir: dövlətlilər, kasıblar və orta təbəqə. Dövlətin təbii tərkibi - orta təbəqə olduğu üçün (çünki dövlətin əsas meyli - bərabər və bir olmaq - orta təbəqə nümayəndələrin xüsusiyyətlərinə uyğun gəlir), ən yaxşı dövlət quruluşu - orta qrupun mənafelərinin üzərində olan quruluşdur. Əks təqdirdə ya demokratiya (kasıblar dövləti), ya da oliqarxiya (və ya tiraniya) yaranır, belə dövlətin çoxlu qüsuru olur. İri və demokratik dövlətdə orta sinif nümayəndələri çoxluq təşkil edirsə, hərc -mərclik, ziddiyyətlər azalır, təhlükəsizlik artır.

Demokratik quruluşun digər əlaməti - azadlıqdır, bunun da nəticəsi - hər kəsin istədiyi kimi yaşamasıdır. Beləliklə, demokratik quruluşun əlamətləri aşağıdakılardır:

-vəzifəli şəxslər xalq arasından seçilir; hamı birini, biri hamını idarə edir; mümkün dərəcədə vəzifəyə çıxmaq püşk atmaqla olmalı (əgər xüsusi vərdiş və bacarıq tələb olunmursa); vəzifə tutmaqda vətəndaşın mülkiyyəti və ya başqa xüsusi əlamətləri mühüm rol oynamamalı; (hərbi ixtisaslardan qeyri, heç bir vəzifəyə iki dəfə seçilmək olmaz), məhkəmə hakimiyyətində hamı iştirak etməli (hakim bütün vətəndaşların içindən seçilir), xüsusilə, hesabatlar dinlənilməli, siyasi proseslər, danışıqlar müzakirə edilməlidir. Xalq məclisi - ali hakimiyyətdir; ən vacib hallarda isə bu hakimiyyəti Şura icra edir.

Şurada işləyənlər təmənnasız çalışır. Xalq məclisinin üzvləri, məhkəmə, digər vəzifəli şəxslər isə maaş alır. Oliqarxiyada əsas göstəricilər - əsilli-nəsilli olmaq, var-dövlət və savaddırsa, demokratiyada belə göstəricilər kimsəsizlik, kasıbçılıq və nadanlıqdır. Heç bir vəzifəni ömürlük icra etmək olmaz; əgər beləsi miras qalıbsa, onu tezliklə püşk atmaqla dəyişmək lazımdır. Belə quruluş əsas etibarilə ədalətli, demokratik quruluş sayıla bilər, Hakimiyyətdə iştirak etmək hüququ, ədalətlilik, bərabərlik və azadlıq gözlənilməlidir.

İdarəetməyə aid olan baxışların təbiəti və mahiyyəti dövrdən-dövrə dəyişsə də, onlar həmişə üç məsələnin üzərində qurulmuşdur: idarəetmənin vəzifələri, idarəetmədə insan amili, bilavasitə idarəetmə fəaliyyəti.

İdarəetmənin elmı metodlar əsasında təşkilinin cəmiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini Anri Sen-Simon xüsusi olaraq qeyd etmişdi. O, rasional cəmiyyət yaratmaq üçün elmi sosioloji sistemdən istifadə etmək qərarına gəlmişdir. Onun "Sosial fizikalizm" nəzəriyyəsi özündə ictimai hadisələrin şərhində XVIII əsrin rasional baxışları ilə tarixilik prinsipini birləşdirmişdir. Sen-Simonun fikrincə, cəmiyyət müxtəlif, hakim mövqe tutan fəlsəfi, dini, elmi ideyalar əsasında inkişaf edir.

Həlledici rolu isə "industriyalar" (insanların iqtisadi fəaliyyəti), onlara uyğun olan mülkiyyət formaları və siniflər oynayır. Hər bir ictimai sistem tədricən inkişaf edərək, öz ideyalarının və hakim mülkiyyət formalarının zirvəsinə çatır, sonra "yaradıcı", "üzvi" dövr yeni, daha yüksək ictimai inkişaf pilləsi ilə əvəz olunur. Onun fikrincə, yeni cəmiyyətin formalaşması üçün sənaye və kənd təsərrüfatı sahələrinin çiçəklənməsi, məhsuldar qüvvələrin inkişafı, tüfeyliliyin aradan qaldırılması çox vacibdir. Cəmiyyət insanların ən ümumi assosiasiyası (birliyi) olmalıdır. Hamı işləməli, qabiliyyətlərindən istifadə etməkdə bərabər imkanlara malik olmalıdır.

Xalq təsərrüfatı dövlət tərəfindən planlaşdınlmalıdır; tədricən ümumdünya xalqları assosiasiyası və sərhədsiz sülh bərqərar olmahdır. Sen-Simon hesab edirdi ki, dövlət hakimiyyəti tədricən istehsalın təşkili alətinə çevrilməlidir. Öz ideyasına "yeni xristianlıq" adını verən Sen-Si-mon "bütün insanlar qardaşdırlar" şüarı irəli sürmüşdür. "Sənaye sisteminin" maddi stimulları yeni dinin əxlaqi tələbləri ilə tamamlanmalı idi.

Kapitalizm cəmiyyətinin sənaye və postsənaye mərhələlərində idarəetmə, elmi-texniki inqilabın son nailiyyətləri əsasında inkişaf edərək, əsasən müxtəlif təşkilatların fəaliyyətinin tənzim olunmasına yönəldilmişdir.

İdarəetmə nəzəriyyəsinə görə, insanların hər hansı birliyinin qarşısında qoyulan vəzifələri iki hissəyə bölmək mümkündür: xarici mühitlə müəyyən münasibətlər yaratmaq və daxili prosesləri tənzimləmək. İdarəetmədə qərarların qəbul olunmasını, daxili və xarici mühit və şərait haqqında məlumatların toplanmasını və yayılmasını, təşkilatın daxilində və xaricində münasibətlərin formalaşmasını, insanların işinin mütəşəkkil təşkilini, təşkilatın hər yerdə təmsil olunmasını menecerlər (məmurlar) təmin edirlər.

Elmi idarəetmənin banisi Frederik Uinslou Teylor (1865-1915) bu sahədə bir neçə prinsipi irəli sürmüşdür: əınəyin optimal metodlarının işlənib hazırlanması; mövcud standartlara dönmədən riayət olunması; gətirə biləcək faydasına görə hər kəsin iş yerinin müəyyən edilməsi; əməyin nəticələrinə görə qiymətləndirilməsi; nəzarətin xüsusi istiqamətlər üzrə funksional menecerlər tərəfindən icra edilməsi; menecerlər və fəhlələr arasında dostcasına münasibətlərin yaradılması (elmi idarəetmə naminə).

Teylor təşkilatda insanın yerıni mexaniki müəyyən edir, əmək məhsuldarlığının artırılmasının yolunu əmək fəaliyyətinin rasional təşkilində görürdü. Menecerlər düşünməli, fəhlələr isə - işləməlidirlər.

İnsani münasibətlər məktəbinin banisi Elton Meyo (1880-1949) tədqiqatlar əsasında belə bir nəticəyə gəldi ki, əmək məhsuldarlığını artıran mühüm amillərdən biri də - işçinin sosial şəraitidir (işçilər arasındakı münasibətlər). Bu şərait yaxşı olduqda, işçilər böyük həvəs və maraqla çalışacaqlar.

Meyonun davamçıları öz ideyalarını biheviorist nəzəriyyələr şəklində irəli sürdülər (Volter Dill Skott (1869-1955) , Mari Parker Folet (1868-1933), Abraham Maslou (1908-1970). Sonuncu "tələbatlar ehramı"nı yaratdı (yəni, insanların tələbatları strukturu çox mürəkkəb olduğu üçün, onları işin təşkilində nəzərə almaq lazımdır).

Daha ümumi şəkildə, yəni həm təşkilatın, həm də işçinin maraq və mənafelərini nəzərə almaq şərtilə idarəetmənin qurulmasını təklif edən Anri Fayol (1841-1925) burada altı növ fəaliyyətin olmasını qeyd etmişdir: texniki fəaliyyət (bilavasitə istehsal); kommersiya (alqı, satqı, mübadilə), maliyyə (kapitalın axtarılıb tapılması və səmərəli istifadə olunması), təhlükəsizlik (insanların mülkiyyətinin mühafizəsi), mühasibat (təhlil, qeydiyyat, statistika), idarəetmə (planlaşdırma, təşkilolunma, sərəncamvermə, koordinasiya, nəzarət). Fayol idarəetmənin on dörd prinsipini işləyib hazırlamışdır, o cümlədən əmək bölgüsü, hakimiyyət bölgüsü, intizam, sərəncam vermək hüququnun düzgün paylanılması, mərkəziyyət, fərdi mənafelərin ümumı mənafelərə tabe olması, maddi və mənəvi həvəsləndirmə və sair.

Maks Veber (1864-1920) cəmiyyətin təşkili və fəaliyyətində bürokratiyanın rolunu yüksək qiymətləndirirdi.

Bürokratiya (idarəetmə aparatın işçiləri) daim öz sıralarını artırır, fəaliyyət dairəsini isə genişləndirirlər. Cəmiyyət "formal rasionallığa" doğru irəliləyir, belə şəraitdə məmurlar müəyyən formal və rasional qanunlar əsasında ciddi şəkildə hazırlanmalı, yüksək peşəkarlığın tələblərinə (hüquqi və baza təhsilinin olması, hər hansı bir strukturun təzyiqindən azad olmalı, yalnız vəzifə borcunu yerinə yetirməli, ciddi intizam və nəzarət şəraitində işləməli, vəzifəsindən sui-istifadə etməməli və s.) cavab verməlidir.

Maks Veber həm də bürokratıyanın başlıca fəaliyyət prinsiplərini müəyyən etmişdir. Bımlara işçilərin aşağıdan yuxarıyadək seçilib yerləşdirilməsi, vəzifə bölgüsü, qəbul olunan qərarların dəqiq icrası və sair daxildir.

Müasir dövrdə idarəetmə cəmiyyətin mühüm fəaliyyət sahələrindən birinə çevrilmişdir, İdarəetmənin müxtəlif növləri, formaları, metodları yaranmışdır. Məsələn, iqtisadi, mədəni (fəaliyyət sahələri üzrə), yerli özünüidarəetmə, orta və alı idarəetmə pillələri. Ən geniş yayılmış idarəetmə metodlarından biri sistemli yanaşmadır. Bu sahədə aparıcı mütəxəssislərdən biri ABŞ alimi Piter Drakerdir. O, menecmentin peşəkar fəaliyyət, menecerliyi isə peşə olduğunu elan etdi, idarəetmənin sistemli, elmi nəzəriyyəsini yaratdı.

Bürokratiyanın inkişafında mənfi halların qarşısını almaq üçün dövlət səviyyəsində (dövlət rəhbərləri tərəfindən) tədbirlər görülməlidir. Dövlət aparatının bürokratlaşmasının qarşısını ala biləcək daha bir qüvvə vardır. O vətəndaş cəmiyyətinin kütləvi könüllü təşkilatları və birlikləridir. Veber bu qüvvəni nəzərə almırdı.

Bürokratiyanın cəmiyyətdə rolundan bəhs edən ingilis tarixçisi və publisisti Siril Nortkort Parkinson "Parkinsonun qanunları" əsərində bir sıra aktual problemlərə toxunmuşdur. Yumor və istehza ilə yazılan bu əsərdə qeyd olunur ki, məmurlar öz tabeliyində olan işçilərin sayını artırır (rəqilələri aradan götürür), yalnız öz karyerası üçün çalışırlar. Parkinson "kəşf etdiyi bu qanunları müxtəlif rəqəm və faktlarla əsaslandırır.

Məsələn, inzibati işçilərin sayı texniki işçilərin sayından iki dəfə çox olur, illik artımı isə 5-7%-i təşkil edir. Təşkilatlar (komitələr), canlı təbiətdə olduğu kimi kök salır, böyüyür, çiçək açır, solur və ölür. Onların toxumundan isə digər komitələr əmələ gəlir; komitənin üzvlərinə nə qədər çox imtiyaz və hüquq verilsə, onlar bir o qədər dərin kök salmış olur.

Komitənin (məsələn, kabinetin), üzvlərinin ideal sayı - beş nəfərdir. Buna baxmayaraq, bürokratiya artmaqdadır. Parkinson belə bir nəticəyə gəlir ki, bürokratiya bütövlükdə cəmiyyəti idarə etməyə cəhd göstərir, özü də ən çox sevdiyi vəziyyəti - durğunluğdur. Parkinson kəşf etdiyi digər qanunu "vakuum qanunu" adlandırıb: vakuum bizim səhvlərimizin nəticəsində yaranır, bu boşluğa isə əks istiqamətdə hərəkət edən qüvvələr daxil olur. Deməli, hərəkəti, fəaliyyəti dayandırmaq - özü-özünü ölümə məhkum etmək deməkdir.

Yuxarıda qeyd olunduğu kimi bazar münasibətləri şəraitində dövlətin iqtisadiyyatın tənzimedici fəaliyyəti aradan qalxmır, o, qalmaqda davam edir. Bu fəaliyyət qanunverici, icraedici, nəzarətedici dövlət orqanlarının bazar münasibətləri sistemini yaxşılaşdırmaq, onu sabitləşdirmək və konkret şəraitə uyğunlaşdırmaq məqsədi güdən tədbirlər sistemini əhatə edir. Dövlətin həyat keçirdiyi nəzarət funksiyası nəticə etibarilə həm bazar mexanizminin təkmilləşməsinə, həm də əhalinin geniş təbəqələrinin mənafeyinin qorunmasına xidmət edir. Dövlət bazarda iştirak edən istehsalçıların və istehlakçıların hüquqlarını qorumaq vəzifəsini öz öhdəsinə götürür. Bundan əlavə o, mülkiyyət hüququnu qaydaya salan qanunvericilik aktları qəbul edir və həyata keçirir. Birinci növbədə isə xüsusi mülkiyyətin hüquqlarını müdafiə edir. Zəmanəmizin tanmmış filosofu K.Popper yazmışdır: «...bazar münasibətiərinə əsaslanan və müəyyən qədər seçim azadlığına malik olan sənaye cəmiyyəti hüquqi sistem və qanunun hakimiyyəti olmadan ağlasızmazdır1.

Dövlət həm də intellektual mülkiyyət, bankların və digər sahələrin fəaliyyəti haqqında qanunlar verir. Sonra, dövlətin oğurluğa, zorakılığa, ölüm hallarını aradan qaldırmağa yönələn qanunvericilik fəaliyyəti də bazarın fəaliyyətinin yaxşılaşmasına şərait yaradır. Dövlət bazar mexanizminin normal fəaliyyətini təmin edən hüquqi institutlar və normalar üzərində nəzarət həyata keçirir. O həm də iqtisadi cinayətləri və pozuntuları aradan qaldırmaqda mühüm rol oynayan sistemi yaradır, qanunlara əməl olunmasına təminat verir. Bundan əlavə dövlət bazar rəqabəti şəraitində biznesin düzgün aparılmasına kömək edir, bu sahədə rast gəlinən dələduzluq və rüşvət hallarını aradan qaldırmağa çalışır. O həm də müəyyən sahələrdə inhisarların yaranmasına qarşı çıxır.

Ayrı-ayrı təşkilatlar və vətəndaşlarla yanaşı dövlətin də cəmiyyəti tənzim edən hüquq sisteminə cəlb olunması qərb sivilizasiyasının ən böyük nailiyyətlərindən biridir. Bu, bazar subyektlərinin müstəqilliyini təmin edir. Sonuncu isə bazar mexanizminin tam dolğunluğu ilə fəaliyyət göstərməsinin vacib şərtidir.

Bazar münasibətləri şəraitində dövlətin sosial idarəetmə fəaliyyətində baş verən yeni cəhətləri qeyd edərkən onlardan ikisinin üzərində xüsusi dayarımaq vacibdir. Birinci- bazarın sərt qanunları əhalinin sosial təbəqələşməsini daha da gücləndirir, bu prosesdə əhalinin az təminatlı kateqoriyalarının sayı artır, yoxsullaşma baş verir. Bu halda dövlətin idarəetmə fəaliyyəti həmin təbəqələrin mənafelərini müdafıə etməyə, onları dilənçi vəziyyətinə düşməyə qoymamağa yönəlir.

Sosial idarəetmədə baş verən ikinci yeni əlamət işsizliyin artması ilə bağlıdır. Məlumdur ki, formalaşmaqda olan bazar mexanizmi iş yerlərininin ümumi sayının kəskin ixtisara düşməsi ilə müşayiət olunur, Bu isə əhalinin ümumi sayında işsizlərin xüsusi çəkisinin sürətlə artmasına gətirib çıxarır. Bununla əlaqədar olaraq dövlətin idarəedici, tənzimləyici təsirində iş yerlərinin yaradılması, əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi, iş yerini itirmiş şəxslərə yardım göstərməsi ön plana keçir.
ƏDƏBIYYAT


  1. История философии пpaвa. Пocoбиe k лекциям пpoф. H.M.Kopxyновa. C.Пeт., 1908.

  2. Bиханский O.C., Hayмов A.H. Meнeджмeнт. M., 1996.

  3. Паркинсон H. Законы Пapкинсонa и другиe памфлеты. M., 1989.


20-CI MÖVZU. CƏMIYYƏTIN MƏNƏVI HƏYATI
Sosial fəlsəfədə cəmiyyətin mənəvi həyatının öyrənilməsi çox mühüm yer tutur. Mənəvi həyatın özü çox mürəkkəb sistemdir. Onun əsasını mənəvi fəaliyyət təşkil edir. Mənəvi fəaliyyət mənəvi tələbatları (elmə, emosional hisslərə və yaradıcılığa) ödəmək məqsədi güdür. O insanın və cəmiyyətin əsl mahiyyətini ifadə edir.

Mənəvi həyat mənəvi fəaliyyət və bu fəaliyyət gedişində insanlar arasında yaranan əlaqə və münasibətlər əsasında formalaşır. Onun qərarlaşması subyektiv amillərin məhsuludur. Bu prosesə həm də tarixi və təbii mühit güclü təsir göstərir.

Cəmiyyətin mövcudluğunun ilk dövrlərində mənəvi həyat maddi həyatdan tam ayrılmamışdı. Onunla qovuşuq şəkildə çıxış edirdi. Sonralar mənəvi həyat xüsusi fəaliyyət sahəsi kimi seçilib ayrıldı və müstəqil inkişaf etməyə başladı. Cəmiyyət tərəqqi etdikcə mənəvi fəaliyyətin yeni-yeni formaları yaranır və çoxşaxəli bütöv bir sistemə çevrilir.

Cəmiyyətin mənəvi həyatını xüsusi sahə kimi götürüb öyrənmək aşağıdakı iki səbəbdən zəruridir. Əvvəla, yalnız bu yol ilə insanların sosial fəaliyyətini və münasibətlərini dolğun və hərtərəfli təhlil etmək, onun haqqında bütöv təsəvvürə malik olmaq mümkündür. Digər tərəfdən, bu, insanların həyat fəaliyyətinin maddi və mənəvi formalarını vəhdətdə götürmək üçün vacibdir.

Cəmiyyətin maddi və mənəvi həyat sahələrinin ayrı-ayrılıqda nəzərdən keçirmək həm onların fərqlərini və spesıfikliyini müəyyənləşdirməyə, həm də onların bir-birinə necə nüfuz etdiyini göstərməyə imkan verir.

Cəmiyyətin mənəvi həyatı hər şeydən əvvəl insanların real həyat fəaliyyəti prosesidir. İnsanlar şüurlu varlıq kimi mütləq öz mənəvi tələbatlarını ödəməyə zərurət hiss edirlər. Bu zərurətin həyata keçməsi prosesində mənəvi istehsal baş verir. İnsanlar bir-birilə çoxtərəfli mənəvi ünsiyyətə daxil olurlar.

Qeyd edilməlidir ki, insanların maddi və mənəvı həyatı bir-birilə ayrılmaz əlaqədə çıxış edir. Lakin bu tərəflərin hər biri öz spesifikliyini saxlayır. Belə ki, mənəvı həyat hadisələrində maddi tərəf və eləcə də maddi həyat obyektlərində mənəvi tərəf yalnız yardımçı rol oynayır.

Əsas yeri isə bu sahələrin hər birində onun adı ilə bağlı tərəf tutur. Maddi və mənəvi fəaliyyət bir-birilə çulğaşır. Bir tərəfdən mənəvi istehsal maddi vasitələrin köməyi ilə baş verir (rəng, kətan, tiyə, kitab, lent və s.)- Sonuncular həm də mənəvi istehsal məhsullarının yayılmasında və istifadə olunmasında iştirak edir. Digər tərəfdən, insanların maddi fəaliyyətində mənəvi tərəf özünü göstərir (maddi istehsalın məqsədi, onun motivləri və s.).

Deyilənlərlə yanaşı cəmiyyətin mənəvi həyatı spesifik və nisbi müstəqil fəaliyyət sferası kimi çıxış edir.

Hər şeydən əvvəl «cəmiyyətin mənəvi həyatı» və «cəmiyyətin mənəvi sferası» anlayışların münasibətini izah etmək lazımdır. Bu iki anlayış bir-birinə çox yaxındır, amma onları eyniləşdirmək doğru olmazdı. Belə ki, birinci anlayış daha genişdir. Çünki mənəvi sferanın məzmunu mənəvi dəyərlərin yaradılmasını və yayılmasını əhatə edən ixtisaslaşdırılmış professional mənəvi istehsalı ifadə edir. Mənəvi həyat anlayışına isə bundan əlavə, həm də qeyri-professional mənəvi istehsal və mənəvi dəyərlərin yayılması formaları daxildir. Digər tərəfdən mənəvi həyat anlayışı mənəvi sferaya daxil olan hadisə və prosesləri statik vəziyyətdə götürməklə məhdudlaşmır. Bu anlayış onların dəyişilməsi və inkişafını da əks etdirir.

Cəmiyyətin mənəvi həyatı bütöv bir sistemdir. Onun əsas tərəfləri və elementləri aşağıdakılardır: mənəvi fəaliyyət, mənəvi istehsal, mənəvi tələbatlar, mənəvi ünsiyyət, mənəvi istehlak və mənəvi münasibətlər.

Sistem kimi götürülən mənəvi həyatın əsasını mənəvi fəaliyyət təşkil edir. Maddi fəaliyyət kimi mənəvi fəaliyyət də insanların mövcudluğu üsuludur. Digər fəaliyyət formaları ilə yanaşı mənəvi fəaliyyət də aşağıdakı iki mühüm xüsusiyyətə malikdir.

Birincisi, o ictimai xarakter daşıyır. Mənəvi fəaliyyət mənəvi dəyərlərin, şüur məhsullarının yaradılmasına yönəlmişdir. Buraya müxtəlif baxışlar, ideallar, təsəvvürlər, bədii obrazlar və digər mənəvi hadisələr daxildir. Onlar cəmiyyətdə çox mühüm rol oynayırlar: insanların özünün formalaşmasının və ətraf mühitin dəyişilməsinin güclü vasitələri kimi çıxış edirlər.


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin