Q. Y. Abbasova


-CI MÖVZU. ŞƏXSIYYƏT VƏ AZADLIQ



Yüklə 2,66 Mb.
səhifə18/24
tarix14.01.2017
ölçüsü2,66 Mb.
#141
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

25-CI MÖVZU. ŞƏXSIYYƏT VƏ AZADLIQ
Fəlsəfə insan şüurunun, özünüdərkin inkişafı nəticəsində meydana gəlmişdir. Dərketmə prosesində insan həm subyekt, həm də obyekt kimi çıxış edə bilir; obyekt dedikdə insan, fərd, şəxsiyyət problemləri nəzərdə tutulur.

Fərd - insan nəslinin tək, konkret canlı nümayəndəsidir; fərdin özünəməxsus, təkrarolunmaz xüsusiyyətləri vardır; hər bir insan bu dünyaya bir dəfə gəlir. İnsan - Yer üzündəki canlı orqanizmlərin ali pilləsi, ictimai-tarixi fəaliyyətin subyekti, müxtəlif elm sahələrinin (sosiologiya, psixologiya, fiziologiya, pedaqogika, təbabət və sair) tədqiqat obyektidir. Fəlsəfə insan haqqındakı məlumatları ümumiləşdirir, mənalandırır.

Hər bir fərdin cəmiyyət ilə əlaqələri, bu prosesdə onun öz fərdiliyini və şəxsi avtonomluğunu saxlaması fərdiyyət (və ya fərdilik) anlayışında ifadə olunur.

Fərdilik problemi fəlsəfi flkirdə həmişə diqqəti cəlb edən məsələlərdən olmuşdur. O, insanın cəmiyyət ilə münasibətlərində öz xüsusiyyətlərini, özgünlüyünü və təkrarolunmazlığını qoruyub saxlaması deməkdir. Fərdiyyəti müəyyən etmək mühüm əhəmiyyətə malikdir. Əslində bu konkret bir şəxsə məxsus göstəricilərdən çıxış etməklə onu bütöv və hərtərəfli öyrənmək deməkdir. Qeyd olunan vəzifəni həyata keçirmək o qədər də asan deyildir. Söhbət müəyyən bir şəxsi başqalarından ayırmaqdan başlayaraq, onun unikallığının formalaşması və mövcudluğunun müəyyən olunmasına qədər davam edən bütöv bir prosesdən gedir.

Qeyd edək ki, hər bir ayrıca insanda ümumi növ xassələri ilə yanaşı təkrarolunmaz, unikal əlamətlərin də mövcudluğu hər şeydən əvvəl təbiətin məhsuludur, Belə ki, onun orqanizminin bioloji cəhətdən təkrarsız olması genotip vasitəsilə əvvəlcədən qəti surətdə proqramlaşdırılır. Bu proqram ətraf mühitdə baş verən dəyişiklərdən asılı olmayaraq sabit qalır. Lakin fərdiliyin qorunması təbiətin tələbi deyildir. Eynilə də cəmiyyətm normal fəaliyyəti və inkişafı üçün onun hər bir üzvünün müəyyən qədər özünəməxsusluğu lazımdır. Məhz cəmiyyət üzvlərinin rəngarəngliyi, burada aydın ifadə olunmuş, fərdiyyətlərin mövcudluğu hər bir ictimai quruluşun, onun mədəniyyətinin həqiqi zənginliyini təmin edir.

Buna görə də insanların fərdi özünəməxsusluğunun olması sosial inkişafın qanunauyğunluğu kimi qəbul edilməlidir. Deməli, cəmiyyət bir tərəflən insanların müəyyən unifikasiyasını (peşə, təhsil və fəaliyyət göstəricilərinə görə) tələb edir. Digər tərəfdən isə o insanların hər birinə xas olan fərdi xüsusiyyətləri inkişaf etdirmədən yaşaya bilməz. Bu mənada fərdiyyət insanın mövcudluğunun ictimai üsulu kimi çıxış edir.

Fərdilik anlayışı geniş məzmuna malikdir. Onu ayrıca insan ilə eyniləşdirmək olmaz. Doğrudur ayrıca bir insanın olması fərdiliyin çıxış nöqtəsidir. Yəni bu faktın özü sübut edir ki, insanın fərdiyyəti (fərdiliyi) vardır. Lakin nəzərdə tutulmalıdır ki, ayrıca bir insanın (fərdin) mövcudluğu hələ onun fərdiliyinin keyfiyyət müəyyənliyini ifadə etmir.

Deməli, fərdilik insanlar arasındakı fərqlərə müncər olunmur; o şəxslərin təkrarolunmazlığı ilə də bitmir. Qeyd olunan əlamətlər fərdiliyin yalnız bir tərəfıni (əlbəttə mühüm tərəfini) ifadə edir. Fərdin təkrarolunmazlığı ilə fərdiyyətin üst-üstə düşməsinin başlıca səbəbi aşağıdakından ibarətdir: fərdiyyəti, fərdiliyi müəyyən edərkən biz tək əlamətdən çıxış etməklə məhdudlaşmırıq. Bu halda insanın bütöv səciyyəsi verilir. Başqa sözlə deyilsə, fərdiyyət anlayışının məzmunu ayrıca bir insanın (fərdin) vahid çoxsəviyyəli strukturunu aşkar edir, onun haqqında bütöv təsəvvür yaradır.

Fərdiyyət (fərdilik) bioloji, psixiki və sosial səbəblərlə şərtlənir. Bu çoxtərəfliliyi üzündən onu müxtəlif elmlər (biologiya, psixologiya, sosial elmlər) öyrənir. Buradan aydın olur ki, fərdiyyət anlayışını aydın təsəvvür etmək üçün insanı bütöv bir tam kimi nəzərdən keçirmək lazım gəlir. Elə fərdiyyət anlayışının özü də rəngarəngliyin vəhdətini ifadə edir. İnsan onu təşkil edən daxili qarşılıqlı əlaqəli xassələrin vəhdəti deməkdir.

İnsanın fərdiliyi (fərdiyyəti) öz xarakterinə görə müəyyən mənada nisbi qapalı sistemi xatırladır. Bu o deməkdir ki, fərdiyyət bir tərəfdən ətraf mühitin təsirini dəf edə bilir. Bu keyfiyyəti sayəsində o öz stabilliyini qoruyub saxlayır. Digər tərəfdən fərdiyyət (fərdilik) ətraf aləmin ayrılmaz tərkib hissəsidir. Buna görə də o özünün bütün əlahiddəliyinə baxmayaraq ətraf mühit ilə daim qarşılıqlı təsirdədir. Məhz bu qarşılıqlı təsir onun mövcudluğu və inkişafını şərtləndirir.

Fərdiyyət bütöv bir sistem olmaqla aşağıdakı üç tərəfi əhatə edir: 1) bioloji növün və cəmiyyətin nümayəndəsi kimi götürülən ayrıca bir fərdə xas olan ümumi əlamətlər; 2) ictimai münasibətlərin iştirakçısı olan insana məxsus xüsusi əlamətlər; 3) onun bioloji təşkilinin və sosial əhatəsinin özünəməxsusluğu ilə əlaqəli olan fərdi əlamətlər.1

Fərdiyyət bu üç qrup əlamətlərin mexaniki məcmusu demək deyildir. O həmin tərəflərin daxili əlaqələrinin və qarşılıqlı təsirinin yaratdığı vahid inteqral bütövlükdür.

İnsanın fərdiyyəti varlığın müxtəlif formalarına münasibətdə birmənalı deyildir. Başqa sözlə, o həm predmet formasında (predmet dünyasına münasibətdə), həm bioloji formada üzvi aləmə münasibətdə və həm də sosial formada (cəmıyyətə münasibətdə) təzahür edir. Fərdiyyətin ən ümumi cəhətləri isə aşağıdakılardır: əlahiddəlik, bütövlük, özgünlük, təkrarolunmazhq və fəallıq. Onlar bu və ya digər dərəcədə yuxarıda göstərilən hər üç formada mövcud olur.

Bütöv bir sistem kimi götürülən fərdiliyin əsas xassəsi ayrıca və təkrarolunmazlıq deyildir. Onun başlıca sistemyaradıcı əlamətini konkret fərdin özgünlüyü, onun özünə hakim olmaq qabiliyyəti, təbii, sosial və mədəni münasibətlər çərçivəsində müstəqil mövcudat kimi çıxış etməsidir.

Bəllidir ki, bütün insanlar cəmiyyətdə mövcuddurlar. Lakin onların hər biri özünün fərdi həyatını yaşayır. Yəni başqaları ilə münasibətdə müəyyən nisbi müstəqilliyə malikdir. Bu, ona özünü fəal və yaradıcı surətdə təzahür etdirməyə imkan verir. Fərdin bu nisbi müstəqilliyi bir tərəfdən onu təkrarolunmazlığı ilə əlaqəlidirsə, digər tərəfdən onun insan nəsli ilə bağlayan ümumi xassələr ilə şərtlənir. Hər bir fərdiyyətin nisbi müstəqilliyi onun cəmiyyətdə oynadığı rolu sayəsində mümkün olur. Fərdiyyəti insanın ətraf aləmdən tam asılı olmaması kimi təsəvvür etmək doğru deyildir. Əslində fərdiyyətin mahiyyəti ayrıca bir insanın (fərdin) cəmiyyət ilə daimi qarşlıqlı münasibətlərinə əsaslanan özgünlüyü deməkdir.

Fərdiyyətin bu anlamı onu biolojiləşdirən baxışı aradan qaldırmağa imkan verir. Həmin baxış iddia edir ki, fərdiliyi insana təbiət verir, cəmiyyətdə isə o yalnız sosiallaşır. O həm də fərdiyyəti təkcə şüur sferası, psixoloji xüsusiyyətlər ilə məhdudlaşdıran psixologizmə qarşı çevrilmişdir. Fərdiyyətin həqiqi, elmi anlamı onu təbii və sosial xassələrin vəhdətini ifadə edən konkret insanın xüsusi keyfiyyəti kimi götürür. Fərdilik insanın cəmiyyətdə mövcudluğunun elə bir xüsusi formasıdır ki, onun sayəsində fərd sosial xarakter daşımasına baxmayaraq cəmiyyətdə əriyib itmir, özünün xüsusi həyatını və müəyyən müstəqilliyini qoruyub saxlaya bilir.

Beləliklə, fərdilik anlayışı insanı təkrarolunmaz və ümumi, təbii və sosial xassələrinin bütöv vəhdətini ifadə edən mövcudat kimi götürür. İnsana fərdi varlığın ən dərin və özünəməxsus cəhətlərini əks etdirən konkret fərd halında yanaşır.

Müasir cəmiyyətdə baş verən dərin proseslər insan fərdiyyətinə xüsusi diqqət yetirməyi tələb edir. Belə ki, indi cəmiyyətin hər bir üzvü buradakı müxtəlif proseslər, əlaqələr və münasibətlər axınına cəlb olunur. Bunun nəticəsində onun həyat fəaliyyəti və davranışına yeni-yeni tələblər, etalonlar, standartlar verilir. Bütün bunlar isə insanların öz fərdi keyfiyyətlərini itirərək, kütləviləşməsi, başqalarından heç cür seçilməməsi təhlükəsini yaradır. Belə şəraitdə insanın öz fərdiliyini qoruyub saxlaya bilməsi və inkişaf etdirməsinə şərait yaradılması çox çətin, eyni zamanda zəruri vəzifəyə çevrilir. Onu yerinə yetirmək ictimai həyatın müxtəlif sfera və tərəflərində insanların fərdi töhfəsinin artırılması, eyni zamanda fərdi məsuliyyətinin güclənməsi baxımından vacibdir.

Fərd və fərdiyyət anlayışlarından fərqli olaraq şəxsiyyət insanın sosial keyfiyyətləri ilə daha çox bağlıdır. Bu anlayış əsas diqqəti insanları bir-birindən ayıran özünəməxsus tərəflərə deyil, onlan birləşdirən ümumi cəhətlərə yetirir. Qeyd olunan səpki çox mühüm əhəmiyyətə malikdir. Belə ki, bunsuz insanın ictimai fəaliyyətə və ictimai münasibətlər növlərinə cəlb olunmasının səviyyəsi və xarakterini düzgün müəyyən etmək qeyri-mümkündür.

Bəzən fəlsəfi ədəbiyyatda şəxsiyyət anlayışı normativ mənada işlənilir. Yəni yalnız müəyyən tələbləri ödəyən insan şəxsiyyət hesab olunur. Bu cür yanaşmanı doğru hesab etmək olmaz. Çünki həmin mövqedən çıxış etdikdə şəxsiyyətin müəyyənləşdirilməsi subyektiv amillərə əsaslanır. Belə olduqda istənilən adamı asanlıqla şəxsiyyətlər sırasına daxil etmək, habelə ondan kənarlaşdırmaq mürakündür.

Şəxsiyyət anlayışı çoxtərəfli məzmuna malikdir. Buna görə də onu müəyyən edərkən insanın həyat fəaliyyəti bütöv bir tam kimi təhlil edilməlidir. Şəxsiyyətin müxtəlif səpkiləri təbiət, psixologiya və ictimai elmlər tərəfindən öyrənilir. Lakin xüsusi elmlər şəxsiyyəti öz predmetləri baxımından nəzərdən keçirirlər. Yalnız fəlsəfə ona bütöv, çoxsəviyyəli və çoxkeyfiyyətli mövcudat kimi yanaşır.

Fəlsəfə şəxsiyyəti inteqral, zəngin təzahürlərə malik sosial mövcudluq forması kimi araşdırır. O göstərir ki, insan özünün daxili bütövlüyü və nisbi müstəqilliyi sayəsində malik olduğu qabiliyyətləri və imkanları reallaşdıra bilir. Şəxsiyyət ictimai fəaliyyətin müxtəlif sahələrinin yaradıcı subyektidir. O özünümüəyyənləşdirmə, özünütənzim etmə və özünütəkmilləşdirmə kimi yüksək keyfiyyətlərə malikdir.

Şəxsiyyəti səciyyələndirən cəhətləri araşdırarkən onun daxili aləmə malik olması xüsusi qeyd edilməlidir. Əslində bu keyfiyyətinə görə o heyvanlardan və cansız təbiətin obyektlərindən seçilir. Şəxsiyyətin daxili aləmi anlayışı müxtəlif tərəfləri əhatə edir. Onun məzmununa fərdi emosiyalar ilə yanaşı, ətraf dünyanın rəngarəng formalarda inikas etdirilməsi də daxildir. Şəxsiyyətin daxili aləmində onun düşdüyü konkret şəraitin təhlili üsulları əsas yeri tutur. Məhz bu və ya digər sosial situasiyanı, burada ona təsir göstərən amilləri araşdırmaqla şəxsiyyət özünün real vəziyyətə qovuşması üsulunu və səviyyəsini müəyyənləşdirir. Nəzərdə tutulmalıdır ki, onun emosionallığı, ətraf dünyaya yaradıcı münasibəti nə qədər yüksəkdirsə, baş verməkdə olan proses və hadisələrə cəlb olunması da bir o qədər tam və dolğun xarakter alır.

Şəxsiyyətin daxili aləmi onun mənəvi yetkinliyinin əsas göstəricisidir. O özünün davranış və hərəkətlərini etik baxımdan, xeyirxahlıq, ədalət, doğruçuluq mövqeyindən qiymətləndirir və müvafiq nəticələr çıxanr.

Fəlsəfədə şəxsiyyət problemi bir neçə məsələni əhatə edir: insanın dünyada tutduğu yer, onun mahiyyəti, seçim imkanlarının, sosial məsuliyyətinin həddləri və s. Şəxsiyyətin başlıca keyfiyyəti - iradə azadlığıdır. Şəxsiyyət probleminin tədqiqatçılarından olan İqor Kon onun iki əsas əlamətini göstərir: 1) cəmıyyətin, sosial qrupun üzvlüyünü bildirən sosial əlamətlərin sabit sistemi; 2) şüurlu fəaliyyətin azad və məsuliyyətli subyektinin xüsusiyyətlərini ifadə edən göstəricilər. Şəxsiyyət sözünün ilkin mənası - yunan teatrında maska, rol ifaçısnı bildirirdi. Sonradan məlum oldu ki, insanın real davranışı ilə onun "mahiyyəti" üst-üstə düşmür.

Daha sonralar isə sosial münasibətlər sistemində insanın yeri və rolu müxtəlif tərzdə yozulmağa başlandı. şəxsiyyətin müxtəlif tərəflərini, onda sosial və biolojinin nisbətini, azadhq problemini və sairi tədqiq edən yeni-yeni sahələr yarandı. K.Marks insanın mahiyyətini hər bir fərdə xas olan abstrakt, mücərrəd xüsusiyyətlərdə yox, ictimai münasibətlərin məcmusunda görürdü ("Feyerbax haqqında tezislər"). Onun fikrincə, şəxsiyyətin formalaşmasının əsasını ictimai istehsal fəaliyyəti təşkil edir. Bu fəaliyyətin iştirakçısı olan şəxsiyyət sosial qruplar, ictimai siniflərdə birləşir, onların daxilində tarixin yaradıcısına çevrilir (baxmayaraq ki, ictimai münasibətləri müəyyən qədər əvvəlki nəsillərdən hazır vəziyyətdə alır).

Tarix inkişaf etdikcə şəxsiyyətin sosial tipləri, onların dəyərlər sistemləri, şəxsiyyət və cəmiyyətin qarşılıqlı münasibətləri də dəyişir. Odur ki, şəxsiyyətin kollektivdən və cəmiyyətdən asılılığı müxtəlif dövrlərdə eyni olmur. Cəmiyyətdə əmək bölgüsünün dərinləşməsi şəxsiyyətin müstəqillik dərəcəsini artırır, eyni zamanda cəmiyyət və fərd arasındakı ziddiyyətlər də çoxalır, əmələ gələn özgələşmə kapitalızmdə daha da kəskinləşir (özgələşmə problemi xüsusi olaraq F.Hegel, K.Marks, ekzistensializm, personalizm nümayəndələri, H.Markuze tərəfindən təhlil edilmişdir).

Fəlsəfə və digər sosial elmlər şəxsiyyətin mahiyyətinin ifadəolunma formalarının dövrdən dövrə dəyişilməsini sistemləşdirərək onu "şəxsiyyətin sosial tipləri" və ya "sosial tipologiya" şəklində öyrənir. Məsələn, Erix From "Azadlıqdan qaçış" əsərində insanın özgələşməsinin müxtəlif tarixi tiplərinin təsnifatını verməyə cəhd etmişdir. Neofreydizmin banisi olan müəllif psıxoanaliz əsasında şəxsiyyətin formalaşması prosesində fərdin psixikası və cəmiyyətin sosial strukturu arasındakı əlaqəni qiymətləndirərək, belə bir nəticəyə gəldi ki, fərdin sosial xarakterinin formalaşmasında qorxu hissi xüsusi rol oynayır. Bu hiss cəmiyyətin əsas normalarına uyğun gəlməyən xüsusiyyətləri sıxışdırıb qeyri-şüuri sahəyə çıxarır.

Sosial xarakterin tipləri isə insanın özgələşməsinin müxtəlif tarixi dövrləri ilə üst-üstə düşür; toplama, istismar, passiv, bazar iqtisadiyyatı və s. From qeyd edirdi ki, tarixi prosesdə insanın bir tərəfdən, təhlükəsizliyə, digər tərəfdən azadlığa olan meylləri müxtəlif formalarda ifadə olunur. Freydin və Marksın təlimlərini sintez etmək yolu ilə From şəxsiyyətin öyrənilməsində sosial və fərdi-psixoloji yanaşmaları birləşdirməyə cəhd göstərmişdir.

XX əsrin birinci yarısında şəxsiyyətin və cəmiyyətin qarşılıqlı əlaqələrinin xarakterini rus mənşəli amerikan sosioloqu Pitirim Sorokin neopozitivizm və biheviorizm mövqeyindən xarakterizə etmişdir. "Cəmiyyət: mədəniyyət və şəxsiyyət1 (1947) əsərində o struktur yanaşma əsasında cəmiyyəti təhlil etmiş, subyektiv sosial davranışın psixofıziki proseslərə əsaslandığını, daim dəyişən olduğunu qeyd etmişdir. Sosial həyatın inteqrasiya amili - kollektiv refleksdir. Bütün inqilabi hərəkatların əsasında əsas instinktlərin (qida, seksual, sahibkarlıq, özünüidarəetmə, özünüqoruma və digər) sıxışdırılması prosesi durur. Fərdlərin qarşılıqlı əlaqəsi sosial hadisənin əsasını təşkil edir.

Sosial hadisələrin elementləri -fərdlər, aktlar (fəaliyyət) və əlaqələndiricilər (və ya interaksiyanın simvolları (işarələri) - dil, yazı, musiqi, incəsənət, pul və sairdir). Qarşılıqh əlaqə antaqonist və ya həmrəy xarakterli, birtərəfli və ya ikitərəfli, oxşar və ya fərqli ola bilər. Cəmiyyət "mənalar, normalar, dəyərlər" sistemindən ibarət olduğuna görə istənilən insan fəaliyyətinə hələ qədim filosofların qeyd etdiyi dörd dəyər baxımından qiymət verilməlidir: həqiqət (koqnitiv fəaliyyətin məhsulu, gözəllik (estetik hiss, həzzalma), xeyirxahlıq (sosial adaptasiya və əxlaq) və fayda (bütün dəyərlərin vahid sosial birlikdə birləşməsi).

Sorokin insan cəmiyyətinin dirçəlməsi yolunu onun əxlaqi yeniləşməsində, mədəniyyətin inkişafında (altruist məhəbbəti və həmrəylik etikasının prinsiplərini əsas tutaraq) görürdü.

Şəxsiyyətdə bioloji, intuitiv və ya sosial cəhətlərə üstünlük verməklə bir sıra filosoflar müxtəlif fəlsəfi təlimlərin inkişafına güclü təsir göstərmişlər. Məsələn, Fransa filosofu, intuitivizm və həyat fəlsəfəsi cərəyanlarının nümayəndəsi Anri Berqson həyatın "həyati coşqunluq", insanın isə bu coşqunluğu şüurundan keçirən yaradıcı varlıq olduğunu qeyd etmişdir. Onun fikrincə, irrasional intusiya yalnız bəzilərinə qismət olur.

Şopenhauer ilə yanaşı o da yaradıcılığın, mədəniyyətin "seçmə" adamlara nəsilə olduğunu göstərir. İki cür əxlaq, iki cür cəmiyyət var: "açıq" və "qapalı". Qapalı - sosial instinktlərin tələblərinə cavab verir, nəsli qoruyub saxlamaq məqsədini güdür; burada şəxsiyyət kollektivə, həqiqət isə - faydaya qurban verilir. "Açıq" əxlaqın mövqeyi belədir: şəxsiyyətin və estetik, dini, əxlaqi sərvətlərin yaradılmasının dəyəri nəslin, növün qorunub saxlanılması məqsədlərindən üstündür.

Alman filosofu, ekzistensialist Karl Yaspers hesab edirdi ki, insana onun əsil mahiyyətini bəxş edə biləcək bir yol vardır. O, kommunikasiyadır, insanı obyektiv şəkıldə öyrənmək olmaz, onu yalnız bir ekzistensiya kimi başa düşmək lazımdır. Ekzistensiya isə - obyektə çevrilə biləcək bir şeydir, düşüncə və fəaliyyətin mənbəyidir. İnsan onu mənimsəyə (dərk edə) bilməz, onun mənlik şüuru buna qadir deyildir. İnsandakı "Mən" sistemi üç hissədən - dünyadan (dünyada oriyentasiya etmək), ruhdan (ekzistensial vəhyə nail olmaq) və Allahdan (metafizika) ibarətdir.

"Dünyada istiqamətlənmə" əsərində o, yazırdı ki, insan bu dünyada 1) empirik varlıq; 2) ümumiyyətlə şüur; 3) ruh, bir də 4) ekzistensial şəkildə mövcuddur. O, S.Kyerkeqorun belə bir fikri ilə razılaşır ki, insan və ilahi aləm arasındakı uçurumu yalnız sıçrayışla (transsendentləşmə) aşmaq olar. İnsanı idarə edən zəkadır (bu halda o Kantın fikrini təsdiqləyir: zəka bizi daim qabağa aparan narazılıq və narahatçılıq hissidir).

Yaspersin fikrincə, kommunikasiya (ünsiyyət) zamanı insan ünsiyyət obyektindən onun subyektinə çevrilir (məsələn, dində - insan mənəvi ünsiyyətə möhtac duyaraq, Allaha müraciət edir və s.). Kommunikasiya gedişində insanda özünün və dünyanın qarşılıqlı asılılığı hisslərinin formalaşması prosesləri gedir. Bu zaman müxtəlif vəziyyətlər, situasiyalar yaranır, bunları duymaq (xüsusilə ölümü düşünmək) - özünə mərdlik aşılamaq deməkdir. İnsanın mahiyyətini, onun tarixini öyrənmək mümkün deyildir; yalnız dinin köməyi ilə ekzistensiyanı dərk etmək olar.

Digər ekzistensialist, fransız filosofu Jan Pol Sartr 1943-cü ildə yazdığı "Varlıq və heç nə" əsərində fəaliyyətin varlığının strukturunu belə təsvir etmişdir: İnsan, ümumiyyətlə, varlıq "özündə varlıq"dan (metafızik, dəyişilməz varlıq) və "özü üçün varlıq"dan ibarətdir. "Özü üçün varlıq" həyat və hərəkətin yeganə mənbəyi, "Özündə varlıq" isə bunun qaranlıq fonudur. Şüur varlıqdır, lakin elə bir varlıqdır ki, onun mahiyyətini varlığın inkarı təşkil edir. İnkar olunan ısə "özündə varlıqdır". Şüurdan kənarda nə inkar, nə hərəkət, nə də dəyişiklik vardır. "Mən" insanın inkarının yeganə mənbəyidir.

Sartrın "azadlıq fəlsəfəsi"nin başlıca ideyası ondan ibarətdir ki, insanın mövcudluğu durmadan baş verən özünü-inkarlardan ibarətdir. Sartrın təsəvvüründə azadlıq keçmişin, səbəbiyyətin inkarı deməkdir; o "varlıqda boşluq" səbəbiyyəti asılılığın pozulması nəticəsində əmələ gəlir. Ümumiyyətlə, insan real ifadəolunma imkanlarından asılı olmayaraq azaddır.

Heç bir obyektiv şərait insanı azadlıqdan məhrum edə bilməz. O, hər halda bu şəraitə münasibətini bildirməkdə azaddır. İnsan azad olmağa məhkumdur, nəticədə "total özgələşmə" baş verir. Lakin digər ekzistensialist Yaspers ömrünün sonunda belə qənaətə gəlmişdi ki, insan üçün azadlığın seçilməsi imkanına malik olmaq azdır, bu azadlığı praktiki işdə, onun urunda mübarizədə qazanmaq lazımdır.

Gördüyümüz kimi, fəlsəfədə şəxsiyyətin iradəsi və fəaliyyətinin azadlığı probleminə münasibət birmənalı qiymətləndirilmir. Məsələni aydınlaşdırmaq üçün fəlsəfə tarixinə müraciət edək.

Qədim yunan fəlsəfəsində stoiklər, epikürçular və skeptiklər azadlıq problemini ümumiyyətlə, dünya, inkişaf, insan haqqındakı təsəvvürlərin əsasında həll edirdilər. İnsan özü-özünü dərk edən bir fərddir. O dünyadan azad olduğu təqdirdə tam kamilliyə nail ola bilər, bu onun idealı, vəzifəsi, ali məqsədidir. İnsan dünyada özünün şəxsi idealını, həyatın mükəmməl vəziyyətini axtarmaqdadır.

Fəlsəfənin başlıca vəzifəsi - insanda ilahi kamilliyi bərpa etmək, daxili yetkinliyə nail olmaq və Allaha qədər ucalmaqdır. Bu vəzifəni yerinə yetirmək üçün insan dünyadan azad olmalıdır (şəxsi avtarkiya). Bu necə mümkün olur? Nə qədər ki, biz, dünyanın tərəqqisində iştirak edirik, nə qədər ki, dünya bizi idarə edir, biz, ondan asılıyıq və azad deyilik.

Dünyadan tam azad olmaq üçün insan gərək arzulardan, əzabkeşlikdən, dünya problemlərini həll etmək cəhdlərindən tam uzaqlaşın. Biz onları elə bir vəziyyətə gətirməliyik ki, bu zaman dünya bizim üçün hər hansı əhəmiyyətini itirmiş olsun; hisslər və ehtiraslar susmalı, iradə donmalı və hərəkət etməməlidir (stoiklər). Biz özümüzü dünyadan müdafiə etməli və elə bir yaşayış tərzinə nail olmalıyıq ki, burada iztirabdan daha çox həzzalma bizə qismət olsun (epikürçular). Nəhayət, ruhun əzablarından azad olmaq üçün skeptiklər dünya problemlərinin həllindən uzaqlaşmağa, onların mənasızlığını başa düşərək kənara atmağı təklif edirdilər. Bu üç cərəyanın ümumi bir motivi və məqsədi var: mükəmməl avtarkiya və sakit özünüdərk vəziyyətinə düşmüş, dünyadan tam azad olmuş insan idealına nail olmaq.

Bunun üçün hansı vasitələrdən istifadə oluna bilər? Filosoflar dünya axarından azad olmaq istəyir, lakin bacarmırlar, gücləri çatmır, idealları məhv olur. Təbii instinktlər daim yeniləşir, xeyirxahlıq onlara tab gətirmir (stoiklərdə); epikürçularm həzz alma ideyasına qarşı şər aləmi çıxış edir, skeptiklərin ümumi həqiqətlərin inikasına qarşı hakim təsəvvür və məqsədlər durur ki, bunları nə izah etməyə, nə də onlardan azad olmağa filosoflar qadir deyillər.

Stoiklər azadlığı xeyirxahlıq yolu ilə əldə etməyə, epikürçular bunu həzzalma ilə, skeptiklər isə şübhə ilə nail olmağa çalışırdılar. Stoiklər, nəticədə, xeyirxahlıqdan, buna nail olma yollarından həzz almağa çalışır, epikürçular həzz almanı xeyirxahlığa çevirir (ucaldır), skeptiklər isə şübhənin həqiqi olduğunu bəyan edir, onda şübhədə şübhəli bir şey qalmır və beləliklə skeptisizmin sonu gəlib çatır.

Fəlsəfə tarixinin XVIII-ci əsrdən sonrakı mərhələlərində azadlıq probleminin iradə, özürıükamilləşdirmə yolu ilə qazanılması haqqında bir çox filosoflar yazıblar. Rus filosofu N.Berdyayev belə filosofların bəzilərinə öz münasibətini bildirmişdir ("İlahi və insaninin ekzistensial dinamikası"). O.Kontun, Russonun, Nitsşenin, Marksın insan probleminə münasibətini təhlil edərək yazırdı ki, insan kütləsinin başını "çörək və əyləncələrlə" aldadıb, onları əfsanələr, təmtəraqlı dini mərasim və bayramlarla, hipnoz, təbliğat və qanlı zorakılıq ilə idarə edirlər. Siyasətdə yalan çox, həqiqət isə daha az yer tutur.

Yalan əsasında dövlətlər yaranır, bu yalan sonra dövlətləri yıxır. Makiavellizm - İntibah dövrünün siyasətində bir cərəyan yox, siyasətin mahiyyətidir: siyasət əxlaqi buxovlardan azad olmalıdır. Makiavellizmi daha çox konservator və inqilabçılar tətbiq edir. İnsaniyyət daha dərin, mənəvi inqilabın baş verməsini tələb edir. İnsan daxilən azad olmalıdır. Bunsuz azad cəmiyyəti yaratmaq olmaz. Cəmiyyət insanı azad edə bilməz, lakin insan cəmiyyəti azad edə bilər, çünki o, azad, mənəvi varlıqdır.

Qədim dünya ilə müqayisədə xristianlıq insanın daxili həyatını qat-qat artıq dərəcədə genişləndirdi və dəqiqləşdirdi, lakin bununla belə insan taleyi haqqında nigarançılığı da yaratdı. Nəinki insanın, həm də cəmiyyətin humanistləşməsi prosesi gedir. İnsan həyatının başlıca məqsədi insaniyyətlik əldə etməkdir. Ruh azadlıqdır; dualizm azadlıq və zərurət dualizmidir; ruh və mənəviyyat təbii və tarixi dünyanı dəyişdirir, aydınlaşdırır. Berdyayev göstərirdi ki, Hegelin inandığı tərəqqinin, ruh və mənəviyyatın tarixdə inkişaf etdiyinə inanmaq düzgün deyildir. Ruh tarixdə obyektivləşir, cılızlaşır, baxmayaraq ki, o elementar şəkildə öz şüurunu artırır. Onun əsl inkişafı isə transsendental, Allaha doğru gedən yoldur. İnsan öz həqiqi, daxili "Mən"i uğrunda, sintezedici birlik uğrunda mübarizə aparmalıdır.

Fridrix Şlegelin azadlıq haqqında ideyaları XIX əsrin fəlsəfə tarixındə özünəməxsus yer tutur; o hesab edirdi ki, insan təbiəti və mahiyyətinə aid olan başlıca keyfiyyət azadlıqdır. Azadlıq insanın mahiyyətini təşkil edir; dünyanın inkişaf qanunları - azadlıq qanunlarıdır.

Bu qanunlar bütövlüyü, vahidliyi təmin edir. Bütövlüyün qanunauyğunluğunu təmin edən bir ideal var, o, ali cəmiyyət təşkilində bütün təsisat və təşkilatlarının ümumi tipidir. İnsan azadlığı - onun dünyaya münasibətdə qabiliyyətli olmasıdır; burada əsas məsələ insanın dünyaya təsir etmək imkanının olub-olmamasındadır. Əgər dünyanın əsasında idealistcəsinə, "Mən"in hədsiz dərəcədə əmələ gəlməsi, formalaşmasını dünyanın əsası olduğunu qəbul etsək, bu suala müsbət cavab vermək olar.

Dünya inkişaf etməkdə, əmələ gəlməkdədir ki, burada azadlıq mümkündür, dünyanın inkişafı bitmiş olsaydı, onda azadlıq mümkün olmazdı. İnsan - dünyanın tərkib hissasidir, dünyanın məqsədlərinin həyata keçirilməsinə əsaslı dərəcədə kömək edə bilər. Aydındır ki, insan dünyaya real şəkildə təsir etmək imkanını yalnız kollektiv, bəşəriyyət şəklində əldə edə bilər. Yalnız birləşmiş, bəşəriyyət dünyaya təsir edərək, onu formalaşdırıb tamamlaya bilər.

Buraya Benedikt Spinozanın ("azadlıq dərk edilmiş zərurətdir"), Fridrix Hegelin (insan öz bədəninin və ruhunun kamilliyinə nail olmaqla, özünüdərk yolu ilə özünün, başqalarının mahiyyətini mənimsəməklə azad olur), Karl Marksın (insanların azad, şüurlu fəaliyyəti onların başlıca əlamətini təşkil edir, azadlıq tarixi inkişafın zəruri məhsuludur; mədəni inkişafın hər bir mərhələsi azadlığa doğru olan bir addımdır), XX əsr filosoflarının və politoloqların azadlıq haqqındakı ideyalarını da əlavə etsək, görərik ki, azadlıq həqiqətən insanın fəal mövqeyə, özünəməxsus fəaliyyətə qabiliyyətli olmasını göstərir; insan öz maraqlarına, mənafe və tələbatlarına uyğun qarşısına məqsədlər qoyur və onlara nail olmağa çalışır, imkanları gerçəkləşdirməklə o, daxili azadlığa olan qabiliyyətini praktiki şəkildə realizə edir olmasını (volyuntarizm), hər hansı bir addımının qabaqcadan müəyyən olunmasını (fatalizm) təbliğ edən baxışlar olmuşdur. Cəmiyyət inkişaf etdikcə, insanlar həqiqi azadlığın obyektiv şəraitini əldə edir, şəxsiyyətin mülkiyyətdən, hakimiyyət və mədəniyyətdən təcrid olunması aradan götürülür; insan öz tarixinin əsil yaradıcısına çevrilir.

Şəxsiyyətin davranışı və hərəkətləri iradə azadlığı və determinasiya problemləri ilə sıx bağlıdır. Bununla əlaqədar göstərilməlidir ki, şəxsiyyətin bütün davranışları müəyyən amillərlə şərtlənir. Lakin şəxsiyyət subyekt kimi çıxış edir. Bu o deməkdir ki, o öz hərəkətləri ilə yeni determinasiya sistemi yaradır. Buna görə də şəxsiyyətin inkişaf və fəallıq dərəcəsi nə qədər yüksəkdirsə, bir o qədər çox azadlığa malik olur. Bununla yanaşı qeyd olunmalıdır ki, şəxsiyyətin inkişaf dərəcəsi təkcə onun azadlıq səviyyəsi ilə deyil, həm də həyat fəaliyyətini cəmiyyətin qarşısında duran vəzifələrə necə uyğunlaşdırması ilə ölçülür.

Qeyd edək ki, azadlıq və zərurət anlayışları bir-birilə ayrılmaz əlaqədə çıxış edir. Fəlsəfi fikir tarixində bu iki anlayışın qarşılıqlı münasibətini açmaq cəhdləri çox olmuşdur. Bu təsadüfı deyildir: azadlıq və zərurət, onların nisbətinin müəyyənləşdirilməsi insanların gündəlik fəaliyyət və davranışı üçün böyük əhəmiyyətə malikdir.

Odur ki, müxtəlif dövrlərdə yaşamış filosoflar bu məsələni həll etməyə çalışmışlar. Bu halda onlar ya azadlıq və zərurəti bir-birinə qarşı qoymuş, ya da onlardan hər hansı birini mütləqləşdirərək digərini lazımi qiymətləndirməmişlər. Bu anlayışların nisbətini düzgün müəyyənləşdirmək şəxsiyyət azadlığı, şəxsiyyətin öz hərəkətləri üçün əxlaqi və hüquqi məsuliyyəti kimi məsələləri ayırd etmək üçün vacibdir.

Bəzən şəxsiyyət azadlığı konkret rnəzmundan ayrılıqda götürülür, ruhun öz-özünü müəyyən etməsi, iradə azadlığı, xarici mühit və şəraitdən asılı olmayaraq fəaliyyət göstərmək imkanı kimi göstərilir. Bu nöqteyi-nəzərə görə azadlıq şəxsiyyətin cəmiyyətdən asılı olmaması, mütləq mənada müstəqil olması deməkdir. Əslində azadlıq insan tərəfindən zərurətin dərk olunması və öz fəaliyyətində bundan istifadə etməsidir. Şəxsiyyətin cəmiyyətdən mütləq surətdə asılı olmaması fikrini təbliğ edənlər belə hesab edirlər ki, şəxsiyyətin cəmiyyətdən asılılığının qəbul edilməsi guya onun məsuliyyətini aradan qaldırır.

Onların fikrincə, əgər insanın fəaliyyəti xarici mühit ilə şərtlənirsə, onda heç bir şəxsiyyət öz hərəkət və davranışı üçün məsuliyyət daşımamalıdır. Əslində isə şəxsiyyətin azadlığı onun məsuliyyət dərəcəsi ilə üzrə vəhdətdədir. Şəxsiyyətin azadlıq dərəcəsi artdıqca onun öz fəaliyyəti üçün məsuliyyəti də yüksəlir. Doğrudur, insanın fəaliyyəti bütövlükdə obyektiv şəraitdən asılıdır, lakin insan öz iradəsinə uyğun olaraq hərəkət edir.

Məhz bunun nəticəsidir ki, eyni bir şəraitdə müxtəlif insanların fəaliyyəti bir-birindən fərqli ola bilir. İnsan obyektiv şəraiti nəzərə almaqla mümkün olan müxtəlif variantlardan birini azad surətdə seçərək, fəaliyyət göstərir. Bu zaman o, öz iradəsinə, dünyagörüşü və mənəviyyatına uyğun surətdə hərəkət edir. Deməli, əgər şəxsiyyətin azadlığı onun mümkün olan fəaliyyət növlərindən birini seçməsində təzahür edirsə, onun məsuliyyəti həmin seçilmiş yolun qiymətləndirilməsində, onun cəmiyyət üçün xeyirli və ya zərərli olduğunun müəyyənləşdirilməsində ifadə olunur.

Məsuliyyətli olmaq öz hərəkətinin nəticələrini irəlicədən görmək, fəaliyyət göstərərkən cəmiyyət qarşısında cavab verə biləcək motivlərdən çıxış etmək deməkdir. Məsuliyyətlilik həm də şəxsiyyətin əldən verdiyi imkanlar üçün cavabdehliyini nəzərdə tutur.

Beləliklə, şəxsiyyətin azadlığı onun məsuliyyətindən ayrılmazdır. Məsuliyyətsiz azadlıq özbaşınalığa gətirib çıxarır. Bu müddəa yaşadığımız müstəqillik şəraitində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bəzən azadlığı mütləq mənada başa düşərək, onu məsuliyyətdən ayırmaq cəhdləri özünü göstərir. Əslində demokratiya bu iki anlayışın vəhdətindən kənarda qeyri-mümkündür. Demokratik cəmiyyətdə azlığın çoxluğa tabe olması prinsipi heç vəchlə şəxsiyyətin hüququnun pozulması, azlığın (siyasi, etniki və ya dini baxımdan olan azlığın) iradəsinin tapdalanması demək deyildir. Çünki demokratik qanunlar və institutlar bütün vətəndaşların (o cümlədən də azlıqda qalanların) hü-quqlarını müdafıə edir. Demokratik siyasi sistemdə bütünlükdə cəmiyyət konstitusiya (əsas qanun) əsasında fəaliyyət göstərir. Burada həm də ictimai rəy mühüm əhəmiyyət kəsb edir, fikir plüralizmi, çoxpartiyalılıq, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti təmin olunur.

Azadlığın yüksək, ali dəyər olduğu müstəqillik şəraitində daha aydın görünür. Totalitar rejimin hökmranlığı dövründə şəxsiyyət kütlə içərisində əriyib itir. Keçmiş SSRİ-nin təcrübəsi buna əyani sübutdur. Demokratik cəmiyyətdə isə insan hüququnun qorunmasına xüsusi diqqət yetirilir. Burada hər bir vətəndaşın həyat, əmək, öz şəxsiyyətini qorumaq hüququ, söz və fikir azadlığı qərarlaşır.

Şəxsiyyətin ən yüksək ləyaqəti onun azad olmasındadır. Təsadüfi deyildir ki, Hegel azadlığı insanın başı üzərində yerdəki zülmkarların və allahların simvolunun yox olması kimi qiymətləndirirdi.

Ölkəmizdə demokratiyanın genişlənməsi gedişində şəxsiyyətin hüquqları da artır. O, özünün insani mahiyyətini daha dolğun ifadə etmək, mənəvi ehtiyaclarını ödəmək, azadhq hüdudlarını və ləyaqət hissini inkişaf etdirmək üçün yeni-yeni imkanlar əldə edir. Əslində şəxsiyyətin azadlığı iki əsas tərəfı birləşdirir. Bunlardan birincisi onun zorakılıqdan qorunmasıdır (buna hüquqi dövlət təminat verir). İkincisi isə onun fikir, baxış və iradəsinin toxunulmazlığı və onların ictimai həyatda reallaşdırılmasına şərait yaradılmasıdır (bunu demokratiya təmin edir). Deyilənlər sübut edir ki, həqiqi azadlıq yalnız demokratik cəmiyyətdə mümkündür.

Demokratik ictimai quruluş hər bir adamın onun siyasi yetkinliyinə və əqidəsinə müvafıq olaraq cəmiyyət tərəfindən tanınmasına və hörmət edilməsinə şərait yaradır. Bu quruluşda insanın müstəqilliyi ali dəyər kimi qiymətləndirilir, onun ləyaqətinə hörmətlə yanaşılır. Şəxsiyyətə öz təşəbbüskarlığını genişləndirmək üçün real imkanlar verilir. Cəmiyyət üzvlərinə tədricən belə bir fikir aşılanır ki, yalnız azad düşünməyi və hərəkəti etməyi bacaran şəxs mövcud şəraitin diktə etdiyi variantlardan ən ağıllısını seçmək iqtidarındadır. Deyilənlər göstərir ki, insanın zəkasına hörmət və azadlığının qorunması demokratiyanın ən mühüm prinsiplərindəndir.
ƏDƏBIYYAT


  1. Mиp филocoфии. B 2-x томax. M., 1991, t.2.

  2. Copoкин П. Чeлoвeк, цивилизация. Oбщество. M., 1991.

  3. Философский энциклопедический словарь . M., 1989.

  4. Фишep K. Иcтopия философии в 10-ти томax. т.1. C.Пeтepбypг, 1906.




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin