Q. Y. Abbasova



Yüklə 2,66 Mb.
səhifə19/24
tarix14.01.2017
ölçüsü2,66 Mb.
#141
1   ...   16   17   18   19   20   21   22   23   24

IV BÖLMƏ

TARİX FƏLSƏFƏSİ
26-CI MÖVZU. CƏMIYYƏTIN TARIXI VƏ TARIX FƏLSƏFƏSI
Sosial fəlsəfənin mühüm problemlərindən biri də cəmiyyətin inkişafının tarixi mərhələlərinin öyrənilməsidir. Bəşər tarixinin mahiyyəti və xüsusiyyətlərini qiymətləndirən tədqiqatçılar bu yolla öz yaşadıqları dövrün mahiyyətini müəyyən etməyə çalışırlar.

Tarixin inkişaf mərhələləri və xüsusiyyətləri müxtəlif mövqelərdən öyrənilib qiymətləndirilir: əfsanəvi, bədii, dini, ideoloji və sair. Fəlsəfə tarixində tarix fəlsəfəsi problemlərinə bir çox filosoflar öz münasibətlərini bildirmişlər, burada metodoloji yanaşma məsələləri də mühüm əhəmiyyət kəsb etmişdir.

Cəmiyyətin inkişafda olduğu fikri fəlsəfədə qədimdən irəli sürülmüşdü. Hələ antik dövrdə insanlar müşahidə etmişdilər ki, cəmiyyət bir yerdə dayanıb durmur, daim dəyişilməkdədir. Sonralar dünya ölkələri və xalqları arasında ictimai həyatın müxtəlif sahələri üzrə əlaqələr artdıqca belə bir fikir formalaşdı ki, bəşəriyyətin inkişafı vahid tarixi prosesi ifadə edir. Onun bir-birilə əlaqəli iki tərəfi vardır: birinci, hər bir konkret ölkənin, xalqın inkişafı; ikinci, bütünlükdə bəşəriyyətin inkişafı.

Bütövlükdə tarixi proses dedikdə cəmiyyətin aşağı pillədən yüksək pilləyə doğru mütərəqqi istiqamətdə inkişafı başa düşülür. Tarix fəlsəfəsi dünya xalqlarının fəaliyyətı prınsiplərini və qariunauyğunluqlarını tarixi səpkidə öyrənir, tarixin məqsədi və mənasını açmağa çalışır. Bu isə insanların praktik fəaliyyəti üçün çox zəruridir. K.Yaspers yazırdı: «Biz tarixi bütöv bir tam kimi anlamağa çalışırıq, bununla da özümüzü dərk etməyə çalışırıq. Tarix bizim üçün elə bir yaddaşdır ki, həyatımızın kökləri ondadır. Tarix bir dəfəlik əsası qoyulmuş özüldür, əgər biz izsiz, soraqsız yox olmaq deyil, insan varlığına öz töhfəmizi vermək istəyiriksə, onunla əlaqəni kəsməməliyik»1.

Tarixi, vahid və bütöv proses kimi mənimsəmək gedişində insanın özünü anlaması da dərinləşir. Bu prosesdə onun mənəvi dünyası zənginləşir. Tarixi başa düşmək və yadda saxlamaqla insanlar elə bir zirvəyə yüksəlirlər ki, buradan nəinki təkcə öz keçmişini və indiki vəziyyətini, habelə müəyyən mənada gələcəyini də görə bilirlər. Tarixi biliyə arxalanan insan özünü yeni tərzdə qiymətləndirə bilir. Əlbəttə tarixi prosesi ideallaşdırmaq da doğru olmazdı. Burada çoxlu müsbət cəhətlər, əxz edilməli olan nümunələr və təcrübə ilə yanaşı müəyyən nöqsan və təsadüflər, bədbəxt hadısələr, çoxlu cinayətlər də baş vermişdir.

Fəlsəfi fikirdə tarixi prosesin izahına dair müxtəlif baxışlar olmuşdur. Cəmiyyət inkişaf etdikcə bu təlimlər də uzun təkamül yolu keçmişdir. Antik dövrün mütəfəkkirlərinin (Platonun, Aristotelin və başqalarının) əsərlərində bəşərıyyətin tarixi haqqında qiymətli məlumatlar və mülahizələr vardır. Lakin onlar bitkin deyildi və buna görə də tarix fəlsəfəsi adlandırıla bilməz. Tarix fəlsəfəsi sonrakı dövrün məhsuludur.

Qədim mütəfəkkirlər tarixin ümumdünya xarakterini anlamaqdan uzaq idilər. Məsələn, antik dövrün tarixçiləri yunan və roma dünyasını bütün yerdə qalan dünyadan ayırır və bu vəhşi dünyaya qarşı qoyurdular. Orta əsrlərdə xristian ilahiyyatçıları bu nöqsanı aradan qaldırıb, onu başqası ilə əvəz etdilər. Onların baxışlarına görə tarix ilahi qüvvənin niyyətinin həyata keçməsi və insanın fövqündə duran xüsusi bir layihənin reallaşmasıdır. Bundan əlavə bunlar belə hesab edirdilər ki, tarix yalnız xristian xalqlarına aiddir. Bütün qalan bəşəriyyət tarixdən kənardadır. Görkəmli ilahiyyatçı Avqustin (354-430) tarixi dini-ilahiyyat baxımından mənalandıraraq aşağıdakı altı dövrə ayırmışdır: 1) Adəmdən ümumdünya dasqınına qədərki dövr; 2) dasqından İbrahimə qədərki dövr; 3) İbrahimdən Davuda qədərki dövr; 4) Davuddan Babilistan çarlığına qədərki dövr; 5) O vaxtdan İsaya qədərki dövr; 6) İsadan Qiyamət gününə qədərki dövr. Bu dövrlər insanın keçdiyi yaş mərhələlərinə (körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, kişilik və qocalıq) uyğun gəlir. Avqustin xristianlıq mərhələsini tarixin başa çatması dövrü kimi səciyyələndirir.

Bu mərhələlərin bir-birini əvəz etməsinın səbəbini o ilahi qüvvədə görürdü. O göstərirdi ki, tarix şeytan (qaranlıq) ilə Allahın (işığın) qarşılıqlı mübarizəsini nümayiş etdirir. İşığın labüddən qələbəsi məhz tarixin mənasını müəyyən edir. Onun təlimində Şərqin mistik ideyalarının təsiri aydın görünür. Səciyyəvi cəhət budur ki, cəmiyyətin inkişafının guya çevrə üzrə getdiyi haqqında antik fikirlər rədd olunur. Bu mənada onu tarixi tərəqqi ideyasının əsasını qoyanlardan biri hesab etmək olar.1

İntibah dövrü fəlsəfəsində ümumdünya tarixi prosesinin yeni anlamı işlənib hazırlandı. Bu dövrdə başqa məsələlərdə olduğu kimi tarixə münasibətdə də humanist səpki əsas yer tuturdu.

Yeni dövrdə mexanikanın və riyaziyyatın inkişafı belə bir fikrə gətirib çıxartdı ki, cəmiyyətin özü də mexaniki aqreqatdır.

Yer tarixini səma (ilahi) tarixindən ayırmağa ilk dəfə italyan mütəfəkkiri C.Viko (1668-1774) cəhd etmişdir. O tarixin mənasını təbii zərurət anlayışı ilə əlaqələndirirdi. Bu anlayış adı altında o «daimi olan və heç vaxt pozulmayan səbəb-nəticə qaydası»nı başa düşürdü. Bu təbii qayda bütün xalqların və millətlərin irəliyə doğru hərəkətini müəyyən edir Bu hərəkət üç mərhələdən keçir: Allahlar əsri (uşaqlıq), Qəhrəmanlar əsri (gənclik) vəs insanlar əsri (yetkinlik).

İnkişafın yetkinlik səviyyəsinə çatdıqdan sonra, yəni insanlar arasında münasibətlər vicdan, zəka və borc ilə tənzim olunduqda, bəşəriyyət öz yolunun əvvəlinə qayıdır və köhnə yolu yenidən təkrarlayır. Vikonun fikrincə, sosial formalar bu mərhələlər üzrə yaranır, özünün çiçəklənmə dövrünü keçirir və sonra məhvolma mərhələsinə daxil olur. Beləliklə, Viko o vaxta qədər bir-birinə qarşı duran tərəqqi və dövran haqqında konsepsiyaları əlaqələndirməyə cəhd göstərmişdir,

Viko tərəfındən əsası qoyulan bəşər tarixinin mənalandırılması problemini Fransız maarifçiləri davam və inkişaf etdirmişlər, Volter 1765-ci ildə ilk dəfə «tarix fəlsəfəsi» anlayışını işlətməklə fəlsəfi fikri xüsusi tipli reallıq olan tarixi mənalandırmağa yönəltdi. Bu reallığı o, insanın zəkalı təbiətinin təkamülü və inkişafı ilə əlaqələndirirdi. Tarixə bu cür yanaşma cəhdini Volterdən sonra Russo davam etdirmişdir. Ümumiyyətlə, maarifçilər tarixin mənası və istiqamətini insan zəkasının tərəqqisi ilə əlaqələndirirdilər.

Onlar bəşəriyyətin tarixinə zəkanın tərəqqisi mərhələləri kimi yanaşırdılar. Bir qədər sonra bu baxış Kondorse tərəfindən əsaslandırıldı. O tərəqqini bəşər tarixinin əsas meyli hesab edirdi. Göstərirdi ki, bu meyl bəşəriyyəti dönmədən həqiqət və xoşbəxtliyə doğru hərəkət etdirir. Kondorse bəşəriyyətin tarixini on mərhələyə ayırırdı. Bu bölgünün meyarını o insan zəkasının inkişafı səviyyəsində və onun azadlıq dərəcəsində görürdü.

Səciyyəvi cəhət burasıdır ki, Kondorse tərəqqi ideyasını Volter və Monteskye kimi, monarxların və hakimiyyət başında duranların maarifləndirilməsi ilə, fərdlərin, xalqların və millətlərin kütləvi hərəkatları ilə əlaqələndiriridi. Onun fikrincə texnikanın tətbiqi, elmi kəşflər, əxlaqın siyasi və hüquqi institutların təkmilləşməsi sayəsində bu hərəkatlar yüksək inkişaf səviyyəsinə çatırlar. Kondorse göstərirdi ki, bəşəriyyətin gələcək xoşbəxt vəziyyəti aşağıdakı üç problemin həlli ilə bağlıdır: «millətlər arasında bərabərsizliyin məhv edilməsi; müxtəlif siniflər arasında bərabərliyin artması və insanın həqiqi təkmilləşməsi».

Onun yüksək optimizrnini, bəşəriyyətin qızıl əsrinin yaranmasında zəkanın rolu haqqında fikirlərini sonrakı mütəfəkkirlərin bir qismi qəbul etınədi. Məsələn, Kant göstərirdi ki, insan nəslinin tarixi bizi narazılıqla ondan üz döndərməyə məcbur edir. Biz burada nə vaxtsa tam zəkalı məqsəd tapacağımıza ümid etmirik. Onun fikrincə tarix bütöv bir tam kimi və vahid şəkildə heç vaxt təcrübədə bəlli olmur. Buna görə də tarixin mənasını axtararkən əvvəldən yox, tarixin sonundan başlamaq lazımdır.

Başqa sözlə, onu izah edərkən təbiətin ali məqsəd kimi nəzərdə tutduğu nəticələrdən çıxış etmək lazyndır. Buna görə də insan nəslinin tarixinə təbiətin sirli planının yerinə yetirilməsi kimi baxmaq olar. Bu sirli plan dedikdə o mükəmməl dövlət quruluşunun bərqərar olmasını nəzərdə tuturdu. Belə quruluşda insan nəsli bəşəriyyətin ona vermiş olduğu bütün imkanları tam inkişaf etdirə bilir.1

Kant - tarixi tərəqqinin əsasını əxlaqi prinsiplərdə görürdü. Onun fikrincə tarixin təkamülü, təbiətin təkamülündən məhz bununla fərqlənir. O göstərirdi ki, cəmiyyətdə azadlıq, ədalət və əxlaqi mükəmməlliyin təminatçısı hüquqi dövlət olmalıdır. Bu fikri ilə də Kant klassik alman fəlsəfəsinin başlıca nailiyyətı olan tarix fəlsəfəsinin .əsasını qoydu.

XVIII əsrin alman mütəfəkkiri I.Herder tarixi prosesin izahında irəliyə doğru yeni bir addım atmışdı. O ümumdünya tarixi konsepsiyasını işləyib hazırladı. Herder təkamülçü idi. Buna görə də ümumdünya tarixi anlayışına canlı təbiəti və üzvi aləmin təkamülünü də daxil edirdi. Onun fikrincə bu təkamül rəvan şəkildə bəşəriyyətin tarixinə keçir. Sonuncunun məqsədi isə mücərrəd şəkildə götürülən humanizm və rifah əldə etməkdir.

Herderə görə bütün tarixi hadisələr eyni əhəmiyyətə malikdir, onların hər biri digəri üçün deyil, məhz özü üçündür. Buna görə də bəşəriyyətin gələcək qızıl əsri haqqında təlim tarixi prosesi tətbiq olunmalıdır. Belə ki, bütün nəsillərin yalnız son nəsil naminə yaşadığını düşünmək ağılsızlıq olardı. Bu o deməkdir ki, qızıl əsrdə yaşayacaq nəsil bütün əvvəlki nəsillərin məhv olmuş xoşbəxtliyi üzərində yüksələn taxt-tacda oturacaqdır.2

Fransız tarixçisi Lüsyen Fevr (1878-1956), öz məşhur, fundamental əsəri olan "XVI əsrdə inamsızlıq problemi: Rablenin dini" monoqrafiyasında tarixin öyrənilməsinin metodlarından yazarkən qeyd edirdi ki, tarixçi gərək anaxronizmə yuvarlanmasın. Keçmişin və indinin insanı eyni deyildir. Onlar eyni cür düşünə və duya bilməzlər. Onların dünyanı qavramaq üsulu və vasitələrini xüsusi olaraq öyrənmək lazımdır. Onun fikrincə, hər hansı bir hadisənin obyektiv və subyektiv şərtləri müəyyən edilməlidir. Fərdin şəxsi təşəbbüsü və sosial zərurətin nisbəti necədir? Hansı şəraitdə insanın bu və ya digər əməlləri tarixi əhəmiyyət kəsb etməyə başlayır? Fevr bu suallara cavab axtararkən onları ilk növbədə şəxsiyyət, onun dünyagörüşü, cəmiyyətin inkişafında onun xidmətini öyrənməyin metodları ilə əlaqələndirirdi.

Fevr belə bir təhlükənin də real olduğunu başa düşürdü ki, görkəmli şəxsiyyətlərin ifadələrini olduğu kimi qəbul etmək olmaz. Yəni dövrün necə olduğunu bu çıxışların məzmunu əsasında qiymətləndirmək düzgün deyildir. Marks da qeyd etmişdir ki, dövrün qiymətini, onun ideoloqlarının yaratdıqları "yanlış şüur" əsasında vermək olmaz.

Fevr belə hesab edirdi ki, tarixçi öyrəndiyi dövrün insanlarına xas olan intellektual əməliyyatları, şüur vərdişlərini, dünyanı qavramaq üsullarını aşkar etməli, həmin xüsusiyyətlərin əmələ gəlməsinin gizli yollarını üzə çıxarmalıdır. Bunun üçün birinci növbədə dövrün nitq və dil xüsusiyyətlərini, insanların hərəkətlərinin mahiyyətini ifadə edən simvolları (işarələri) müəyyən etmək tələb olunur.

O göstərirdi ki, "insana xas olan, ondan irəli gələn və asılı olan, onu ifadə edən, onun mövcudluğunu təsdiq edən, fəaliyyətini, zövqünü və fəaliyyət üsullarını göstərən hər nə varsa" hər şey tarixçinin diqqət mərkəzində olmalıdır. Bir sözlə, bütövlükdə dövrün həyat tərzini öyrənmək lazımdır. Əgər digər fransız tarixçisi Mark Blok, tədqiqatın mərkəzi kateqoriyasını "cəmiyyət" sayırdısa, Fevr, bunun "sivilizasi-ya" olduğunu qeyd edirdi. O buraya, insan psixologiyasını, ekoloji, coğrafı və bir sıra maddi amilləri daxil edirdi, onların insanların dünyagörüşünə təsirinin öyrənilməsini vacib bilirdi.

M.Blok "Tarixdə məddahlıq və ya tarixçinin sənəti" əsərində daha çox sosial əlaqələri, sinfı strukturu - ümumiyyətlə istehsal, ağalıq və tabelik münasibətlərini, siyasi hakimiyyət tiplərini, dünyagörüşünü (sinfı quruluş və struktur ön planda olmaq şərtilə) öyrənməyi vacib hesab edirdi. Fevr, Blokdan fərqli olaraq, daha çox mənəvi amillərə, qeyri-müəyyən terminlərə müraciət edirdi (ritm, nəbz, axın və s.).

Hər iki tarixçinin qənaəti odur ki, tarixi Prokrust yatağına (məşhur yunan əfsanəsi) yerləşdirib sığışdırmaq olmaz.

Fevrin yaradıcılığının başlıca ideyası - mentalitet problemidir; tarixçi gərək insan şüuru tərəfindən dünyanı qavramaq və mənimsəmək imkanlarını, həmin imkanları yaşadığı dövrə mövcud mədəniyyətin təsirinə necə məruz qaldığını, insanın istifadə etdiyi "düşüncə alətlərinin" xüsusiyyətlərini nəzərə almaqla öyrənsin. Tarixçi, bunun haqqında yazmalıdır ki, insan özünə miras qalan şüurun fəaliyyət formalarını şəraitdən asılı olaraq, necə istifadə edir və dəyişdirir. Bir də o gərək unutmasın ki, mentalitet heç də ideologiya deyildir.

İnsan fikrinin inkişafı tarixində, o cümlədən sistemli fəlsəfədə belə bir xüsusiyyət var: ilk əvvəl, o daha çox xarici aləmlə, sonra insan ruhu ilə məşğul olur və nəhayət, insan öz səylərini özünün taleyi və aqibətinin öyrənilməsinə yönəldir. Yunan filosoflarının tarixi sistemləri kosmoloji xarakter daşıyırdı. Onların əsas məqsədi - dünyanın başlanğıcını tapmaq idi; yalnız Ellin mədəniyyətinin görkəmli nümayəndələri (V əsrdə sofistlərin çıxışlarından başlayaraq) tərəfindən bir sıra fəlsəfi sistemlər yaradıldıqdan sonra insan zəkasının yeni dövrü başlandı: insan , onun təfəkkürü və fəaliyyəti sözün əsl mənasında fəlsəfənin tədqiqat obyektinə çevrildi.

Hələ öz dövründə Sokrat təəccüblənirdi ki, bizim üçün daha vacib olan xeyir və gözəllik problemlərinin qabağını fiziki (kosmoloji) məsələlər necə tutur? XIV əsrdə yaşamış Petrarka isə Avqustinin belə bir ifadəsini xatırlayır: "ulduzların hərəkətini görüb heyrətlənəndə gərək özümüzü də unutmayaq".

Sosial idrakın təkamülünün bu formada inkişafının səbəbini ilk əvvəl elmi problemlərin şəraiti və xarakterində axtarmaq lazımdır. Tarix fəlsəfəsi Viko, Bosüet, Herder, Hegel, Kont, Bokl, Marks kimi böyük şəxsiyyətlərin səyləri nəticəsində yaranıb. Buraya tarixi elmin Makkiaveli, Mişlo, Qizo, Loran kimi nümayəndələrini də əlavə etmək lazımdır. Görkəmli fizioloq Dübua-Raymon, riyaziyyatçı Kurno, mə-dəniyyətşünas Lippert də qismən öziinü tarix fəlsəfəsinə həsr edənlərdəndir.

Müxtəlif adamlar tarix fəlsəfəsini sevimli məşğuliyyət forması kimi seçib öyrəniblər. Tarixi-fəlsəfi prosesləri ümumiləşdirib doktrin şəklində ifadə etməyə çalışanlar da az olmamışdır (ingilis yazıçısı Flint, fransız Rujemon, italiyalı yazıçı Marsel və başqaları).

Bununla belə tarix fəlsəfəsinin aşağıdakı əsas məsələləri hələ də tam həll olunmamışdır. l)indiyə qədər tarix fəlsəfəsinin metodu, dəqiq həcmi və məzmunu müəyyən edilməmişdir; 2) tarix fəlsəfəsinin kateqorıyalar aparatı axıra qədər çatdırılmayan, tamamlanmayan ideya və anlayışlardan ibarətdir. Belə vəziyyəti görən Helmholts yazırdı: heç bir tarixı və fəlsəfi elm (qrammatika istisna olmaq şərtilə) həqiqətdə özü haqqında dəqiq qanunları formulə etmək qadirində deyil; 3) tarix fəlsəfəsinin əleyhdarları, o cümlədən Şellinq, Şopenhauer və Diltey hesab edirdilər ki, tarixin xarakteri belədir ki, o, özünün elmi, sistematik fəlsəfəsini yaratmaq iqtidarında deyil.

Digər elmlərdə olduğu kimi, tarix fəlsəfəsində də, xaotik vəziyyət mərhələsi olubdur. Tarix fəlsəfəsi öz quruluşu və məzmununa görə sosiologiyadan daha ümumidir. O, tarixi inkişafın qanunlarını, ümumi prinsip və şərtlərini öyrənməkdə sosiologiyanın nailiyyətlərinə əsaslanır.

Tarix fəlsəfəsi insan qəlbi və şüuruna yaxın olan problemlərə bilavasitə toxunur (onun əsas maraq və mənafelərinin tarixdə özünə uyğun necə yer tapması, onların keçmişini, indisini və gələcək taleyini müəyyən etmək kimi vəzifənin öhdəsindən gəlmək və sair.). İnsanların maraq və mənafeləri çox rəngarəngdir, bəzən antaqonist xarakter daşıyır; ona görə də tarix fəlsəfəsi müxtəlif dünyagörüşlərin və sosial-siyasi proqramların toqquşma meydanına çevrilir. Belə ki, hər bir partiya, hər bir sosial qrup keçmişi öz mənafeləri mövqelərindən izah etməyə çalışır.

Bununla belə ən ümumi hərəkat və inkişaf ideyası meydana gəldikcə o, ictimai elmlərin bütün sahələrini daha faydalı şəkildə birbşdirir. elm inkişaf etdikcə, obyektiv, hamı tərəfindən qəbul edilmiş həqiqətlərin sayı artır; insanlar arasında kəskin ziddiyyətlər azaldıqca sosial biliklər sahəsində də mübahisəli məsələlər azalır.

Tarix fəlsəfəsinin əleyhinə çıxanlardan biri Şellinq olmuşdur. Onun dediyi əsas fikir ondan ibarət idi ki, tarixi faktların təkrarı mümkün deyildir, yəni hər bir tarixi hadisənin mütləq fərdiliyi və konkretliliyi mövcuddur. Şopenhauer isə yazırdı ki, "tarix özünün hər bir səhifəsində müxtəlif şəkildə eyni yazıları yazır, yalnız adlar və dövrlər dəyişir.

Tarixdə biliyin subordinasiyası ("qarşılıqlı asılılığı") yoxdur, tarixdə hökmranlıq edən biliyin koordinasiyası (mütənasibliyi) var. Tarix cəmiyyət üçün heç bir faktı təqdim edə bilmir. Tarix işarədir, elm deyildir. Tarixi fəaliyyətdə insan, "iradə subyekti" olaraq, daim iradə aktları ilə rastlaşır və əbədi olaraq susuzluqdan əzab çəkən Danaidanın xəlbiri ilə su daşıyan Tantala bənzəyir (qədim yunan əfsanəsinin qəhrəmanları).

Bəs əslində tarix nədir? Tarixdə təkrarlanma yarmı? Bəlkə burada ancaq tamamilə bir-birindən fərqlənən hadisələr mövcud olur? Xeyr, tarix bu iki qrup hadisələrin hər birinin istisnasına əsaslanıb yazıla bilməz. Doğrudur, tarixdə məkan və zaman etibarilə təkrarlanmayan və təsadüfi faktlarda olur (məs. Makedoniyalı İsgəndər). Bununla yanaşı fərdlər zamanı, onun vəzifələrini müəyyən edə bilərlər (məsələn, Martin Lüter).

Tarixi hadisələrin fərdi əlamətləri, bu hadisələri tam əhatə edə bilmir, eyni zamanda bu hadisələrin qanunauyğun xarakterinin ifadə olunmasına da mane olmur. Adolf Ketle öz "Sosial fizika" əsərində yazırdı: "Dəhşətli dəqiqlik və ardıcıllıq ilə öyrəndiyimiz bir büdcə var. Bu, həbsxana, katorqa və eşafot büdcəsidir. Bax, bu büdcənin azaldılması üçün çahşmalıyıq, bunun üçün, şübhəsiz, ictimai quruluşumuzu idarə edən şəraiti dəyişdirməliyik ki, nəticədə belə ürəkağrıdan mənzərə də dəyişsin; cəmiyyətin özü cinayətkarları yetişdirir, cinayətkar onun əlində bir alətdir.

Hiss edirsən ki, insan nəsli vahid, oxşar bir ssenari üzrə hərəkət edir; ayrı-ayrı fərdlərin bütün fəaliyyəti pərakəndə və sistemsiz göründüyü qədər cəmiyyətin əlamətləri bir o qədər məqsədyönlü görünür".

Con Stüart Mill özünün "Məntiq sistemi" əsərində yazırdı ki, tarixdə tamamilə oxşar iki hadisəyə rast gəlmək olmur. "Bütün sosial hadisələr insan təbiətinin ifadəsi olaraq xarici şəraiti ilə müəyyən olunur; buradan nəticə çıxarmaq olar ki, insanın ağlı, duyğuları və iradəsi müəyyən, dəyişilməz qanunlara tabedirsə, sosial həyatın hadisələri də insan təbiəti ilə müəyyən edilən dəyişilməz qanunlara tabedir".

Tarix fəlsəfəsi sosiologiya ilə xeyli yaxındır. O.Kont sosiologiya haqqında yazırdı: "sosiologiya təkrarlanan hadisələri öyrənir, bunu, ayrı-ayrı şəxslərin, hətta xalqların adlarını belə nəzərə almadan edir". Tarixi və onun istiqamətini isə inkişaf və tərəqqi prinsipi müəyyən edir. Bu fikri, fransız materialistləri ilə yanaşı K.Marks da ifadə edib. XIX əsrin tədqiqatçıları (məs., Kartev) tərəqqini "tarixin canı" adlandırırdılar. Karl Ernst Fon Ber yazırdı ki, "ümumdünya tarixi əslində bəşəriyyətin əbədi maraqlarının inkişafı tarixidir". Tərəqqi bütün insan fəaliyyətinin sahələrində baş verir: iqtisadiyyatda, elmdə, mədəniyyətdə və sair.

Sosiologiya ictimai fəaliyyət növləri və formalarının mövcudluğu və inkişafı şərtlərini öyrənir. Cəmiyyət insanı yalnız onun təbii imkan və keyfiyyətləri hüdudlarında dəyişdirib inkişaf etdirə bilər. Digər tərəfdən, ictimai formalar fərdin, insanın təbii meylləri və qüvvələrinin inkişafının nə-inkin səbəbi, həm də məhsuludur.

Qumploviç, Pol Bart və başqaları sosiologiya və tarix fəlsəfəsini eyniləşdirirlər, O.Kontun tarixi-fəlsəfi sistemi, əslində bizim indi adlandırdığımız tarix fəlsəfəsidir. Kont yazır: "İnsan təkamülünün başlıca nəzəriyyəsi kifayət qədər müəyyən edilib, bu da, tarix fəlsəfənin bilavasitə qurulması üçün əsasdır".

Tarix fəlsəfəsinə inamın az olmasının səbəblərindən birı də bu barədə çoxlu fəlsəfi sistem və cərəyanların olmasıdır. Tarix fəlsəfəsinə irad tutula biləcək daha bir neçə məsələ var: 1) keçmiş haqqındakı biliklərin az olması; 2) tarixi hadisələrin mürəkkəbliyi.

Tarixi proseslərin ümumi xarakterini öyrənmək üçün məlum tarixi hadisələrin yaranmasının səbəblərini bilmək vacibdir. Fransız tarixçisi İppolit Ten qeyd edirdi ki, «tarixdə faktları zəruri əlaqələr ilə birləşdirmək lazımdır ki, onlar əbədi olaraq inandırıcı olsunlar».

Hələ XIV əsrdə yaşamış ərəb tədqiqatçısı ibn-Xəldun qeyd edirdi ki, tarix fəlsəfəsi tarixin tənqidində qüdrətli bir alətdir.

Vilhelm fon Humbolt tarixin ən çətin vəzifəsini hər hansı bir faktın olduğu kimi müəyyən edilməsində görürdü. Tarix fəlsəfəsi bu tarixi vəzifənin yerinə yetirilməsini xeyli yüngülləşdirir. Henrix Ritter "Fəlsəfə elmlərin ensiklopediyasında" yazır: "Əgər biz tarixin qırıntıları və tikələrindən elmi cəhətdən möhkəm olan bir binanı qurmaq istəyiriksə, bu işi müəyyən bir plan əsasında görməliyik. Belə fəlsəfi məsələlərin həlli heç tarix ilə məşğul olmayanlar üçün də faydalıdır". Söhbət tarixin metodologiyasından gedir.

Ümumiyyətlə, tarixin fəlsəfi problemləri xüsusi əhəmiyyətə malikdir. Son zamanlar, xüsusilə XIX-XX əsrlərdə, bu problemlər bütün filosofları düşündürür. Məsələn, tarixi prosesin mahiyyəti nədir? Bu suala iki cür cavab verilir: dövrlərin bir-.birinin əvəz etməsidir (C.Viko, B.Paskal); və dövrlərin olmamasıdır, yalnız fasiləsiz, daim sürəti artan hərəkat vardır (amerikan sosioloqu Kern), yəni, insan cəmiyyətinin tərəqqisinin fasiləsizliyi problemi; (bu haqda mədəniyyət tarixşünası Teylor qeyd edirdi ki, kim tarixin tərəqqisində şübhələnirsə, o son nəticə etibarilə belə bir qənaətə gəlir ki, tərəqqi geriyə doğru inkişafı xeyli dərəcədə üstələyir); ingilis iqtisadçısı Bəcüt hesab edirdi ki, tərəqqi anları tarixdə ötkəm xarakter daşıyır.

Hegel nikbin dünyagörüşə malik bir filosof idi. O, yazırdı ki, tarix azadlığın inkişafı prosesidir. Tarixə münasibətdə bədbin əhval-ruhiyəli baxışlar da vardır. Məsələn, Hartmanın təsiri altında olan mədəniyyətşünas Helvald qeyd edirdi ki, tarixdə gözü kor zərurət vardır ki, o, hər hansı bir teleologiyanı (məqsədyönlülüyü) məhv edir, gec-tez insanı əbədi ölüm və tarazlıq vəziyyətinə gətirir". Herder isə tarixin humanizmin təcəssümü prosesi olduğunu başa düşürdü. Sosiologiyanın darvinizm təmayülünün nümayəndələri düşünürdülər ki, tarix "ən güclülərin" qələbəsi ilə tamamlanan amansız mübarizə səhnəsidır.

İctimai müqavilə nəzəriyyəsinin klassik nümayəndəsi olan J.J.Russonun fikrincə, tarixi proses - insan iradəsinin süni məhsuludur. Kont, Spenser, Espinas, Şefle, Liliyenfeldin fikrinə görə, tarix bioloji qüvvələrin şıltaqlıqlarının təbii nəticəsi və məhsuludur.

Bəs tarixin başlıca hərəkətverici qüvvələri nədir? Bu suala cavab axtararkən biz müxtəlif nəzəriyyə və baxışlara rast gəlirik. Bəlkə, sərbəst insan iradəsidir? Bəlkə təsadüfdür? Və ya bəlkə xarici şəraitin məğlubedilməz zəruri şərtləridir? Və yaxud insanın daxilində fəaliyyət göstərən qüvvələrin mübarizəsinin nəticəsidir? Bu cavabların hər birinin çoxlu müdafiəçiləri və davamçıları, təbliğatçıları və əleyhdarları vardır.

Bəzi filosoflar isə hesab edirlər ki, teoloji kosmologiyaya görə aləm Ali Varlığın təfəkkür və düşüncəsidirsə, insan dünyası da həmin Ali müdrikliyin fəaliyyətinin məhsuludur.

Dante, tarixi prosesin izahında yunanların "taledən" qaçılmazlıq ideyasını bütövlükdə varlığımızın başlıca prinsipi olduğunu elan edir. JJ.Russo isə tarixdə azad iradəni müdafiə edir. Qeyd etdiyimiz kimi, Russo tarixi "ictimai müqavilənin" süni məhsulu olduğunu göstərirdi. Böyük Fridrix tarixdə təsadüfün hökmranlıq etdiyindən danışırdı.

Məlum olduğu kimi, Bokl, təbiətin, xarici qüvvələrin təsiri ideyasını var qüvvəsi ilə müdafiə edirdi. Lakin o sonradan təbiətin hökmdarına çevrilən insanın təsirinin tədricən artmasını və təbii faktorun (mədəni xalqlar üçün) rolunun azalmasını boynuna almışdı. Bokl tarixi "psixoloji məsələlərin həll olunması" adlandınrdı. Qeyd edək ki, çox geniş fəlsəfi-tarixi ədəbiyyatda biz ortaq vəziyyəti qəbul edən baxışlara da təsadüf edirik.

Tarixi inkişafın başlıca şərtlərinin (o cümlədən də müqəddəm şərtlərinin) müəyyən edilməsində başqa fikir və mülahizələr də vardır. XVIII-XIX-cu əsrlərdə bir çox tədqiqatçılar tarixi inkişafın mühüm amillərindən biri kimi irqı xüsusiyyətləri göstərirdilər. XIX əsrdə tarix haqqındakı fəlsəfi mühakimələrdə iqlim və təbiət məsələsi (Ş.Monteskye və başqaları) irq məsələsi ilə əvəz olundu. Məsələn, Renan xalqın dini və fəlsəfəsinin xüsusiyyətlərini irqi əlamət və xüsusiyyətlər ilə əlaqələndirirdi. Məsələn, yəhudi irqinin xarakteri bu xalqın monoteist dinini, Tövrat ehkamlarını və Spinozanın panteizmini müəyyən edir. Onun fikrincə, semit şüuruna aydın düşüncə xasdır, lakin onun həcmi məhduddur, vahidliyi başa düşsə də, müxtəlifliyi qavramağa qadir deyildir.

S.Frank və Qumploviç də irq amilini yüksək qiymətləndirəndən olmuşlar. İrqi nəzəriyyəyə yaxın olan fikirləri Latsarus və Şteyntal kollektiv psixologiya haqqında nəzəriyyəsində irəli sürüblər. Onlar qeyd etmişdilər ki, xalqın ruhu tarixi inkişafda müəyyənedici rol oynayır.

Kont, qismən də Bokl, «intellektual amil» faktorunu irəli sürmüşlər. Kont qeyd edirdi ki, insan cəmiyyətinin inkişafında başlıca rol oynayan prinsip - «intellektual təkamüldür», bu faktor daha əhəmiyyətli dərəcədə özünü sosial dinamikada göstərir.

Başqa amilləri göstərənlər də vardır. Məsələn, kimyaçı Ü.Libix ictimai hadisələrin səbəbini insanların qidaya olan tələbatlarında görürdü. "İnsan ancaq hava və su ilə yaşasaydı, qul və quldar, hökmdar və xalq, dost və düşmən, dostluq və nifrət, xeyir və şər, xeyirxahlıq və günah anlayışları mümkün olmayacaqdı. Bu həqiqət o qədər adidir ki, onu ifadə etməyə də adamın cürəti çatmır". Daha sonra o yazırdı: "Xalqların hərəkatları daim kasıb yerlərdən daha bərəkətli yerlərə doğru olub.

Dövlətlərin, ictimai həyatın, ailənin, insanların qarşılıqlı əlaqələrinin, sənətkarlığın, incəsənətin və elmin - bir sözlə, insanı insan edən hər şeyin təşkili və yaranması ancaq və ancaq onun təbii tələbatından irəli gəlir". Məhz bu tələbatlar gündəlikdə ödənilmək üçün insanı hərəkətə gətirir, onu öz bacarıq və qabiliyyətlərini istifadə etməyə vadar edir. Marks "Kapital" əsərinin birinci cildində Libixin baxışlarına öz münasibətini bildirmişdir.

Fransa psixoloqu Lebon tarixi inkişafda aparıcı rol oynayan daha bir amili buraya əlavə edir - sevgini. Onun fikrincə, indiyə qədər "dünyanı hərəkətə gətirən iki nəhəng amil - sevgi və aclıq olub". Lippert də öz nəzəriyyəsində Libixə yaxın baxışları ifadə edib: yaşamaq tələbatları ödəmək ehtiyacı insan mədəniyyətini idarə edən prinsipdir.

Məlumdur ki, bəzi iqtisadçılar cəmiyyətin inkişaf xüsusiyyətlərini sosial-darvinizm mövqeyindən də izah edirdilər. XIX əsrdə Uord "Sosiologiyanın dinamikası" (1883) əsərində qeyd edirdi ki, təbii seçmə və intellektual amil tarixi prosesdə başlıca rol oynayır. "Təbii seçmə yolu ilə insan intellekti yarandı, həmin seçmə prosesi də bu intellekti indiki vəziyyətə gətirib çıxartdı, intellekt isə təbii seçmənin məhsulu olaraq insanın indiki durumuna səbəb oldu".

Sosial darvinizmin digər nümayəndəsi olan V.Kidd "Sosial inkişaf əsərində yazırdı ki, ümumiyyətlə mübarizə və xüsusilə də yaşamaq uğrunda mübarizə - tarixi inkişafın başlıca amilidir. «Mübarizə ümumdünya tarixinin ən dərin və vacib predmetidir, bəlkə də ana xəttidir».

İqlimin insanın mənəvi və cismani təşkili və inkişafına təsir etməsindən hələ «təbabətin atası» sayılan Hippokrat danışmışdı. O, göstərirdi ki, «adamların bədəninin forması və ruhun xüsusiyyətləri ölkənin təbiətinə uyğun gəlir».

XIX əsrin 40-cı illərində K.Marks və F.Engels tamamilə yeni bir təlimlə çıxış edərək, tarixi prosesin aparıcı qüvvəsinin cəmiyyətin iqtisadi strukturunda və onunla bağlı olan «məhsuldar qüvvələrin artımında» olduğunu göstərdlər.

Beləliklə, tarixi prosesin iştirakçıları - xalqlar,dövlətlər, sivilizasiyalardır. Müxtəlif dövrlərdə tədqiqatçılar tarixin gah əbədi (daim) qayıdış proses olduğunu (Qədim Yunanıstanda, qədim Şərqdə), gah da aşağıdan aliyə, ideal cəmiyyət və ideal insan mərhələsinə doğru olan inkişaf olduğunu (Tövratda, maarifçilik dövründə) qeyd edirdilər. Hər ikr halda tədqiqatçılar, bizə, tarixdə iki cür imkan verirlər:

1) birmənalı, ümidli, lakin seçmək imkanından məhrum olan yolu; 2) bir də çoxlu alternativi olan yolu, yəni sərbəst seçmək imkanını, amma ümidsiz, səhvlərin, ziddiyyətlərin, pozulmaların ehtimalı hesabına. İndiki tarixi şüurda sonuncu imkan, özünə getdikcə daha çox yer tapır.

Əvvəlki tədqiqatçılar tarix fəlsəfəsini səbəb-nəticə əlaqələri əsasında yaradırdılarsa (o cümlədən K.Marks, O.Kont, E.Dürkheym), indikilər, dünyanın yeni elmi mənzərəsinə uyğun olaraq, tarixi prosesin mürəkkəbliyi, çox ölçülülüyü və alternativliyini görür, onun insan azadlığı əsasında həyata keçirilməsi ehtimalını qeyd edirlər. Onlar göstərirlər ki, söhbət arzuolunan və mümkün tarixdən gedir. Sosial davranışın müxtəlif növləri və strategiyaları tarixin məzmununu təşkil edir, o isə bizə geniş sosial yaradıcılıq imkanları verir. Eyni zamanda, yalnız məqsədlərin ölçüsü və əhəmiyyətinə görə nizamlanması və gələcəyə inamın olması -bu yaradıcılığının əzmini möhkəmləndirə bilir.

Qərbdə yaradılmış inkişafın texnokratik paradiqması, nəticədə insan cəmiyyətini ekoloji dalana gətirilə çıxartdı. Tarixi proses haqqındakı müasir nəzəriyyələr artıq, əvvəllər olduğu kimı, eyni mövqedən həm özünün, həm də başqasının tarixini ölçüb biçməkdə çətinlik çəkirlər.

Nə üçün Qərbin təcrübəsi bütün digər bəşər övladları tərəfindən məcburən nümunə kimi qəbul olunmalıdır? Əslində tarixi proses - hansı isə irəlidə gedən "avanqardın" cızdığı yol və monoloq yox, bərabər xalqlar və mədəniyyətlərin həmahəng fəaliyyəti və dialoqu olmalıdır. Tarixi prosesin demokratikləşməsi müstəqil yaradıcılığa imkan yaratdı, eyni zamanda siyasi tarixin gedişatını ciddi şəkildə gərginləşdirdi. Dünyanın vəhdəti indi çox mürəkkəb və problemli formada təşəkkül tapır.

Tarix, insanın əlinə seçmək imkanı verir, amma bununla heç də həmişə xoşbəxt final vəd etmir. XXI əsrdə yəqin ki, tarixin yeni konsepsiyası yaranacaq və burada ilk əvvəl ekoloji, əxlaqi, sosiomədəni dəyərlər əsas yer tutacaqdır, çünki bu dəyərlər Yer üzündə insanın yaşaması üçün zəruri qarantiyadır.

Tarix fəlsəfəsi, getdikcə özünə daha çox davamçı taparaq, müasir dövrdə ictimai elmlər sırasında özünə layiqli yer tutur. Müasir dövrün görkəmli filosofu Q.Rikkert tarix fəlsəfəsinin üç vəzifəsini göstərir:

-tarixi prosesin ümumiləşdirilməsi, vahid ümumdünya tarixinə ayrı-ayrı "tarixlərin" gətirilməsi və öyrənilməsi;

-tarixin mahiyyətinin axtarılması;

-tarixi idrakın metodologiyasının yaradılması.

Tarix fəlsəfəsinin praktiki əhəmiyyəti çox böyükdür. Məlumdur ki, ictimai həyat mürəkkəb və rəngarəngdir. Ölkələrin siyasi həyatında getdikcə daha çox sosıal təbəqə və qruplar iştirak edir; bəzən elə vəziyyət yaranır ki, mühüm, tarixi əhəmıyyətli siyasi məsələlərin həllində bütün cəmiyyət iştirak etməli, birinci növbədə ona öz münasibətini göstərməlidir. Hər bir vətəndaş bu məsələlərin həllində iştirak etməlidir; siyasi təəssübündən asılı olmayaraq, yəni istər konservator, istər inqilabçı tarixi proseslərin mahiyyətini dərk etməlidir. Belə olmasa, hər birimiz, labüd bir hadisəyə qarşı mübarizə aparan Don-Kixota çevrilə bilərik.

Tarixin dərki müasir dövrdə həyati bir məsələdir. Xüsusilə bu, milyonlarla insanların taleyinə cavabdeh olan dövlət xadimləri və siyasi partiyaların liderlərinə aiddir. Bunların səhvləri faciə ilə bitə bilər. Ogüst Kont hələ 1825-ci ildə yazırdı ki, ictimai inkişaf qanunlarının öyrənilməsi insana öncəgörmə imkanı verir, bu da öz növbəsində fəaliyyətimizin düzgün olub-olmamasını müəyyən etməyə şərait yaradır.

Tarixi hadisələr çox mürəkkəb olduğuna görə onların öyrənilməsində sistemli yanaşma tələb olunur.
ƏDƏBIYYAT


  1. Блок M. Aпология истории. M., 1973.

  2. Kоллингвуд P. Идея истории. Aвтобиография. M., 1980.

  3. Плеханов Г.В. Философское учение K.Mapкса. M-Jl., 1933.

  4. Поппер K. Нищета историцизма. "Bопросы философии", 1992,c.8-10.

  5. 5.Panonopт X.Философия истории в ее главнейших течениях. СПб.,1898

  6. Февр Л. Бои за историю. M., 1991.

  7. Философия и методология истории. M., 1977.

  8. Ясперс К. Cмысл и назначение истории. M., 1991, c. 166-224.

  9. Философия истории. Под ред. Панарина. M., 1999

Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin