Q. Y. Abbasova


-CI MÖVZU. SOSIAL FƏLSƏFƏDƏ «MƏDƏNIYYƏT» ANLAYIŞI



Yüklə 2,66 Mb.
səhifə5/24
tarix14.01.2017
ölçüsü2,66 Mb.
#141
1   2   3   4   5   6   7   8   9   ...   24

5-CI MÖVZU. SOSIAL FƏLSƏFƏDƏ «MƏDƏNIYYƏT» ANLAYIŞI
Mədəniyyət - insan fəaliyyətinin xüsusi növü və forması olub onun tərəfindən yaradılmış maddi və mənəvi sərvətləri əhatə edir. Cəmiyyətin fəlsəfi təhlilində «mədəniyyət» anlayışı xüsusi rol oynayır. Mədəniyyət cəmiyyətin inkişafı və fəaliyyətinin həm vasitəsi, həm də nəticəsidir.

Mədəniyyətin tərkib hissələri elm, təhsil, incəsənət, ədəbiyyat, dil, din və sairdir.

Mədəniyyət insan fəaliyyətinin müxtəlif sahələrində, xüsusilə fiziki və əqli əmək sahəsində əldə edilən nailiyyətləri əks etdirir. Mədəniyyətdə habelə, müəyyən tarixi dövrlərdə konkret cəmiyyət, millət və xalqın malik olduğu dəyərlər təcəssüm olunur. Beləliklə, insanın yaradıcı əməyi mədəniyyətin mənbəyini təşkil edir.

Hazırda mədəniyyətə 600-ə qədər tərif verilir. Onlardan ən əsaslarını aşağıdakı kimi qruplaşdırmaq olar: 1) təsviri-tərif mədəniyyəti fəaliyyət nəticələrinin məcmusu kimi səciyyələndirir; 2) tarixi-tərif mədəniyyətdə sosial irsin və ənənənin əsas rolunu qeyd edir; 3) normativ-tərif qaydaların və normaların əhəmiyyətinə xüsusi diqqət yetirir; 4) dəyərlər mövqeyindən yanaşan təriflər - mədəniyyəti insan üçün əhəmiyyət kəsb edən ideal ustanovkaların reallaşması kimi səciyyələndirir; 5) psixoloji səpkili təriflər mədəniyyətə insanların təbiətə və sosiuma uyğunlaşması kimi yanaşır; 6) ideoloji təriflər mədəniyyəti ideyalar axını kimi ifadə edir; 7) semiotik yanaşma mədəniyyəti işarələr sistemlərinin məcmusu hesab edir.1

Aşağıdakı tərif nisbətən geniş yayılmışdır ki, onu qəbul etmək olar. Mədəniyyət insanların dünyanı mənimsəməyə yönəlmiş yaradıcı fəaliyyətidir, bu prosesdə maddi və mənəvi dəyərlər yaradılır və istehlak olunur. İnsanın mədəni fəaliyyət subyekti kimi formalaşması baş verir.

Mədəniyyət cəmiyyətdə çox mühüm funksiyalar yerinə yetirir. Onlardan aşağıdakılar xüsusi qeyd olunmalıdır: 1) yaradıcı funksiya, bu o deməkdir ki, mədəniyyət insanların yaradıcı fəaliyyəti prosesində aşkara çıxır və onların təbiət üzərində hökmranlığının və aralarındakı münasibətlər üzərində ağalığının göstəricisidir; 2) ünsiyyət funksiyası, onu göstərir ki, müəyyən ümumi əhəmiyyətli ünsiyyət vasitələri, təcrübəni və bilikləri ötürən vasitələr olmasaydı, insanların vahid cəmiyyətdə yaşamaları qeyri-mümkün olardı; 3) idraki-evristik funksiya bunda təzahür edir ki, mədəniyyət dünyanın ümumi mənzərəsini verməklə məhdudlaşmır, o həm də idrakın daha yaxşı və effektiv formalarını axtarıb tapmağa kömək edir; 4) nəhayət, mədəniyyət qiymətverici funksiya yerinə yetirir. Yəni onun köməyilə dünyanın dərki estetik, siyasi və əxlaqi normalarla əlaqəli şəkildə götürülür.

Beləliklə, mədəniyyət ictimai varlıq olan insan fəaliyyətinin subyektiv-şəxsi tərəfinin inkişafında, cəmiyyətin sosial təşkilinin üsulları və normalarının yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edir. O həm də bütövlükdə həyat fəaliyyəti proseslərinin tənzim olunmasında, bəşəriyyətin malik olduğu təcrübə və biliklərin, insan fəaliyyətinin digər maddiləşmiş nəticələrinin yayılmasında böyük rol oynayır.

Göstərilməlidir ki, bədii, elmi, texniki, sosial yaradıcılıq tarixi prosesə güclü təsir göstərən, onu zənginləşdirən amillər kimi çıxış edir. Bu müddəa mədəniyyətə və insan fəaliyyətinin digər maddiləşmiş nəticələrinə, habelə hələ sosial gerçəklikdə öz praktiki təcəssümünü tapmayan, gələcəkdə həllini gözləyən yeni ideyalara aiddir.

Məsələn, atom enerjisinin kəşfı onun elmi əsaslandırılmasından bir neçə on il keçdikdən sonra, yəni praktiki surətdə istifadə olunan atom bombası yaradıldıqdan sonra ictimai həyata öz güclü təsirini göstərmişdir. Bu təsir indiki şəraitdə daha güclü hiss olunur, çünki nüvə fəlakəti bəşəriyyətin bu günü və gələcəyini təhlükə altına alır. Son illərin təcrübəsi sübut edir ki, atom enerjisindən dinc məqsədlər üçün istifadə olunması təkcə elmi-texniki məsələ olmayıb, həm də mühüm sosial məsələdir. Bunu atom elektrik stansiyalarının fəaliyyəti, onların ətraf mühitə güclü pozucu təsiri göstərir. Deməli, hər bir dövrdə elmi-texniki fikirlər kəşflərə çevrilərək reallaşır, sosial həyata, cəmiyyətdə gedən iqtisadi, siyasi və mənəvi proseslərə qüdrətli təsir göstərir.

Eyni fikri digər elmi-texniki nailiyyətlər (elektronika və informatika, kompüterləşdirmə, biotexnologiyanın tətbiqinin genişləndirilməsi və s.) haqqında da söyləmək olar. İnsan dühasının yaratdığı bu nailiyyətlər praktikada istifadə olunduqca nəinki təkcə iqtisadiyyatın inkişafına güclü təsir göstərir, istehsalın texnologiyasının əsaslı surətdə yeniləşdirir. Onlar həm də insan fəaliyyətinin qüdrətli vasitələri kimi sosial məna alır və mədəni inkişafa xidmət edir.

Mədəniyyətin, elmi-texniki nailiyyətlərin sosial funksiyalarından danışarkən qeyd olunmalıdır ki, insanın yaradıcılığının bütün məhsulları heç də həmişə obyektiv tarixi prosesə daxil olmur, onun inkişaf momentinə çevrilmir. Bu, obyektiv və subyektiv xarakterli bir çox səbəblərdən asılıdır. Tarixdə bir çox hallar olmuşdur ki, bu və ya digər ölkədə irəli sürülmüş ideya və kəşflər həmin ölkədə qərarlaşmış olan gerilik və şərait üzündən burada deyil, digər ölkələrdə reallaşmışdır. Deməli, cəmiyyətin konkret ölkənin inkişaf səviyyəsi və şəraiti mədəni nailiyyətin tarixi prosesə qovuşması, sosial funksiyasını reallaşdıra bilməsi işində çox mühüm şərtdir.

Yuxarıda deyilənlər sübut edir ki, mədəniyyət öz sosial funksiyalarını o vaxt səmərəli yerinə yetirir ki, onda təcəssüm olunan fəal və yaradıcı əsaslar, onların cəmiyyət qarşısında açdığı yeni problemlər və imkanlar inkişafın obyektiv şəraiti və qanunlarına uyğun gəlsin.

Sosial fəlsəfi fikir tarixində mədəniyyət kateqoriyasına ən çox diqqət XX əsrdə yetirilmişdir. Lakin əvvəlki dövrlərdə də mədəniyyəti insan fəaliyyətinin müxtəlif sahələrində axtarıb öyrənirdilər. Bir sıra tədqiqatçılar, istehsal və iqtisadi münasibətləri mədəniyyətin ikinci dərəcəli ünsürləri kimi qiymətləndirərək, mənəvi və siyasi amilləri ön plana çəkirdilər.

Məsələn, XVIII əsrin maarifçiləri Volter, Turqo, Kondorse tarixi-mədəni prosesin məzmununa ancaq insan zəkasının fəaliyyətini daxil edirdilər. Nəticədə mədəni, sivilizasiyalı və vəhşi, geridə qalmış xalqlar fərqləndirilirdi. Mədəniyyət - elmin, incəsənətin inkişafıdır, yoxsa mədəniyyət - öz təbii tələbatlarına uyğun yaşamaq deməkdir? Bu suala cavab axtaran Russo belə qənaətə gəlmişdi ki, «mədəni» millətlərin əxlaqsız və tərbiyəsizliyindən patriarxal inkişaf pilləsində qalan xalqın saflığı və sadəliyini üstün tutmaq lazımdır.

Klassik alman fəlsəfəsinin nümayəndələri burjua sivilizasiyasının ziddiyyətlərini dialektika səviyyəsində təhlil edərək, mədəniyyəti insanın mənəvi azadlıq sahəsi olduğunu qeyd etmişdilər. Bəşər tarixində mədəni təkamül prosesi ardıcıl şəkildə müxtəlif mədəniyyət formaları və tiplərinin inkişafı prosesidir.

XIX əsrdə tədqiqatçılar mədəniyyəti tarixi proses, antropoloji hadisə, adət-ənənə və etnik əlamətlərin ayrı-ayrı istiqamətləri üzrə öyrənirdilər. XX əsrin əvvəllərində Rikkert, M.Veber mədəniyyətdə xüsusi dəyərlər və ideyalar sistemini görür, onun cəmiyyətə təsirini öyrənir, geniş təhlil etməyə başlayırlar. Bu dövrdə vahid xətti təkamül nəzəriyyəsi tənqid edilir, əvəzinə lokal sivilizasiyalar və mədəniyyətlər nəzəriyyəsi irəli sürülmüşdü: mədəniyyətlər qapalı, müstəqil, təkrarolunmaz, mədəni orqanizmlərdir. Öz inkişafında artım, yetişmə və ölüm mərhələlərini keçirlər. O.Şpenqler mədəniyyəti sivilizasiyadan daha geniş anlayış kimi götürür, sivilizasiyanın cəmiyyətin inkişafının son həddi olduğunu qeyd edirdi. «Avropanın süqutu» adlı əsərində o bir çox xüsusiyyətlərlə yanaşı, mədəniyyətin işarələr sistemi kimi ifadə olunmasının xüsusi əhəmiyyətindən yazırdı.

O, belə misal gətirir: memarlıq sənətində (evlərin quruluşu və istifadəsi) iki aləmi fərqləndirmək lazımdır; ruhun özünü ifadə etmək ehtiyacı və gözü oxşamaq naminə işlənən ifadəli dil aləmini. Kəndlinin yaşadığı evin forması, memarhq xüsusiyyətləri dəyişsə də, öz ilkin vəzifəsini-sığınacaq rolunu yerinə yetirir, başqa memarlıq abidələri-məbəd, kilsə, ehram-xalqın ruhunu, ideologiyasını ifadə etdiyi üçün xüsusi quruluşa, bəzəyə malikdir. Mədəniyyət təkrarolunmazdır, özünəməxsus tərzdə və şəraitdə inkişaf edir, hər bir xalqda olduğu kimi mədəniyyətin də öz tarixi vardır. Mədəniyyətlərin qarşılıqlı təsiri halları çox olub (ərəb mədəniyyətinin - Avropaya, Avropa mədəniyyətinin - Şərqə, o cümlədən Rusiyaya və s.)- Lakin bu prosesi mənfi qiymətləndirən müəllif hesab edir ki, mədəniyyətin özəyi din olduğu üçün (din-metafizika, fövqəlhəyatdır), mədəniyyətin dövrləri - dini-tarixi dövrlərdir. Kitabın bölmələrindən biri «Pifaqor, Məhəmməd, Kromvel» adlanır. Burada Şpenqler istənilən mədəniyyətin inkişafında labüd mərhələni dində, onun inkişaf tarixində görür.

Mədəni-tarixi dövrlərin qapalı şəraitdə keçdiyini, vaxtı çatanda məhv olduğunu qeyd edir. O sübut etməyə çalışır ki, başqa, özgə mədəni quruluşları dərk etmək mümkün deyildir. Şpenqler tarixi, təbiətin, canlı orqanizmin inkişaf mərhələlərinə bənzədir. Hər bir mədəniyyət qədim ruhun şüuraltı qatlarında yetişir, özünü müəyyən ritmlər və obrazlarda ifadə edir və məhv olur. Bütün dünya mədəniyyət formaları (cəmisi 8 forma) bərabərdir, müstəqil inkişafa malikdir, onları qiymətləndirmək, ümumiləşdirmək qeyri-mümkündür. O, mənəvi-fərdi başlanğıcı həyati-şüuraltı ilə əvəz etdi, mədəniyyəti relyativizm mövqeyindən qiymətləndirərək, sivilizasiyaların «süqutundan» dünyaya xəbər verdi.

Mədəni-tarixi formaların inkişafında oyun elementini öyrənən Y.Höyzinqa «İnsan oyununda» əsərində bu problemə yeni şəkildə yanaşmağı təklif edir. O, hesab edir ki, «mədəniyyətin əsası nəcib oyunlarda qurulur», mədəniyyət oyun məzmununu itirməməlidir. Çünki bunun əsasında o öz ləyaqətini və yüksək keyfiyyət göstəricilərini qoruyub saxlaya bilir. Həqiqi oyun yaradıcı, canlı faktordur, mədəniyyət oyunda və oyun şəklində yaranır və inkişaf edir. Bütün yaradıcılıq oyundur, istər poeziya, istərsə musiqi, hətta insan təfəkkürünün özü də, əslində siyasət və mühariləə də oyun şəklində başa düşülməlidir. Oyun əlamətini Höyzinqa qədim cəmiyyətdəki bütün fəaliyyət formalarında görür. Onun fikrincə, əfsanələr qədim vəhşilik dövrünün oyunudur.

Sonralar oyun elementləri getdikcə sıxışdırılaraq aradan çıxarılır. Oyun hərn də duyğu və istəklərin ifadə olunması, «Dionisi ekstazı»dır. Tədqiqatçılar hesab edirlər ki, müəllif oyun ideyasına bu qədər geniş yer verməklə mədəniyyətin başqa meyarlarını (o cümlədən də mənəvi-əxlaqi) kənarlaşdırır. Müəyyən mənada burada kapitalizm cəmiyyətinə xas olan totallıga, özgələşməyə qarşı etiraz forması səslənir.

Y.Höyzinqanın «Orta əsrlərin payızı» əsəri O.Şpenqlerin «Avropanın süqutu» əsəri ilə eyni zamanda yaranmışdır. Özünün bu mədəni-tarixi tədqiqatında Höyzinqa konkret, mədəni paradiqmalar göstərdi, ənənəvi dini tarixdən uzaqlaşaraq, Avropa xalqlarının həyatının bütün ziddiyyətlərini və keyfiyyətlərini zəngin dil və bədii üslubla ifadə edərək tarixin süqutu və mədəniyyətin devrilməsinin geniş mənzərəsini yaratdı.

M.Haydegger də mədəniyyətin insan və cəmiyyət üçün böyük əhəmiyyətə malik olduğunu yazırdı. O məkam, zamanı, bədii yaradıcılığın bütün formalarını mifoloji təfəkkür sahəsində təhlil etdi. Onun fikrincə, varlığın daxili, «gizli» mahiyyətini üzə çıxara bilən dil və incəsənətdir. İnsan bədii qavrama, təəssüratlanma yolu ilə öz varlığını dərk edir.

Haydegger də, Karl Yunq da mədəniyyətin insan yaradıcılığı ilə bilavasitə bağlı olduğunu qeyd edir, bu yaradıcılıq prosesini insanın şüuru və psixikasında izləməyə çalışırdılar. Bir çox dünya xalqlarının bədii yaradıcılığının (mifologiyanın) oxşar cəhətləri (məs., süjetlər) Yunqa yeni nəzəriyyələr yaratmağa əsas verdi: bu oxşarlıq insan psixikasının daxilindən irəli gəlir.

Yunqa görə şüuraltı fəaliyyət arxetiplər şəklində sənətkarların yaradıcılığında ifadə olunur («kollektiv şüuraltı», şəxsiyyətin mənəvi yaradıcı imkanlarını təşkil edir, arxetiplər insanın təsəvvürlər aləmini aprior şəkildə formalaşdırır, insan psixikasına xüsusi təsiretmə gücünə malikdirlər). Yunq başa düşürdü ki, arxetiplər, dəyərlər baxımından neytral olduğundan, şəxsiyyətin təfəkküründə daxili varlığı yarada bilmədiyindən adamı həqiqətə, fövqəl biliyə doğru apara bilməzlər.

O göstərirdi ki, sənət nümunələri yuxuya bənzəyir - impersonal (ümumşəxsi) yuxularda belə fəaliyyət, mədəni-mifoloji duyma, təfəkkür, insanı şüuraltı strukturların qarşısında aciz edir. Mədəniyyətin taleyini isə böyük sual altında qoyur. Elm və texnikanın inkişafı nəticəsində insanın mənəvi dünyasını təşkil edən ideyalar, sərvətlər (birinci növbədə dinlə bağlı olan dəyərlərdən söhbət gedir) parçalanır, xırdalanır, bütləşdirilir, öz aralarında mübarizə aparır.

Maks Veber öz məşhur məruzəsində («Elm peşə və qabiliyyətdir») müasir sivilizasiyada insanın faciəvi vəziyyətini təhlil edir. İnsanın yaratdığı texnotron dünya parçalanıb, ecazkarlığını itirib, özünü aciz vəziyyətdə qoyub. İnsan öz taleyi, azadlığı ilə üz-üzə, təkbətək qalıb, dünya insandan heç nə tələb etmir, heç nəyin təminatını da vermir. Bu çox böyük sınaqdır (azadlıqla, özbaşınalıqla, özünün özü ilə sınağıdır). Veber burada mədəniyyətin, Avropa bəşəriyyətinin böhranından danışır. İnsan ənənəvi vəzifələrdən (yerdəki, göydəki vəzifələrdən) azad olunub həyatın mənasını itirib. Əsrlər boyu yaradılmış Həqiqət, Xeyirxahlıq və Gözəllik məbədi dağıdılıb, mənəvi həyat mənəvi istehsala çevrilib, burada əmək bölgüsü aparılıb, cəmiyyətdə ziyalıların rolu dəyişilib, nəticədə Avropa cəmiyyəti və Avropa sivilizasiyasının taleyi belə sual altına qoyulur. Dövrümüzün taleyi, onun rasionallaşma və intellektuallaşması, dünya tilsiminin açılması nəticəsində ali, nəcib dəyərlər - ictimai sahədən mistik həyatın fövqəlşüur sferalarına və yaxud ayrı-ayrı fərdlərin bir-birinə olan qardaşlıq, dostluq münasibətlər sahələrinə çəkildi.

Qeyd etmək lazımdır ki, bir qədər əvvəl, yəni XIX əsrin axırlarında mədəniyyət antropologiya və etnoqrafıya hədlərində öyrənilirdi. Mədəni antropologiyanın banisi E.Teylor mədəniyyətin bəzi elementlərini qeyd edirdi, amma bunları cəmiyyətlə, mədəni institutlarla əlaqələndirə bilmədi.

Bir çox digər antropoloqlar (Boas, A.Krober) mədəniyyətin nümunələrini, adət-ənənələri öyrənməyə çalışır, ya da mədəniyyəti, sosial struktur əsasında yaranan sosial sistemin (sosial qarşılıqlı fəaliyyətlərin) yaranma qaydaları kimi qeyd edirdi (Malinovski, Redklif-Braun). Parsons və Merton (artıq XX əsrdə) bu nəzəriyyələrin əsas müddəalarını tənqid etmiş, mədəniyyəti, sosial sistemin nizamlılığının və idarəolunmasının mümkünlüyü dərəcəsini müəyyən edən, bu sistemin ayrılmaz hissəsi olan dəyərlər sistemini ifadə edən anlayış olduğunu qeyd etmişdilər. Sivilizasiyanın özü də sosiomədəni varlıqdır.

XX əsrdə filosofları düşündürən problemlər -mədəniyyətin inkişafının daxili və xarici meyarları, əmək bölgüsü və mədəniyyət, mədəniyyətin milli və ümumbəşəri məzmunu, mədəniyyətin ictimai vəzifələri və başqaları olmuşdur.

Klassik sosial fəlsəfənin nümayəndələri olan K.Marks və F.Engels mədəniyyətin inkişafında cəmiyyət qanunlarının ifadəsini görüblər. Engels qeyd etmişdir ki, iqtisadiyyat, maddi istehsal mədəni hadisələri müəyyən edirsə, onları yaradan-insandır; mədəniyyətin predmetli aləmini yaradarkən, insan həm də özünü, öz ictimai varlığını yaradır.

Cəmiyyətdə baş verən mədəni proseslərə təsir göstərən amillərdən həyat səviyyəsi, maddi rifahı, həyat tərzini xüsusi qeyd etmək lazımdır. Bu təsir sosial münasibətlər vasitəsilə mümkün olur. Əmək bölgüsü mədəniyyətin inkişafına da təsir göstərir, mənəvi mədəniyyətin bir çox sahələri «kütləvi» mədəniyyət və «yüksək», «ali» mədəniyyət formalarına bölünməyə başlayır. Mədəniyyətin kütləvi şəkildə istehsalı baş verir. Onun xırdalanması və əksinə qloballaşması prosesi gedir. X.Orteqa i-Qasset mədəniyyəti yuxarıda qeyd olunan iki hissəyə - kütlə və elitar mədəniyyət regionlarına bölür, onun böhran vəziyyətindən qurtarmasında kütlə üsyanınm əhəmiyyətindən bəhs edirdi.

O Madriddə çap olunmuş «İncəsənətdə humanizmin itməsi» əsərində müasir mədəniyyətin sosial problemlərini qeyd edərək göstərir ki, mədəniyyətin bütün sahələrində - musiqi, ədəbiyyat, rəssamlıq, teatr və s. eyni vaxtda dəyişikliklər baş verir. Ümumiyyətlə, incəsənət sahəsində yeni ilə köhnə arasında daim mübarizə gedir. Əvvəllər, humanistləşmə zamanı, insan hər hansı bir vəziyyəti, insanları və ya predmetləri ürəyindən keçirir, təəssüratlandırırdı. Söhbət birinci növbədə ideyaların humanistləşməsindən gedir. Eyni zamanda sənətdə bu prosesin əksinə olan meyllər əmələ gəlir, nəticədə incəsənətdə «insan» tərəfi sıxışdırılıb aradan qaldırılır (musiqidə Bethovendən Vaqnerə, Vaqnerdən Debüssiyə doğru gedən yaradıcılıq proseslərində bu açıq duyulur) melodram elementləri, fərdi hisslərin ifadəsi tədricən azalır, musiqi sənətinin yeni dövrü başlanır.

Poeziyada şair özünün hətta ən xırda hisslərini ifadə etməyə çalışır, yeni dövrün şairi isə öz «insani» cildindən azad olur, ümumiyyətlə həyatdan yazarkən onu metaforların ali səviyyəsindən ifadə etməyə çalışır. Beləliklə sənətkar və dünya arasında daimi vasitəçi rolunu oynayan bədii ənənə yaranır. Ənənəyə qarşı çıxış etmək qabiliyyətində olmayan cəmiyyətdə canlı, yaradıcı potensial (qüvvə) məhv olur (Misir, Bizans, ümumiyyətlə, Şərqdə olduğu kimi). Buna son qoya biləcək incəsənət köhnənin dağıdıcı təsirindən qurtararaq, yeni bir səviyyəyə ucalır (bu işi Avropanın ruhu öz öhdəsinə götürdü, gələcəyə meyl saldı, Şərqin ənənəçiliyinə, köhnəliyə, oriyentasiyaya son qoydu).

İncəsənətdə daha çox müraciət olunan sahə qədim dövrdür, çünki orada heç bir ənənə yaranmamışdı. Təzə incəsənət növlərində ironiya, məzhəkə, özü-özünə istehza etmək xüsusiyyətləri nifrət və məhəbbət arasındakı zidciiyyətləri yumşaldır. XIX əsrin mədəniyyətində poeziya və musiqinin çox böyük nüfuzu var idi: o insan nəslini dinin və elmi relyativizmin xarabalıqlarından azad və xilas etməyə çalışırdı.

Bu incəsənət, insan həyatının ən ciddi məsələlərini özündə əks etdirib onların həllinə kömək edirdi. Orteqa-i-Qassetə görə yeni incəsənət isə qocalmış dünyada insanı həyatın ciddiliyindən xilas etməyə, cavanlaşdırmağa çalışır, həmişə gənc qalmış ideyalarını təbliğ edir. Həyatımızın ritmləri tarixdə daim dəyişir, gah matriarxat, gah patriarxat dövrünü yaşamışıq; indi də gəncliyin, gənc oğlanın qabiliyyəti dövrünün vaxtı gəlib çatıb; incəsənət şəxsiyyətdən, insan patetikasından uzaqlaşıb, yalnız xalis sənət xüsusiyyətlərini özündə saxlayır.

Mədəniyyətin nəsildən-nəsilə ötürülməsində kommunikativ imkanların da rolu böyükdür. Problemin bu tərəfıni öyrənən tədqiqatçılar əsasən dil ilə bağlı məsələlərə diqqət yetirirdilər (nəticədə semiotika, struktur linqvistika, riyazi və kibernetik dilçilik, antropologiya kimi elmlər yarandı). Sonuncu cərəyarım nümayəndələri (K.Levi-Stros, E.Sepir və başqaları) mədəniyyətin sabit bir quraşdırma (konstruksiya) olduğunu qeyd edir, onun cəmiyyət, insan və tarixb sıx əlaqəsini unudurdular.

Kanadalı filosof və sosioloq H.Maklüen (1911-1980), tarix fəlsəfəsi problemləri ilə məşğul olmuş, mədəniyyətin inkişaf mərhələlərini, kommunikasiya vasitələrinin dəyişdirilməsi dövrləri kimi başa düşmüşdür (dil, pul, yollar, mətbuat, elm, kompyuterlər, televiziya və başqaları). Kommunikasiya vasitələri insana yeni məlumatlar verir, onun şüurunun formalaşmasına fəal köməklik göstərir. Yeni əlaqə və informasiya vasitələri həyat ukladını, cəmiyyətin təşkilini, təfəkkür tərzini əsaslı şəkildə dəyişdirir. Maklüenin fıkrincə, «qəbilə insan»ının dövrü şifahi nitqin təsiri altında, qavrama isə eşitmə və duyma yolu ilə həyata keçir. Bu yolla cəmiyyət və insanın birliyi, düşüncə bütövlüyü təmin olunur. XV əsrdə ixtira edilmiş çap dəzgahı görüb qavramağın, milli dillər və sənaye inqilabları, rasionalizmin və fərdçiliyin inkişafına şərait yaratdı.

Müasir dövrdə elektrikləşmə «yeni qəbilə insanının» mərkəzi sinir stisteminin davamına çevrilərək, teleqraf, telefon, EHM-nın köməyi ilə Yer kürəsində məkan və zaman hədlərini pozdu. İnsan, bütün hadisələrdə yaxından iştirak edərək, şüuruna keçmiş mifoloji təxəyyülü qaytarır, sürətlə yeniləşərək «qlobal kənddə» yeni məqsədə doğru irəliləyir: texniki vasitələrdə insan şüuru olduğu kinıi təsvir edilir, yaratmaq qabiliyyəti vs prosesi isə kollektiv və korporativ xarakter daşımağa başlayır.

Müasir dövrün bir çox tədqiqatçıları vahid mədəniyyətin, mədəni tərəqqinin mümkünlüyünü inkar edir. Şərq və Qərb mədəniyyətlərini həmişə barışmaz, ümumiyyətlə, mədəniyyət anlayışının absurd və yalan olduğunu göstərirlər.

Son dövrlərdə humanitar və texniki biliklər arasında uçurumun yaranması, şəxsiyyətin özgələşməsinin dərinləşməsi «kontrmədəniyyət» cərəyanının meydana gəlməsinə səbəb olmuşdur.

Mədəniyyətin inkişafı varisliyə, köhnə mədəni irsin dialektik inkarına əsaslanır. Lakin bu proses müəyyən nisbi müstəqilliyə və spesifık inkişaf qanunlarına malikdir. Bəşər tarixində mədəni tərəqqinin mahiyyətini açmaq üçün bu qanunauyğunluqları öyrənmək zəruridir.

Mədəniyyətin inkişafında mühüm qanunauyğunluqlardan biri onun müxtəlif ünsürlərinin bir-birilə qarşılıqlı təsir və qarşılıqlı əlaqədə olmasıdır. Bu qarşılıqlı təsir qısa müddətli və ya uzun müddətli, bilavasitə və dolayısı ilə ola bilir. Məsələn, elmi nailiyyətlər gec-tez texniki tərəqqiyə səbəb olur, o isə öz növbəsində mədəniyyətin digər formalarında, məişətdə təzahür edir. Elm və texnikanın özləri də bir-birinə təsir edir. İncəsənət də öz növbəsində elmlə qarşılıqlı təsirdədir. Belə ki, incəsənət insanların tərbiyə edilməsində mühüm əhəmiyyətə malikdir.

Təhsil və tərbiyənin təşkili isə elmin və incəsənətin inkişafına müəyyən təsir edir. Hər bir dövrün mədəniyyəti tarixi inkişafın həmin pilləsində yaşayan bütün xalqlar və dövlətlər üçün ümumi olan əlamətlərə malikdir. Bununla yanaşı həmin mədəniyyət öz formasına və ifadə üslubuna görə eyni olmayıb, müəyyən milli fərqlər və xüsusiyyətlər şəklində (dillərin müxtəlifliyi, milli məişət, psixiki həyat tərzinin rəngarəngliyi və s.) çıxış edir. Lakin mədəniyyətin bu milli xüsusiyyətlərinin özü bir yerdə dayanıb durmur, fasiləsiz surətdə inkişaf edir. Odur ki, öz məzmununa görə mütərəqqi xarakter daşıyan mədəniyyət nümunələri həm də milli formalarda yaranır.

Mədəniyyətin inkişafında digər bir qanunauyğunluq burada sabitlik və dəyişkənliyin, ənənə və yaradıcılığın, novatorluğun dialektik vəhdətində ifadə olunur. Onun müxtəlif inkişaf dövrləri arasında dərin varislik əlaqələri mövcuddur. Belə ki, hər bir dövrün mədəniyyəti boş yerdə yaranmır, əvvəlki mədəni inkişaf səviyyəsinin dialektik inkarı kimi, onun müsbət tərəflərinin mənimsənilməsi nəticəsi kimi çıxış edir. Tarixi prosesin inkişafı gedişində mədəniyyətdə ənənə və yaradıcılığın nisbətində ikinci tərəfın rolu artır.

Qeyd olunmalıdır ki, mədəniyyətdə ənənə çox vacibdir. Onsuz mədəniyyət demək olar ki, yoxdur. Lakin mədəniyyətin inkişafı prosesində bir tərəfdən mütərəqqi ənənələrə, digər tərəfdən isə mürtəce meyllərə rast gəlmək olur. Mədəniyyətin varisliyi birinci tərəf ilə daha sıx bağlıdır, lakin ikinci tərəf də özünü göstərə bilir. Bəzən mədəni irsə münasibətdə yenilik pərdəsi altında keçmiş mədəni irs ilə əlaqələri birdəfəlik kəsmək kimi zərərli mövqe təbliğ olunur. Bu cür vəziyyət şəxsiyyətə pərəstiş dövründə, xüsusilə XX əsrin 60-cı illərində Çində böyük mədəni inqilabın həyata keçirildiyi dövrdə kəskin şəkildə qarşıya çıxmışdı. Bütün bunlar sübut edir ki, keçmişin mədəni irsinə münasibət çox mühüm məsələdir və inkişafın müəyyən dönüş mərhələlərində ciddi siyasi məna alır.

Yuxarıda deyilənlər sübut edir ki, mədəniyyətin inkişafı spesifik qanunauyğunluqlara malik mürəkkəb və ziddiyyətli prosesdir.

Mədəniyyətin fəlsəfi təhlili, onun son dərəcə müxtəlif məhəlli, regional milli, etniki xüsusiyyətlərə malik olduğunu nəzərdə tutur. Vahid dünya mədəniyyətinin bu rəngarəngliyi müxtəlif ölkələrin və xalqların tarixi-mədəni inkişafındakı qeyri-bərabərlik və fərqlilik ilə, habelə digər səbəblərlə izah olunur.

Hər bir mədəniyyət təkrarolunmaz, əvəzolunmaz cəhətlərə malikdir. Müxtəlif mədəniyyətlər arasında fərqlərin mühüm mənbəyi bundadır. Mədəniyyətlər öz milli, vahid etnomədəni mühitin yaranmasına, bəşəriyyətin qarşısında duran qlobal problemlərin ümumplanetar mövqedən çıxış etməklə həllinə şərai yaradır.

Müasir dünyada gedən geosiyasyi və etnomədəni proseslər qarşılıqlı anlaşma və faydalılıq əsasında vahid məkan yaradılmasını zəruri edir. Bu tələbat Şərq ilə Qərb arasında irqi, dini və sair fərqləri arxa plana keçirir, sivilizasiyalararası dialoqu möhkəmləndirir. Əlbəttə bu regionlar arasında elmi mədəni əlaqələr təzə yaranmamışdır. Onların çoxəsrlik tarixi kökləri vardır, Hələ Qədim dövrdə, xüsusən də orta əsrlərdə Şərq-Qərb mənəvi-genetik əlaqələri (yəhudi-xristian monoteizmi, antik fəlsəfə ilə ərəbdilli fəlsəfə və sair) özünü göstərmişdir. Sonralar Şərq-Qərb regionlarının mədəniyyətlərinin təmas nöqtələri durmadan artmışdır.

Müasir Azərbaycanın geopolitik vəziyyəti elədir ki, o, Qərb və Şərq sivilizasiyalarının qovuşuğunda yerləşir. Bu fakt ölkəmizə hər iki sivilizasiyaya xas olan müsbət cəhətləri götürərək, onlardan faydalanmaq imkanı verir.

Şərq sivilizasiyasında maddi və mədəni dəyərlərin yaradılması və mənimsənilməsi avtoritar paternalizm, ümumi itaətkarlıq, ağsaqqala hörmət şəraitində baş vermişdir. Bu şərait insanın həyat fəaliyyətinin bütün sahələrində özünün müvafıq əksini tapmışdır. Nəticədə Şərq ölkələri əhalisində xeyirxahlıq, nəzakətlilik, böyüklərə, qadına və uşağa hörmət kimi keyfiyyətlər daha çox inkişaf etmişdir. Qərb sivilizasiyası üçün texnologiyanın sürətli inkişafı, insanların predmet dünyası və sosial əlaqlərinin sürətlə təkmilləşməsi səciyyəvidir.

Müasir dövrdə Qərb və Şərq sivilizasiyaları bır-birilə sıx qarşılıqlı təsirdədir. Onların hərtərəfli dialoqunun təmin edilməsi zamanın tələbidir. Bəşər sivilizasiyasının gələcək taleyinin Qərb ilə Şərq mədəniyyətlərinin dialoqundan asılı olduğu ideyası durmadan genişlənməkdədir. Bu münacibətdə Avroasiya materikinin 30-dan çox ölkəsinin elmi, mədəni və ictimai fəaliyyətini əhatə edən Böyük İpək Yolunun bərpası istiqamətində atılan addımlar xüsusi əhəmiyyət kəsb edir.
ƏDƏBIYYAT

1. Heoмарксизм: npoблемы coциологии культуры. M., 1980.

2. Opтега-и-Гacceт. Boccтaние мacc. // Bonpосы философии,1989, №3-4.

3. Caмосoзнаниe eвponейcкой культуры XX вeкa. M., 1991.

  1. Xeйзинга Й. Oceнь cpeдневeковъя. M., 1988.


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin