Q. Y. Abbasova


-CI MÖVZU. SIYASƏTIN TƏSISAT FORMALARI



Yüklə 2,66 Mb.
səhifə12/24
tarix14.01.2017
ölçüsü2,66 Mb.
#141
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

17-CI MÖVZU. SIYASƏTIN TƏSISAT FORMALARI
Siyasi münasibətlərin ifadə forması cəmiyyətin siyasi sistemidir. Buraya siyasi ideyalar, təşkilatlar, institutlar, sosial qruplar daxildir. Bu sistemin əsas institutu - dövlətdir. Əvvəlki mövzularda biz dövlətin mənşəyi və mahiyyəti barədə xeyli məlumat vermişdik. Bu mövzuda isə onları daha da genişləndirmək və sistemləşdirmək tələb olunur.

Dövlətin sosial-sinfı mahiyyəti iqtisadi cəhətdən ən qüdrətli qrupun mənafelərini ifadə edir. Bu qrup həm də siyasi cəhətdən hakim mövqe, hakimiyyəti həyata keçirmək üçün yeni vasitə və imkanlar qazanır. Cəmiyyət inkişaf etdikcə dövlət onun bütün fəaliyyət sahələrinə təsirini artırır. Dövlət və şəxsiyyətin qarşılıqlı münasibətləri, hüquq və vəzi-fələrinin nisbəti, onların reallaşması formaları ilə müəyyən edilir. Dövlət hüquqların bir hissəsini məhdudlaşdırmaqla digərlərinin genişlənməsini təmin edir. Bu məsələyə filosofların münasibəti birmənalı olmamışdır.

M.Veberin fikrincə dövlət bir qrup insanların başqaları üzərində legitim (qanuni) zorakılığına əsaslanan ağalıq münasibətidir.

Dövlətin ümumi vəzifəsi ölkənin mövcudluğu üçün zəruri olan birgəyaşayış qaydalarını qorumaq və insanın bütün qüvvələrinin inkişafına kömək etməkdir. Bu cəhətə xüsusi diqqət verən Hegel göstərirdi ki, dövlət ictimai qaydaları qoruyan təşkilatdır, o gecə növbətçisinə bənzəyir, əsas məqsədi öz vətəndaşlarının sakitliyini qorumaqdır. Monteskye də dövləti vətəndaşların keşiyini çəkən alət hesab edirdi.1

M.Ştirnerin fikrincə dövlət və ya nizamlanan cəmiyyət fərdi azadlığın tabutudur. «Dövlətin məqsədi - şəxsiyyəti məhdudlaşdırmaq, cilovlamaq, ram etmək və müəyyən bir ümumi prinsipin təsiri çərçivəsinə salmaqdır. Dövlət, şəxsiyyətin öz hüquqlarını təmin edə bilməyəcəyi vaxta qədər yaşayacaqdır».

Dövlətin əleyhinə çıxış edən anarxistlər onun əvəzinə "azad federasiyanın" yaradılmasını tələb edirdilər (Mixail Bakunin, "Dövlətçilik və anarxiya", 1873). Cəmiyyətdəki kortəbiilik, insanların təbii instinktləri, gələcəyin elmi-nəzəri cəhətdən əsaslandırılmasının qeyri-mümkünlüyü bu ideyanın əsasını təşkil edir.

Aristotel dövlət haqqında tam əksinə düşünürdü. Onun fikrincə, "Hər bir dövlət ittifaq olduğuna görə, hər bir ittifaqın yaranma məqsədi isə xeyirxahlıq olduğuna görə belə nəticə çıxarmaq olar ki, insanların hər bir birləşməsi müəyyən bir xeyrə doğru hərəkət edir, ittifaqın ən ləyaqətlisi, ən ləyaqətli xeyirxahlığa nail olmağa çalışır. Sonuncu isə elə dövlətin özüdür (dövlət ittifaqı)".

Antietatizm (dövlətin iqtisadi və digər fəaliyyət sahələrinə qarışmaması) mövqeyindən çıxış edən tədqiqatçılar (məs. Pyotr Kropotkin) hesab edirdilər ki, insan cəmiyyətinin bütün ictimai formaları durğunluğa meyillidir, ona görə də inqilab yolu ilə məhv edilməlidirlər. Dövlətin əvəzinə azad istehsal kommunalar federasiyası ideyası irəli sürülürdü.

Qeyd etmək lazımdır ki, müasir dövrdə cəmiyyətin siyasi sistemində dövlətlə yanaşı siyasi fəaliyyətdə iştirak edən bir çox təşkilatlar və ictimai qruplar vardır ki, bu da dövlət tərəfindən hakimiyyətin həddindən artıq mərkəzləşdirilib zəbt edilməsinin qarşısını alır.

Müasir politoloji fikirdə dövlət dedikdə insanların, ictimai qrupların, siniflərin və birliklərin birgə fəaliyyətini və münasibətlərini təşkil edən, istiqamətləndirən və onlara nəzarət edən əsas siyasi sistem başa düşülür. Dövlət cəmiyyətdə siyasi hakimiyyətin və bu hakimiyyətin mərkəzləşdirilmiş ifadəsi olan siyasətin mərkəzi institutu hesab olunur1.

Dövlətə verilən başqa bir tərif də diqqəti cəlb edir. «Dövlət cəmiyyətin yaşaması və tərəqqisinə kömək edən bütöv bir tam kimi götürülən xalqın mütəşəkkil hüquqi həyatını təmin edən, hakimiyyət institutlarının (qanunverici, icraedici və məhkəmə) normal fəaliyyətini həyata keçirən, öz ərazisini nəzarətdə saxlayan, xalqını xarici təhlükədən qoruyan, digər dövlətlər qarşısında öz öhdəliklərini yerinə yetirməyə təminat verən, təbii mühiti və mədəni dəyərləri hifz edən orqanlar sistemidir»2.

Göründüyü kimi bu tərifdə dövlətin fəaliyyətinin məzmunu tam açılır və onu məqbul hesab etmək olar. Dövlət digər sosial institutlardan aşağıdakı əlamətlərinə görə fərqlənir: hakimiyyətdə olan qüvvələrin müəyyən sosial bazaya (sosial qrupların, siyasi partiyaların və ictimai hərəkatların şəxsində) malik olması; mərkəzdə və yerlərdə xüsusi hakimiyyət aparatının mövcudluğu; cəmiyyətdə həyata keçirilən bütün qeyri-iqtisadi məcburiyyət formaları (zorakıhq) üzərində təkbaşına ağalıq; müəyyən əraziyə və sərhədlərə malik olmaq (suverenlik); bütün vətəndaşlar üçün məcburi olan qanunları qəbul etmək; daxili və xarici siyasət yeritmək səlahiyyəti; əhalinin müxtəlif təbəqələrındən vergilər toplamaq, pul nişanları buraxmaq, büdcə siyasəti yeritmək və sair hüququ.

Dövlətdən danışarkən onun mənşəyi məsələsinə də diqqət yetirilməlidir. Bu münasibətdə müxtəlif baxışlar mövcuddur.

Dövlətin mənşəyi haqqında üç nəzəriyyə daha geniş yayılmışdır: üzvi, teokratik və ictimai müqavilə nəzəriyyəsi.

Üzvi məktəbin nümayəndələri cəmiyyəti ictimai orqanizmə bənzədir, sosial həyatı bioloji qanunauyğunluqlar ilə izah edirdilər. Bu ənənə Platondan başlayır. Aristotel də göstərirdi ki, dövlət ümumi faydanın başa düşülməsi nəticəsində yaranır. Teokratik nəzəriyyələr (Avqustin və başq.) dövlətin mənşəyi və fəaliyyətini ilahi qüvvələrin təsiri ilə izah edirdi; ictimai müqavilə nəzəriyyəsinə görə insanlar cəmiyyətdə və dövlətdə təbiətin qüvvələri qarşısında aciz qaldıqları üçün birləşirlər (Hüqo Qrotsi, Hobbs, Lokk, Russo və başqaları). XIII əsrdə yaşamış böyük azərbaycan mütəfəkkiri N.Tusi qərbdə bu barədəki fikirləri bir neçə yüz il qabaqlayaraq göstərirdi ki, dövlət ümumi razılığın, ictimai müqavilənin məhsuludur.

F.Hegel dövləti "əxlaqi ideyarın gerçəkləşməsi", "ağılın ifadəsi və gerçəkliyi" adlandırırdı. O, dövlətin əsasını zorakılıqda görürdü. Marksizmə görə dövlət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranmış ziddiyyətlərin məhsuludur (xüsusi mülkiyyətin). Bu təlim dövləti bir qrup insanların (sinfın) digərlərini əzmək və istismar etmək maşını hesab edirdi. O dövlətin yaranmasını ictimai əmək bölgüsünün nəticəsində xüsusi mülkiyyətin və siniflərin meydana gəlməsi ilə bağlayırdı.

İbtidai cəmiyyətdə xüsusi hakimiyyət orqanı yox idi, idarəçiliyi bütün ağsaqqallar aparırdılar. Onların qəbilə daxilində nüfuzu şəxsi keyfıyyətləri (təcrübəsi, mərdliyi və ağıllı olması) ilə ölçülürdü. Sonralar ictimai həyatın mürəkkəbləşməsi xüsusi idarəçilik orqanının - dövlətin yaranmasını zəruri etmişdir. Lakin dövlət boş yerdə yaranmamışdır. Onun kökləri keçmiş qəbilə əyanlarına və hərbi başçılara gedilə çıxır.

Dövlətin mənşəyi müxtəlif regionlarda tam eyni olmamışdır. Bu münasibətdə vaxtilə K.Marksın irəli sürdüyü «Asiya istehsal üsulu» anlayışı diqqəti cəlb edir. O göstərirdi ki, qərbdən fərqli olaraq bir sıra şərq ölkələrində xüsusi mülkiyyət ayrı-ayrı sahibkarlara deyil, əsasən dövlətə məxsus olmuşdur. Bu ölkələrdə dövlət xüsusi rol oynayırdı. On illər boyu davam edən ənənələr, müxtəlif qohumluq və yerliçilik əlaqələri cəmiyyətdəki sosial mənafelər arasındakı ziddiyyətləri müəyyən qədər yumşaldırdı. Şərq ölkələrində dövlətin mənşəyini tədqiq edən alimlər arasında belə bir fikir geniş yayılmışdır ki, bu ölkələrdə dövlət siniflərin yaranmasından əvvəl meydana gəlmişdir. Bu hal iri miqyaslı iqtisadi məsələləri (geniş və mürəkkəb irriqasiya sistemləri, strateji əhəmiyyətli yollar çəkilişi və sair) həll etməyə olan obyektiv tələbatın nəticəsi kimi çıxış etmişdir.1

Dövlətin əsas əlamətlərindən biri kütləvi hakimiyyətin (hakimiyyət funksiyalarını həyata keçirən xüsusi orqanlar və təşkilatlar sisteminin) mövcud olmasıdır.

Dövlətin cəmiyyətdə rolu onun yerinə yetirdiyi funksiyalarda ifadə olunur. Müasir dövlət aşağıdakı əsas daxili və xarici funksiyaları həyata keçirir: mövcud dövlət quruluşunu qoruyub saxlamaq; cəmiyyətdə sabitliyi və ictimai qaydaları təmin etmək; baş verə biləcək sosial təhlükəli münaqişələri vaxtında aşkar edib, aradan qaldırmaq; iqtisadiyyatın əsas sahələrini tənzimləmək; ölkə daxilində sosial, mədəni, elmi, milli və ekoloji siyasət yetirmək; beynəlxalq miqyasda öz ölkəsinin mənafelərini həyata keçirmək; ölkənin etibarlı müdafiəsini təşkil etmək.

Müasir dövrdə bazar münasibətlərinin formalaşması ilə əlaqədar olaraq dövlətin iqtisadiyyata tənzimedici təsiri məsələsi xüsusi əhəmiyyət kəsb edir. Bu məsələ barədə keçən mövzularda xeyli bəhs olunmuşdur. Burada belə bir cəhəti qeyd edək ki, dövlətin iqtisadiyyata idarəedici təsiri mürəkkəb prosesdir. O aşağıdakı iki cəhəti nəzərdə tutur: birincisi, dövlət müxtəlif vasitələrlə (təsərrüfat qanunvericiliyi, vergi siyasəti və sair) iqtisadiyyata həddən artıq güclü təsir göstərdikdə sahibkarların fəaliyyəti məhdudlşır, onlar öz kapitallarını iqtisadiyyata qoymaqda daha çox ehtiyat edirlər.

İkincisi, bütövlükdə cəmiyyət miqyasinda təzahür edən ümumi və geniş miqyaslı məsələlərin (iqtisadiyyatın texnki təchizatı, düzgün struktur siyasətin yeridilməsi, iqtisadiyyatın maliyyə cəhətdən sağlamlaşdırılması və sair) həlli dövlətin fəaliyyətindən kənarda qeyri-mümkündür.

Müstəqillik qazandıqdan sonra Azərbaycan xalqı milli dövlət quruculuğu vəzifəsini həyata keçirməyə başlamışdır. Bu yolda atılan addımların nəticəsidir ki, Azərbaycan dövləti daxildə siyasi sabitliyin möhkəmləndirilməsində, habelə beynəlxalq miqyasda öz suverenliyinin təmin edilməsində əhəmiyyətli uğurlar qazanmışdır. Siyasi həyatın demokratikləşdirilməsi və hüquqi dövlət quruculuğu xətti davam etdirildikcə onların sayı daha da artacaqdır. Milli dövlətçilik ideyası belə bir prinsipə əsaslanır ki, dövlət yalnız öz xalqının şüurunda dərin kök saldıqda həqiqətən möhkəm olur.

Deməli, dövlətin taleyi xalqın mənlik şüurunun xarakteri və inkişaf səviyyəsindən xeyli dərəcədə asılıdır. Çünki hər bir xalq bir qayda olaraq özünə müvafiq olan və ruhuna uyğun gələn dövlət quruluşuna malik olur. Dövlət müəyyən struktura malik olan ictimai orqanizm kimi çıxış edir. O cəmiyyətdə mövcud olan bütün insanları vahid bir tam kimi birləşdirir, onların siyasi cəhətdən bir araya sığmasını təmin edir.

Hegel göstərirdi ki, dövlət empirik baxımdan bir-birindən aralı mövcud insanların çoxluğunun konkret vəhdətidir. Doğrudan hər bir dövlətə daxil olan vətəndaşlar məkanca dağınıq ərazidə yaşayır, vaxt (zaman) baxımından müxtəlifdirlər. Onların subyektiv mənafeləri də eyni olmur. Dövlətin əsas mahiyyəti bundadır ki, o bütün bu rəngarəngliyi, onun tərəflərinin bir-birilə əlaqəsini və vəhdətini təmin edir, sanki xalqı bütöv bir bədən (cisim) halında birləşdirir.

O aşağıdakı iki tərəfın birliyinin zəruriliyini əsaslandırır: birinci, insanların bütöv bir tam kimi vahid cəmiyyətdə yaşaması üçün onların fərdi mənafelərinin ümumi mənafeyə tabe etdirilməlidir; ikinci, öz növbəsində cəmiyyət də onun tərkib hıssələrini təşkil edən vətəndaşların rifahının qayğısına qalmalıdır.

Hər bir dövlət inzibati-idarəetmə aparatına, qanunverici və icraedici orqanlara malikdir. Hakimiyyətə əsaslanan idarəetmə sistemi xüsusi növlü fəaliyyət sahəsidir. Onun obyektini vətəndaşların fəaliyyətinin müxtəlif sahələri, onların əməyi, vərdiş və bilikləri, ünsiyyətin qanun və qaydaları təşkil edir. Bu idarəçiliyin vasitələri müxtəlif hüquqi qanunlar və normalar, siyasi ideologiya, mülki işləri və istehsal fəaliyyətini tənzimləyən aktlar, xüsusi silahlı dəstələrdir. İdarəetmənin subyekti bütünlükdə idarəetmə aparatıdır.

Hər bir dövlət özünün idarəçilik formaları, siyasi rejimi və dövlət quruluşu formalarına görə səciyyələnir. Dövlətin forması dedikdə birinci növbədə idarəçiliyin və siyasi hakimiyyət institutlarının necə qurulması başa düşülür. Bu məsələ həm də mərkəz ilə yerlər arasında qanunvericilik hakimiyyətinin bölünməsi ilə bağlıdır. Belə ki, əgər qanunvericilik funksiyaları yalnız mərkəzin əlində cəmlənirsə, onda dövlət unitar hesab olunur (Fransa, İtaliya, Azərbaycan). Digər halda, yəni, ölkədə ərazi vahidləri özü üçün qanunlar qəbul etmək səlahiyyətinə malik olursa, onda bu federativ dövlət adlanır (məsələn, müasir Rusiya, ABŞ, Meksika və sair).

Federasiya çox mühüm funksiya yerinə yetirir: o, bir tərəfdən mərkəzin ağalıq cəhdini aradan qaldırır, digər tərəfdən isə ərazi vahidlərinin separatizminin qarşısını alır. Federasiyanın üzvləri dövlətin tərkib hissəsi kimi çıxış edirlər və onun ali orqanlarının qərarlarına tabedirlər. Bununla yanaşı onların özlərinin hakimiyyət və idarəçilik orqanları, öz qanunvericiliyi və məhkəmə sistemi vardır. Başqa sözlə deyilsə, federasiya subyektlərinin hər biri hüquqi baxımdan nisbi müstəqil dövlət kimi çıxış edir,

İdarəçilik dövlət hakimiyyətinin həyata keçirilməsi forması ilə də sıx əlaqəlidir. Bu münasibətdə monarxiya və yaxud respublika forması ola bilir.

Monarxiya (təkbaşına hakimiyyət) bütün hakimiyyətin bir nəfərin əlində mərkəzləşməsi deməkdir. Həmin şəxs hakim sülaləni təmsil edir. Bu halda hakimiyyət irsən keçir. İdarəetmənin respublika forması isə bununla səciyyələnir ki, hakimiyyət xalqın seçmiş olduğu nümayəndəli orqanlar tərəfindən həyata keçirilir. Bu formada qanuna görə xalqın əksəriyyəti hakimiyyətin mənbəyini təşkil edir. Bu forma hiiquqi qaydalara riayət olunmasını, aşkarlığı, hakimiyyət bölgüsünü nəzərdə tutur.

Monarxiya, yoxsa respublika forması yaxşıdır? Bu suala -birmənalı cavab vermək çətindir. Doğrudur müasir ictimai inkişaf, sivilizasiyalı ölkələrin təcrübəsi sübut edir ki, respublika daha səmərəli demokratik formadır. Bununla yanaşı unutmaq olmaz ki, monarxiya quruluşuna malik olan dövlətlər arasında da xeyli dərəcədə inkişaf etmiş və siyasi cəhətdən sabit ölkələr vardır (məsələn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və s.)

Monarxiya formasında dövlət başçısı vəzifəsin irsən keçməsi hakimiyyətlə bağlı mübahisələri, vətəndaş müharibəsini bir növ aradan qaldırır. Çünki taxt-tac hakim sülalənin nümayəndəsinə irsi qaydada ötürülür. Monarx bütün hakimiyyət funksiyalarını təkbaşına apara bilmir, onların bir hissəsini öz yaxmlarına həvalə edir. Quldarlıqda, xüsusən də feodalizmdə monarxiya idarəçilik forması qeyri-məhdud hökmranlığa malik despotizm kimi çıxış edir. Sonrakı dövrdə monarxiyarın bir qədər yumşaldılmış forması olan konstitusiyalı monarxiya kimi özünü göstərir. Bu forma bəzi ölkələrdə (İspaniya, Böyük Britaniya krallığı) indiyə qədər qalmaqdadır. Onlarda monarxiya konstitusiya ilə əlaqəlidir, yəni qanunvericilik funksiyasını parlament, icraedici funksiyanı isə hakimiyyət yerinə yetirır.

Məşhur amerikan politoloqu Z.Bjezinski özünün "Böyük şahmat lövhəsi" (1997) əsərində müasir ictimai inkişaf mərhələsinin xüsusiyyətlərini qeyd etmişdir. O hesab edirdi ki, beynəlxalq münasibətlərdə siyasi coğrafiya çox vacib amil olaraq qalır. Beynəlxalq münasibətlər tarixində siyasi münaqişələrin əsasını ərazi iddiaları təşkıl edir. Burada millətçilik və yeni ərazi əldə etmək arzusu bilavasitə əlaqəlidir ki, onu çox vaxt dövlət həyata keçirir. Dövlət-millətlər dünya sisteminin əsas halqaları olaraq qalır.

Qlobal siyasətdə böyük, fövqəldövlətlərin şovinizmi, ideoloji təzyiqi azalsa da, nüvə silahı zor işlətmədə sabitlik yaratsa da, ərazi iddialarına əsaslanan siyasət hələ də beynəlxalq münasibətlərdə üstünlük təşkil edir (sivilizasiyalı görünüşü olsa da). Belə şəraitdə coğrafi vəziyyət yenə də dövlət-millətlərin xarici siyasi prioritetlərinin (başlıca istiqamətlər) müəyyən edilməsində əsas rol oynayır, milli ərazilərin ölçüsü, status və qüvvənin müəyyən edilməsində vacib meyar olaraq qalır. Bununla belə ərazi iddiaları getdikcə daha çox iki anlayış ilə bağlanır: "ana torpağa, ana vətənə" qovuşmaq arzusu, bir də etnik çoxluğun etnik azhqlara olan yabançı münasibəti.

Coğrafi vəziyyət dövlətin prioritetlərini müəyyən edir: hərbi, iqtisadi, siyasi qüvvələr artdıqca, onun geosiyasi mənafələri, təsiri və rolu da artır. Hal-hazırda ABŞ dünyada hökmranlıq edir, eyni zamanda Avroaciya kontinentində çox dinamik, çevik dövlətlər vardır ki, onların mənafe və meylləri geostrateji nisbəti dəyişdirə bilər. Bjezinski öz kitabında belə geosiyasi mərkəzləri müəyyən etməyə və onların inkişafını izləməyə çalışır. Uydurma Dağlıq Qarabağ problemi yaradaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, onun silahlı birləşmələri tərəfindən ərazimizin bir hissəsini işğal etməsi, habelə əlverişli geosiyasi məkanda yerləşən Azərbaycana münasibətdə müxtəlif superdövlətlərin öziməməxsus mənafelərinin olması bu fikrin həqiqiliyini sübut edir.

Vaxtilə Kant hesab edirdi ki, insanın gələcəyi, onun tarixi - insan əməllərinin nəticəsidir. İnsan öz varlığının dramını işləyib hazırlayır. İnsan iradələri istər-istəməz toqquşur, tarix bunu özündə əks etdirir, insanların fəal iştirakı olmadan tarix yarana bilməz. İnsan məqsədlər səltənətinə birdən-birə gəlib çıxa bilməz. Azad, mənvi cəhətdən kamil, bütün təbii varlığını (hissiyatı, duyğularını) bu əxlaqi məqsədə həsr edən insanların fəaliyyət nəticəsi faciəvi də ola bilər (əgər eqoizm ağıla qalilə gəlsə). «Əbədi sülhə doğru» əsərində o yazırdı: «insan köhnə əxlaqi-etik prinsiplərdən əl çəkməsə, onu ölüm gözləyir». Kant inanırdı ki, insan cəmiyyəti ahəngdar şəkildə inkişaf edərək, əbədi sülhə nail olacaqdır.

Deyilənlər bir daha göstərir ki, dövlətin fəaliyyəti, ümumiyyətlə siyasi fəaliyyət ən çox məsuliyyət tələb edən sahədir. Çünki o insanları, böyük sosial qrupları və cəmiyyəti idarəetmə məharətidir. Buna görə də həmin fəaliyyət sahəsində çalışanların yüksək mənəvi əxlaqi keyfiyyətlərə malik olması tələb olunur. Dövlətin uğurlu fəaliyyəti onun xalq ilə əlaqəsindən asılıdır. Hər bir dövlət xalqın inamını qazanmalı və onda qanuna riayət etmək hissi tərbiyə etməlidir. Hakimiyyət siyasi və sosial-iqtisadi vəzifələri həyata keçirərkən xalqın yüksək şüurluluğuna və mənəvi keyfiyyətlərinə arxalanmalıdır. Müxtəlif şəraitlərdə hakimiyyəti tətbiq etməyin hüdudlarını gözləmək də çox vacibdir. Bu prinsiplərin yerinə yetirilməsi dövlətin təkcə sözdə deyil, işdə xalq tərəfindən tanınmasına əlverişli şərait yaradır.

Müasir dövrdə siyasi fəaliyyət ilə mənəvi əxlaqi prinsiplərin nisbəti məsələsi geniş müzakirə olunmaqdadır. Bu, bir tərəfdən siyasət ilə əxlaqın münasibətlərinin mürəkkəb olması ilə, digər tərəfdən isə - bu münasibətləri aydınlaşdırmağın və real fəaliyyətdə nəzərə almağın zəruriliyi izah edilir. Hazırda ölkələrin hərbi və siyasi potensialı o dərəcədə güclüdür ki, bu və ya digər siyasətçinin mənəviyyata məhəl qoymaması, öz ölkəsinin siyasi məqsədlərinə nail olmaq üçün əxlaqi cəhətdən məqbul olmayan forma və vasitələrdən istifadə etməsi xalqların və cəmiyyətin həyatında fəlakətli nəticələrə gətirib çıxara bilər.

Hazırda müstəqil Azərbaycan dövləti və onun hakimiyyət strukturları qarşısında duran vəzifələri aşağıdakı kimi qruplaşdırmaq olar: milli dövlət quruculuğunu qətiyyətlə davam etdirmək, ictimai həyatın bütün sferalarında demokratikləşdirməni genişləndirmə yolu ilə hüquqi dövlətə doğru irəliləmək, formalaşmaqda olan bazar münasibətlərinə lazımi dərəcədə siyasi, hüquqi təminat yaratmaq, eyni zamanda ona tənzimedici təsir göstərmək, əhalinin həmrəyliyini və birliyini möhkəmləndirmək, düzgün, elmi əsaslandırılmış milli siyasət yetirmək, xalqın rifah halını yaxşılaşdırmaq, mədəniyyətini yüksəltmək.

Xarici siyasət sahəsində dövlətimizin başlıca vəzifələrini ölkəmizin ərazi bütövlüyünü və toxunulmazlığını təmin etmək, ölkənin müdafıə qabiliyyətini möhkəmləndirmək, dünya ölkələri ilə əlverişli iqtisadi əməkdaşlıq həyata keçirmək, ölkəmizin dünya birliyinə iqtisadi, siyasi, mədəni və ekoloji baxımdan qovuşmasına fəal kömək etmək.
ƏDƏBIYYAT

  1. Бжезинский З. Beликaя шaxмaтнaя дocкa. M, 1997.

  2. Kpaпивенский C.Э. Coциальная философия. M., 1998.

  3. Философский энциклопедический словapь. M., 1989.


18-CI MÖVZU. CƏMIYYƏTDƏ HÜQUQI MÜNASIBƏTLƏR VƏ ONLARIN TƏŞKILI FORMALARI
İqtisadi və siyasi münasibətlərlə yanaşı cəmiyyətin təşkili, fəaliyyəti və inkişafında hüquq da çox mühüm rol oynayır. Hüquq və əxlaq insanların davranışını, onların bir-birinə, habelə cəmiyyətə olan münasibətlərini və əlaqələrini tənzimləyən qüdrətli alətdir. Hüquq-hamı tərəfindən qəbul olunmuş, məcburi ictimai qaydalar sistemidir. Dövlət bu qaydalar vasitəsilə ictimai münasibətləri tənzim edir. Daxili məzmununa görə hüquq çox genişdir. Buraya ictimai münasibətlərin müxtəlif növlərini (siyasi, iqtisadi, sosial, mənəvi və sair) tənzim edən normativ aktlar sistemi, habelə vətəndaşın hüquqları, azadlıqları və vəzifələri daxildir.

Sonuncular bir növ şəxsiyyətin hüquqi statusunu müəyyən edir. Hüquq ictimai həyatın bütün sahələrinə müdaxilə edir. O mövcud mülkiyyət münasibətlərini əsaslandırır və qoruyur, əməyin və onun məhsulunun bölünməsi və mübadiləsində iştirak edir, dövlət mexanizminin ictimai münasibətlərə, münaqişələrin həlli proseduralarına mənfi təsirlərinə qarşı mübarizə aparır, şəxsiyyətlərarası, beynəlxalq dövlətlərarası münasibətləri tənzim edir.

Hər bir tarixi dövrdə hüquqi münasibətlərin ümumi səviyyəsi cəmiyyətin iqtisadi, sosial-siyasi , mədəni quruluşu və inkişafı ilə müəyyən edilir. O, tarixi ənənələr, hakim ideologiya və sair amillərin təsiri altmda formalaşır və inkişaf edir. Hüquqi normaların və münasibətlərin icrasını təmin edən əsas təşkilat - dövlət və onun hakimiyyətidir. Hüquq şəxsiyyətin cəmiyyətdə və dövlətdə vəziyyətinin inikasıdır.

Fəlsəfə tarixində hüquqi ideyaların, münasibətlərin tədqiqi mühüm yer tutur. Qədim xalqlarda hüquq elmi formalaşmamışdı, lakin onların etik və siyasi nəzəriyyələri elmi biliyin, o cümlədən hüquq elminin inkişafına müəyyən təsir göstərmişdir.

Mifoloji təsəvvürlərə görə, Yer üzərindəki qaydalar -ümumdünya, ilahi mənşəli kosmik qaydaların ayrılmaz hissəsidir. Bu baxımdan dünyada insanların yaşayışı, ictimai quruluşu, bir-birilə və Allahlarla münasibətləri, onların hüquq və vəzifələri miflərdə geniş işıqlandırılmışdır. Sonralar tədricən bu baxışlarda, rasional fikirlərin payı çoxalır, nəticədə hakimiyyət və fərd, dövlət və insan haqqındakı təsəvvürlərdə dəyişikliklər əmələ gəlir, əvvəlki ənənəvi inamlar və təsəvvürlər (hakimiyyət, hüquq və idarəetmə haqqında) dəyişir.

Konfusi hökmdar məmurlar və rəiyyət arasındakı münasiləətləri xeyirxahlıq əsasında qurmağa dəvət edirdi. "Xalqa rəhbərlik qanunlar əsasında, qaydalara riayət olunmamasını cəzalandırma yolu ilə təmin edilsə, hamı bu cəzadan uzaqlaşmağa çalışacaq, amma öz əməllərinə görə xəcalət çəkməyəcək. Lakin xeyirxahlıq vasitəsilə, adət-ənənə ilə yaşasaq, xalq mömin olacaq, doğruluğu axtaracaq". Zorakılığa qarşı çıxan Konfusini legizmin tərəfdarları (Şan Yan, Xan Fey və başqaları) tənqid edərək, güclü, mərkəzləşdirilmiş, avtoritar dövləti, qanunlara əsaslanan dövlət idarəçiliyini müdafiə edirdilər.

Onlann fikrincə, cəzalandırmanı vaxtında, çox ciddi şəkildə və hətta ən xırda əməllərə görə həyata keçirmək lazımdır. Xalqın mövqeyi gücləndikcə, dövlətin mövqeyi zəifləyir. Dövlət fərdlər üzərində çox ciddi nəzarət etməlidir.

Zərdüştilik təliminə görə dövlət, Hörmüzün, səma padşahlığının yer üzündəki təcəssümüdür. O, öz vətəndaşlarını şərdən qorumalı, xeyirxahlığı yaymalıdır. Hər bir insan öz istədiyi peşə və təbəqənı seçmək hüququna malikdir.

Qədim Yunanıstanda, xüsusi mülkiyyət şəraitində, vətəndaşların hüquq və vəzifələri onların torpaq mülkiyyətinin həcminə görə müəyyən edilirdi. Pifaqor və onun davamçıları, ailədə, ictimai və dövlət işlərində ədalətli qaydaların yaradılmasında Allahların, valideynlərin və qanunların hüququnun qəbul edilməsindən və onlara şüurlu şəkildə tabe olmağın əhəmiyyətindn yazırdılar. Onlara görə ən böyük qəbahət - anarxiyadır. Pifaqor və Heraklit yalnız aristokratların hakimiyyətini qəbul edirdi.

Sofistlərin nümayəndəsi Frazimax göstərirdi ki, dövlətin, qanunvericiliyin bütün formalarında zorakılıq böyük rol oynayır. Siyasət və qanun avtoritar xarakter daşıyır. Yunanlar artıq təbii və vətəndaş hüquqlarını fərqləndirməyə başlamışdılar. Sokratın fikrincə, dövlət və qanun ata-anadan da ucadır. Dövlətin hətta ədalətsiz qanunlarına əməl etmək lazımdır (əgər yanlış fikrindən onu döndərə bilmirsənsə). Azadlıq və bərabərlik şəraitində vətəndaşlar öz qanuni vəzifələrinə sərbəst əməl edə bilirlər.

Platonun ideal dövlətində yalnız vətəndaşlar siyasi hüquqlara malikdirlər. Vahid ideologiya və kollektivçiliyi, qadınlar və kişilərin bərabər hüquqlarını təmin etmək üçün ümumdövlət quruluşunu saxlamaq və möhkəmləndirmək lazımdır. Qanunlara qarşı çıxanlar ya cəmiyyətdən qovulmalı, ya da öldürülməlidir. Məhkəmə cəzası Allahların cəzası ilə tamamlanır.

Aristotel də dövləti şəxsiyyətdən üstün tuturdu, çünki dövlət insan təbiəti və ünsiyyətinin ali məqsədini reallaşdırır, fərdləri, ailələri, müxtəlif sosial qrupları özündə birləşdirir.

O fərdlərin hüquqlarını, birinci növbədə xüsusi mülkiyyət və ailə qurmaq hüququnu müdafiə edir. Aristotelin fikrincə, hüquq siyasi ədalətliliyin təcəssümü olmaqla, insanların siyasi münasibətlərinin norması rolunu yerinə yetirir.

Epikür isə dövlət hakimiyyətinin əsas məqsədini insanların təhlükəsizliyinin təmin olunmasında görürdü; qanun da bu sahənin təminatçısı olmalıdır.

Stoiklər Zenon və Xrisipp, təbiı qanun, ümumdünya ideyası üzərində dayanaraq, cəmiyyətdə fəaliyyət göstərən məhkəmələri, məbədləri, məktəbləri, ticarəti, pulları, hətta ailəni tənqid edirdilər. Belə yanaşma quldarlıq dövrünün böhranının ifadəsi idi. Ümumbəşəri, dünya (humanist) qanunlarını Seneka da qəbul edirdi. Siseron təbii-hüquqi təsəvvürləri bir qədər də inkişaf etdirmişdir. O göstərirdi ki, "Təbiət bizə həm ağılı, həm qanunu, həm də hüququ bəxş edib". Hüquq, təbiətin ədalətli və ağıllı qanunlarına arxalanaraq həm vətəndaşın, həm də bütövlükdə xalqın ümumi faydasını ifadə edir. Dövlət və şəxsiyyətin qarşılıqlı əlaqəsi hüquqi xarakter daşıyır. Beləliklə, Platon və Aristotelin müstəqil dövlət haqqındakı təsəvvürləri stoiklər və Siseronun müstəqil şəxsiyyət ideyası ilə əvəz olundu. Bir çox Roma hüquqşünasları, quldarlığın təbii hüquqa zidd olduğunu başa düşsələr də, xalqların hüququna istinad edərək qulun hüquqi şəxs olduğunu qəbul etmirdilər. Bununla belə romalılar hüquq nəzəriyyəsinin inkişafında böyük rol oynamışdılar.

Təbii hüququn teoloji nəzəriyyəsinin banisi Akvinalı Foma qanuna belə tərif vermişdir: qanun həm təbiətdə, həm də cəmiyyətdə mövcuddur. Onun fikrincə, insanların müsbət keyfiyyətləri təbii bir də ilahi (ruhi) olduğuna görə, qanunlar da insani və ilahi xarakterli olur. Akvinalı F. göstərirdi kı, əbədi qanun dünyanı idarə edən ilahinin qanunudur. Təbiətdə bu qanun labüd qaydalarda, insanın qəlbində isə aşkar həqiqətlər və təbii qabiliyyətlərdə ifadə olunur. Qanunun insanda olan bu ifadəsi elə təbii qanunım özüdür. Lakin insan kamil olmadığı üçün təbii qanun intizam ilə tamamlanmalıdır. Nəticədə, insani və ya pozitiv qanun yaranır: məcbur etmək, zor işlətmək ilə bəzi insanları bəd hərəkətlərdən çəkindirmək, cəmiyyətin qanunlarına tabe etdirmək lazımdır.

Nəhayət, ilahi və ya vəhy qanunu ona görə lazımdır ki, insanların məqsədləri onların təbii imkanlarından xeyli böyükdür, insani qanun şər işləri axıra qədər məhv edə bilmir. Bir də ona görə ki, insanların ağılları kamil olmadıqları üçün həqiqət haqqında vahid rəy yarada bilmirlər və ali göstərişə ehtiyac duyurlar.

Akvinalı F. qeyd edirdi ki, insanların qanunları bəzən hökmdarın şəxsi mənfəətini güdərək, ədalətsiz, ümumi mənafeyə, Allahın iradəsinə zidd olurlar. Belə hallara qarşı dözümsüz olmaq lazımdır. Allah qanununa üstünlük verilməlidir. Onun fikrincə, İsa Peyğəmbərə olan inam ədalətlilik qaydalarını daha da möhkəmləndirir. Dünyəvi hakimiyyət insan cisminin qeyri-mükəmməl olması üzündən yaşayıb fəaliyyət göstərir, insan ruhu isə Allaha, onun iradəsinə tabedir.

C.Lokk və JJ.Russo təbii hüququn dünyəvi nəzəriyyəsini yaratdılar. Hüquq və siyasət məsələlərinə Lokk iki traktatında öz münasibətini bildirir. Onun fikrincə, dövlət hüququnun mahiyyəti və mənşəyini öyrənmək üçün insanların təbii vəziyyətinin nə olduğunu müəyyən etmək lazımdır. Tam azadlıq, təbii vəziyyət və sərbəstlik, eyni zamanda hakimiyyət və qanunun qarşılıqlı tarazlığı əsasında yaranmış bərabərlikdir. Təbii vəziyyət özbaşınalıq deyildir, insanlar nə özünə, nə başqalarına, onların həyatına, sağlamlığına, azadlığına və əmlakına qəsd edə bilməzlər.

Qanunlara riayət etmək lazımdır, əks halda onların mənası itir. Təbii vəziyyətdə insanların mübahisələrini həll edə biləcək qüvvə tapılmadığı üçün müharibələr baş verir. Bu vəziyyətdən çıxış yolu -dövlətin yaradılması olmuşdur. Dövlətdə insanlar öz hüquqlarının bir qisminin cəmiyyətə ötürürlər ki, təbiətin qanunları pozulanda, vəzifəli şəxslər qanunu pozanları cəzalandırsınlar. Bununla belə hakimiyyət mütləq xarakter daşımalıdır: dövlətdə qanun-alidir, hamı ona tabe olmalıdır, dövlətin gücü də bunda, yəni birlıkdədir. Dövlətin əsas məqsədi -mülkiyyətin toxunulmazlığını təmin etməkdir. Qanunvericilik - dövlətin əsas, müqəddəs vəzifəsidir, bununla yanaşı dövlətin icraedici və federativ vəzifələri də vardır. Sonuncu insanların təbii vəziyyətinə uyğundur, burada sülh və müharibə vəzifələri, ittifaqlar və müqavilələrin bağlanılması məsələləri həll olunur (söhbət xarici siyasətdən gedir).

Russo da özünün, dövlət və hüquq haqqındakı təlimində insanların təbii vəziyyətinə yüksək qiymət verirdi. O deyirdi ki, insanın daxili əxlaqi hökmü vardır. Allah tərəfindən yaradılmış, bu dünyanın zəruri hissəsi olan insanın həyatı və yaradıcılığı da bu dünyanın inkişafı və fəaliyyəti ilə tam həmahəngdir. Lakin, elə ki, insan öz təbii vəziyyətinə xəyanət edərək, təbii tələbatları boğur, sünilərə üstünlük verməyə başlayır, onda o günaha batır, öz azadlığını itirir.

Əsil xoşbəxtlik isə azadlıqdır, onu heç nə ilə əvəz etmək olmaz. Siyasi bərabərsizliyin əsasını xüsusi mülkiyyətdə görən Russo başa düşürdü ki, cəmiyyət də, dövlət də yalnız insanların ümumi razılığı, ümumi mənafelərin (xüsusilə iqtisadi) yaranmasının əsasında əmələ gələ bilər. Ümumi iradənin, ali hakimiyyətin, suverenliyin ifadəçi və daşıyıcısı xalqdır.

Russo da dövlətin qanunverici və tərbiyəedici funksiyalarını fərqləndirirdi. O göstərirdi ki, dövlətin funksiyaları sırasında ümumi və xüsusi sahələr bir-birindən ayrılmasa, xüsusi mənafelərin qanunvericiliyə təsiri tahlükəli xarakter ala bilər.

İ.Kantın təlimində də bir sıra hüquqi prinsipləri izləmək olar. Əxlaq, daxili əxlaqi imperativ, azadlıq, ağıl kateqoriyalarına müraciət edən Kant azadlığın əxlaqi keyfıyyətlər ilə birləşməsinin nəticəsini ümumi firavanlıq və xoşbəxtlikdə görürdü. Kant hüquqi dövlət konsepsiyasını yaradanlardan biri olaraq, dövlət və vətəndaşların münasibətlərinin hüquqi xarakter daşıdığını göstərmişdir. "Hakimiyyət bölgüsü aparılmış belə dövlətdə ümumi azadlıq qanununun tələblərinə uyğun hər kəsin özbaşınalığı digərlərinin özbaşınalıqlarının sərbəst ifadəsi ilə uyğunlaşır".

F.Hegelin təlimində dövlət vahid məqsəd və azadlığın təcəssümü kimi, fərdlərin, qrupların və ümumiyyətlə cəmiyyətin üzərində yüksəlir. Dövlət "əxlaqi ideyanın gerçəkliyi və mütləq məqsədi" olduğu üçün, fərdlərə nisbətən ən ali hüquqa malikdir. Fərdin ali vəzifəsi - dövlətin üzvü olmaqdır. Hegel eyni zamanda dövlətin simasında şəxsiyyətin hüquq və azadlıqlarının təminatçısını görürdü. Dövlət - üzvi bütövlülük olduğu üçün, dövlət səviyyəsində təşkil olunmuş xalqın (millətin), hər bir fərdin, müxtalif ittifaqlarin və birləşmələrin üzvi, bütöv azadlığı burada təmin olunmalıdır. Hüquq və vəzifələr bir-birini tamamlamalı, dialektik şəkildə, dövlət bütövlülüyünün suverenliyi şəraitində həyata keçirilməlidir.

XIX əsrdə hüququn tarixi və üzvi məktəbləri də yaranmışdı. Ümumiyyətlə, hüquqda obyektiv və subyektiv cəhətlər, yəni təbii və pozitiv (vətəndaş) ifadəetmə formaları tarixən inkişafda olan hallardır. Bu inkişaf qanunauyğun şəkildə gedir, hər bir xalqın hüququ - onun tarixi inkişafının məhsuludur. Qeyd olunan fikri irəli sürən tarixi məktəb nümayəndələri təbii hüquq nəzəriyyəsinə sarsıdıcı zərbə vurdular. Belə ki, onlar təbii hüquq fərziyəsinə qarşı qanunauyğun tarixi inkişaf ideyasını irəli sürdülər. Bu təlimin Savinyi, Hüqo və digər nümayəndələri başa düşürdülər ki, hüquq nəzəriyyəsi insan zəkasının yox, tarixi inkişafın məhsuludur. Məsələn, Hüqo hüququn yaranmasını qanunlarda yox, cəmiyyətin inkişafı və şəraitində görürdü. Onun fikrincə, hüquq, insan dili kimi, özü-özlüyündə, müzakirə və qaydalarsız, şəraitdən asılı olaraq, formalaşır.

Qanunun bir çox müddəaları bəzən yerinə yetirilmir, əksinə, elə qaydalara riayət olunur ki, onlar heç bir qanunda qeydə alınmamışdır. Xalqın şüurunda hüquq mücərrəd qaydada və ya formada yox, hüquqi institutların canlı əlaqəsi şəklində qavranıhr. Tarixi inkişafın hər bir mərhələsində bu təsəvvürlər öz ifadəsi üçün bir forma axtarır. Məsələn, ibtidai cəmiyyətin hüququ -simvolik işarə və hərəkətlərdə ifadə olunurdu, mədəni cəmiyyətdə fəaliyyət formaları zəngin olur, funksiyalar ayrılır. Burada hüquqi yaradıcılıq ilə hüquqşünaslar sinfı məşğul olur, bununla belə, hüququn sosial həyatla əlaqəsi qırılmır. Beləliklə, hüququn yaranmasının səbəbi - xalqın ruhu, ümumi həyatın tənzimlənməsi zərurətidir.

Tarixi məktəbin digər nümayəndələri, Puxta, Bezeler də hüququ xalqın ruhunun inkişafı nəticəsi kimi başa düşüb, onu xalqın hüququ adlandırdılar. Xalqın ruhu isə inkişafda olan, lakin özündə əzəldən xalq həyatının bütün xüsusiyyətlərini daşıyan bir anlayışdır. Hüququn da inkişafı - bu xüsusiyyətlərin açıqlanmasıdır. Tarixi məktəbin nümayəndələri hüququn ümumsosial məzmununu görmək istəmirdilər.

Hüququn üzvi məktəbinin nümayəndələri Krauze, Reder, Arens təbii hüquq məktəbindən fərqli olaraq, cəmiyyətin fərdlərin mexaniki əlaqələrinin aqreqatı olduğu ideyasını rədd edib, ona sistem-struktur yanaşmaya üstünlük vermişdilər. Cəmiyyət elə bir sosial orqanizmdir ki, onun hər bir üzvü digərinin azad, sərbəst inkişafını təmin edir. Üzvi məktəbin nümayəndələri, hüququn inkişafında həm obyektiv, həm də subyektiv səbəbləri qəbul edirdilər. Subyektiv element hüququn inkişafını sərbəst edir.

Bununla belə göstərir ki, insanlar sosial münasibətləri istədiyi şəkildə dəyişdirə bilmədiyi üçün sonuncuların yalnız bu və ya digər istiqamətini müəyyən edə bilərlər. Tarixi şərait obyektiv xarakter daşısa da, insan azad iradəyə malikdir, onun fəaliyyəti səbəbiyyət qanunlarına tabe olmur. Krauze insanın bioloji və sosial keyfiyyətlərini qeyd edərək, göstərirdi ki, insanın ali idealının gerçəkləşməsində onlar müxtəlif rol oynayır. Hüquq və əxlaq bu idealın (xeyirxahlığın) reallaşmasında əsas yer tutur.

Hüquq fəlsəfəsi tarixində daha bir məktəb mövcud olmuşdur. Söhbət pozitivizm məktəbindən gedir (XIX əsr). Bu məktəbin nümayəndələri Müller, Post və İherinq hüquqi qanunları qanunun elmi anlayışı ilə qarışdırırdılar. Müller hüququn yaranmasını səbəbiyyət qanununun inkişafında görürdü. İnsan nəsli, yarandığı gündən məhdud biliyə və bacarıqlara malikdir. O həqiqi, normal münasibətləri yaratmağa daim can atır, bəzən bunu süni şəkildə sürətləndirir, nəticədə pozitiv hüquq yaranır. İnsanın bilikləri artdıqca, hüquq da təkmilləşir. Müllerin hüququ təbii hüquq və vətəndaş hüququ hissələrinə bölünür. O post hüququn yaranmasının səbəbini sosial amillərdə - cəmiyyətin yaranması və inkişafının xüsusiyyətlərində görürdü.

İnsan münasibətlərinin idealı - təbii hüquqdur, müsbət (pozitiv) hüquq isə məcburi qaydadan ideal qaydalara keçid formasıdır. Beləlilə, pozitivizm məktəbinin nümayəndələri hüqüqu iki hissəyə ayırırdılar: müsbət, dəyişən, insanların məhdud biliyindən irəli gələn hüquq və mütləq, dəyişilməz, predmetlərin mahiyyəti ilə müəyyən edilən hüquq. Aydındır ki, hüquq qanun yox, hadisədir və mütləq, dəyişilməz xarakterə malik deyildir. İherinq digər pozitivistlərdən fərqli olaraq, hüququn yaranmasının əsas səbəbini iradədə yox, fayda və mənafedə, ayrı-ayrı adamların və qrupların öz mənafeləri uğrunda apardıqları mübarizədə görürdü.

Marks və Engelsin hüquqi ideyaları İherinqin ideyalarına bir qədər yaxındır. Dövlət hakimiyyəti iqtisadi cəhətdən qüdrətli sinfin əlində olduğundan hüquqi qaydalar da məhz bu sinif tərəfindən yaradılır. Hüquq ona uyğun ictimai münasibətləri və davranış modellərini möhkəmləndirir və mühafizə edir. Onların fikrincə, tarixi şəraitdən asılı olaraq, hüquq da bir sinfın hakim mövqeyini ifadə edir, ya da özündə sinfi mübarizənin səviyyəsini, sosial qüvvələrin qarşıdurmasını və ya kompromisin nəticələrini əks etdirir.

Müasir cəmiyyətdə hüquq fəal şəkildə iqtisadiyyata, siyasi proseslərə, ictimai münasibətlərə təsir edir. Hüquqi ideologiya, hüquqi peşələrin əhəmiyyəti getdikcə artır; hüquqi dövlət şəraitində demokratik prinsiplərin, insanların hüquq və azadlıqlarının təminatı üçün geniş imkanlar yaradılır; qanunun aliliyi, qanunvericiliyin demokratik səviyyəsinin, dövlətin idarəolunmasında hüquqi mədəniyyətin artması təmin olunur.
ƏDƏBIYYAT


  1. Древнекитайcкaя философия. t.2. M., 1973.

  2. История филocoфии npaвa. Пocoбиe к лекциям
    H.M.Kopкуновa. C.Пeтepбypr, 1908.


  3. Maтериалисты дpeвнeй Гpeции. M., 1955.

  4. Философский энциклопедический словapь. M., 1989.


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin