Azərbaycanda rayonlaşmış sortları: Donetck – 8.
Növbəli əkində yeri. Yazlıq arpanın və yazlıq buğdanın becərilmə texnologiyasında oxşar
cəhətlər çoxdur. Arpanı müxtəlif sələflərdən sonra əkmək mümkündür. Adətən təsərrüfatlarda onu
qarğıdalıdan, günəbaxandan və birillik dənli-paxlalı bitkilərdən, payızlıq buğdadan, kartofdan
sonra, hətta pambıq əkən rayonlarda pambıqdan sonra yerləşdirdikdə yaxşı nəticələr əldə edilir.
Pivə məqsədi üçün ən çox cərgəarası becərilən bitkilərdən sonra əkilir. Ərzaq məqsədi üçün və
eləcə də yem məqsədi ilə dənli taxıl bitkilərindən sonra becərilməsi daha səmərəlidir.
Gübrələmə. Mühüm aqrotexniki tədbirlərdən biri də əkinlərin gübrələnməsidir. Arpa bitkisi
bir ton əsas və əlavə məhsulla torpaqdan 25-30 kq azot, 11-12 kq fosfor və 20-24 kq kalium
elementi aparır. Gübrəyə həssas bitkidir. Fosforun verilməsi bitkinin qışa davamlılığını artırır. Arpa
inkişafının ilk dövrlərində qida elementlərini artıq sərf edir. Borulaşma dövründə ümumi normanın
50%-ə qədərini mənimsəyir.
Arpanı ərzaq və yem məqsədilə becərən zaman azot gübrəsinin tam normasının fosfor və
kaliumla uyğunlaşdırılması tövsiyə olunur, lakin pivə məqsədi üçün azot gübrəsinin norması 20-
25% aşağı salınır.
Fosfor və kalium gübrələri əsasən şum altında verilir. Bu gübrələr eyni zamanda arpanın
pivə bişirmək keyfiyyətini yaxşılaşdırır.
Torpağın becərilməsi. Arpa üçün torpağın becərilməsi sistemi digər yazlıq taxılların
becərilmə sistemindən fərqlənmir. Əsas və səpinqabağı becərmə üsulları sələflərdən və torpaq-iqlim
şəraitindən asılıdır. Cərgəaraları becərilən bitkilərdən sonra torpaq 28-30 sm dərinlikdə şumlanır.
Səpinə qədər alaqlarla mübarizə məqsədi üçün sahəyə kultivasiya çəkilir. Şum altına hektara 10-15
ton yarımçürümüş peyin və 1,5-2,0 sentner superfosfat verilir. Əgər sələf bitkisi payızlıq buğdadırsa
məhsul yığımından sonra kövşənlik 5-6 sm dərinlikdə üzlənir, əgər alaq toxumları cücərti verərsə
üzləmə təkrar olunur və axırıncı üzləmədən sonra 25-27 sm dərinlikdə şum qaldırılır.
Səpinqabağı sahəyə toxum səpilən dərinlikdə (5-7sm) kultivasiya çəkilərək malalanır.
Səpindən 10-15 gün qabaq ağır qranulometrik tərkibli torpaqlar arat edilir. Yüngül qranulometrik
tərkibli torpaqlarda səpsuvar aparılır. Əgər şum altına gübrə verilməyibsə, səpin qabağı kultivasiya
altına verilir.