Azərbaycanda rayonlaşdırılmış sortları: - Stavropol yem hibridi.
Növbəli əkində yeri . Eyni sahədə bir neçə il becərildikdə sorqo bakterioz xəstəliyinə tutulur.
Ona görə də onu payızlıqlar, dənli-paxlalı bitkilər, qarğıdalı, pambıq, tütün, kartof və çuğundur
bitkiləri ilə növbələşdirirlər. Sorqo torpaqdan çoxlu azot elementi apardığına görə ondan sonra
tarlaya dənli paxlalı-bitkilər əkmək faydalıdır. Sorqonu eyni tarlada uzun müddət becərmək
mümkündür, ancaq torpağın əkinaltı qatını hədsiz qurudur.
Torpağın becərilməsi . Torpağın becərilməsinə sələf bitkisi yığılan kimi başlanılmalıdır.
Sələf bitkiləri yığılan kimi sahə üzdən yumşaldılmalı (6-8sm), sonra dondurma şumu edilməlidir.
Şum altına 10 ton yarımçürümüş peyin və 2 sentner superfosfat verilərək 25-30 sm dərinlikdə
dondurma şumu aparılır. Erkən yazda alaqaları məhv etmək üçün tarlaya kultivasiya çəkilərək
malalanır. Suvarılan bölgələrdə səpindən 10-15 gün əvvəl arat aparılır. Respublikamızın nisbətən
şoranlaşmış, qranulometrik tərkibi ağır olan torpaqlarında aratın əhəmiyyəti daha böyükdür. Sahəni
səpinqabağı becərdikdə axırıncı kultivasiya toxum basdırılan dərinlikdə aparılmalıdır.
Gübrələnməsi . Dən və yaxud silos məqsədi ilə becərilməsindən asılı olmayaraq sorqo bitkisi
gübrələməyə yaxşı reaksiya göstərir. Gübrələmə sistemi torpağın münbitliyindən, sələfdən, nəzərdə
tutulmuş məhsuldan və s. asılıdır. Üzvi və mineral gübrələrin birgə verilməsi məhsuldarlığı 35-45%
artırır. Səpinqabağı və səpinlə birlikdə cərgələrə 80-100 kq ammonium şorası, 2-4 yarpaq və
gövdələmə fazalarında hektara 2 sentner superfosfat və 1 sentner ammonium şorası verilir. Suvarma
şəraitində yemləmələr vegetasiya suvarmalarından əvvəl aparılmalıdır. Suvarma şəraitində azot
gübrələrinin 30-40%-i, fosforun 50-60%-i, kaliumun 40-60%-i səpindən 1-2 ay əvvəl əsas şum
altına qalan hissəsi isə yemləmə şəklində verilir. 2-3 yarpaq fazasında 1-ci yemləmə, gövdələmə
fazasında 2-ci yemləmə aparılır.