Əkinlərə qulluq. Sorqo cücərtilər alındıqdan gövdələşmə fazasına qədər nisbətən yavaş
böyüyür. Odur ki, bu dövrdə becərilməsi daha böyük diqqət tələb edir. Sahə alaqlardan
təmizlənməli və nəmlik itkisinin qarşısı alınmalıdır. Bir qayda olaraq səpin qurtaran kimi qulluq
işlərinə başlanılmalıdır. Yüksək aqrotexnika tətbiq etdikdə sorqodan yüksək dən və ya silos
məhsulu götürmək mümkündür. Qranulometrik tərkibi yüngül olan torpaqlarda (dəmyə) tarlanın
səthinə vərdənə çəkib sıxlaşdırılır ki, alt qatın nəmliyi yuxarı qalxsın və toxumlar nəmlikdən
istifadə edib tez cücərsinlər. Bu tədbirlər nəticəsində cücərti 2-4 gün tezləşir. Tədbir kəsici və ya
deşici dişləri olan vərdənələrlə aparılır. Əgər cücərtilər alınana qədər torpaq səthi qaysaq əmələ
gətirirsə, MB-2,1 markalı mala ilə cərgələrə köndələninə saatda sürəti 2-4 km olmaq şərti ilə,
rotasiya malası çəkilir. Əməliyyat cücərtilərin əmələ gəlməsindən 4-5 gün qabaq aparılır.
Sorqo inkişafının ilk aylarında zəif böyüyür (30-40 gün). Ona görə də əkinləri diqqətlə
becərərək alaqları vaxtında məhv etmək lazımdır. Cücərti alındıqdan sonra 7-10 sm dərinliyində
cərgəaralarında 1-ci kultivasiya aparılır. 2-ci kultivasiya 6-8 sm dərinlikdə 4-5 yarpaq əmələ
gəldikdə aparılır. Bu zaman həm də seyrəltmə aparılır. Cücərtilərdən bir ay sonra cərgəaraları
becərilərkən bitkinin dibi doldurulur. Alaqlara qarşı çıxış alınana qədər hektara 3-6 kq propazin, 3-6
yarpaq fazasında isə 1,5-2,0 kq hesabı ilə 2,4-DU herbisidi çilənir. Məftil qurdlarına qarşı sorqonun
toxumları 1 tona 2 kq hesabı ilə fentiuramla dərmanlanır. Vegetasiya ərzində 1-3 dəfə suvarılır. 1-ci
suvarma 3-4 yarpaq, 2-ci suvarma gövdələmədə, 3-cü suvarma çiçəkləmədən sonra, 4-cü suvarma
dənədolma dövründə aparılır.
Məhsul yığımı. Sorqonun dəni tökülmədiyi üçün tam yetişdikdən sonra yığılır. Yığım adi
taxılyığan kombaynlardan istifadə etməklə barabanların dövrlər sayını 500-600-ə endirməklə CK-4,
CK-6 kombaynları ilə aparılır. Toxumun nəmliyi 12-13%-ə qədər çatdırılır. Dənin nəmliyi 20%-dən
çix olduqda CM-2,6 markalı sorqoyığan kombayndan istifadə edilərək hissə-hissə yığım aparılır.
Şəkərlik sorqo mum yetişkənlik fazasının sonunda yığılır.
Silosluq sorqo, dənin süd-mum yetişkənliyi fazasında yığılaraq silos quyularına doldurulur.
Süpürgəlik sorqo dənin tam yetişmə fazasında yığılır. Dənlər xüsusi daraqla süpürgədən ayrılır.
Yaşıl yem və quru ot üçün süpürgələmədən əvvəl yığılır. Yaşıl yem üçün becərildikdə vegetasiya
müddətində 2-3 dəfə gövdələmə fazasında biçilir. Bu zaman ot məhsulu zərif olur və yaxşı xora
verir.
Yaşıl kütləsində zəhərli duprin qlukozidi (sianid turşusu - sinil) 0,003-dən 0,31%-ə qədər
olur. 0,1% zəhərli hesab olunur. Biçildikdən iki saat sonra bu maddə parçalanıb zəhərliyini itirir.
Paxlalı bitkilərlə qarışıq əkinləri süpürgələmə fazasında yığılır.
Süpürgəlik sorqonu yığan zaman süpürgələri 80-100 sm uzunluğunda kəsərək, dərz bağlayıb
qurudurlar.