Suvarma. Azərbaycanın aran bölgələrində quru iqlim şəraiti və illik yağmurların az olması ilə
əlaqədar olaraq pambıq əkinlərində vaxtında və lazımi qədər suvarmalar aparılması əsas
məsələlərdəndir.
Kök sisteminin su ilə az təmin olunması bitkidə su çatışmazlığına səbəb olur ki, bu da fizioloji
proseslərin gedişini pozur. Fizioloji proseslərin pozulması isti günlərdə, xüsusən havanın nisbi
rütubəti aşağı olan dövrdə daha da şiddətlənir. Deməli gündüz saatlarında pambığın yarpaqları
soluxur, qönçə və çiçəklərin tökülməsi baş verir.
Mineral qida maddələrinin bitkiyə daxil olmasında da suyun əhəmiyyəti çox böyükdür. Bu
maddələr suda həll olunaraq bitki tərəfindən mənimsənilən formaya keçir və torpaq məhlulundan
bitkinin kök sistemi vasitəsi ilə mənimsənilir. Su bitki orqanizmində gedən fizioloji proseslərdə
iştirak etməklə onun istidən qorunmasında da mühüm rol oynayır. Məlumdur ki, pambıq bitkisində
buxarlanma gedərkən onun gövdəsi soyumağa başlayır və bu da bitkini qızmar günəşin istisindən
qoruyur, onun həyat fəaliyyətinin saxlanmasına imkan verir.
Pambığın nəmliyə olan tələbatını ödəmək üçün torpağın köklər qidalanan qatında tarla rütubət
tutumunu 65-70%-də saxlamaq zəruridir. Arat və vegetasiya suvarmaları mövcuddur. Torpaqda
nəmlik ehtiyatının toplanması, toxumun cücərməsi və çıxışların alınması üçün payız-qış dövründə
ehtiyat suvarması tətbiq edilir. Suvarma norması hektara 1000-1500 m
3
-dir.
Nəmlik itkisinin qarşısını almaq üçün yazda torpaq 1-2 iz malalanır.
Pambıq bitkisinin suya tələbatı daha çıx çiçəkləmənin başlanğıcı və ilk qozaların əmələ
gəldiyi dövrdür.
Suvarma rejimi və onun miqdarı torpaq münbitliyindən asılıdır. Münbitlik nə qədər yüksək
olarsa, məhsul da bir o qədər yüksək olacaq və məhsul yetişdirmək üçün ümumi suvarma norması
artacaqdır. Pambığı suvardıqda suvarma suyunun norma və miqdarı qrunt suyunun səviyyəsi ilə də
əlaqədardır. Qrunt suyunun səviyyəsi səthə yaxın olduqda torpaq yaxşı nəmləndiyinə görə bitki
ondan yaxşı istifadə edə bilir. Suvarmanın çiçəkləməyə qədər gecikdirilməsi torpaqüstü hissənin
inkişafını ləngidir. Qozalar gec əmələ gəlir və onların yetişməsi gecikir.
Bitkinin çiçəkləmə və bar orqanlarının əmələ gəlməsi fazalarında meyvə əmələ gətirmə
prosesi, böyümə prosesinə nisbətən üstün olmalıdır. Bu dövrdə normal qida rejimi yaratmaqla
əmələ gələn bar orqanlarını tam saxlamaq çox vacibdir. Torpaqda nəmliyin azalması bitkinin
inkişafının ləngiməsinə səbəb olur. Ona görə də torpağı daima normal nəmlikdə saxlamaq lazımdır.
Azərbaycan ETPİ-nin çoxillik tədqiqatları göstərir ki, bitkinin kökü yerləşən torpaq qatının
nəmliyi tarla rütubət tutumunun 70%-nə qədər azaldıqda pambığı suvarmaq lazımdır. İyul ayında
hava temperaturunun kəskin surətdə yüksələrək maksimuma çatması və bitkilərdə yarpaq səthinin
artması nəticəsində bitkinin suya tələbatı çox artır.
Vegetasiya suvarmaları qönçələməyə qədər (2 dəfə), qönçələmə dövründə (3-4 dəfə) və
yetişmə dövründə (1 dəfə) aparılır. Ümumiyyətlə vegetasiya dövründə torpaq tipindən və qrunt
sularının səviyyəsindən asılı olaraq pambıq 2-10 dəfəyə qədər suvarılır. Torpağın vəziyyəti və
çıxışlardan asılı olaraq birinci suvarmanı 3-4 həftədən sonra həyata keçirmək lazımdır.
Suyun çatışmaması kimi çox olması da zərərlidir. Suyun həddən artıq olması bitkilərin normal
tənəffüsünü pozur ki, du da kökçürümə xəstəliyinin inkişaf etməsinə şərait yaradır.
Pambıq əsasən şırımlarla və süni yağış yağdırma üsulu ilə suvarılır.