Toxumun səpinə hazırlanması. Səpin üçün eyni ölçülü, təmizliyi 97%, cücərmə qabiliyyəti
95% olan toxumlardan istifadə olunmalıdır. Bitkini heyvandarlıqda yem məqsədi üçün becərdikdə
cücərmə qabiliyyəti 92% olan 2-ci sinif toxumlardan istifadə olunur. Toxum çatmadıqda cücərmə
qabiliyyəti hətta 90% olan 3-cü sinif toxumlardan da istifadə etmək olar. Təzə yığılmış toxumlar
səpinqabağı açıq havada qızdırılır. Bərk sürmə xəstəliyinə tutulmadığına və praktiki olaraq toz
sürməyə qarşı davamlı olduğuna görə toxumların səpinqabağı dərmanlanmasına ehtiyac yoxdur.
Səpin müddəti, üsulu və norması. Optimal səpin müddəti payızlıq buğda üçün optimal
hesab edilən müddətin 2-ci yarası və sonu hesab olunur. Bu isə təxminən oktyabrın 1-10 arasına
təsədüf edir. Tritikalenin «Qismət» sortu sentyabrın axırında səpilir.
Ən yaxşı səpin üsulu darcərgəli və adi cərgəvi üsuldur.
Tritikale payızlıq buğdaya nisbətən yüksək norma ilə səpilir. Bölgədən və torpaq-iqlim
şəraitindən asılı olaraq suvarılan yerlərdə hektara 3, 4, 5 mln, dəmyə yerlərdə isə 3, 5, 6 mln. ədəd
cücərmə qabiliyyətli toxum səpilməlidir. Yem məqsədi üçün becərdikdə səpin norması artırılır.
Toxumların basdırılma dərinliyi torpaq tipindən asılı olaraq 6-8 sm-ə qədər dəyişir.
Əkinlərə qulluq. Səpindən sonra sahə dərhal suvarılır. Yazda buğda bitkisinə nisbətən
tritikale tez böyüməyə başlayır və buğdaya nisbətən 2 dəfə güclü kök sistemi (kütləsi) əmələ gətirir.
Ona görə də buğda bitkisindən əvvəl gübrələnməsi məsləhət olunur. Tritikale əkinlərinə
boruyaçıxma fazasında təsiredici maddə hesabı ilə hektara 30-40 kq azot gübrəsinin verilməsi
məhsuldarlığa müsbət təsir göstərir. Kollanma fazasının sonunda və boruya çıxmanın əvvəlində
TUR preparatının verilməsi (4 litr + 300 litr su/ha) bitkinin yatmasını azaldır. Alaq otlarına qarşı
mübarizə tədbirləri buğda bitkisində olduğu kimidir.
Vegetasiya müddətində 3-4 dəfə suvarılır. Suvarmalar kollanma, boruyaçıxma, sünbülləmə və
dənə dolma fazasında həyata keçirilir.
Gübrələrin forması və verilməsi üsulları payızlıq buğdada olduğu kimidir.