Azərbaycanda rayonlaşdırılmış sortları: AS – 29 (yumşaq buğda).
Növbəli əkində yeri və torpağın becərilməsi. Yazlıq buğda payızlıqla müqayisədə
mənimsəmə qabiliyyəti aşağı olan, nəmlik çatışmazlığından daha çox əziyyət çəkən, zəif kollanan,
alaq otlarından güclü əziyyət çəkən zəif inkişaf etmiş kök sisteminə malikdir. Yazlıq buğda,
xüsusən bərk və yumşaq qüvvəli buğdalar sələflərə, tarlanın alaq otlarından təmiz, nəmlik və qida
maddələri ilə təmin olunmasına yüksək tələbat göstərirlər.
Yazlıq buğdanın ən yaxşı sələfləri birillik və çoxillik paxlalılar, bostan və digər cərgəarası
becərilən bitkilər hesab edilir. Göstərilən sələflərdən sonra yazlıq buğda bitkisi daha yaxşı inkişaf
edir və yüksək məhsul verir. Sələf bitkiləri yazlıq buğda, arpa, vələmir olduqda əkinlərin alaqlanma
dərəcəsi yüksək, bitkilərin kollanması isə aşağı olacaqdır.
Növbəli əkində yazlıq buğda üçün sahənin hazırlanması sələf bitkisindən asılı olaraq həyata
keçirilir. Əgər sələf bitkisi buğda və arpadırsa məhsul yığımından sonra sahə 5-6 sm dərinliyində
üzlənməlidir. Sələf cərgəarası becərilən bitkidirsə (qarğıdalı, çuğundur, kartof) üzləmə aparmadan
birbaşa dondurma şumu edilir.
Üzləmədə məqsəd alaq otlarını məhv etməkdən, torpaqda nəmlik ehtiyatını qoruyub
saxlamaq və dondurma şumu üçün sahəni hazırlamaqdan ibarətdir. Dondurma şumu sentyabr-
oktyabr aylarından gec olmayaraq 25-28 sm dərinlikdə aparılmalıdır. İlk yazda dondurma şumu
aparılmış sahədə səpinqabağı becərmə işləri malalama və kultivasiya aparılır ki, bu da alaq otlarını
məhv edir, rütubətin buxarlanmasının qarşısını alır və toxum basdırılacaq dərinlikdə torpağı
yumşaldır.
Dəmyə şəraitdə dondurma şumu və torpağın səpinqabağı becərmələri elə aparılmalıdır ki,
torpaqdakı nəmliyin buxarlanmasının qarşısı tam alınsın. Tarlada nəmlik ehtiyatının artması üçün
qarın sahədə qorunub saxlanması və meşə zolağının olması zəruridir.