Toxumun səpinə hazırlanması. Yazlıq buğdadan yüksək məhsul əldə etmək üçün toxum
materialının hazırlanmasına məsuliyyətlə yanaşmaq lazımdır. Səpiləcək toxum sorta uyğun irilikdə
və tam dolğun olmalıdır. Toxumlar toxumtəmizləyən maşınlarda digər qarışıqlardan təmizlənməli
və çeşidlənməlidir. Səpin üçün yalnız birinci və ikinci fraksiyalı toxumlar götürülməlidir. Toxum
materialı səpinqabağı xəstəlik və zərərvericilərə qarşı qranozan, heksaxloran, raksil preparatları ilə
dərmanlanmalıdır.
Cücərmə enerjisini artırma və çıxışları sürətləndirmək üçün toxumun isti havada günəş
altında 3-4 gün qızdırılması da məsləhətdir.
Toxumların səpinqabağı mikroelementlərlə və bakterial gübrələrlə işlənməsi bitkilərin
inkişafına müsbət təsir göstərir.
Səpin müddəti, üsulu və norması. Yazlıq buğdanın səpinini respublikamızın dağlıq
rayonlarında fevralın axırı və martın əvvəllərindən gec olmayaraq başa çatdırmaq lazımdır. Əgər
səpin gecikdirilərsə bitkinin inkişafı onun bioloji xüsusiyyətlərinə müvafiq olaraq getməz və bu da
məhsulun miqdarına və keyfiyyətinə mənfi təsir göstərər. Aparılmış təcrübələrlə müəyyən
edilmişdir ki, dağətəyi rayonlarda yazlıq buğdanın qışqabağı şaxtalar düşməmiş səpini yaxşı nəticə
vrir. Belə səpin müddətində toxumlar yaxşı cücərti verir, bitkilər normal kollanır, nəticə etibarı ilə
yaz səpininə nisbətən 4-5 gün tez yetişir.
Yazlıq buğda adətən adi, dar cərgəvi, çarpaz və lent üsulu ilə səpilir. Bu səpin üsulları
içərisində ən yaxşısı dar cərgəvi üsul hesab edilir.
Belə ki, bu səpin üsulunda bitkinin kök sistemi yaxşı inkişaf edir. Sahənin alaqlanma dərəcəsi
aşağı olur və nəticə etibarı ilə nisbətən yüksək məhsul alınır.
Səpin norması buğdanın yaşayış faktorları ilə təmin olunma dərəcəsindən və bioloji
xüsusiyyətlərindən asılı olaraq dəyişir. Qidalı maddələrlə təmin olunmuş və yüksək rütubətli
şəraitdə səpin norması nisbətən yüksək götürülür.
Yazlıq buğdanın səpin norması torpaq-iqlim şəraitindən sortun bioloji xüsusiyyətindən, yazda
torpaqda olan səmərəli ehtiyat nəmlikdən, sələflərdən, səpin müddəti və üsulundan asılıdır.
Səpin norması elə hesablanmalıdır ki, 1 m
2
-də kifayət qədər nəmliyi olan torpaqlarda yığım
dövrünə 500-600, nəmlik çatışmadıqda 350-450 və quraq bölgələrdə 250-350 məhsuldar gövdələr
qalmış olsun.
Ümumiyyətlə səpin norması hektara 3,5 - 4 - 5 mln. ədəd və ya 180-220 kq cücərmə
qabiliyyətli toxum götürülür. Toxumun basdırılma dərinliyi toxumun iriliyindən, torpağın
nəmliyindən, qranulometrik tərkibindən və s. amillərdən asılıdır. Xırda toxumlar nisbətən dayaz, iri
toxumlar isə dərin basdırılır. Torpağın üst qatında nəmlik az olduqda toxum nisbətən dərin
səpilməlidir. Adətən, toxumun basdırılma dərinliyi 4-8 sm arasında dəyişir.