14.2.1. Payızlıq taxılların məhv olma səbəbləri və onlara qarşı mübarizə tədbirləri Bitkilərin seyrəlməsi və məhv olması. Bu hadisəyə payız quraqlığı, gecikmiş cücərtilərin
zəif möhkəmlənməsi, güclü şaxtalar, temperaturun kəskin dəyişməsi, güclü qar örtüyünün olması,
torpaq səthində suyun durğunluğu səbəb ola bilər. Bir neçə amillərin birgə təsirindən məhv olma
prosesi tez-tez baş verir.
Adətən payızlıq taxıllar payız, qış və yaz dövründə əlverişsiz şəraitə düşüb məhv olurlar.
Səpinin gec və ya tez keçirilməsi yerli şəraitə uyğun sortun seçilməməsi, əkinlərə qulluq
işlərinin düzgün həyata keçirilməməsi bitkilərin zəifləməsinə və ya məhv olmasına səbəb olur.
Payızlıq taxılların həyatında həlledici dövr qış və erkən yaz hesab edilir. Bu dövrlərdə bitkilər
havanın əlverişsiz şəraitinə düşərək müxtəlif səbəblərdən məhv olurlar. Sərt şaxtaların keçməsi,
temperaturun tez-tez kəskin dəyişməsi, əkinlərin dərin qar örtüyü altında qalması, əkin sahələrində
su örtüyünün əmələ gəlməsi, buz qaysağı və s. payızlıq taxılların zədələnməsinə bəzən də məhv
olmasına səbəb olur. Respublikamızın Şəki, İsmayıllı, Şamaxı rayonlarında 1964-1968-ci illərdə,
Naxçıvanda 1983-cü ildə əlverişsiz iqlim şəraitindən payızlıq taxıllar məhv olmuşdur.
1982-ci ilin yazında və yayında Goranboy, İsmayıllı, Zərdab, Lənkəran, Ağdam, Salyan və
Saatlı rayonlarında leysan yağışlar yağaraq daşqınlar olmuş, əkinləri su basmış, bitkilər yuyulub
torpaqdan çıxmış və yatmışdır. Nəticədə xeyli məhsul itkisinə yol verilmişdir.
Professor İ. İ. Tumanov göstərmişdir ki, payızda ilk şaxtalar düşən dövrdə taxıl bitkilərinə
düzgün qulluq edildikdə onlar möhkəmlənir və şaxtaya davamlı olurlar. Yuxarıda qeyd etdiyimiz
kimi möhkəmlənmə iki fazada gedir.
Hər iki möhkəmlənmə fazasını normal keçirən bitkilər -20-25
0
C şaxtaya dözürlər. Payızda
əkinlərə fosfor gübrəsinin verilməsi güclü kök sisteminin əmələ gəlməsinə səbəb olur. Bu halda
bitkilər qış şaxtalarına daha davamlı olurlar. Payız dövründə hava şəraiti də bitkinin
möhkəmlənməsinə təsir edir. Gündüz günəşli nisbətən nəmli və gecələr mülayim şaxtasız keçdikdə
bitkilər daha yaxşı möhkəmlənirlər. Payız dumanlı, gecələr isə isti keçdikdə möhkəmlənmə
zəifləyir. Çünki, belə halda fotosintez prosesi pisləşir və tənəffüs isə intensivləşir.
Payızlıq taxıllar qış şaxtalarının düşməsindən 50-60 gün əvvəl səpilir. Onlar inkişaflarının
əvvəlində nisbətən alçaq temperatur tələb edirlər. Payızda kollanmış bitkilər erkən yazda oyanırlar
nəmlik və qida maddələrini intensiv mənimsəyərək sürətlə böyüyürlər. Yaz quraqlığına dözümlü
olurlar.
Payızlıq taxıllar payızda güclü kök sistemi və yarpaq əmələ gətirirlər. Günün qısalması və
temperaturun aşağı düşməsi nəticəsində bitkinin kollanma buğumunda və yarpaqlarında çoxlu
ehtiyat qida maddələri (şəkər) toplanır. Qışda bitki sakitlik dövrü keçirir. Qışadavamlılıq
protoplazmanın su saxlama qabiliyyəti ilə əlaqədardır. Suyun azlığı və çoxluğu bitkinin məhv
olmasına səbəb olur. Protoplazmada suyun çox olması toxumlarda buz kristalları əmələ gətirir.
Maqnezium superfosfat gübrəsinin birgə torpağa verilməsi bitkilərin qışa davamlılığını artırır. Bu
halda kollanma buğumunda daha çox plastik maddələr toplanır.
Payızlıq taxılların seyrəlməsi və məhv olmasının başlıca səbəbləri aşağıdakılardır: