Qabriel Qarsia Markes

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 127.43 Kb.
tarix24.05.2018
ölçüsü127.43 Kb.


Qabriel Qarsia Markes

Məhəbbət əvəzinə ölüm labüdlüyü

Senator Onesimo Sançes həyatının qadınına rast gələndə ölümünə altı ay on bir gün qalmışdı.


O həmin qadını Vitse-krallığın Qızılgül Bağında, ikiüzlü Yanusa bənzər kənddə görmüşdü: gecələr bu kənd uzaqdan üzüb gələn qaçaqmalçı gəmilərə sığınacaq verən limanıydı, gündüzlər isə səhrayabənzər dənizin sahilindəki düzənliyin qütbləri bilinməyən, heç nəyə yaramayan bir guşəsi kimi görünürdü.
Kənd dünyada hər şeydən o qədər uzaq düşmüşdü ki, burada kiminsə taleyini dəyişməyə qadir olan bir kimsənin yaşaması heç kəsin ağlına gəlməzdi. Görünür adı da kəndə masqara üçün verilmişdi: çünki nə vaxtsa camaatın burda gördükləri ilk qızılgülü axırda Laura Farinayla tanış olduğu həmin gün senator Onesimo Sançes gətirmişdi.
Dörd ildən bir keçirilən seçki kampaniyası öz qaydasınca gedirdi.
Səhər furqonlar məzhəkəçilərlə gəlib çıxdılar.
Sonra yük maşınları seçkiqabağı yığıncaqlar zamanı camaatı əyləndirmək üçün muzdla tutulmuş, şəhərcikdən şəhərciyə daşınan hinduları gətirdilər. Saat on birə yaxın musiqi sədaları, atəşfəşanlıq eləyənlərin səs-küyü altında çiyələk suyu rəngli nazirlik avtomobili kəndə girdi.
İçəridəki sərinlikdə qəribə, ətrafda baş verənlərlə uyuşmayan sakitliklə senator Onesimo Sançes oturmuşdu.
O, maşının qapısını açan kimi bürküdən təntidi, xalis ipəkdən olan köynəyi bir andaca tərdən islandı, senator özünü heç vaxt olmadığı qədər yaşlı, tənha hiss elədi.
Onun bu yaxınlarda qırx iki yaşı tamam olmuşdu, vaxtilə Hettingendə mühəndis-metallurq fərqlənmə diplomunu almışdı. Uzun illərdi ki, özünə xüsusi bir xeyri olmasa da, pis tərcümələrdə latın klassiklərinin əsərlərini mütaliə eləyirdi.
O daim şən, güləyən alman qızına evlənmişdi, beş uşaqları vardı, hamısı da onun evində xoşbəxtdilər, üç ay əvvəl yaxın Milad günündə öləcəyini ona söyləyənə qədər özü hamıdan xoşbəxtiydi.
Yığıncağa hazırlıq qurtaranacan senator onunçün ayrılmış evdə heç olmasa, bir saat tək qalmağa, dincəlməyə müvəffəq oldu.
Uzanmazdan əvvəl səhradan təzə-tər keçirib gətirdiyi qızılgülü sərin suya qoydu.
Sonrasa gündüz olduğu kimi bir daha qızardılmış keçi əti yeməmək üçün həmişə özüylə gəzdirdiyi pəhriz sıyığıyla nahar elədi, ağrılarının başlanmasını gözləməyib bir neçə keyləşdirici həb atdı.
Sonra elektrik havatəmizləyənini tor yelləncəyin yanına qoydu, əynindəki bütün paltarları çıxarıb atdı, yarıyuxulu ölüm haqqında düşünməmək üçün bütün qüvvəsini toplayıb on beş dəqiqə qızılgülün kölgəsində uzandı. həkimlərdən başqa heç kəs bilmirdi ki, o, məhkumdur, əvvəlcədən məlum olan ölüm saatını gözləyir.
Ona görə də o, heç nəyi dəyişməyib bu sirri təkbaşına özüylə qəbrə aparmağı qərara aldı, ancaq bu qərara lovğalıqdan deyil, təvazökarlıqdan gəlmişdi.
Gündüz saat üçdə kobud kətandan tikilmiş şalvarda, parlaq, güllü köynəkdə dincəlmiş üzünü tərtəmiz qırxmış halda, keyləşdirici dərmanlarla sakitləşdirilmiş ürəklə camaatın içində görünəndə o özünü bütün qabiliyyətlərinin ağası hiss edirdi.
Ancaq onu üzmüş ölüm görünür, düşündüyündən daha hiyləgəriydi, çünki xitabət kürsüsünə qalxanda əlini sıxmaq şərəfinə nail olanlara özündə qəribə bir nifrət duyurdu, kiçik, çılpaq meydanın tapdanmış torpağı üstündə sıralanmış ayaqyalın hindulara da yazığı gəlmədi.
Əlinin hökmlü, az qala hiddətli hərəkətilə alqışları kəsdi, əl-qolunu atmadan baxışlarını bürküdən yorulmuş dənizə dikib danışmağa başladı. O səlis danışırdı, dərin səsində durğun sudan nəsə vardı.
Amma əzbərlədiyi, dəfələrlə söylədiyi sözlər ona görə yadına düşmürdülər ki, onlara həqiqəti demək arzusu hakimiydi, əksinə, senator Mark Avrelinin xatirələrinin dördüncü kitabındakı bir nəsihətə etiraz eləmək istəyirdi.
- Biz bu dünyada təbiətə qalib gəlmək üçün yaşayırıq, – o bütün etiqadlarına daban-dabana zidd olan bir ibarəylə başladı. – Onda biz vətənin tapılmışları, həsrət, yurdsuzluq səltənətində Allahın yetimləri, öz ölkəsinin irinləmiş yaraları olmayacağıq. Beləliklə xanımlar və cənablar, gəlin başqa cür olaq, gəlin güclü, xoşbəxt olaq.
Bunlar onun tamaşasının adi düsturlarıydılar.
O danışır, köməkçilərisə havaya bolluca kağız göyərçinlər atırdılar, kağız göyərçinlər canlanıb taxtadan düzəldilmiş xitabət kürsüsünün üzərində dövrə vurur, dənizə tərəf uçurdular.
Bu zaman başqa köməkçiləri incə keçədən yarpaqları olan saxta ağacları furqonlardan çıxarır, onları camaatın arxa tərəfində meydanın torpağına basdırırdılar.
Ağacları basıdırb qurtarandan sonra üzərində şüşə pəncərəli, qırmızı kərpicdən ev çəkilmiş karton arxalıq qoyurdular, bu dekorasiyalarla əsas həyatın miskin daxmalarını örtürdülər.
Truppaya tamaşanı hazırlamağa vaxt vermək üçün senator öz nitqini iki latın sitatıyla uzatdı. O, yağışyağdıran maşınlar, səyyar inkubatorlar, şoran torpaqlarda xiyar bitirən, dibçəkdə ala-bəzək bənövşə çiçəkləndirən gübrə-möcüzə vəd etdi.
Onların xəyalında canlandırdıqları dünyanın yığıldığını, qurulduğunu görəndə əlini uzadıb qışqırdı:
- Xanımlar və cənablar, budur baxın biz necə yaşayacağıq! Görün, biz necə yaşayacağıq!
Hamı geri baxdı. Şəkil-evlərin arasında rəngli kağızdan düzəldilmiş okeanlararası gəmi üzürdü, gəmi arxalıqdakı şəhərin ən uca binasından da hündür idi.
Yalnız senator hiss elədi ki, karton şəhərcik bir yerdən başqa yerə daşındığından, dəfələrlə yığılıb-söküldüyündən, pis havadan olduqca zərər çəkib, demək olar ki, Vitse-krallığın Qızılgül Bağı kəndinin evləri kimi kasıb, tozlu, qəmli görkəm alıb.
***
On iki il ərzində ilk dəfəydi, Nelson Farina senatoru salamlamağa getməmişdi.
O, nitqə yonulmamış taxtalardan tikilmiş evinin qabağında təzə budaqlardan hörülmüş talvarının altındakı tor yelləncəyində uzanıb günortaüstü mürgüsü arasında qulaq asırdı.
Nelson Farina bu evi birinci arvadını tikə-tikə doğrayan aptekçi əlləriylə tikmişdi.
O, Vitse-krallığın Qızılgül Bağı kəndində ilk dəfə günahsız uzunquyruq ara tutuquşularıyla yüklənmiş qayıqda görünmüşdü, onlarla birlikdə qayıqda canilər katorqasından qaçanda Paramariboda rast gəldiyi, gözəl, söyüş söyməyə xüsusi meyl göstərən, sonra ona qız doğmuş zənci qadında vardı.
Tezliklə bu qadın öldü, amma o biri kimi, doğranmış bədəni öz dirriyində gül kələmi üçün gübrə olmadı, öz əcəliylə dünyadan köçdü, zənci qadının holland adını lövhəciklə əbədiləşdirib yerli qəbiristanlıqda bütöv dəfn etdilər.
Qızına ondan gözəl bədən, dərisinin rəngi, atasındansa qızılı, heyrət dolu gözlər qalmışdı.
Nelson Farinanın da belə hesab eləməyə əsası var ki, onun evində dünyanın ən gözəl qadını böyüyür.
Hələ birinci seçki kampaniyasında senator Onesimo Sançeslə tanış olanda Nelson Farina ondan sakit yaşamağa imkan verən saxta şəxsi vəsiqə tapmağa kömək göstərməyi xahiş etdi. Senator bu xahişi nəzakətlə, lakin qətiyyətlə rədd etdi.
Nelson Farina təslim olmadı, bir neçə il dalbadal, senatorun hər gəlişində öz xahişi ilə ona müraciət etməyə bəhanə tapırdı. Ancaq hər dəfə eynilə həmin cavabı alırdı.
Beləliklə də o, bu dəfə nə vaxtsa dəniz quldurlarının daldalanacaq yeri olmuş, bürküdən alovlanan bu yerdə dirigözlü çürüməyə məhkum olmuş halda tor yelləncəyində qalmağı qərara aldı.
Natiq qurtarandan sonra gurlayan alqışları eşidəndə o dikəldi, boynunu uzadıb tamaşanın arxa hissəsini – binaların əyri dayaqlarını, ağacların məftillərini, okeanlararası gəmini hərəkətə gətirən, camaatın sezə bilmədiyi xidmətçiləri gördü.
Nelson Farinanın içində yığılmış bütün hiddət püskürdü:
- Lənətə gəlmiş, – o, fransızca donquldandı, – siyasət işlərində o doğrudan da oyunbazdı!
***
Çıxışdan sonra senator adəti üzrə orkestr musiqisi, pirotexnik fişənglərin işığı altında küçə gəzintisi keçirdi.
Gəzinti vaxtı kəndin sakinləri onu dövrəyə alıb öz ehtiyacları barədə hekayətlərlə təngə gətirdilər.
Senator hər kəsə canıyananlıqla qulaq asır, həmişə öz üzərinə çətin yerinə yetirilən öhdəlik götürmədən təsəlli verməyə üsul tapırdı. Amma azyaşlı uşağıyla evinin damına çıxmış bir qadın fişənglərin gurultusunu və camaatın səs-küyünü batırmağa müvəffəq oldu:
- Mən çox az şey xahiş edirəm, senator, – o qışqırdı. – mənə ancaq Yaramaz Nohurdan su gətirmək üçün eşşək lazımdı!
Senator altı baş çirkli, arıq uşağa baxdı:
- Yaxşı, – senator dedi, – sənin eşşəyin olacaq.
Tezliklə onun köməkçilərindən biri qadının evinə senator tərəfindən bağışlanmasını heç kəs unutmasın deyə, böyürlərinə yuyulmaz rənglə seçki şüarı yazılmış yük eşşəyi gətirdi.
O qədər də uzun sürməyən gəzintisi zamanı senator şəhərciyin başqa sakinlərinə də öz xeyirxah münasibətlərinin kiçik nümunələrini göstərdi, bundan başqa senatorun keçməsinə baxmaq üçün çarpayısını küçəyə çıxartdırmış xəstəyə öz əli ilə bir qaşıq dərman verdi.
Sonuncu küncü dövrə vuranda hasarın çatlağından tor yelləndikcə uzanmış Nelson Farinanı gördü; Nelson Farinanın sifəti senatora kül rəngində – boz, qəmli göründü.
Buna baxmayaraq o, həvəssiz də olsa onu salamladı:
- Necə yaşayırsınız?
O senatora tərəf döndü, onu kədərli gözlərinin kəhrəba işığına qərq elədi.
- Mən? Özünüz bilirsiniz, – deyə fransızca cavab verdi. Onun qızı söhbəti eşidib daxmadan çıxdı.
Qızın əynində köhnə xalat vardı, başını rəngbərəng bantlar bəzəyirdi, sifətisə gündən yanmamaq üçün kremlə yağlanmışdı, ancaq bu görkəmdə də təsəvvür eləmək olardı ki, dünyada ondan gözəl qız yoxdu. Hətta senatorun nəfəsi də tutuldu:.
- Lənət şeytana, – o heyrətlə içini çəkdi, – lazımıydımı, Allah belə gözəl yaratsın!
***
Həmin axşam Nelson Farina qızına ən gözəl paltarını geyinməyi tapşırdı, onu senatorun yanına göndərdi. İstidən əldən düşmüş, burunlarını qonaq evinə söykəyib uzanmış iki gözətçi ona astanadakı yeganə stulda oturub gözləməyi əmr etdilər.
Senator öz çıxışlarında toxunmadığı həqiqətlər barədə açıq danışmaq üçün Vitse-krallığın Qızılgül Bağının ən nüfuzlu sakinləriylə birlikdə qonşu otaqda iclas keçirirdi.
Bu adamlar səhranın bütün digər şəhərciklərində iclaslarda iştirak eləyənlərə o qədər oxşayırdılar ki, senatora elə gəlirdi ki, eyni bir iclas hər axşam keçirilir, bu da onu təngə gətirmişdi.
Senatorun köynəyi tərdən islanmışdı, o, otağın yuxulu donuqluğunda yeknəsəq surətdə vızıldayan elektrik havatəmizləyənindən gələn isti havanın axınıyla onu qurulamağa çalışırdı.
- Şübhəsiz ki, biz sizinlə kağız quşlar yemirik, – senator danışırdı. – Siz də, mən də bilirik ki, bu ayaqyolu yerində ağaclar, çiçəklər bitən, nohurda çömçəquyruqların əvəzinə durna balıqları üzən gündən sizin də, mənim də görməyə işimiz qalmayacaq. Siz məni başa düşürsünüz?
Hamı susurdu, senator danışa-danışa təqvimdən bir vərəq qoparıb kağız kəpənək düzəltdi.
Elə-belə, qeyri-iradi kağız kəpənəyi havatəmizləyənin xəfif hava axınına atdı, kəpənək dövrə vuraraq yarıaçıq qapıya sarı uçdu. Senator toxtaq halda danışmağına davam eləyirdi, ölümlə sazişə girməsəydi, buna qabil ola bilməzdi.
- Belə olan halda, – o dedi, – sizin özünüzün gözəl bildiyinizi mən təkrar etmək istəmirəm: yenidən seçilməyimdə siz məndən çox maraqlısınız, çünki mən iylənmiş su və hindu tərindən boğazacan doymuşam, sizsə, əksinə bununla yaşayırsınız.
***
Kağız kəpənək astanaya uçanda Laura Farina onu o dəqiqə gördü. Gözətçilər görmədilər, çünki söykənəcəkli stullarında oturmuş vəziyyətdə tüfənglərini qucaqlayıb yatırdılar.
Qanadlarında basma olan nəhəng kəpənək bir neçə dövrə vurdu, sonra kağız açılıb divara yapışdı. Qonşu otaqda gurlayan alqış sədalarından oyanmış gözətçilərdən biri dedi ki, onun cəhdi əbəsdi.
- Qopara bilməzsən, – o, yuxu içində donquldandı, – çünki divara çəkilib.
Laura Farina yenə stula oturdu, elə bu zaman iclas edənlər otaqdan çıxmağa başladılar. Senator dəstəyindən tutub qapının arasında dayanmışdı. Laura Farinanı ancaq astana boşalanda gördü:
- Sən burda neyləyirsən?
- Məni atam göndərdi, – qız fransızca cavab verdi.
Senator hər şeyi başa düşdü. O, yatmış gözətçilərə, sonra ağlagəlməz gözəlliyilə onun ağrıları üzərində qələbə çalmış Laura Farinaya baxdı, fikirləşdi ki, ölüm artıq onun əvəzinə hər şeyi nəzərə alıb.
- İçəri keç, – o, qıza dedi.
Laura Farina sanki ovsunlanıb qapıda dayandı: otaqda bayaqkı kağız kəpənək kimi minlərlə bank biletləri havada pırıltı ilə uçuşurdular.
Senator ventilyatoru söndürdü, bank biletləri havada köməksiz qalıb döşəməyə, otaqdakı əşyaların üzərinə qonmağa başladılar.
- Görürsən, – senator gülümsündü, – hətta zibil də uçur.
Laura Farina bu an özünü məktəbli kimi hiss elədi.
Onun xam neftlə günəş rənginə çalan şumal dərisi vardı, saçları cavan madyanın yalmanı kimiydi, iri gözlərindənsə işıqdan da parlaq nur saçılırdı.
Senator onun baxışlarının şöləsini izlədi, axırda şorandan zərər çəkmiş qızılgülü gördü: .
- Qızılgüldü, – senator dilləndi.
- Bilirəm, – qız azca utancaqlıqla cavab verdi, – beləsini Rioaçkda görmüşəm.
Senator çarpayıya oturdu, qızılgüllər haqqında danışmaqda davam eləyib köynəyinin düymələrini açmağa başladı.
Sinəsinin yan tərəfində, ürəyinin yerləşdiyini ehtimal elədiyi yerdə dəniz qulduru döyməsi – oxla deşilmiş ürək vardı.
O, yaş köynəyi döşəməyə tulladı. Lakin Farinadan xahiş elədi ki, çəkmələrini çıxarmaqda ona kömək eləsin.
Qız çarpayının qabağında dizləri üstə çökdü. Çəkmənin bağları ilə əlləşəndə senator fikirli-fikirli ona baxırdı, özü-özündən soruşurdu ki, bu görüş onların ikisindən hansı üçün bədbəxtliyə çevriləcək.
- Sən ki lap uşaqsan, – senator dilləndi.
- Heç də yox, – qız etiraz elədi. – Apreldə on doqquz yaşım tamam olacaq.
Senator maraqlandı:
- Ayın neçəsində?:
- On birində, – qız cavab verdi.
Senatorun kefi kökəldi.
- Biz ikimiz də Buzov bürcü altında doğulmuşuq, – dedi – gülümsəyib əlavə etdi. – Bu, tənhalıq nişanəsidi. – Laura Farina ona fikir vermədi, çünki çəkmələri hara qoyacağını bilmirdi.
Senator da öz növbəsində bilmirdi ki, Laura Farinayla neyləsin, ona görə ki, gözlənilməz məhəbbət görüşlərinə adət eləməmişdi, bundan başqa bugünkü görüşün alçaq təbiətini aydınca dərk eləyirdi.
Ancaq vaxt qazanmaq, hər şeyi ətraflı götür-qoy eləmək üçün Laura Farinanın dizləri arasında sıxdı, belindən yapışıb onu səfər çarpayısına atdı.
Onda başa düşdü ki, dondan başqa qızın əynində heç nə yoxdu, çünki ürəyinin qorxuyla vurduğuna, soyuq tərlə örtülmüş dərisinin buza döndüyünə baxmayaraq qızdan vəhşi heyvana xas olan kəsif iy gəlirdi.
- Bizi heç kəs sevmir, – o ah çəkdi.
Laura Farina nəsə demək istəyirdi, ancaq hava ancaq nəfəs almağa çatırdı. Senator özü onu yanında uzandırıb işığı söndürdü. İndi otaq qızılgülün kölgəsindəydi. Laura Farina özünü taleyin ixtiyarına verdi.
Senator ehmalca qızı oxşamağa başladı, onun əlləri demək olar, qızın bədəninə toxunmayıb onu axtarmağa başladı, ancaq onu tapmağı güman elədiyi yerdə nəsə bir dəmirə toxundu.
- Bu nədi burda?
- Kilid, – qız cavab verdi.
- Bu nə axmaqlıqdı! – qəzəblənmiş senator qışqırdı – sonra bilə-bilə soruşdu. – Bəs açar kimdədi?
- Atamda, – qız dilləndi, o mənə tapşırdı sizə çatdırım ki, açarın dalınca adam göndərəsiniz, həmin adamda işlərini düzəldəcəyiniz barədə iltizam kağızı olmalıdı.
Senatorun bütün bədəni gərildi:
- Murdar fransızcığaz! – o, hiddətlə donquldandı.
Sonra gözlərini yumdu, qaranlıqda öz-özüylə üz-üzə durdu. “Yadında saxla, – xəyalına gəldi, – sən də, hər hansı başqası da çox tezliklə öləcəksiniz, bu dünyada heç adınız da qalmayacaq”. O titrəməsi sakitləşənə kimi gözləyib soruşdu:
- De görüm, mənim haqqımda nə danışırlar?
- Əsl həqiqəti.
- Əsl həqiqəti?
- Yaxşı, – Laura cəsarətlənib cavab verdi. – Deyirlər ki, siz başqalarından pissiniz, çünki hamı kimi deyilsiniz.
Senator deyilənə münasibəti heç nəylə bildirmədi. O uzun müddət gözlərini açmadan susdu, açandasa görkəmi ürəyinin ən gizli dərinliklərindən yenicə qayıdana oxşayırdı.
- Lənətə gəlsin, – o dilləndi, – əclaf atana de ki, işlərini yoluna qoyaram.
- Əgər istəyirsinizsə, açarın dalınca mən özüm gedərəm, – Laura Farina təklif etdi.
Senator onu dayandırdı:
- Açarı unut, – dedi, – bir azca mənimlə yat. O yaxşıdır, tənha anlarında kimsə yanındadı.
Qız gözlərini qızılgüllərdən ayırmadan onun başını öz çiyninə qoydu. Senator qızın belini qucaqladı, üzünü vəhşi heyvan iyi verən qoltuğunda gizlətdi, dəhşət hissinin qəlbinə hakim kəsilməyinə icazə verdi.
Altı ay on bir gündən sonra Laura Farinanın adıyla bağlı ictimai hərc-mərclik üzündən rüsvay edilmiş, hamı tərəfindən rədd olunmuş senator həmin dəqiqələrdə qızın yanında olmadığından qəzəblə hönkürı-hönkürə bu vəziyyətdəcə öləcəkdi.
Tərcümə edən: Nəriman Əbdürrəhmanlı

“Novella və hekayələr” tərcümə toplusundan



Xuan Rulfo
LUVİNA

Xuan Rulfo (1918 – 1986) – Meksika yazıçısı. «Od içində düzəngah» (1953) adlı hekayələr toplusunun və «Pedro Paramo» (1955) romanının müəllifidir. Bu roman haqda Borxes belə yazır: ««Pedro Paramo» ispan dilli ədəbiyyatın və ümumiyyətlə, dünya ədəbiyyatının ən yaxşı romanlarındandır». Markesin «Pedro Paramo» haqdakı fikri isə daha qəti səslənir: «Bü günəcən ispan dilində yazılmış ən gözəl roman». Azərbaycanlı oxucular Xuan Rulfonun bu şah əsəri ilə bir – neçə il bundan qabaq yazıçı Yaşarın tərcüməsində tanış olmaq imkanı qazanıblar. Rulfonun «Luvina» adlı kiçik bir hekayəsini təqdim edirik.


***
«Cənubda başı göyə dirənən dağlar arasında ən hündür dağ Luvinadır. Luvina həm də o dağların ən daş – kəsəklisidir. Həmin bu dağ sanki bütünlüklə əhəng daşından hörülüb. Ancaq indiyəcən Luvinada heç kim bu daşı əzib əhəng eləmək haqda fikirləşməyib. Burada əhəng daşına həmişə əl – ayağa dolaşan lazımsız bir şey kimi baxıblar. Yerli camaat bu daşa «vəhşi» daş deyir. Yəqin elə buna görədir ki, Luvinanın zirvəsinə aparan yamacın adı «vəhşi daşlar» adlanır. Günəş və külək buralarda daşın – torpağın qənimidir. Buraların ağappaq torpağı sanki işıq saçır. Elə bil bu torpaq səhər şehini canına çəkib, amma əridə bilmir. Əslində isə belə deyil. Burada səhər şehi deyilən şeyin nə olduğundan heç kimin xəbəri yoxdur. Çünki Luvinada gecə də, səhər də hava soyuqdur. Rütubət şehə çevrilib torpağa qonmağa imkan tapmamış dönüb bulud olur.

Düzünü desək, buralarda torpaq tapmaq da çətin məsələdir. Hər tərəf qayalıq, dərin dərələr, dibi görünməyən uçurumlardır. Luvina camaatının dediyinə görə gecələr bu uçurumlardan cürbəcür yuxular çıxır. Onlar da yatıb həmin bu yuxuları görürlər. Ola bilər. Amma mən o uçurumların dibindən küləkdən başqa nəyinsə çıxmağını hələ görməmişəm. Külək toz – torpaq qoparıb dalğa – dalğa uçurumun içindən göyə qalxır. Elə bil, uçurumun dibində, qaranlıq yerdə nəhəng təpəgözlər gizlənib və bu külək onların qamış çubuğunun içinə üfürdükləri nəfəsləridir. Uçurumun divarlarında hərəsi özünə bir ovuc torpaq tapıb kökünü bu torpağa batıran və öz sarmaşan qol – budağı ilə bərk – bərk qayalığı qucaqlayan acı – şirin quş üzümü kolları gözə dəyir. Amma dinclik bilməyən külək bu fağır bitkiyə də boy atmağa imkan vermir. Daşların arasında kölgəlik olan yerdə tək – tük tikanlı meksika laləsinin ağ güllərini də görmək olar. Ancaq bu gülün ləçəkləri tez qopub düşür və bu vaxt onun tikanlı budaqları ildırım sürətiylə yanından ötüb keçən küləyi cırmaqlamağa başlayır.

Yəqin ki, artıq siz özünüz də fikir verdiniz – Luvinada həmişə külək əsir. Özü də boz külək. Deyilənə görə onun rənginin belə boz olmasının səbəbi vulkanın ağzından qum və kül qamarlayıb özüylə götürməsidir. Bilmirəm, bu nə dərəcədə həqiqətə uyğundur, amma onu bilirəm ki, Luvinada hər tərəf boz dumanın içindədir. Siz özünüz də bunun şahidi olacaqsınız. Külək pələng kimi Luvinanın üstünə atılır. Bəli, bəli, məhz pələng kimi. Hətta adama elə gəlir ki, bu külək yox, həqiqətən də pələngdir və caynağına keçirdiyi ovunu didib dağıdır. Güclü külək evlərin damını qoparır. Özü də buranın camaatını damsız qoyan belə küləklər Luvinada nadir hadisə hesab olunmur. Buraların küləyi üçün evin damını qoparmaq, sizin tərəflərin küləyi üçün başınıza qoyduğunuz həsir şlyapanı uçurmaq kimi bir şeydir. Damı uçan evlərin yetim daş – divarları başıaçıq qalır. Luvinada külək heç vaxt ara vermir. Külək ya tozu torpağa qatır, ya da sakit – sakit əsir. Sakit əsdiyi vaxt sanki külək Luvinanı cırmaqlayır. Elə bil doğrudan da buraların küləyinin caynaqları var. Siz cırmaq səslərini burda səhər də eşidə bilərsiz, axşam da. Luvinanın küləyi heç vaxt yoruldum demir. O bütün divarları cırmaqlayır, ağır daşları torpağın qucağından alıb götürür, özünü qapılara çırpır, dərmə – deşik tapıb evlərə soxulur. Onun əlindən yaxa qurtarmaq mümkün olan iş deyil. Buralarda külək canınıza hopur, iliyinizə işləyir və siz hiss edirsiz ki, bir az da belə davam eləsə bu külək ruhunuzu bədəninizdən alıb uçuracaq. Siz özünüz də bunun şahidi olacaqsanız».

Hekayətçi bu yerdə susub küçəyə boylandı.

Bayırdan içəriyə çay şırıltısının səsi dolurdu. Çay öz sularını qamışdığa çırpıb üzüaşağı axırdı. Badam ağacının yarpaqları sakit – sakit xışıldayırdı. Uşaqlar qışqırışa – qışqırışa meyxananın qapısından içəri düşən işıq zolağıyla oynayırdılar.

Uçan qarışqalar topayla otağa doluşub neft lampasının şüşəsinə hücum çəkirdilər. Şüşəyə dəyib qanadlarını yandırır, döşəmənin üstünə düşürdülər. Çöldə hava get – gedə qaralırdı.

- Bura bax, Kamilo, bizə iki dənə də pivə gətir! – hekayətçi dilləndi. – Hə, yaxşı yadıma düşdü, – hekayətçi yenə sözünə davam elədi. – Siz Luvinada heç vaxt aydın səma görə bilməzsiniz. Luvinada səma sanki bozarıb, əhəng tozundan pərdəyə bürünüb. Bu toz heç vaxt çəkilib getmir. Dağların yamacları isə lüm – lütdür: nə bir ağaca, nə bir yaşıl ota rast gələ bilməzsiz. Bir sözlə, adamın gözlərinin baxıb dincəlməsi üçün heç nə yoxdur. Elə bil ətrafdakı hər şeyin canına kül, əhəng tozu hopub. Siz özünüz bunu öz gözlərinizlə görəcəksiniz: qup – quru, ölü dağlar və onların arasında başı göyə dirənən Luvina. Luvinanın yamacına səpələnən və uzaqdan ağ xal kimi görünən komalar ölü adamın alnındakı ağ gül çələngini xatırladır.

Uşaqların hay – küyü lap yaxından eşidilməyə başladı və bir az keçməmiş onlar meyxanaya doluşdular. Hekayətçi ayağa qalxıb qapıya yaxınlaşdı.

- Basın burdan bayıra! – uşaqların üstünə qışqırdı. – Qoyun camaat sakit oturub söhbət eləsin! Oynuyun, amma hay – küysüz.

O, yenidən stola tərəf gəlib yerində oturdu və yarımçıq qalmış söhbətinə davam elədi: – Deməli belə, dediyim kimi, Luvinada yağışın yağmağı hələm – hələm baş verən hadisə deyil. İlin tən ortasında yağış Luvinanı tər – təmiz çimizdirir, qayaları oyur, bütün daş – kəsəyin toz torpağını yuyub aparır. Yağışdan sonra hara baxsan ancaq daş – kəsək görərsən. Amma bu vaxtlar buludlara baxmaq adama xüsusi ləzzət eləyir. Görürsən ki, iki ağır, köpmüş bulud o dağdan bu dağa sürünə – sürünə axırda bir – biriylə toqquşur, zərbdən hərəsi bir tərəfə atılır və bu vaxt elə bil qayaların ülgüc zirvələrinə dəyib yırtılıblarmış kimi partlayırlar. Bu partlayışın səsi aləmi başına götürür. Bu cür təxminən on – on iki gün davam eləyir. Sonra gələn il bu vaxtlaracan yağışın ayağı buralardan kəsilir. Bir də görürsən bir – neçə il Luvinaya yağış yağmır.

… Belə – belə işlər, Luvinaya yağış gec – gec yağır. Hətta qıraq adama elə gəlir ki, buralara ömür – billah yağış yağmayıb. Buranın torpağı da yaşlı adamın dərisi kimi quruyub, yeyilib, qırışıb. Yağışdan sonra torpağın üstü «yağış tikanları» ilə örtülür. Luvinada yağışdan sonra bərkiyən və ayaqqabınızın altına iti daş kimi batan palçıq parçalarına «yağış tikanları» deyirlər. Adama elə gəlir ki, torpaq çevrilib tikana dönüb.

O, pivəni başına çəkib axırıncı damcıya qədər içdi. Butulkanın dibində ancaq köpük qaldı.

- Nə deyirsən de, – o, sözünə davam elədi, – amma yer üzündə Luvinadan daha kədərli yer ola bilməz. Siz özünüz ora çatan kimi bunu hiss edəcəksiniz. Mən hətta deyərdim ki, orada qəm – kədər özünə əbədi yuva qurub. Luvina camaatı təbəssümün nə olduğunu bilmir. Onların sifəti sanki taxtadandır.

Luvinada kədəri gözlə görmək olur. O, yaxanızdan yapışıb nə səhər, nə axşam sizdən əl çəkir. Hətta külək də bu kədəri dağıtmaq gücündə deyil. Külək yalnız onun tozunu alır, onu təzələyir. Orda siz bu yerlərin kədərin vətəni olduğunu, dünya yaranandan onun burada yaşadığını anlayırsınız. Luvinada siz qəm – kədərin əlindən heç yana qaça bilmirsiz. Siz bu qəm – kədərin dadına baxmağa, əlini sıxmağa məhkumsunuz. Qəm – kədər hər tərəfdən sizin üstünüzə gəlir, sizi sıxır, əzir, sanki böyük yapışqan kimi ürəyinizə yapışır, ürəyinizi boğmayınca sizdən əl çəkmir.

…Oranın yerli camatının dediyinə görə, guya ay bədirlənən vaxt Luvina küçələrində küləyi gözlə görmək olur. Guya külək insan cildinə girib evlərin arasıyla gəzişir, çiyinlərinə atdığı qara plaşın ətəyi yerlə sürünür. Amma mənim Luvinada aylı gecələrdə gördüyüm yeganə şey ancaq ümidsizlik idi… Ancaq ümidsizlik.

Pivənizi niyə içmirsiz? Heç əlinizi də vurmamısınız ki. Siz bir dadına baxın. Bəlkə ilıqdır, ona görə xoşunuza gəlmir? Bizdə burda ayrı cür pivə olmur. Bilirəm, ilıq pivə eşşək sidiyinin dadını verir. Amma burda əvvəl – axır hər şeyə öyrəşirsən. Orda, dağın başında heç bunu da tapa bilməyəcəksiniz. Buna əmin ola bilərsiniz. Bu pivəyçün orada burnunuzun ucu göynəyəcək. Luvinada siz oranın arağından başqa heç nə tapa bilməzsiz. Onlar orada həmin arağı «oha – se» adlandırdıqları otdan çəkirlər. Amma zəhrimarı çox içmək olmur: bir – iki qurtum içəndən sonra adamın başı hərlənir. Elə bil səni fır – fıra kimi fırladırlar. Yaxşısı budur pivənizi için. Mən bilirəm nə deyirəm.

Çay hələ də qamış kollarıyla vuruşmağındaydı. Ağacların yarpaqları xışıldayırdı. Uşaqlar oynayırdılar. Hava qaralmışdı, ancaq hələ axşam deyildi.

Hekayətçi yenə qapıya yaxınlaşıb çölə boylandı.

- Adətən keçmişi yada salanda, – o, yenidən yerinə qayıdıb sözünə davam elədi, – hər şey adama çox asan gəlir. Yaşananlar xatirələrdə öz kəsərini itirir, tamam dəyişir. Amma Luvinanı yada saldıqca mən orada başıma gələnləri sanki bir də yaşayıram və hər şeyi olduğu kimi danışıram. Mən orda yaşamışam. Yox yaşamamışam, bütün ömrümü çürütmüşəm. Luvinaya gələndə mən cavan bir oğlan idim. Ümidimi itirməmişdim. Luvinadan qayıdanda mən artıq bütün ümidlərini basdırmış qocaya dönmüşdüm. İndi də siz ora yollanırsız… Sizə baxıram və sanki Luvinaya gəldiyim gün özümü görürəm. Sanki siz yox, mən ora yollanıram. Orada bütün gördüklərim bir – bir gözümün qabağında canlanır… Etiraz etməsəydiniz sizin pivənizi içərdim. Görürəm heç pivəyə baxmırsınız. Mən isə artıq pivəsiz yaşaya bilmirəm. Pivə içəndə elə bil bir az yüngülləşirəm. Pivəni içirəm – elə bil başımı soyuq suya salıb çıxarıram. Hə, deməli biz ilk dəfə Luvinaya gələndə bizi gətirən arabaçı atlara dincəlməyə imkan verməyib arabanı geriyə döndərdi. Biz arabadan düşən kimi birnəfəsə bizə:

- Əlvida, – dedi.

- Hara? – mən təəccübləndim. – Belə istidə niyə atları ləhlədirsən? Görmürsən, onsuzda taqətdən düşüblər.

- Bir az da burda qalsaq doğrudan da atların işi bitəcək, – arabaçı cavab verdi. – Mən getdim, əlvida.

O, atların üzünü geri döndərib yamacla üzüaşağı enməyə başladı. Atları elə çapırdı ki, sanki onun arxasınca hansısa şər qüvvə düşmüşdü.

Mən arvadım və üç uşağım ilə orda qaldım. Meydanın ortasında durmuşduq – əllərimizdə çamadanlar, bağlamalar. Kəndə gəlib çatmışdıq, amma insan deyilən bir allah bəndəsi gözə dəymirdi. Təkcə külək evlərin arasıyla o yan bu yana dolaşırdı.

Meydan da lüm – lüt idi. Bütün meydanda nə bir kol, nə bir ot gördüm. Külək ordan vurub burdan çıxırdı. Biz də sanki yanğından çıxan bu lüm – lüt meydanın düz ortasında dayanmışdıq.

- Biz hara gəlib çıxmışıq, Aqrippina? – arvadımdan soruşdum.

O ancaq çiyinlərini çəkdi.

- Yaxşı, onda get axtar gör buralarda nahar eləməyə, gecələməyə yer tapa bilirsən. Biz səni burada gözləyirik, – dedim.

O, balaca oğlumuzu da özüylə götürüb çıxıb getdi. Getdi və qayıtmadı.

Günəş dağların arxasında gizlənəndən sonra biz onu axtarmağa yollandıq. Boş küçələrlə bir xeyli gəzib dolaşdıq. Axır ki, onu tapdıq. O, kilsənin düz ortasında oturmuşdu. Uşaq onun dizləri üstə yatmışdı.

- Aqrippina, neynirsən burda?

- Gəlmişəm dua eliyim.

- Heç dua eləməyin vaxtıdı? – mən təəccübləndim. O, yenidən çiyinlərini çəkdi. Bu boş, deşik damından küləyin vıyıltıyla içəri dolduğu anbara oxşar daş kilsədə də dua eləmək olarmı?

- Mehmanxana tapdın?

- Burda mehmanxana yoxdur.

- Bəs karvansara?

- Burda karvansara da yoxdur.

- Heç olmasa bir adamla rastlaşdın? Yəni bu boyda kənddə bir adam yoxdur? – mən soruşdum.

- Var. Üzbəüz evdə… Qadınlardı… Elə indi də orada, qapının arxasında dayanıblar. Bax, qapının çatlarından gözləri parıldıyır. Görürsən? Onlardır… Bizə baxırlar… Biri özündə cürət tapıb başını bayıra çıxardı… Par – par parıldayan iri gözləri vardı, nimçə boyda… Amma yemək üçün bizə verməyə heç nəyləri yoxdur. Heç qapını belə üzümə açmadılar. Bir onu dedilər ki, kənddə yeməyə heç nə yoxdur… Mən də bu kilsəyə gəlib allaha dua eləməyə başladım.

- Bəs niyə meydana qayıtmadın? Biz axı səhərdən səni orda gözləyirik.

- Mən bura dua eləmək üçün gəlmişəm. Hələ duamı qurtarmamışam.

- Biz hara gəlib çıxmışıq, Aqrippina?

Arvadım yenə çiyinlərini çəkdi.

Biz kilsədəki səcdəgahın arxasında özümüzə yer düzəldib gecələmək üçün burada qaldıq. Düzdür, külək bura da özünü soxurdu, amma kilsədə ən az yel çəkən yer məhz səcdəgahın arxasıydı. Bütün gecəni külək dayanmadan uğuldayırdı, kilsənin dəlmə – deşiklərindən içəri soxulub üstümüzdən vıyıltıyla o yan bu yana keçirdi, gözəgörünməz əlləriylə ağır xaçları silkələyirdi. Küləyin hər yeni dalğasıyla bu nəhəng yoğun xaçların bağlandığı məftil cırıldayırdı. Sanki kimsə kilsədə dişlərini bərk – bərk bir – birinə sürtürdü.

Uşaqlar ağlayırdı. Qorxudan onların gözünə yuxu getmirdi. Arvadım üç uşağımızın üçünü də qucaqlayıb, sinəsinə sıxıb oturmuşdu. Mən bilmirdim heç neyləyim.

Səhərə yaxın külək azaldı. Amma bir az keçməmiş yenidən gücləndi. Bütün gecə boyu cəmi bir dəqiqə ətrafa tam sakitlik çökdü. Sanki bu bir dəqiqənin içində göy yerə enib öz ağırlığı ilə yer üzünün bütün səslərini əzib boğdu… Axır ki uşaqlar da yata bildi. Arvadım da yanımda uzanıb sakit – sakit nəfəs alırdı.

- Bu nədir? – arvadım qəfil məndən soruşdu.

- Nəyi deyirsən? – mən suala sualla cavab verdim.

- Bunu… xışıltını. Eşidirsən?

- Yox. Yat. Heç olmasa azca dincimizi alaq. Bir azdan səhər açılacaq.

Amma bir az keçmiş mən də qəribə şıppıltı səsi eşitdim. Elə bil qaranlıqda düz başımızın üstündə yarasalar uçuşurdu. Bu yarasaların qanadları o qədər böyük idi ki, onlar qanad çaldıqları vaxt kilsənin döşəməsinə dəyirdilər. Mən cəld ayağa qalxdım. Qanadlar bir az da sürətlə hərəkət eləməyə başladı, sanki yarasalar məndən qorxub kilsə qapısının sınıq pəncərə yerlərindən özlərini çölə atırdılar. Mən asta – asta qapıya tərəf addımladım; hardansa qəribə xışıltı səsi gəlirdi. Alaqapıya çatıb dayandım – dayandım və onları – Luvinanın qadınlarını gördüm. Hamısının başında tünd rəngli örpək, çiyinində su səhəngi varıydı. Gecənin qara fonunda qara kölgələr.

- Sizə nə lazımdır? Səhərin gözü açılmamış hara belə gedirsiz? – onlardan soruşdum.

- Su gətirməyə, – aralarından kimsə cavab verdi.

Onlar lal – dinməz mənə baxırdılar. Sonra üzlərini çevirib öz qara səhənglərini çiyinlərinə qoydular və küçəylə üzüaşağı addımlamağa başladılar. Az keçməmiş hamısı gecənin alaqaranlığına qarışıb yox oldu.

Yox, mən heç vax Luvinada keçirdiyim o birinci gecəni unuda bilmərəm.

Həmin gecəni yada salıb sonra da pivə içməmək mümkün deyil. Siz mənimlə razısız? Pivə ən azından o gecəylə bağlı xatirələrin acısını götürür.

- Deyəsən, siz mənim Luvinada neçə il yaşadığımı soruşurdunuz?.. Sözün düzü, heç özüm də bilmirəm. Orda məni qara qızdırma tutmuşdu. Sağalandan sonra Luvinada keçirdiyim günlərin sayını – hesabını itirmişdim. Məncə, orada bir ömür yaşamışam. Luvinaya çatan kimi vaxt sənin üçün dayanır. O kənddə heç kim saata baxmır, heç kim ötüb keçən illərin xiffətini çəkmir. Səhər günəş doğur, axşam batır. Vəssalam: əvvəlcə gündüz gəlir, sonra gecə, gündüz – gecə, gündüz – gecə – ta ölüm saatı yetişənəcən. Luvinada yaşayanlar üçün isə ölüm ümid işığıdır.

Siz yəqin fikirləşirsiz ki, mənim söhbət eləmək üçün elə cəmi bir mövzum var. Bəli, cənab, elədir… Əgər sən hər gün evin kandarında oturub günəşin necə qalxdığına və endiyinə əvvəlcə yavaş – yavaş başını yuxarı qaldırıb, sonra isə yavaş – yavaş aşağı salıb tamaşa edirsənsə günlərin bir günü sənin içində nəsə dəyişir, hansısa yay boşalır və sən zaman duyğusunu itirisən, diri – diri ölüyə çevrilirsən. Luvinanın qocaları məhz bu cür ömür sürürlər.

Məsələ burasındadır ki, Luvina qoca və qarıların və bir də belə demək mümkündürsə, dünyaya gəlməyə fürsət tapmamış körpələrin kəndidir… Düzdür, zəiflikdən ayaq üstə güclə duran heysiz qadınlara da hərdən rast gəlmək olar. Oğlan uşaqları Luvinadan tez əkilirlər… Heç bığ yerləri tərləməmiş uşaqlığa əlvida deyirlər. Dünən anasının döşünü əmən bu gün əlinə toxa alıb çölə çıxır. Bu birinci addım. İkinci addım kənd hasarının üstündən tullanmaqdır. Tullandın və əlvida, Luvina! Bax, Luvinada işlər bu cürdür.

Dediyim kimi, Luvinada ancaq əldən – ayaqdan düşmüş qocalar, ərsiz arvadlar və ərləri qazanc dalınca yollanıb geri qayıtmayan və allah bilir indi harada itib batan ərli arvadlar yaşayır… Hərdən bir kişilər kəndə qayıdırlar və onların dönüşü neçə ildən bir Luvinaya yağan yay yağışına bənzəyir. Mən sizə artıq Luvinaya yağan yağış haqda danışmışam. Geri qayıdan olanda bütün kənddə razılıq dolu pıçıltılar eşidilir, həmin adam bir müddət sonra yenidən kənddən çıxıb gedəndə razılıq dolu pıçıltıları narazı uğultular əvəz edir… Oğullar kəndən çıxanda öz qoca ata – analarına bir kisə yeməli nemət qoyub gedirlər. Ərlər kənddən çıxanda öz arvadlarına yadigar kimi bir uşaq da qoyurlar. Gedənlərin uzun müddət səs – sorağı eşidilmir; bəziləri bir ilə yenidən qayıdıb gəlir, bəziləri həmişəlik yoxa çıxır… Oğullar qazanc dalınca yollanır. Buna hamı kənddə təbii baxır. Luvinalılar özləri demişkən: «adət – ənənə belədir – oğul qazanc dalınca yollanmalıdır». Bir sözlə, oğullar necə ki vaxtilə onların ataları nənə – babalarını ac qoymamaq üçün işləyib tər töküb, eynən o cür, bütün ömürləri boyu öz valideynlərinə bir qarın çörək pulu qazanmaqdan ötrü işləyirlər. İllərdir luvinalılar bu «adət – ənənəyə» sadiqdilər…

Oğullar yad diyarlarda süləndikləri vaxt qocalar evin kandarında oturub taqətdən düşmüş qollarını yanlarına sallayırlar və gözləyirlər. Öz oğullarını və öz ölümlərini gözləyirlər. Və əgər bu günəcən allahın unutduğu Luvinada hələ sağ qoca varsa, o qoca yaşadığına görə yalnız oğluna minnətdar olmalıdır.

Bir dəfə mən onlara bərəkətli torpağı olan yerlərə köçməyi məsləhət gördüm. Dedim: «Gəlin, burdan çıxıb gedək. Hara köçsək burda yaşadığımızdan yaxşı yaşayacağıq. Konqresə müraciət eləyək, bizə köməklik göstərsin».

Hamısı ölü gözlərini zilləyib mənə qulaq asırdı. Və bu ölü gözlərin lap dərinliyində hələ də həyat qığılcımı parlayırdı.

- Konqres köməklik göstərsin, deyirsən? Sən bu Konqress haqda nə isə bilirsən, müəllim?

- Əlbəttə, – mən cavab verdim.

- Elə biz də bilirik o Konqres nə yuvanın quşudur. Yaxşı bilirik. Amma onun anası haqda heç nə eşitməmişik.

Mən Konqresin anasının Vətən olduğunu onlara başa salmağa çalışırdım. Amma onlar başlarını yırğalayıb: «Yox, müəllim, bu məsələ nə isə dolaşıq məsələdir» – deyib gülüşdülər. Ömrümdə birinci və axırıncı dəfə mən Luvina camaatının gülməyini onda gördüm. Qocalaq mırıq dişlərini ağarda – ağarda mənə Konqres kimi yaramazların həmişə analarından bixəbər olduqlarını dedilər.

Bilirsiz, onlar tamamilə haqlı idilər. Bu Konqresin sən demə başı yaman qarışığıymış. Yer üzündə Luvina adlı bir kəndin olduğu onun doğma dağları tərk edib haradasa cinayət törədən oğullarını tapmaq lazım gələndə Konqresin yadına düşür. Onda cinayətkarı yaxalamaq üçün onun dalınca hətta Luvinaya da silahlı adamlar göndərirlər. Ələ keçirib güllələyirlər. Əgər bu cür hadisələr olmasaydı orda, yuxarılarda yer üzündə Luvina adlı bir kəndin olduğundan heç kim xəbər tutmazdı.

- Deyirsən, burdan çıxıb gedək, – onlar məndən soruşdular, – deyirsən, bəsdir aclıq çəkdik, aclığın hələ heç kimə xeyri dəyməyib. Yaxşı, tutaq ki, biz burdan çıxıb getməyə razı olduq. Bəs onda, ölənlərimizi necə özümüzlə aparaq? Onların son məskənləri buradır. Biz onları atıb gedə bilmərik.

Belə deyə – deyə onlar indiyənəcən orada yaşayır. Siz özünüz tezliklə bu dediklərimin doğru olduğunu görəcəksiniz. Acından ölməmək üçün həmin kənddə meskit qabığı çeynəyirlər. Susuzluğu yatırmaq üçün tüpürcəklərini udurlar. Oranın camaatı titrək kölgə kimi evlərin divarlarından tuta – tuta küçələrdə gəzişir. Adama elə gəlir ki, əgər külək onları itələməsə özlərinin addım atmağa gücləri çatmaz.

- Bəs külək? – bir gün mən özümü saxlaya bilməyib soruşdum. – Bu küləyə necə öyrəşmək olar? Axı bu külək sizin axırınıza çıxacaq.

- Əgər külək əsirsə, deməli, belə məsləhətdir, – cavab verdilər. – allah özü belə məsləhət bilib. Külək səngiyəndə biz özümüzü pis hiss eləyirik. Küləksiz gündə günəş elə bil bir az da yerə yaxınlaşır, düz başımızın üstə durur, canımızdakı suyu axır damlasınacan buxara çevirir, bütün qanımızı sovurur. Külək qopan kimi isə günəşi göyə qaldırır və onu lap yuxarıda saxlayır. Aşağı düşməyə qoymur. Küləksiz bizim işimiz çətin olar.

O vaxtdan mən bir daha onlarla kənddən köçmək barədə söhbət eləmədim. Özüm Luvinadan çıxıb uzaqlaşdım. Və yəqin ki, daha heç vaxt ora qayıtmayacam.

…Həyat doğrudan da təsadüflərlə doludur. Mənə demişdilər: «Biz sizi San – Xuan – Luvinaya göndəririk». İşə bir bax, indi mən on beş il bundan qabaq mənim keçdiyim yolları keçməyə hazırlaşan, Luvinaya işləməyə yollanan adamla oturub söhbət edirəm. O vaxt mənim gücüm – qüvvəm aşıb daşırdı, başım ideallarla doluydu… Siz özünüz də bilirsiz ki, bizim hamımıza xeyirxah ideallar aşılayırlar. Və sonra biz həmin bu idealları hamının beyninə yeritməyə çalışırıq, onları bütün dərdlərin dərmanı sayırıq. Amma Luvinada mənim bu xoş məramlı cəhdim boşa çıxdı. Mən eksperiment keçirdim və uğursuzluğa düçar oldum.

San – Xuan – Luvina! Bu ad mənim qulağımda cənnət musiqisi kimi səslənirdi. Ancaq gözlərimi açanda özümü cəhənnəmdə gördüm. Ölüm ayağında olan bir kənd. Hətta kəndin itləri də hamısı acından qırılıb. Aya hürüb gecənin sakitliyini dağıtmağa kənddə bir it belə qalmayıb. Bəli, bəli, məhz gecənin sakitliyini. Çünki siz küləyin səsinə öyrəşən gün sizin üçün hər yerə səhrada olduğu kimi sakitlik çökəcək. Bu sakitlik sizin axırınıza çıxacaq. Bir mənə baxın. Mən artıq məhv olmuş bir adamam. Eybi yox, özünüz ora gedib çatan kimi mənim indi nə demək istədiyimi anlayacaqsınız.

Necə fikirləşirsiz, bəlkə deyək hərəmizə bir qədəh meskal arağı gətirsinlər? Pivə adamı oturub rahat söhbət eləməyə qoymur. Adam tez – tez bayıra çıxmalı olur. Hey, Kamilo, bizə iki qədəh meskal arağı gətir! Hə, dediyim kimi… – O, sözünü yarımçıq qoydu, donuq baxışlarını qanadlarını neft lampasının şüşəsində yandıran, qanadsız soxulcana oxşayan qarışqalar gəzişən stola zillədi.

Gecənin yaxınlaşdığı hiss olunurdu. Çay qamışların arasından keçib bayaqkından daha bərk səs – küy qoparırdı. Uşaqların da hay – küyü kəsilmişdi. Açıq qapıdan görünən göy parçasında bu gecənin ilk ulduzları gözə dəyirdi.

Bir dəqiqə əvvəl diqqətlə qanadsız qarışqalara baxan hekayətçi başını stolun üstünə qoyub yuxuya getdi.


Tərcümə etdi: Rövşən Ramizoğlu

doqquziklim.net



Xorxe Luis Borxes: “Dil estetik amildir və minlərlə insanın əsəridir”

Məşhur Argentina yazıçısı Xorxe Luis Borxeslə (1899-1986) ondan heç də az məşhur olmayan Amerika yazıçısı və ədəbiyyatşünası Süzan Zontaqın (1933-2004) söhbəti.


Süzan Zontaq: İstərdim ki, bir çox yazıçıların yaradıcılığına göstərmiş olduğu təsir haqda nə düşündüyünü Borxes özü anlatsın.
Hərçənd bilmirəm ki, onun özü belə bir təsirin doğrudan da olduğunu qəbul edirmi?
Axı Borxes öz yaradıcılığı haqqında, hər zaman təvazökarcasına danışır…
Xorxe Luis Borxes: Bu təvazökarlıq deyil, sadəcə, mən sağlam düşünürəm.
Bu qədər məşhur olmağım özümə də təəccüblü gəlir. Heç vaxt, belə bir şey haqda düşünməmişəm.
Mənə şöhrət o zaman gəldi ki, artıq yaşım əllini xeyli ötmüşdü. Məni – birdən gördülər.
Beləliklə mən diqqət çəkməyən adi həyatımla vidalaşmalı oldum.
Məşhurluğa təzəcə alışıram və görürəm ki, şöhrət məndən dəhşətli dərəcədə çox enerji alır. Ətrafımda müşahidə etdiyim alicənablıq da məni heyran edir.
Hərdən mənə elə gəlir ki, mən – indi kifayət qədər geniş yayılan mövhümi təsəvvürlərin bir növünü özümdə təcəssüm etdirirəm.
Və hər an aşkarlana bilər ki, mənim məşhurluğum saxtadır, fırıldaqçıyam. Amma hətta belədirsə də, bu mənim özümdən asılı olmadan belədir.
S. Z.: Adətən, siz başqa yazıçılar haqqında heyranlıqla bəhs edirsiniz. Xüsusən də, keçmişin yazıçıları haqda…
X.L.B: Və xüsusən də Amerika ədəbiyyatının tarixi simalarından.
O yazıçılar ki, mən onlara çox borcluyam. Yeni İngiltərə haqqında və onun dünyaya verdiyi dəyərli insanlar haqqında düşünərkən (bəlkə də, bunu nə cürsə astroloqlar izah edə bilər) Emmerson, Melvill, Toro, Henri Ceyms, Emii Dikinson və bir çox başqaları bir-bir yadıma düşür.
Bəlkə də, onlar olmasaydı, biz də olmazdıq. Axı, biz hardasa, bu Yeni İngiltərə ulduz bürcünün əksiyik.
S. Z: Amma, əvvəllər siz daha çox ingilis ədəbiyyatı ilə maraqlanırdınız.

X.L.B: Bəli, amma ömrümdə ilk dəfə oxuduğum roman Mark Tvenin “Heklberri Finn” əsəri oldu.


Sonra isə Preskotun “Meksika və Perunun fəthi” əsəri. Bu günə qədər də onları minnətdarlıq hissi ilə xatırlayıram. Fikrimcə, yazıçıya bəşəriyyətin bütün keçmişi təsir göstərir.
Təkcə hansısa ölkənin mədəniyyəti, hansısa dil yox, hətta oxumadığı və dil vasitəsilə ona gəlib çatan müəlliflər də təsir edir.
Çünki dil estetik amildir və minlərlə insanın əsəridir.
S. Z: Sizi ingilis və amerikan ədəbiyyatlarından başqa hansı ölkənin ədəbiyyatı maraqlandırır?
X.L.B.: İlk öncə, skandinav ədəbiyyatı, saqalar, island ədəbiyyatının qədim dövrü…
Bilirsiniz, bütün ədəbiyyat gözəldir. Məsələn, Verlensiz, Hüqosuz bir dünya təsəvvür etmək – çox kədərli olardı. Niyə özümüzü nədənsə məhrum edək ki? Kitabxana asketi olmaq nədən ötrü lazımdır?
Kitabxanalar bizə daimi səadət bəxş edirlər – mümkün olan səadət! Məsələn, əgər mən Robinzon Kruzo olsaydım, özümlə adaya götürəcəyim kitab Bertran Rasselin “Qərb fəlsəfəsinin tarixi” olardı.
Və yəqin ki, bu mənə kifayət edərdi. Amma, daha yaxşı olardı ki, mənə özümlə ensiklopediya götürməyə izn verəydilər.
Axı, mənim kimi hər şeylə maraqlanan veyil adam üçün ən yaxşı mütaliə vasitəsi elə ensiklopediyadır.
Özü də fərqi yoxdur, bu, ən qədim ensiklopediya – Plininin ensiklopediyası da ola bilər, Britaniya və ya Avropa ensiklopediyası da.
Onların hamısı qiymətsizdi.
S. Z.: İndi məhz hansı ədəbi janrla məşğul olmaq istərdiniz?
X.L.B.: Elə işlədiyim janrla. Mən kiçik şeirlər və hekayələr yazıram.
Bunlar xoşuma gəlir, amma bir daxili tələbat da hiss edirəm ki, indi özümü yalnız bu janrlara həsr etməliyəm, yoxsa onlar məni qarabaqara izləyəcəklər.
Və yalnız bu işi bitirəndən sonra bir başqasına keçə bilərəm. Tezliklə “Zəmanət” adlı kitabım nəşr olunacaq ki, oraya 30-40 qısa həcmli əsərim daxil olacaq. Amma bilmirəm – yaxşı çıxacaqlarmı? İddialı görünməyəcəklər ki?
S.Z.: Sizin həmişə qısa həcmli janrlardan xoşunuz gəlib…

X.L.B: Bir dəfə Edqar Po demişdi ki, təbiətdə ümumiyyətlə uzun şeir olmur.


S.Z.: Amma, uzun əhvalata bənzər bir şey də var. Adına “roman” deyirik…
X.L.B.: Bir qayda olaraq, mən bu janra “güc gələ” bilmirəm. “Don Kixot”u, Konradı və Dikkensi çıxmaq şərtilə. Hətta məşhur romanlara, məsələn, Tekkerey və Floberin romanlarına “tab gətirə” bilmədim. Amma, heyif…
S.Z: Bizim dövrümüzün ən heyrətamiz fenomenlərindən biri də yapon ədəbiyyatına olan kütləvi maraqdır.
X.L.B.: Bəli, razıyam. Mən hal-hazırda yapon dilini öyrənməyə çalışıram.
Amma elə mürəkkəb dildir ki… Bizim qərb dillərimiz yapon dilindən çox uzadır – ispan dili quarani dilindən uzaq olduğu qədər.
Yapon dilli – sözün çoxlu məna çalarının olması ilə zəngindir.
Elə buna görə də, bir hokkunun bir neçə tərcüməsini oxuya və hər birini fərqli və dəqiq tərcümə hesab etmək olar.
Çünki, orijinal heç vaxt – müdrikcəsinə birmənalı olmur.
Henri Ceymsin nəsri kimi.
S.Z.: Yapon ədəbiyyatında ən maraqlı məqam, mənim fikrimcə, miniatürizasiya cəhdləridir.
X.L.B.: Bir də hər anın dəyərini anlamaq cəhəti.
Bu hər hokkuda diqqəti çəkir. Sanki, onların məqsədi – anı saxlamaqdır. Və bir də mən yapon ədəbiyyatında metaforanın yoxluğuna diqqət etmişəm.
Belə təəssürat yaranır ki, yaponlar üçün, hər bir əşya və hadisə unikaldır, müqayisə etmək olmaz. Amma, təzad yaratmaq istəyirsənsə – buyur.
S.Z: Siz demək istəyirsiniz ki, metaforanın vəzifəsi anı uzatmaqdır?
X.L.B.: Əlbəttə! Özü də belə təsəvvür yaranır ki, bu, yapon ədəbiyyatının anı saxlamaq çabalarıyla ziddiyyət təşkil edir.
S.Z.: Yazıçıların çoxu yazmağın çətinliyindən gileylənir…
X.L.B.: Yox, yox. Yazmamaq daha dəhşətli olardı. Mənim üçün bu demək olar ki, qeyri-mümkündür.
S.Z.: Şübhəsiz ki, Borxes istisnadır. Mən tez-tez düşünürəm ki, yazıçılıq çox nadir və qəribə qabiliyyətdir.
Haqqında bildiyim yazıçıların demək olar ki hamısı, o cümlədən mən özüm, hələ lap uşaq vaxtından kim olacağımızı bilmişik…
X.L.B.: Hər halda Konrad və De Kuinsi bunu bilirdilər. Elə mən də (müqayisə mənasında demirəm) həmişə bilirdim ki, taleyim ədəbiyyatla bağlı olacaq Bilirdim ki daim ədəbiyyatla bağlı olacam – ya yazıçı kimi, ya da oxucu kimi.
S. Z.: Siz nə vaxtsa dərc edəcəyiniz kitablar barədə düşünürdünüzmü?
X.L.B.: Xeyr, heç zaman bu barədə düşünməmişəm. Məni yalnız oxumaq və yazmaq həzzi düşündürürdü. Dərc etmək… Heç zaman!
S. Z.: Siz də Emili Dikinson kimi, sağlığında heç bir şey dərc etdirməmiş yazıçı ola bilərdinizmi?
X.L.B.: Bəli. Amma, artıq ağılsız addım atılıb. Bir dəfə, mən əsərlərimizi nə üçün nəşr etməyimiz barədə Alfonso Reyesə sual verdim.
O isə, cavabında: “Biz öz əsərlərimizi ona görə çap edirik ki, həyatımızı qaralamalara sonu bilinməyən düzəlişlər etməyə sərf etməyək.” – dedi.
Məncə, o haqlı idi. Hər hansı bir kitabım işıq üzü görərkən mən onunla baş verən heç bir şeylə maraqlanmıram.
Onun haqqında nə yazılır, necə oxunur, tələbat varmı… Mən sadəcə başqa arzuyla yaşamağa başlayıram – yeni kitab yazmaq. Özü də tamam fərqli kitab. Amma, bir qayda olaraq hər növbəti kitabım əvvəlikinə bənzər olur.
S.Z.: Bir dəfə, Valeridən soruşmuşdular ki, şeirin artıq tamamlandığını nə vaxt bilmək olar? O da cavab vermişdi ki, “O vaxt ki həmin şeiri naşir gəlib aparır”.

X.L.B.: Hər dəfə söz yekun redaktə məfhumundan düşəndə, mən çox təəccüblənirəm.


Məgər güman etmək olarmı ki, hansısa müəllif nə naxtsa, hansısa düzəlişi – nöqtəni, yaxud epiteti yersiz hesab edər? Bu absurddur.
S.Z.: Bütün yazdıqlarımı yenidən yazmaq arzusunu mən də özümdə hiss edirəm.
X.L.B.: Mənsə, bütün yazdıqlarımı məhv etmək istərdim. Amma, mənə yalnız bir kitabımı, “Qum kitabı”nı xilas etmək xoş olardı.
Və yəqin ki, bir də “Gizli yazı”nı. Qalanları isə, unudula bilər və unudulmalıdır da.
S.Z.: Borxes nəsr və nəzm arasındakı fərq barədə nə düşünür?
X.L.B.: Mən düşünürəm ki, əsas fərq oxucudan gəlir. Nəsr səhifələrindən oxucu xəbərlər, məlumat, mülahizə gözləyir. Amma, nəzm oxucusu bilir ki, şeir onun hisslərinə təsir etməlidir.
Tekstin özündə heç bir fərq yoxdur, fərq oxucuda, onun yanaşmasındadır.
Mən düşünürəm ki, klassika necəsə xüsusi tərzdə yazılmış yox, xüsusi şəkildə oxunmuş kitablardır.
S.Z.: Yəni, siz oxucu müxtəlifliyinə həqiqətən də inanırsınız?
X.L.B.: Dünyada nə qədər oxucu varsa, o qədər də oxucu növü var. Mən həm də inanıram ki, hər nəsr və ya nəzm səhifəsi özlüyündə təkraredilməzdir.
S.Z.: O zaman, gəlin, oxucu toplumunun genişlənməsi üçün əməkdaşlıq edək.
X.L.B.: Bəli. Çünki, bu insan kateqoriyası məhv olmaq üzrədir. Məhz buna görədir ki, yazıçı çoxdur, amma oxucu tapılmır. Gəlin, Oxucu sektası və ya Gizli Oxucu Cəmiyyəti yaradaq.
Tərcümə etdi: Rüfət Əhmədzadə
Azadlıq radiosu





Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə