Ödənişsiz işlərin müəyyənliyi və tərkibi
Qadınların ödənişsiz qayğı və ev işlərinin miqyaslarının ölçülməsi və qiymətləndirilməsi üçün əvvəlcə ümumiyyətlə belə fəaliyyətlərin tərkibi və xarakteri müəyyən edilməli, belə fəaliyyətlərin nəticələrinin (mal və xidmətlərin) dəyərinin ölçülməsi və qiymətləndirilməsi üsulları dəqiqləşdirilməli və bunların əsasında həmin işlərdə qadınların iştirak səviyyəsi hesablanmalıdır.
J.Swiebel hesab edir ki, ödənişsiz işlər dedikdə rəsmi əmək bazarından kənarda ayrı-ayrı şəxslərin özlərinin ev təsərrüfatı məqsədləri yaxud başqalarının maraqları üçün həyata keçirdikləri bütün növ istehsal və xidmət fəaliyyəti başa düşülür. Bu fəaliyyətlərdə insanların tələbatlarının ödənilməsi üçün məhdud resurslardan istifadə edildiyindən bunlar məhsuldar hesab olunur12. OECD-nin müəyyənliyinə əsasən, ödənişsiz işlərə bazarda satılmaq üçün yox, ev təsərrüfatı daxilində və ya ondan kənarda istehlak üçün nəzərdə tutulan mal və xidmətlərin istehsalı aiddir13.
Ödənişsiz işlərin tərkibi və strukturu müxtəlif ölkələrdə və cəmiyyətlərdə fərqli ola bilər və olur. M.Bruyn-Hundt ödənişsiz işlərin siyahısına aşağıdakıları aid edir:
ev işləri;
uşaqlara, xəstələrə və qocalara qayğı;
müstəqil işlər;
könüllü ictimai işlər;
siyasi və ictimai təşkilatlardakı (könüllü) işlər;
natural kənd təsərrüfatı;
ailə biznesinə yardım;
evin tikintisində ailə üzvlərinin və qohumların iştirakı;
ailə üzvləri tərəfindən həyata keçirilən təmir işləri və nəqliyyat xidmətləri və s..
O qeyd edir ki, bunların hamısının bir ümumi cəhəti var: bütün bu işləri, nəzəri baxımdan da olsa, bazar əmtəələri və ödənişli xidmətlərlə əvəz etmək mümkündür14. Yəni burada “üçüncü şəxs meyarı”nı əsas götürülür: prinsipcə, haqqı ödənilmədən yerinə yetirilən bu işləri üçüncü şəxs ödəniş əsasında həyata keçirə bilər. Bu meyar ödənişsiz işi istehlakdan və özünün şəxsi təhsilinə sərf edilən vaxt və enerjidən fərqləndirir. J.Swiebel yazır ki, məhz bu səbəbdən yatmaq və asudə vaxt kimi şəxsi fəaliyyətlər ödənişsiz işlərin müəyyənliyi çərçivəsindən kənara çıxır. Ödənişsiz iş qeyri-bazar xarakterli istehsal proseslərində töhfə kimi istifadə olunan vaxtdan ibarətdir; ödənişsiz iş insan tələbatlarının xüsusi “təmin edilməsi üsulu”nun bir hissəsidir. Yəni belə demək mümkündür ki, bu işlər ödənişli işçi tərəfindən yerinə yetirilə və onların dəyəri pulla müəyyən edilə bilər15. Bununla belə, onun fikrincə, bu heç də o demək deyil ki, bütün işlər ödənişli ola yaxud ödənişsiz işlər qalmaya bilər. O qeyd edir ki, ödənişsiz işlər cəmiyyətin sosial strukturunun ayrılmaz elementi və həyat keyfiyyətinin mühüm amilidir. Eyni bir iş, sosial kontekstindən asılı olaraq, ödənişli yaxud ödənişsiz ola bilər. Hansı işlərin ödənişsiz olamsı və buna nə qədər zaman sərf olunması ölkə mənşəyindən və mədəniyyətdən, habelə əhalinin müxtəlif sosial qruplaırndan (gəlir səviyyəsi, ev təsərrüfatlarının strukturu, yaş və digər fərqlər nəzərə alınmaqla) asılı olur.
Beynəlxalq Əmək Təşkilatının müəyyənliyində “ev xidmətlərinin göstərilməsi üzrə ödənişsiz əmək fəaliyyəti” əmək fəaliyyətinin iki formasını əhatə edir: i) “özünün istifadəsi üçün xidmətlərin göstərilməsi üzrə əmək fəaliyyəti” – bu, ev təsərrüfatlaırnın özlərinin son istehlakı üçün mal və xidmətlər istehsalıdır; ii) “könüllülərin əmək fəaliyyəti” – başqa şəxslərin maraqları çərçivəsində əvəzsiz olaraq yerinə yetirilən məcburi olmayan (könüllü) əmək fəaliyyətidir16.
2013-cü ildə BMT-nin Avropa İqtisadi Komissiyası vaxt büdcəsinin müayinəsinin uyğunlaşdırılması üzrə Rəhbərliyi (bələdçini) dərc etdi. Orada ödənişsiz əmək fəaliyyəti haqqında məlumatların toplanması vaxt büdcəsi müayinəsi çərçivəsində toplanmalı informasiyanın mühüm sahələrindən biri hesab olunur. Komissiyanın fikrincə, ev xidmətlərinin göstərilməsi üzrə ödənişsiz işlər barədə məlumatların yoxluğu yanlış siyasi nəticələrə gətirib çıxara bilər. Komissiyanın sənədlərində qeyd olunur ki, ev təsərrüfatları çərçivəsində həyata keçirilən fəaliyyətlərin dəyərcə qiymətləndirilməsi o qədər də sadə məsələ deyil. Çünki, bir qayda olaraq, ev təsərrüfatında ödənizsiz xidmətləri göstərən şəxslər eyni zamanda çox sayda fərqli işlərlə (məsələn, yemək hazırlanması, körpə uşağa qulluq, böyük uşağa ev tapşırıqlarının yerinə yetirilməsinə yardım göstərmək, paltar ütülənməsi və s.) məşğul olurlar17.
Komissiya “özünün istifadəsi üçün xidmətlərin göstərilməsi üzrə əmək fəaliyyəti”nə aid etdiyi əmək fəaliyyətlərinin siyahısına aşağıdakıları tövsiyə edir:
Dostları ilə paylaş: |