Ukraynada isə üç və daha çox uşaq doğub onları 14 yaşınadək tərbiyə etmiş qadınlar 55 yaşına çatdıqda və 20 il sığorta stajına malik olduqda yaşa görə pensiya hüququ qazanırlar. “Pensiya təminatı haqqında” Belarus Respublikası Qanununun 19-cu maddəsinə əsasən 5 və daha çox doğub onları 8 yaşınadək tərbiyə etmiş qadınlar 15 ildən az olmayan iş stajına malik olduqda ümumi əsaslarla pensiya yaşından 5 il əvvəl pensiyaya çıxmaq hüququ qazanırlar. 5 və daha çox uşaq doğub onları 16 yaşınadək tərbiyə etmiş qadınlar kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında azı 10 il çalışdıqda yaşından asılı olmayaraq pensiya hüququna malikdirlər. “Sığorta pensiyaları haqqında” Rusiya Federasiyası Qanununun 32-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş qadınlar 55 yaşına çatdıqda və 15 ildən az olmayan sığorta stajına malik olduqda qocalığa görə pensiya hüququ qazanırlar. İki və daha çox uşağı olan qadınların 20 ildən az olmayan sığorta stajı olduqda və 12 təqvim ili Uzaq Şimalda və ya 17 təqvim ili ona bərabər tutulan yaşayış yerində işlədikdə 50 yaşına çatdıqda qocalığa görə pensiya hüququna malik olurlar.
«Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən qadınlara ümumi əsaslarla pensiya təyin edilməsi üçün tələb olunan yaş həddi 1 iyul 2017-ci ildən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırılmışdır. Qanunun 8.1-ci maddəsi isə onun 7-ci maddəsinə istinad edilməklə tətbiq olunur. Buna görə çoxuşaqlı qadınlara pensiya təyin edilməsi üçün tələb olunan yaş həddi də 1 iyul 2017-ci ildən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, onların pensiya təyin edilməsi üçün yaş həddi aşağıdakı cədvəldə göstərilən qaydada müəyyən olunur.