Bu günlərdə Qala igidlərindən və gözətçilərindən ibarət müsəlmanlar atlanıb Malıbəyliyə gəldilər. Oradan da bir neçə gənc bələdçi bunlara qoşulub atlarını birbaşa Pirəməki deyilən yerə sürdülər. Pirəməki Şuşakənd ermənilərinin ot-ələf və əkinçilik yerləri idi. Həmin yerdə böyük-böyük ot tayaları var idi. Ermənilərin biçib yığdıqları 150 tayaya və neçə mərəklərə, talvarlara od vurub yandırdılar. Ot tayalarının alovları Qaladan görünürdü. Tayalar yandırıldıqdan sonra müsəlmanlar rus kazakları ilə sözü bir yerə qoyub Pirəməkidəki bütün məxzənlərdə və quyularda olan arpa və buğdanı çıxarıb arabalara yükləyib özlərinə mal etdilər.
Həmin günün sabahı divan əhli Pirəməkiyə gəlib ətraf dağları və meşələri təftiş etməyə başladılar. Təftiş zamanı Malıbəylidə baş vermiş erməni-müsəlman davası nəticəsində həlak olmuş iyirmi nəfər erməninin meyidini tapdılar. Onların hamısının, patrondaşları əyinlərində, tüfəngləri isə yanında düşüb qalmışdı. Bunların əksəriyyəti yaralı olduğundan qaçıb özlərini xilas etmək istəyiblərsə də, mümkün olmayıb. Hərəsi bir yanda yıxılıb ölüblər. Ermənilərin divana verdiyi məlumata görə, 107 nəfər erməni ölmüşdü.
Təəccüb və təəssüf doğuran budur ki, erməni milləti bu qədər can və mal xəsarətinə düçar olsalar da, tutduqları əməldən bir nəticə çıxarmayıb nə peşiman olurlar, nə də qəflət yuxusundan ayılırlar. Hər şəhərin və hər kəndin içində, ömrü boyu öz əməyi ilə iki qara pul qazanmayan və həmişə fitnə-fəsadlar törədərək milləti min cür bəlalara düçar edən qımdatlar yazıq sadə erməniləri hədələyərək onların zəhmətlə qazandıqları pullarını min bəhanə ilə əllərindən alıb ciblərini doldurur və kefləri də istəyəndə min cür hiylələr işlədib həm onları, həm də başqalarını öldürürdülər. Övrət və uşaqlarını isə ac və yalavac, gözləri yaşlı qoyurlar.
Dostları ilə paylaş: |