Cavanşir eli tərəfdən dalbadal kağızlar gəldi ki, neçə yüz müsəlman atlısı yekdil olub erməni kəndlərinə basqın edirlər. Onlar hansı kəndə girirlərsə, ermənilərə səngərlərə girməyə fürsət vermirdilər. Onlar əvvəlcə Sərab adlı kəndə daxil olaraq “Ya Əli!” nərəsi çəkə-çəkə ermənilərin üzərinə hücum çəkdilər. Ermənilər bu hücumdan vəhşətə gələrək elə karıxdılar ki, müqavimət göstərməyə qüdrətləri çatmadı. Pərən-pərən olaraq əllərinə nə keçdisə götürüb hərə bir tərəfə qaçdı. Bir qismi isə məxfi yerlərdə gizləndilər. Sərab kəndindən sonra müsəlman atlıları Başkəndə, sonra Marağa kəndinə, oradan isə Çaylı kəndinə hücum etdilər və ermənilərə böyük zərbə edirdilər. Müsəlmanlar birdən gördülər ki, onların qarşısına bir-iki erməni qımdatının rəhbərlik etdiyi bir zor dəstə çıxdı. Onlara rəhbərlik edənlərdən biri İrəvan əhlindən olan erməni Həmzat idi. Bu Həmzat neçə-neçə fitnə-fəsadlara və nahaq qanların tökülməsinə bais olmuşdu. Belə ki, İrəvan tərəfdə və Osmanlı dövlətində bir çox iğtişaşların yaradılmasına o rəhbərlik etmişdi. O, Şuşa şəhərinə üç il əvvəl gəlibmiş. Həmzat əvvəlcə özünü qabiliyyətli bir zərgər kimi qələmə verərək müsəlman bazarında zərgərlik dükanı açır. Buna görə də Qarabağın əyanlarının çoxu özləri və qadınları üçün hazırlatmaq istədikləri zinət şeylərini Həmzata sifariş verirdilər. Həmzat isə gizlincə müsəlmanlara qarşı iş aparırdı. O, şəhərdə və kənddə yaşayan ermənilərin birliyinə nail olmaq üçün böyük qımdatların köməyi ilə Osmanlı ermənilərindən gətirdiyi vərəqələr və qəzetlər vasitəsi ilə təbliğat işi apararaq onlarda müsəlmanlara qarşı nifrət yaratmağa çalışırdı. Həmzat müsəlmanların və dövlətin ziddinə iş aparmaqla bərabər, ayrı-ayrı siniflərdən olan qımdat dəstələri yaradırdı. O, qüvvətli qımdat dəstələrinin yaradılmasına nail olduqdan sonra erməni tayfasının dövlətlilərindən böyük miqdarda pullar toplamağa başladı. O, müəyyənləşdirmişdi ki, filan erməni dövlətlisi qımdat divanxanasına bu qədər məbləğdə pul verməlidir. Əgər o şəxs sözsüz-danışıqsız müəyyən edilmiş pulu verirdisə, canını qurtarırdı. Əks halda, yəni pulu vermədikdə həmin şəxs qımdatlar tərəfindən qətlə yetirilirdi. Beləliklə də, onlar çoxlu miqdarda pul topladılar. Həmzat və onun silahdaşları pul toplamaq məqsədilə oğurluqdan da çəkinmirdilər. Belə ki, bir gün iki-üç nəfər dövlət poçtundan xəzinəyə 43 min manat pul və nə qədər veksel apardıqları zaman qımdatlardan bir neçəsi hücum çəkərək onları öldürmüş və pulları isə aparmışlar. Qımdatlar 43 min pulu apardıqdan sonra daha da tamahlanaraq bir neçə rus böyüklərini öldürdülər. Divan adamları Həmzatın bu əməllərindən və gizli məktublarından xəbərdar olduqdan sonra onu həbs etdilər. O, həbs olunduqdan sonra müsəlman əyanlarından o günədək aldığı qızılların hamısını mənimsəyərək heç kəsə bir qram belə qızıl qaytarmadı. Bir neçə aydan sonra o, həbsxanadan buraxıldı. Həmzat özünə bir at alıb bir neçə qımdatla birlikdə kəndistan yerlərinə gedərək erməni dəstələri yaradıb, əhalini dövlətin ziddinə əməllər törətməyə təhrik edirdi. Bir qədər qüvvətləndikdən sonra isə müsəlmanlarla dava etməyə başladılar. Dövlət onun tutulması üçün bir neçə dəfə kazaklar göndərsə də, müsəlmanlar ona qarşı mübarizəyə qalxanacan nail olmadı. Müsəlmanlar Həmzatın dəstələri ilə uzun atışmadan və onların sıralarına böyük zərbələr endirdikdən sonra məğlubiyyətə düçar oldular. Bu döyüşdə böyük bir erməni qımdatı da öldürüldü. Ermənilər dərhal həmin qımdatın başını kəsib torbaya qoyaraq onun atı və sursatını özləri ilə birlikdə apardılar. Müsəlmanlar güman etdilər ki, ermənilərin başını apardıqları böyük qımdat Həmzat olmuşdur. Lakin sonra məlum oldu ki, o deyilmiş.