Əsgəran əhvalatı
Ermənilər Papravənddə böyük məğlubiyyətə düçar olduqdan sonra qımdatlar belə qərara gəldilər ki, hücum etmək onlar üçün əlverişli deyil. Yaxşısı budur ki, yolları kəsib müsəlmanların gəliş-gedişinə mane olaraq, şəhəri bir növ mühasirədə saxlasınlar. Bu məqsədlə onlar ayrı-ayrı dəstələr düzəldib Əsgərən qalasının ətrafında gizli mövqelərdə yerləşdirdilər. Bu dəstələr yol ilə gəlib-gedənlərə güllə atmağa başladılar. Buna görə də yollardan gediş-gəliş kəsildi, kirəkeşlər və arabaçılar üçün hərəkət mümkün olmadı.
Digər tərəfdən isə Rusiya vilayətində və Tiflisdə iğtişaş və tətillərin olması üzündən teleqraf və poçt işləmirdi.
Qalada Yel dəyirmanı deyilən qayaların üstünə çıxaraq yollara nəzarət edən ermənilər gördülər ki, Xəlifəli və kürdlər yaşayan məntəqələrdən də gəlib-gedən yoxdur. Kirəkeşlər dəyirmanlara un üyütmək üçün taxıl da apara bilmirdilər. Bu səbəbdən də şəhərdə ərzaq get-gedə azalır və bahalıq əmələ gəlirdi. Kasıblar və qəriblər üçün dolanacaq çətinləşirdi. Dəyirmanlar işləmədiyindən və un ehtiyatı azaldığından çörək dükanları bağlanırdı.
Əlavə: Xəbər çıxdı ki, Sisyan tərəfdə ermənilər dəstə bağlayıb müsəlmanların üstünə gəlirlər. Müsəlmanlar da zor bir dəstə yaradıb onların qarşısına çıxaraq atışmağa başladılar. Vuruşma iki gün sərasər davam etdi. Vuruşma zamanı müsəlmanlardan 20 nəfər şəhid oldu, bir neçəsi isə yaralandı. Ermənilər tərəfindən isə yaralananlardan başqa 50 nəfər öldürülmüşdü. Sisyanlılar on nəfər qalaya göndərirlər ki, oradan tüfəng və patron alıb gətirsinlər.
Dostları ilə paylaş: |