Hacı Abbasın əhvalatı
Hacı Abbas belə deyir ki, dava sakitləşdikdən sonra ermənilərin əksəriyyəti ayrı-ayrı vilayətlərə getməyə başladılar. Bir gün mən yolla gedərkən Muğdusi oğlu Minas adlı bir sövdəgər qarşıma çıxdı. O, külfəti ilə birlikdə arabada Tiflisə gedirdi. Məni görcək dedi ki, Hacı, Allah sizi saxlasın, görürsən sizin müsəlmanlar məni nə günə saldılar? Din haqqı, mənim o qədər dövlətimdən çiynimə saldığım bircə bu şal qalıb. Bu mənim həm paltarım, həm də yorğan-döşəyimdir.
Minasın oğlu atasına dedi ki, zərər yoxdur, bu günün sabahı var. Əlbəttə, biz də əvəzini çıxarıq. Sonra mən Minasın oğluna dedim: - Ey oğlan, yadında varmı ki, davadan irəli mən sizin evin qabağından gedirdim. Gördüm ki, sən evin balkonunda durubsan. Bu zaman sizin balkonun altından bir qoca müsəlman keçirdi. Sən onu görən kimi daş ilə vurdun. Kişi səbəbini soruşanda sən o kişiyə acıqlanıb dedin ki, mən qəsdən səni vurdum. O kişi də sənə dedi ki, mənə etdiyin bu zülmə görə Allah-təala sizin evinizi xarabaya döndərib, sizi də zəlil etsin. İndi həmin kişinin bəd duasıdır ki, sizi tutdu. Eviniz-malınız tamam yanıb, özünüz də belə zəlil günə qalmısınız. Allah-təala adildir, haqqı nahaqqa verməz. Bir də ki, davanı və mərdüməzarlığı ermənilər saldı, müsəlmanların sizə heç bir iddiası yoxdur.
Dostları ilə paylaş: |