Qanlı-qadalı illərin dəyərli abidəsi



Yüklə 0,52 Mb.
səhifə14/23
tarix25.10.2017
ölçüsü0,52 Mb.
#12515
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

Malıbəyli əhvalatı


Şəvval ayının 17-si, cümə axşamı Şuşakənddən, Daşkənddən, Muxətərdən, Keşişkənddən və Daşaltıdan neçə yüz erməni yığılaraq qımdatlarla məsləhətləşib belə qərara gəldilər ki, müsəlmanların qüvvələrini zəiflətmək məqsədilə kəndlərdən onları qovub təmizləsinlər. Bundan sonra Qalaya hücum çəkib müsəlmanların müqavimətini sındırmağın asan olacağını söylədilər. Ermənilər tökdükləri tədbirə əsasən birinci Malıbəylinin üstünə hücum çəkib oranı tar-mar etmək, ev-eşikləri yandırıb mallarını qarət etmək fikrində idilər.

Ermənilər bu məqsədlərini həyata keçirmək üçün səhər tezdən Malıbəylinin üzərinə hərəkət etdilər. Bu hücumda neçə yüz adam və kəl arabaları iştirak edirdi. Onlar kəl arabalarını müsəlmanların mallarını qarət edib aparmaq üçün gətirirdilər. Ermənilər Malıbəylini qiblə və qərb tərəfdən mühasirəyə aldılar. Hücum səhər tezdən olduğuna görə səngərdə olanlar yatmışdılar. Kəndin səhər tezdən oyananları hücumdan xəbərdar olub başqalarına da məlumat verdilər. Səngərdə dayanan müsəlmanlar bu qədər ermənini görən kimi bir-iki güllə atdılar. Ermənilər isə hər səngərə yüzə qədər tüfəngdən atəş açdılar. Odur ki, səngərdəkilər atəşin belə çoxluğundan dəhşətə gəlib kəndin içərisinə qaçırdılar. Ermənilər isə səngərləri tutaraq daxil oldular. Onlar Hacı Təhmirəzin evini ələ keçirərək hər tərəfdən od vurdular. Qımdatlardan ikisi sevincindən evin balkonunda şadlıq edirdilər. Belə ki, biri əl çalıb, o birisi oynayırdı. Bu zaman Malıbəylinin igidləri və tüfəngdarları əhvalatı belə görən kimi nərə çəkib hər tərəfdən ermənilərin üzərinə hücum çəkdilər. Bir cavan müsəlman Hacı Təhmirəzin evinin balkonunda oynayan ermənini sinəsindən nişan alaraq elə vurdu ki, erməni bircə dəfə çığırıb yerə yıxıldı. Həmin cavan bir güllə də çəpik çalan qımdata vurdu. O da bərk qışqırıb o biri erməninin yanına yıxıldı.

Müsəlmanlardan bir atlı Xankəndinə, o birisi isə Qalaya xəbər gətirib onlardan kömək tələb etdilər. Dərhal Qalada cavan müsəlman döyüşçüləri toplaşaraq Ağa Şamil və Bəşir bəyin rəhbərliyi altında Malıbəyliyə tərəf yollandılar. Xankəndindən isə bir dəstə müsəlmanlar kazaklarla birlikdə Malıbəyliyə gəldilər. Qaladan və Xankəndindən kömək gələnə kimi Malıbəyli cavanları hər tərəfdən ermənilərin üzərinə hücuma keçmişdilər. Hər iki tərəfdən güllə yağış kimi yağırdı. Hacı Təhmirəzin evinin balkonunda iki qımdat öldürüldükdən sonra ermənilər qaçmağa başladılar. Müsəlmanlar onları təqib edərək gülləyə tuturdular. Bu təqib zamanı daha doqquz erməni öldürüldü, neçəsi isə yaralandı.

Ermənilərin Malıbəyliyə hücumunun başlanğıcında Hacı Təhmirəzin evinin yanında vuruşma gedərkən müsəlmanlar evi hər tərəfdən gülləyə tuturdular ki, ermənilər oraya daxil olmasın. Bu zaman ermənilərin əlinə düşməsin deyə evin bəzi qiymətli əşyalarını yığıb özləri ilə aparmaq istəyən iki övrətin erməni olduğunu güman edən müsəlman cavanları səhvən onları da vurub öldürmüşdülər.

Ermənilər Malıbəylidən çıxarıldıqdan sonra Xankəndindən və Qaladan gələn dəstələr gurultu ilə Malıbəyliyə daxil oldular və onlar Malıbəyli müdafiəçilərinə qoşularaq salavat və “Ya Əli!” nərələri çəkib cəsarətlə ermənilərin üzərinə hücum çəkdilər. Gülləbaran nəticəsində daha on beş erməni öldürüldü. Ermənilər vəziyyəti belə görən kimi pərən-pərən olub qaçmağa başladılar. Həmin həlak olan 15 nəfərin meyidini də götürüb kənarda saxladılmış və qənimət üçün gətirilmiş arabalara qoyub apardılar. Hacı Təhmirəzin evində öldürülmüş 9 erməni meyidi isə elə oradaca evlə birlikdə yanmışdı. Qaçan erməniləri müsəlman döyüşçüləri gülləbaran edə-edə təqib edirdilər. Sonra daşların dibində, çökək və çuxur yerlərdə ölən ermənilərin meyidlərini saydılar. Onların miqdarı 80 nəfərə çatmışdı. Müsəlmanlar tərəfdən isə bu davada ölənlər Hacı Məhəmmədin bir cavan oğlu və Hacı Təhmirəzin evində iki övrət olmuşdur.

Hacı Təhmirəzin evində öldürülmüş 9 nəfər ermənidən beşi kazak çinovniki paltarları geyiniblərmiş ki, müsəlmanlar onları kazak bilib atəş açmasınlar.


Qaybalı kəndinin əhvalatı


Xəlifəlilər belə bir tədbir görmüşdülər ki, şəvval ayının 18-də gecə qəflətən Qaybalı kəndinin üzərinə hücum edərək oranı darmadağın etsinlər. Bir naxələf, zatı qəliz müsəlman gedib Qaybalı ermənilərini xəlifəlilərin tədbirindən xəbərdar edir. Ermənilər tədbirdən xəbərdar olan kimi Qalaya və kəndlərə adam göndərib tezliklə kömək göndərmələrini tələb edirlər. Hər yerdən ermənilər cəm olub Qaybalıya gəlirlər. Köməyə gələn ermənilər iki yerə bölünərək bir qismi kəndi müdafiə etmək üçün orada qalır, digər bir qismi isə silahlarını götürüb başqa bir yerdə gizlənirlər. Gecədən 4 saat keçdikdən sonra 30-40 nəfər xəlifəli və neçə nəfər kürd tayfasından hamısı silahlı Qaybalının üzərinə hücuma keçdilər. Onlar əvvəlcə iki dənə mərəyə od vurdular. Ondan sonra kəndi gülləyə tutdular. Kənd əhli hücumdan qabaqcadan xəbərdar olmasına baxmayaraq, nalə və fəryadları göyə ucaldı. Onların bir parası tüfəng atmağa, qışqırıq salmağa və bir parası isə yalvarıb Həzrəti Abbası köməyə çağırmağa başladılar. Xülasə, bunları gülləbaran edib atışırdılar. Ermənilərdən 11 nəfər qətlə yetirilmişdi ki, bu vaxt pusquda durmuş ermənilər Qaybalı yaxınlığında yerləşən bir neçə müsəlman evlərinin üzərinə hücum çəkdilər. Bu evlərdə yaşayan müsəlmanların babası laçınlı Məhəmməd ləqəbi daşımış məşhur aşpaz olmuşdu. Ermənilər həmin laçınlıların evlərini gülləbaran etməyə başladılar. Onların aş qazanlarına da od vurub yandırdılar. Əhvalatdan xəbərdar olan kimi müsəlmanlar Qaybalıdan qayıdıb laçınlılara köməyə gəldilər. Onlar erməniləri gülləbaran edərək oradan qovdular. Nəhayət, atışma dayandı və sakitlik yarandı.

20 şəvval 1323 –cü (1905) ildə Pirəməkidə baş verən əhvalat


Bu günlərdə Qala igidlərindən və gözətçilərindən ibarət müsəlmanlar atlanıb Malıbəyliyə gəldilər. Oradan da bir neçə gənc bələdçi bunlara qoşulub atlarını birbaşa Pirəməki deyilən yerə sürdülər. Pirəməki Şuşakənd ermənilərinin ot-ələf və əkinçilik yerləri idi. Həmin yerdə böyük-böyük ot tayaları var idi. Ermənilərin biçib yığdıqları 150 tayaya və neçə mərəklərə, talvarlara od vurub yandırdılar. Ot tayalarının alovları Qaladan görünürdü. Tayalar yandırıldıqdan sonra müsəlmanlar rus kazakları ilə sözü bir yerə qoyub Pirəməkidəki bütün məxzənlərdə və quyularda olan arpa və buğdanı çıxarıb arabalara yükləyib özlərinə mal etdilər.

Həmin günün sabahı divan əhli Pirəməkiyə gəlib ətraf dağları və meşələri təftiş etməyə başladılar. Təftiş zamanı Malıbəylidə baş vermiş erməni-müsəlman davası nəticəsində həlak olmuş iyirmi nəfər erməninin meyidini tapdılar. Onların hamısının, patrondaşları əyinlərində, tüfəngləri isə yanında düşüb qalmışdı. Bunların əksəriyyəti yaralı olduğundan qaçıb özlərini xilas etmək istəyiblərsə də, mümkün olmayıb. Hərəsi bir yanda yıxılıb ölüblər. Ermənilərin divana verdiyi məlumata görə, 107 nəfər erməni ölmüşdü.



Təəccüb və təəssüf doğuran budur ki, erməni milləti bu qədər can və mal xəsarətinə düçar olsalar da, tutduqları əməldən bir nəticə çıxarmayıb nə peşiman olurlar, nə də qəflət yuxusundan ayılırlar. Hər şəhərin və hər kəndin içində, ömrü boyu öz əməyi ilə iki qara pul qazanmayan və həmişə fitnə-fəsadlar törədərək milləti min cür bəlalara düçar edən qımdatlar yazıq sadə erməniləri hədələyərək onların zəhmətlə qazandıqları pullarını min bəhanə ilə əllərindən alıb ciblərini doldurur və kefləri də istəyəndə min cür hiylələr işlədib həm onları, həm də başqalarını öldürürdülər. Övrət və uşaqlarını isə ac və yalavac, gözləri yaşlı qoyurlar.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin