GƏNCƏ ŞƏHƏRİNDƏ MÜSƏLMANLARLA ERMƏNİLƏR ARASINDA
BAŞ VERMİŞ ƏHVALAT
8 ŞƏVVAL 1323-CÜ İL (MİLADİ 1905-Cİ İL)
Şəvvalın 8-də xəbər gəldi ki, Gəncə şəhərində müsəlmanlarla ermənilər arasında olan toqquşma nəticəsində dava başlamışdır. Teleqrafla xəbər verdilər ki, iki gecədir ki, Gəncədə böyük od-alov görünür. Ancaq təfsilatı məlum deyildir. Sonra təhqiqatla məlum oldu ki, erməni tayfası müsəlmanları arxayın edərək, onlara qarşı yeni xəyanət hazırlamaq üçün tədarük görərək hər yana yazıb özləri üçün köməklər gətirmişlər.
Müsəlmanlar isə hər şeydən xəbərsiz sakit və samit öz işlərində və alış-verişlərində idilər.
Ermənilər silah tədarüklərini məramlarınca yığdıqdan sonra hər yana yazıb qüvvə tələb etdilər. Bu tələb əsasında hər yandan silahlı ermənilər gəlirdilər. Gəncə ermənilərinə Qarabağdan da kömək gəlmişdi. Qarabağdan gələn dəstənin başında dülgər Barseqin oğlu Sancan dururmuş. Ermənilər müsəlmanlarla davanı başlamaq üçün nahaq yerə üç müsəlmanı öldürürlər. Müsəlmanlar bu əhvalatı eşidən kimi bazar-dükanı bağlayıb silahlanır və “Ya Allah!” deyib ermənilərin üstünə hücum çəkərək atışmağa başlayırlar. Bu xəbər ətrafa yayılan kimi kənar yerlərdən köməklər gəlirdi. Bu gələn köməklərin arasında Əli adlı mütəəssib və qeyrətli bir cavan var idi. Qaçaq olan bu oğlan başına bir xeyli atlı toplayıb Gəncəyə müsəlmanların köməyinə gəlmişdi. Ermənilərin qaçmasına imkan verməmək üçün qabaqcadan körpünü kəsdilər. Bundan sonra ermənilərin üstünə güllə yağdırmağa başladılar. Ermənilərdən qırılan çox oldu. Ermənilərin mövqeyi tutulduqca onların evlərinə, dükanlarına və mağazalarına od vurub yandırırdılar. Amma bir işdə çox səhv etdilər ki, müsəlman məhəlləsində yerləşən və məscid dükanına bitişik olan erməni dükanına od vurdular. Çünki erməni dükanı yanarkən küləyin təsiri ilə od-alov məscid dükanına keçdi. Söndürülməsi mümkün olmadığından erməni dükanı ilə məscidin mağazası da yandı.
Bu dava nəticəsində ermənilərdən xeyli adam qətlə yetirildi. Dedilər ki, Qarabağdan gəlmiş Barseqin oğlu Sancan da öldürülmüşdür. Amma sonra məlum oldu ki, diridir. Müsəlmanların da bir neçə nəfəri şəhid olmuşdu.
Neçə vaxtdan sonra xəbər çıxdı ki, Məhəmmədhəsən adlı bir molla iki nəfərlə nəyəsə baxmağa gediblərmiş. Hiyləgər erməni tayfası onları şirin dilə tutaraq harasa aparıb yox etmişlər. Sonra onların taleyindən bir xəbər çıxmadı.
Dostları ilə paylaş: |