ƏHMƏD BƏYİN QIZI HƏMİDƏ XANIMIN ƏHVALATI
Bu günlərdə Cavanşir Əhməd bəyin qızı Həmidə xanım bir dəstə atlı ilə birlikdə böyük təmtəraqla Ağdama gəldi. Ağdamın camaatı onu böyük hörmət və ehtiramla qarşılayaraq, bir gözəl mənzildə yerləşdirdi. Həmidə xanım cənab Cəfər bəyə bildirdi ki, millət xüsusunda camaata bir neçə söz demək istəyir.
Cəfər bəy xeyriyyə məclisinin üzvlərinə buyurdu ki, bazar-dükanların bağlanıb camaatın böyük meydana toplanması haqqında göstəriş versinlər. Camaat və əyanlar yavaş-yavaş böyük meydana toplaşdılar. Həmidə xanım Cəfər bəy ilə birlikdə hündür bir eyvana qalxdılar. Həmidə xanım üzünü Cəfər bəyə tutaraq onun buraya nə məqsədlə gəldiyini camaata çatdırmasını xahiş etdi.
Cəfər bəy uca səslə dedi ki, ey əyanlar və müsəlmanlar! Həmidə xanımın zəhmət çəkib uzaq yolları gəlməkdə məqsədi aşağıdakılardan ibarətdir: Həmidə xanım buyurur ki, mən Qalada bizim qan qardaşlarımızın çox zəhmət və əziyyət çəkdiklərini eşitdim. Mənə məlum oldu ki, kəndlərdə yaşayan ermənilər yolları kəsərək camaatın Qalaya ərzaq və mal gətirməsinə, eləcə də dəyirmana getmələrinə mane olurlar. Buna görə də mən bütün sursatları ilə birlikdə iki yüz altı toplayaraq onların köməyinə gəlmişəm. Mən bir övrət olsam da, müsəlman qardaşlarımızın belə əziyyət çəkməsi gecə-gündüz mənə əziyyət verərək rahat buraxmır. Qardaşlarımız Şuşada belə əziyyətlərə məruz qaldıqları halda biz burada rahat yeyib-içib, yata bilmirik. Mənə yaraşmaz ki, siz olan yerdə mən xalqımızın bu əziyyətdən qurtulması üçün mübarizə aparam. Ona görə cənablarımızdan xahiş edirəm ki, siz də qüvvə toplayıb mənim gətirdiyim atlılarla birlikdə zir-zibili müsəlman qardaşlarımızın yolundan təmizləyəsiniz ki, onlar rahat yaşaya bilsinlər.
Meydana yığışan camaat yuxarıda deyilən sözləri eşitcək Həmidə xanımı ürəkdən alqışladılar. Hətta bəzi şəxslər bu sözlərin təsirindən kövrələrək ağladı. Camaat cavab verdi ki, biz yeddi yaşından yetmiş yaşına kimi hamımız və canımızla bu yolda mübarizə aparmağa hazırıq. O yolkəsənlər də öz layiqli cavablarını alacaqlar. Odur ki, siz narahatçılıq keçirmədən öz məqamınıza qayıdın, Allah-təalanın köməyi ilə biz bu işlərin hamısına əncam çəkərik.
Həmidə xanım xeriyyə məclisinə iki yüz manat nəqd pul və iki yüz pud un və arpa bağışlayıb ehtiramla öz kəndinə təşrif apardı. Allah ondan razı olsun.
Dostları ilə paylaş: |