QARĞABAZAR ƏHVALATI Mirzə Hüseyn Cavad oğlu qarğabazarlı mənimlə (M.M.Həvvab) üzbəüz oturub bu əhvalatı özü nəql etdi. O, mənə danışdı ki, ermənilərin müsəlman kəndlərində törətdikləri vəhşilikləri eşidərkən biz hövsələrdən çıxdıq və Qarğabazar, Qoçuəhmədli, Pirəhmədli, Qaragüllü və başqa kəndlərdən cavanları və igid döyüşçüləri toplayıb ermənilərin bu vəhşiliklərinin qarşısını almaq qərarına gəldik. Biz silahlanıb erməni kəndlərinin üstünə gedərkən xəbər gətirdilər ki, ermənilər ətraf kəndləri boşaldıb hamısı mövqeyi baxımdan möhkəm və yaxşı mühafizəsi olan Xırmancıq kəndinə toplaşıblar. Bütün ətraf kəndlərin kişiləri də övrət-uşaqları da Xırmancıqda cəmləşmişdilər. Ətrafdan gələn ermənilər özləri ilə mal-dövlətlərini də bu kəndə gətirmişdilər.
Erməni kəndlərinin üzərinə getməyə hazırlaşan müsəlman dəstəsi Xırmancıq kəndinə gələrək onu iki tərəfdən mühasirəyə aldılar. Vəziyyəti belə görən ermənilərin bir qismi o biri tərəfdən qaçmağa başladılar. Bir qismi isə məxfi yerlərdə gizləndilər. Müsəlman dəstəsi gözə görünən ermənilərlə atışa-atışa kəndə daxil oldular. Bir neçə erməni öldürüldükdən sonra kənddə olan mal-dövlətdən qənimət kimi götürüb özləri ilə geri qayıdanda meşələrdə gizlənmiş ermənilərlə atışmaları oldu və müsəlmanların tamahkarlığı ucundan bir neçə nəfər şəhid oldu. Müsəlmanlar şəhidlərin meyidlərini özləri ilə götürüb geri qayıtdılar.