Ön söz
QARABAĞ-Azərbaycanın tarixi-etnoqrafik vilayətidir. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı.
Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi. Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad və ya Şuşa adlandırılırdı. 1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı.
İbrahimxəlil xanın hakimiyyətinin sonlarında, xüsusən də Ağaməhəmməd şah Qacarın yürüşlərindən və Rusiya-Qacar müharibələrindən sonra xanlıq zəifləməyə başladı. Ağaməhəmməd şah Qarabağa 1795-ci və 1797-ci illərdə iki yürüş etdi. İkinci yürüşdə Şuşa qalasını ələ keçirməyə nail oldu. Lakin onun Şuşada qətlə yetirilməsindən sonra İbrahimxəlil xan hakimiyyətini yenidən bərpa edə bildi.
1805-ci ildə İbrahimxəlil xan ilə Rusiya generalı Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə keçdi. 1806-cı ildə İbrahimxəlil xanın Qacarlar ilə birləşməsindən şübhələnən başda Mayor Lisaneviç başda olmaqla rus hərbçiləri heçbir araşdırma aparmadan xanı ailəsi ilə birlikdə qətlə yetirdilər. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsinə əsasən Qacar İranı Qarabağın Rusiya himayəsinə keçməsini rəsmən qəbul etdi. 1828-1830-cu illərdə Rusiya hakimiyyəti İran və Türkiyədən Cənubi Qafqaza 140.000 erməni köçürüb. Onların böyük hissəsi Qarabağda yerləşdirilidi. İran və Türkiyədən kütləvi miqrasiya, xüsusilə Rusiya hökümətinin onlar üçün yaratdığı əlverişli iqtisadi şərait nəticəsində köçkünlərin arasında doğum sayının artması ilə yanaşı, XIX əsrin birinci yarısı ilə (1811-ci il-ermənilər 20,8%, müsəlmanlar 79%, 1823-cü il-ermənilər 21,7%, müsəlmanlar 78%, 1830-cu il-ermənilər 33%, müsəlmanlar 66,6%) XIX əsrin ikinci yarısını müqayisə edərkən (1889-cu il- ermənilər 45,5%, müsəlmanlar 54%, 1897-ci il - 41,5%, müsəlmanlar 57%, 1904-cü il-ermənilər 41,6%, müsəlmanlar 57%, 1914-cü il-41% müsəlmanlar 55%) ermənilər və müsəlmanlar arasında nisbətin dəyişməsinə gətirib çıxardı. 1918-ci ildə milliyətçi Daşnaksutyun Partiyasının rəhbərliyi ilə elan edilmiş Ermənistan Respublikası öz ərazisini əsasən müsəlmanların məskunlaşdığı vilayətlər hesabına genişləndirməyə çalışırdı. Bunun üçün orada erməni say çoxluğunu süni surətdə təmin etmək məqsədi ilə müsəlmanların qırılması və qovulması siyasəti aparılmışdır. Daşnaksütyun partiyasının nümayəndələri tərəfindən ilk dəfə olaraq “Dağlıq Qarabağ” termini tətbiq olundu. Məqsəd ermənilərin 50%-ni təşkil etdikləri Şuşa qəzasını, müsəlmanların payı 70-75%-ə çatan Qarabağın qalan hissəsindən ayırmaq idi. 1918-1920-ci illərdə daşnaklar Qarabağın Zəngəzur və Şuşa qəzalarında fəal etnik təmizləmə aparıblar. 1920-1923-cü illərdə məqsədyönlü surətdə həyata keçirilən proseslər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibinə daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi-coğrafi vahidliyini və ya bütövlüyünü itirdi. Yuxarıdakı faktlardan Azərbaycanın Qarabağ torpağına köçürülüb gətirilmiş ermənilərin özlərinə bu ərazilərdə dövlət yaratmaq istəyi açıq aşkar görünür. 1980-ci illərin sonlarında Dağlıq Qarabağı Azərbaycandan ayırmaq prosesi başlayır.
1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi cənub-qərbi Azərbaycanda yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında Qarabağ müharibəsi baş vermişdir. Müharibə getdikcə, keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan, Dağlıq Qarabağın yüksəkliklərində uzunçəkən, elan edilməmiş müharibə aparırdılar. Azərbaycan separatçı hərəkatı məhv etməyə çalışırdı. Yerli parlament özünü Ermənistanla birləşdirilməyin lehinə səs verib, seçicilərin əksəriyyətinin müstəqilliyə səs versə də, Dağlıq Qarabağın azərbaycanlı əhalisi referendumu boykot etmişdi. Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə yenidən, amma nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda-SSRİ-nin dağılmasının yaxınlaşması səbəbindən, fikir ayrılığı etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və nəticədə tərəflərin etnik təmizləmə iddialarına səbəb olmuşdur.
Tərəflər arasında etnik qruplararası qarşıdurmalar Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamentinin 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək qərarı verdikdən sonra başlamışdır. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur. Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti, Azərbaycandan çəkilmək qərarına gəlmiş və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər.
Tərəflər arasında geniş miqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi, regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır.
1994-cü ildə müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirib, hazırda anklavın tərkibində olmayan Azərbaycan torpaqlarının 9 %-nə nəzarət edirlər. Münaqişə nəticəsində Ermənistan və Qarabağdan isə 800.000 azərbaycanlı məcburi köçkün olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi, “Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Əslində, Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu, Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmişdir, Xocalı soyqırımını törətmişdir.”
1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi şəhid olub. Ən çoxsaylı itkilər 1992-1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi, “1992-ci ilin may ayında Şuşa şəhərinin və Laçın şəhərinin işğala məruz qalması Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi bizim vəziyyətimizi daha da ağırlaşdırdı və faktiki olaraq sonrakı işğalçılıq siyasətinin davam etdirilməsinə səbəb oldu.”
1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradındakı çıxışında söylədiyi bu sözlərlə dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırdı ki, “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Eyni zamanda, bizim məqsədyönlü səylərimiz nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, qurub-yaradıb, eyni zamanda, bütün dünya görüb ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.”
2020-ci il sentyabr ayının 27-dən noyabr ayının 9-na qədər davam edən uğurlu döyüşlərdən sonra, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan tərəfindən imzalanan sənədə əsasən, əzəli yurdumuz olan Dağlıq Qarabağ və ətraf rayonları, o cümlədən, Qazax rayonunun işğal altında olan 7 kəndi tamamilə işğaldan azad edilmişdir.
Dostları ilə paylaş: |