QARABAĞ ƏRAZİSİNDƏ TƏBİİ İRSİN MÜHAFİZƏSİ MƏSƏLƏLƏRİ
Bakı Dövlət Universiteti
t.ü.f.d dos L. Ə. Bayramova, lalabayramova@bsu.edu.az
A. E. Əmirquliyeva, atuc.eva@gmail.com
S. R. Yusifova, s.yusifova@gmail.com
Xülasə
Qarabağda təbii irs obyektlərinin konservasiyası, mühafizəsi və bərpasının vacib aspektlərinin nəzərə alınması, Azərbaycanın tarixi torpaqlarında pozulmuş landşaftların bərpası.
Açar sözlər: təbiət və cəmiyyətin qarşılıqlı asılılığı, təbii mühit, bioloji müxtəliflik, konvensiyal sənədlər, ətraf mühitin mühafizəsinin hüquqi aspektləri
Təbiət və cəmiyyət arasında əlaqə mürəkkəb və çoxşaxəlidir. İnkişafın bütün mərhələlərində cəmiyyətin və təbii mühitin təsirinin əks qütbləri mövcuddur. Təbiət insanın məskənidir, cəmiyyətin ehtiyaclarının yeganə maddi, mədəni, estetik mənbəyidir, buna görə də insanların həyatı üçün zəruri şərtdir.
Coğrafi məkan qlobal proseslərin və idrakın arenasıdır, cəmiyyət və onun üzvləri dərk etməlidir ki, keçən əsr ərzində təbiətdə baş verən əhəmiyyətli dərəcəli "azalmalar" gələcək inkişaf yollarının fəlsəfi və maddi ideyasına mütləq təsir edir.
Cəmiyyət inkişaf etdikcə, fəaliyyət sahələrini genişləndirməyə, böyük həcmdə təbii resurslarа ehtiyac duyur və təbii fəal təsir göstərir.
İqtisadi tərəqqi ikitərəfli münasibətləri əks etdirir: təbiət, bir tərəfdən, insanın özünü, digər tərəfdən insanın təbiətə istehlakçı münasibətini əks etdirir. Bu münasibət yalnız təbii ehtiyatlara deyil, həm də təbiətin özünədir, bunun nəticəsində hər bir insan üçün unikal təbii komplekslərin, həyat üçün “sağlam” yerlərin əhəmiyyəti getdikcə azalır.
Bəşəriyyət aşkar şəkildə landşaft və bioloji müxtəlifliyin azalması riski ilə üz-üzədir, buna görə də mədəni və təbii irsin qorunması ekoloji cəhətdən davamlı yaşayış şəraitinin təmin edilməsinin ən mühüm komponentidir.
Etnik davamlılığın irsi vəziyyətdən asılı olması universal qanunauyğunluqdur. Dünya praktikasından irs atributlarını itirmiş etnik qrupların yoxa çıxmasına real nümunələr məlumdur (autentik sənətkarlıq, otlaqlar, milli dillər, dini ənənələr və s.)
Mədəni dəyərlər insanın mahiyyətini - bilik və bacarıqlar, təhsil və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəaliyyət, eyni zamanda, mədəniyyətini müəyyən edir. Mədəni təməl sivilizasiyaların özəl daşlarını müəyyən edən etnik mənsubiyyətin əvəzsiz atributudur.
Azərbaycan, səxavətlə bəxş edilmiş təbii sərvətlərinin potensialı, inanılmaz təbiəti, zəngin mədəniyyəti və nəcib mənəviyyatı ilə seçilən möhtəşəm xalqı ilə fərqlənir. Millətimiz qədim zamanlara gedən dərin köklərə malikdir.
Şimal və Cənubun, Qərb və Şərqin kəsişməsində müstəsna strateji mövqedə olması səbəbindən hər zaman qonşuların iddialarının obyekti olmuş, bütün çətinliklərə baxmayaraq, öz gözəlliyini, hikmətini qoruyub saxlaya bilmiş və çoxşaxəli mədəniyyəti ilə bəşəriyyətə çoxlu şah əsərlər bəxş etmişdir.
Azərbaycanın ən gözəl bölgələrindən biri - Qarabağ və ona bitişik ərazilər təqribən 30 il müddətində qonşu dövlətin təcavüzkar hərəkətlərinə məruz qalmışdır. Beynəlxalq hüququn norma və prinsiplərinin pozulması, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarına riayət edilməməsi, 2020-ci ilin oktyabrında elan edilmiş humanitar atəşkəs, işğalçı silahlı qüvvələrin uzun sürən qarşıdurması qonşu ölkənin (Ermənistan) qəsdən yaşayış məntəqələrimizi və dinc sakinlərimizi hədəfə alması nadir landşaftlara ciddi ziyan vurmuş, flora və fauna müxtəlifliyinin ən nadir növlərinin yox olmasına səbəb olmuşdur [4].
BMT-nin Bioloji Müxtəliflik (1992), Səhralaşmaya qarşı mübarizə (1994), İqlim dəyişikliyi (1992), həmçinin UNESKO-nun Mədəni və Təbii İrsin mühafizəsi haqqında Konvensiyasının (1972) hüquqi aspektlərini kobud şəkildə pozan hərəkətləri ilə bütün Qafqaz regionunun təbii balansını pozmuşdur.
Avropa Birliyinin Sənaye qəzalarının transsərhəd təsirləri və Avropa Regionunun Vəhşi Təbiətinin və Ətraf Təbii Mühitin Mühafizəsi üzrə Avropa Şurasının Konvensiyaları kimi mühüm hüquqi sənədlərinin tələbləri Azərbaycanın təbii sərvətlərinə ciddi ziyan vuran aqressiv hərəkətlərlə dəfələrlə pozulmuşdur.
Ərazi bütövlüyümüzün pozulması və təbii sərvətlərimizin amansız istismarı nəinki təbii resurs potensialına, həm də dövlətçiliyimizin mədəni komponentinə böyük ziyan vurmuşdur.
Azərbaycanda “təbii irs” anlayışı bir sıra əsas meyarlar ilə əlaqələndirilir, lakin ən əhəmiyyətliləri arasında unikallığı və parlaq ahəngləri ilə fərqlənən xüsusi qorunan ərazilər diqqəti cəlb edir.
Qarabağ və ətraf rayonlarda işğal dövrü ərzində 2000-dən çox nadir ali bitki növü (Azərbaycan bitkilərinin 42%-i), 50-yə yaxın fauna və 70 növ flora nümunəsi təhlükə altında olan endemiklər siyahısında tərtib olunmuşdur. Bunlardan bəzilərini - Qarabağ laləsi, Qarabağ sentavriyası, Zəngilan astraqalı, Sağsağan zefiri, Şuşa vələsi, Şuşa esforesi və Şuşa astraqalı sırf Qarabağın tarixi torpaqlarında görmək mümkündür [1].
Qarabağda və ona bitişik ərazilərdə meşələrimizin yandırılması, ağ fosfor bombalarından istifadə (beynəlxalq müqavilələrlə qadağan olunmuş) təbiətə qarşı vandalizm aktları idi, lakin bu gün biz dağ-meşə landşaftlarının qiymətli massivlərini fəal şəkildə bərpa edirik. Həmin tədbirlərə gənc ekoloqların cəlb edilməsi məqsədilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondu tərəfindən Ekoloji Qiymətləndirmə layihəsinə start verilmiş və uğurla başa çatdırılmışdır.
Ətraf mühitin və təbii sərvətlərin vəziyyətini qiymətləndirmək, kreativ təkliflər hazırlamaq və işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığı bərpa etmək üçün dövlət səviyyəsində İşçi Qrup yaradılmışdır. Məlumatların toplanması, təbii komplekslərə təsirlərin qiymətləndirilməsi, mineral xammal ehtiyatlarının hesablanması və qiymətləndirilməsi, xüsusi qorunan ərazilərin yaradılması və mövcud olanların sahələrinin genişləndirilməsi, distant monitorinqlərin və müşahidələrin aparılması işçi qrupun diqqəti mərkəzindədir.
Dostları ilə paylaş: |