FAL BAYATILARI (VДSFİ-HALLAR)
1. Axır çərşənbədə vəsmi-hal keçirirdih. Bayatı deyirdih. İynələr atırdığ orya, bayatı deyirdih, kimə çıxırdı, çıxırdı.
İynənin qırmızı sapı,
Görünən sizin qapı.
Səni mənnən eliyən,
Dilənsin qapı-qapı.
Dəyirman üsdə çinar,
Yarpağı dinar-dinar.
Ay cüt gəzən baxdəvər,
Demirsən ki, tək də var?
2. Belə bir qabı, qazançanı qoyurux buraya, axır çərşəmbənin qurtaran gejəsi. Üzüh – belə barmaxcıl, kimin nəyi var, atır onun içinə. Mən də bayatı deyirəm, üzüyü çıxardıllar. Kiminkinə çıxsa, bəzisi ehildiyir, bəzisi ağlıyır, bəzisi də irazı qalır, bəzi də heylə çıxır. Cavannar da söyünür.
Oğlan, adın Yaqufdu,
Gün dağlara doğufdu.
Verdiyin qızıl üzüh,
Barmağımı boğufdu.
Oğlan, adın Cümşüddü,
Gün dağlara düşüfdü.
Verdiyin qızıl üzüh,
Barmağımdan düşüf itifdi.
Oğlan, adın Alıdı,
Boyun qarğıdalıdı.
Verdiyin qızıl üzüh,
Barmağımın malıdı.
Su gəlir qalxa-qalxa,
Tökülür bizim arxa.
Qonşudan bir qız sevdim
Anamnan qorxa-qorxa.
Bunu da bunun adınnan (yanımızda oturan nəvəsini göstərir – top.) deyirəm.
Qırmızını kim boyar?
Kim götürər, kim qoyar?
Nəhlət beyvəfa yara, onu düz deyir,
Sevdiyin əldən qoyar.
Əzizim, əzəlisən.
Qızılgül xəzəlisən.
Dönmərəm, Vallah sənnən,
Sovdamın əzəlisən.
Pisini deyəndə küsürdülər, ağlıyırdılar, ona yaxşısını dedın, mana pisini deyif.
3. Vəsmi-halı, Allahın adı hakqı, nəyə deyirdih, ona uyğun gəlirdi e. Kim nəyi tuturdu, ona uyğun gəlirdi o vəsmi-hal. Axır çərşənbədə keçirirdih vəsmi-halı. Yeyiv, içif, çərşəmbəni odduyuf, otururdux vəsmi-halda. Mis qabda hərə bir üzüy, sancağ, heylə şeylər salardıx. Qabın başında da bir azyaşdı qız uşağı (yeddi yaşında, altı yaşında) oturdardıx. Bayatını deyirsən, o da (qabın başında oturan qız – top.) divində belə hərriyir, deyirih birini çıxart. Çıxardır, hamısı uyğun gəlir. Vəsmi-halda ağı demirdilər. Ancax yaxşı şeylər deyirdilər. Ama bəzən də deyirdilər, pisin də de. Hamıya yaxşı çıxsa, tay nooldu? Bax bir xəsdə arvadı niyyət tutmuşdular, tay çox ağır idi, ölürdü. Görəh ölür, ya qalır? Ona çıxdı ki:
Gedin deyin o qıza,
Köynəyi qırmızıya,
Bu il parça bahadı,
Toyun qaldı payıza.
O arvad ölmədi, qaldı. Hə, heylə, sınanmışıdı dayna.
Bu bağlar, verən bağlar,
Gülü yox dərəm, dağlar.
Sənnən ayrılannan bəri,
Ürəyim vərəm bağlar.
Onu da deyirdilər vəsmi-halda.
|