Qax rayon Mədəniyyət və Turizm Şöbəsi
Qax MKS C. Cabbarlı adına Mərkəzi kitabxana
Metodiki-biblioqrafiya şöbəsi
Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat
Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”. -Bakı: Təknur, 2009.- 248 s.
Qalibə İlisulunun “Vətən səni, vətən məni gözləyir” adlı şeirlər kitabı “Dünya”, “Təbiət”, “Vətən səni, vətən məni gözləyir” adlı bölmələrdən ibarət olmaqla dünya, insan və bizi əhatə edən təbiətlə bağlı yazıları öz əhatə dairəsinə alır. Əlinə qələm alan hər kəsin sevgi-məhəbbət mövzusuna müraciət etməsi nə dərəcədə təbii görünürsə, dünyanın, çərxi fələyin gərdişi barəsində düşüncələrini dilə gətirməsi də o qədər səmimi təsir bağışlayır.
Qalibə xanım İlisulunun təbiət bölümü ilə bağlı şerlərində də insan təbiətlə vəhdətdə alınır.
Bir sözlə, Qalibə xanımın dünya, təbiət və vətən mövzulu şerlərini bir mərkəzdə birləşdirən misralarının ruhundan oxucularına vətən sevgisi aşılanır. “Vətən səni, vətən məni gözləyir” harayı ürəklərdə vətənpərvərlik duyğularını coşdurur: dünyanı sevərək, təbiəti sevmək, vətəni sevmək-bu triadanın vəhdəti insanı kamilləşdirir. Qalibə İlisulu da oxucularının kamilliyini arzulayır.
Qalibə İlisulu. “Ayselim”. Bakı-“Təknur”-2010. 224 s.
Qalibə Cəfər qızı Məmmədzadənin “Ayselim” kitabı mövzu baxımından ithaf şeirlərindən ibarətdir. Kitab “Ay ana, bir həzin nəğmə de mənə”, “Doğmalar, yaxınlar”, “Məktəb illəri” və “Təmsillər” kimi bölmələrdən ibarətdir. Bütün bu bölmələrdə toplanan şeirlərdə daxili təlatüm, ruhani fırtına könüllərin ritmini riqqətə gətirir. Könüllər riqqətlə döyünəndə mənəvi dünyalar da mürgüdən ayrılır. Mənəvi dünyamızın ayıqlığı şərəfinə çalınan bütün cəngilər alqışa layiqdir! Qalibə xanım da ithaf şeirlərində hər kəsin könlünü riqqətə gətirməyə çalışıb...
Qalibə İlisulu. Məhəbbət şeirləri. Üç cilddə. III cild. Bakı-“Təknur”-2011.256 s.
Kitab 3 cilddən ibarət olub, Qalibə xanım İlisulunun məhəbbət sevdalı şeirlərini özündə cəmləşdirir. Bu şeirləri oxuyarkən təsirlənməmək mümkün deyil. Hansı yaşda olursa olsun, insan həmişə sevir və yaxud da sevgi axtarışında olur. Bu, insanın təbiətindən irəli gələn mənəvi hissdir. Bu mənada yaş kateqoriyasından asılı olmayaraq oxucular hər vədə könül ovsunlayan sevgi təranələri oxumaqdan da, dinləməkdən də feyz alırlar.
Qalibə xanım İlisulunun şeirlərində sevgi-məhəbbətin təsviri, tərənnümü ilə yanaşı, uğurlu yola bələdçilik missiyası daşımaq da var: “Bəlkə də güləcək tale üzümə, düzəcək təzə iz, ləpir izimə” gümanı ilə aşiqlərə tale yolunda təzə ləpirlə, təzə izlə xoşbəxtlik təlqin edən Qalibə İlisuluya da xoşbəxt yaradıcılıq yolu arzulayiriq!
Qalibə İlisulu. Bayatılar. Bakı- “Təknur”-2011. 160 s.
Kitabda Qalibə xanım İlisulunun bayatıları, ağıları və oxşamaları toplanmışdır. Bayatılarda ifadə olunan poetik fikirlərin arxasında həyatla, gözəlliklə bağlı macazi kəlmələrin açması-yozumu insanda estetik zövqlər aşılayır. Müəllif bayatı janrının özündə ehtiva elədiyi tapmacavari möcüzələrdən bədii təsvir vasitəsi kimi yararlanaraq oxucularına mənəvi-estetik fikit dünyası bəxş edir!
Qalibə İlisulu. Özümü sizə, sözə qurban etmişəm” Bakı-“Təknur”-2011. 238 s.
6 kitab müəllifi olan, “Qızıl qələm” ali əbədi media mükafatı laureatı Qalibə İlisulu “Sözün qurbanıyam” adlı növbəti kitabı ilə oxucuların görüşünə gəlib.
Ümumiyyətlə, “Sözün qurbanıyam” adlı topluda Qalibə İlisulusözün qurbanı obrazında həm özünü görür, oxucuları təqdim edir, həm də sənət və sənətçiləri sözün qurbanları qismində götürməklə, onları da özünün söz çələngində bir yerə toplayır, oxuculara göstərir. Mahiyyətdə isə elə hər kəs bu dünyada “sözün qurbanıdır”, yazar da, oxucu da; kitabın adından doğan mahiyyətin işığı da bizə bunu təlqin edir... Sözün işığında yol gedənlərə alqışlar olsun!... “Sözün qurbanıyam” kitabının müəllifi Qalibə xanıma isə uğurlar olsun!
Qalibə İlisulu-Azərbaycan-məmləkətim mənim. Bakı-“Təknur”-2012, 320 s.
Kitabda toplanmış şeirlərdə Qalibə İlisulu öz ürəyinin hərarətini misralara hopdurmağı bacarmışdır. Onun misraları, özü demiş, “içində ürək olan məktublar” kimi səmimi, isti təsir bağışlayır. O, səmimi duyğular, könülə məlhəm pıçıltılar şəklində eşidilən, dinlənilən misralarla oxucuların görüşünə gəlmişdir.
Hazırladı: Metodiki-biblioqrafiya şöbəsinin müdiri Xəlilova Reyhan
Dostları ilə paylaş: |