Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması
231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.
231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər.
231.5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.
Dostları ilə paylaş: |