Maddə 242. Qiyabi qətnamənin məzmunu
Qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.
Maddə 243. Qiyabi qətnamənin surətinin rəsmi qaydada verilməsi
Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir.
Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi
Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.
Maddə 245. Qiyabi qətnamənin ləğvi haqqında ərizənin məzmunu
245.1. Qiyabi qətnamənin ləğvi haqqında ərizədə aşağıdakılar göstərilməlidir:
245.1.1. qiyabi qətnamə çıxaran məhkəmənin adı;
245.1.2. ərizə verən şəxsin adı;
245.1.3. cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar;
245.1.4. ərizə verən şəxsin xahişi;
245.1.5. ərizəyə əlavə edilmiş materialların siyahısı.
245.2. Qiyabi qətnamənin ləğvi haqqında ərizə cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi və işdə iştirak edən şəxslərin sayına müvafiq surətdə tərtib edilərək, işə baxan məhkəməyə təqdim edilir.
245.3. Ərizədən dövlət rüsumu alınmır.
Dostları ilə paylaş: |