Maddə 325. Ərizəyə baxılması
325.1.Məhkəmə daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında və ya daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında ərizəyə iş üzrə bütün maraqlı şəxslərin iştirakı ilə baxır.
325.2. Məhkəmə paylanmayan poçt göndərişlərinin açılmasına razılıq alınması haqqında ərizəyə 5 (beş) iş günü ərzində baxmalıdır.
Maddə 326. Məhkəmənin ərizə üzrə qətnaməsi
326.1. Məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır.
326.2. Məhkəmə paylanması mümkün olmayan poçt göndərişlərinin açılmasına razılıq verilməsinə dair ərizəyə baxaraq onu təmin etdikdə, belə razılığın verilməsi barədə, ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmayan və qanunla müəyyən edilmiş 6 (altı) aylıq saxlama müddəti başa çatmış poçt göndərişinin içərisindəki əşyaların, malların və pul vəsaitlərinin sahibsiz hesab edilməsinə dair ərizəyə baxaraq onu təmin etdikdə, həmin əşyaların, malların və pul vəsaitlərinin sahibsiz hesab edilməsi barədə qətnamə çıxarır.
326.3. Məhkəmə daşınmaz əşyanın mülkiyyətçisinin olmadığını, yaxud əşyanın mülkiyyətçisi tərəfindən onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan qoyulduğunu və müəyyən edilmiş qaydada uçota alındığını müəyyən edərsə, daşınmaz əşyanın sahibsiz hesab edilməsi və onun üzərində dövlət mülkiyyəti hüququnun tanınması barədə qətnamə çıxarır.
Fəsil 35
İtirilmiş sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi (çağırış icraatı)
Dostları ilə paylaş: |