Maddə 368. İşin baxılmağa təyin olunması. İşə apellyasiya instansiyası məhkəməsində baxılmanın müddətləri
368.1. Əgər apellyasiya mümkün hesab olunarsa, məhkəmə işə baxılması vaxtını təyin edir.
368.2. Apellyasiya instansiyası məhkəməsi təyin olunmuş vaxtda işə baxılmasını təmin etmək üçün zəruri hazırlıq işləri görür.
368.3. Qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir.
Maddə 369. Apellyasiya şikayətindən imtina edilməsi
369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur.
369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.
369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.
369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Dostları ilə paylaş: |