Maddə 431-4. İşə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxmaq haqqında qərar
431-4.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işə baxılmanın nəticəsi üzrə qərar çıxarır. Qərar bu məcəllənin 430.2-ci və 430.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır.
431-4.2. Hüquq və azadlıqların pozulmasına dair Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul edir:
431-4.2.1. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmayan hesab edilməsi barədə qərar qəbul edildikdə plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər);
431-4.2.2. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının qüvvədə saxlanılması barədə;
431-4.2.3. əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və kassasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə;
431-4.3. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul edir:
431-4.3.1. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarına dair qərar qəbul edildikdə plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər);
431-4.3.2. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının qüvvədə saxlanılması barədə;
431-4.3.3. əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və kassasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə.
431-4.3.4. əlavə kassasiya qaydasında çıxarılmış qərara və ya kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik edilməsi barədə.