Birinci instansiya məhkəməsində icraat
Birinci yarımbölmə
İddia icraatı
Fəsil 12
İddianın verilməsi
Maddə 149. İddia ərizəsinin forması və məzmunu
149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:
149.2.1. ərizənin verildiyi məhkəmənin adı;
149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları;
149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;
149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat;
149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı.
149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır.
149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir.
Dostları ilə paylaş: |