məmulatların əyarlanma və damğalanma Q A Y D A L A R I (qüvvədən düşüb) 1. Qiymətli metallardan hazırlanmış məmulatların əyarlanma və damğalanma Qaydaları "Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası haqqında Əasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 22 avqust tarixli 147 nömrəli qərarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında istehsal edilən, eyni zamanda xarici ölkələrdən satış üçün Azərbaycan Respublikasının ərazisinə gətirilən qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanma və damğalanma qaydalarını müəyyən edir.
2. Azərbaycan Respublikasının ərazisində qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatları, eyni zamanda xaricdən Azərbaycan Respublikasına satış üçün gətirilən belə məmulatlar bu Qaydalarla müəyyən edilmiş əyarlara uyğun olmalı və Azərbaycan Respublikasında qəbul edilmiş əyar damğası ilə damğalanmalıdır.
Qiymətli metallardan və onların ərintilərindən hazırlanan bədii təsvir üsullarını, qiymətli, yarımqiymətli bəzək daşlarını, təbii və süni mənşəli materialları tətbiq etməklə hazırlanmış zərgərlik, məişət və ibadət məmulatları, əşyaları, eyni zamanda qiymətli metallardan hazırlanmış xatirə, yubiley və digər nişanlar, medallar (emissiya olunmuş yubiley sikkələri və statusu Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən olunmuş dövlət mükafatları istisna olmaqla) əyar damğaları ilə damğalanmalıdır.
3. Azərbaycan Respublikasında qiymətli metallardan olan zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası tərəfindən həyata keçirilir.
4. Qiymətli metallardan hazırlanmış məmulatlar əyarlanmaq və damğalanmaq üçün, onların istehsalçıları tərəfindən xaricdən satış üçün Azərbaycan Respublikası ərazisinə gətirilən məmulatlar isə onları gətirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən təqdim edilməlidir.
5. Xarici ölkələrdə qiymətli metallardan hazırlanmış və Azərbaycan Respublikası ərazisinə satış üçün gətirilmiş zərgərlik və digər məişət məmulatları, Azərbaycan Respublikasının gömrük orqanlarında qanunvericiliklə nəzərdə tutulmuş qaydada sənədləşdirildikdən sonra əyarlanmağa və damğalanmağa qəbul edilir.
6. Qiymətli metallardan hazırlanmış məmulatların damğalanması və onunla bağlı bütün işlərin aparılması qaydaları, qiymətli metalların əyarını təyinetmə üsulları, nümunələrin seçilməsi və kimyəvi analizlərin aparılması qaydaları Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.
7. Qiymətli metallar və yaxud onların əlvan metallarla ərintilərindən istehsal edilmiş məmulatlar qiymətli metallardan hazırlanmış məmulatlar sayılır. Qiymətli metallara qızıl, gümüş, platin və platin qrupuna (palladlium, radium, iridium, rutenium və osmium) daxil olan metallar aiddir.
Qiymətli metallardan hazırlanmış ərintinin dəyəri əyarla təyin edilir.
Bir əyar - ərintinin min çəki vahidində olan qiymətli metalın bir çəki vahididir.
8. Azərbaycan Respublikasında qiymətli metallardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması üçün aşağıdakı əyarlar müəyyənləşdirilir.
Platin - 850 (Səkkiz yüz əlli)
Platin - 900 (Doqquz yüz)
Platin - 950 (Doqquz yüz əlli)
Qızıl - 375 (Üç yüz yetmiş beş)
Qızıl - 500 (Beş yüz)
Qızıl - 583 (Beş yüz səksən üç)
Qızıl - 585 (Beş yüz səksən beş)
Qızıl - 750 (Yeddi yüz əlli)
Qızıl - 958 (Doqquz yüz əlli səkkiz)
Qızıl - 999 (Doqquz yüz doxsan doqquz)
Gümüş - 800 (Səkkiz yüz)
Gümüş - 830 (Səkkiz yüz otuz)
Gümüş - 875 (Səkkiz yüz yetmiş beş)
Gümüş - 925 (Doqquz yüz iyirmi beş)
Gümüş - 960 (Doqquz yüz altmış)
Gümüş - 999 (Doqquz yüz doxsan doqquz)
Palladium - 500 (Beş yüz)
Palladium - 850 (Səkkiz yüz əlli)
Metr sistemi tətbiq olunana qədər qiymətli metallardan hazırlanmış məmulatların yenidən damğalanması bu Qaydalara uyğun aparılır.
9. Bu Qaydalarla müəyyən olunmuş əyarlara uyğun olmayan qiymətli metallardan zərgərlik məmulatlarının hazırlanmasına və satışına icazə verilmir.
10. Xarici ölkələrdə hazırlanmış və Azərbaycan Respublikasına satış üçün gətirilən qiymətli metallardan hazırlanmış məmulatların əyarı Azərbaycan Respublikasında müəyyən edilmiş əyarların birindən aşağı olduqda, həmin məmulatlar bu Qaydaların 8-ci bəndində nəzərdə tutulmuş özündən aşağı əyara uyğun damğalana bilər. Əgər məmulatın əyarı Azərbaycan Respublikasında müəyyən edilmiş aşağı əyardan az olarsa, bu məmulatlar damğalanmır və satışa buraxılmır.
11. Qiymətli metallardan hazırlanmış məmulatların lehimlənməsi üçün istifadə edilən lehimlər həmin metallardan hazırlanmalıdır.
Qızıl və platindən məmulatlar hazırlanarkən istifadə edilən lehimlərin əyarı həmin qiymətli metalların əyarına uyğun olmalıdır.
Gümüşdən hazırlanan məmulatlarda istifadə olunan lehimlər 650 əyardan aşağı olmamalıdır.
12. Texnoloji və digər səbəblərdən qiymətli metallardan hazırlanması mümkün olmayan saat, alışqan mexanizmləri, bıçaq tiyələri, burğuların vintvari hissəsi, yaylar, şarnirlərin oxu, sancaqların iynəsi və bunlara bənzər məmulatlar istisna olmaqla qiymətli metallardan hazırlanan zərgərlik və digər məişət məmulatlarında qiymətli sayılmayan metallardan hissələr olmamalıdır.
13. Qiymətli metallardan hazırlanmış məmulatlarda metalloidlərdən (qiymətli daş-qaş, mina, savat) istifadə olunmasına o şərtlə icazə verilir ki, o hissələr rəngləri ilə qiymətli metallardan seçilirlər.
Bu hissələrin səthinə qiymətli metalların rənginə oxşar rəngdə materialdan üzlük çəkilməməlidir.
14. Azərbaycan Respublikası ərazisində olan istehsalçılar qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarını əyarlanmaq və damğalanmaq üçün daş-qaş bərkidilmədən təqdim etməlidirlər.
Daş-qaş bərkidilmiş məmulatlar Dövlət Əyar Palatası ilə razılaşdırılaraq təqdim edilə bilər.
15. Qiymətli metallardan hazırlanmış məmulatların səthinə başqa qiymətli metal çəkilə bilər, lakin bu zaman məmulatlar əsas metalın əyarına uyğun damğalanmalıdır.
16. Aşağıda adları çəkilən əşyalar dövlət əyar damğası ilə məcburi damğalanmadan azad edilirlər:
- elm, istehsalat, təbabət, və başqa xüsusi məqsədlər üçün qiymətli metallardan hazırlanmış cihazlar, laboratoriya qabları və digər məmulatlar.
Bu məmulatlar və əşyalar üzərində metalın adı və digər göstəricilərlə qeyd olunan markalar, etiketlər və ştamplarla təmin edilməlidir. Göstərilən məmulatların hazırlandığı ərintilərin tərkibi Dövlət standartları və texniki şərtlərlə reqlamentləşdirilir.
17. Zərgərlik və digər məişət məmulatları hazırlayan mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərin, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin adını əks etdirən ad damğası olmalıdır və onlar istehsal etdikləri məmulatları həmin ad damğası ilə damğalamalıdırlar.
Ad damğasında hüquqi şəxs olan istehsalçının adının hər hansı iki hərfi, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehsalçının isə adının və soyadının baş hərfləri həkk edilməlidir. Ad damğasının eni 1 mm-dən, uzunu isə 3 mm-dən artıq olmamalıdır.
Ad damğasının cilalanmış metal lövhəcik üzərində şəkli hər il istehsalçının ərizəsi ilə birlikdə qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatasına təqdim edilir.
Qeydiyyata götürülməmiş ad damğalarının istifadəsi qadağan edilir.