Qeyri-adi qayıdış. Əliheydər Babayev

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 2.11 Mb.
səhifə1/18
tarix28.11.2018
ölçüsü2.11 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   18

Qeyri-adi qayıdış. Əliheydər Babayev


o

Əli Heydər (Babayev Əliheydər Qayib oğlu)

1962 ci il aperlin 10-da Lənkəran rayonun Biləsər kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndin- də oxumuş, 1981-1983-cü illərdə Sovet ordusu sıraların- da tam hərbi xidməti keçmişdir.

1989-cü ildə Azərbaycan Dovlət Pedoqoji İnstitutu-nun coğrafiya fakültəsini bitirmiş, doğma kənd məktə-bində müəllim işləmişdir.

Poeziyaya orta məktəbdə 6-7-ci siniflərdə oxuyandan başlayıb.

İlk şeirləri Lənkəran mətbu orqanı olan “Leninçi “qəze- tində, hələ 9-cu sinifdə oxuyarkən dərc olunub. Sonralar “Ulduz” jurnalında,“Ədəbiyyat və İncəsənət, “Azərbay- can gəncləri”,“Sovet Kəndi”, “ Kommunist”, “Yeni yol”, “Zaman və cəmiyyət”, “Azərbaycan müəllimi” qəzet- lərində mütəmadi dərc olunub. 20-dən çox şeirnə mahnı və muğamlar oxunur.

5 şeir kitabının və “Qınama məni” romanının həmmü-

əllifidir. Şeirləri Qazax, Özbək və Rus dillərinə tərcümə olunub. Şeirləri həmçinin “Avrasiya şairləri antalogiya- sında”, “Zirvə-1”, “Zirvə-2” antalogiyalarında və “Zərif beytlər” almanaxlarında çap olunub.

Bakı şəhərində yaşayır və orta məktəbdə coğrafiya müəllimi işləyir.



ƏLI HEYDƏR

QEYRİ-

ADİ

QAYIDIŞ
2 hissəli roman
I hissə




Bakı - “Heroqlif” - 2017

Redaktor:
Korrektor:
Dizayner:


Esmira Əzimova
Zeynəb Cahangirova
Fariz Məhərrəmov
Əli Heydər. “Qeyri-adi qayıdış”. 2 hissəli roman

I hissə. Bakı, “Heroqlif”, 2017, 388 səh.

“Qeyri adi qayıdış” romanı həyatda baş verən olayları, fəsadları, ailə daxili və ailə xariqi münaqişələri tam çılpaqlığı ilə açan əsərdir. Romanda valideyn hikkələrinin qurbanı olmuş iki nakam gəncin acı taleyi,həyat macəraları verilmişdir.

Əsərdə baş verən hadisələr XX əsrin sonu, XXI əsrin əvvəllə- rinə təsadüf edir.

Romandakı hadisələr respublikamızın cənub bölgəsini təmsil etdiyindən, məhz bu bölgənin adət-ənənəlir, bayram tədbirləri dfə tərənnüm olunmuşdur.

Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

İSBN: 978-995-445-20-3

ÖN SÖZ



Dünya və Azərbaycan ədəbiyyatında sevgiyə həsr olunmuş çoxlu əsərlər var. Bu əsərləri oxuyarkən biz hansı hiss və duyğuları keçiririk, hansı düşüncələrə qapılırıq onu sözlə ifadə etmək çətindir. Kimisi öz ilk sevgisini xatırlayır, kimisi nakam eşqinin oduna təzədən alışıb yanır. Lakin bir həqiqət var, bu əsərlər bizə öz güclü təsirini göstərir və biz əsəri oxuyub qur- tarana qədər və ondan sonra da bг əsərin təsirindən çıxa bil- mirik.Belə əsərlər oxucunu cəlb edir və oxuduqca oxumaq istə- yirsən. Bitəndə isə belə gözəl dünyadan ayrıldığına görə heyif- silənirsən. İndi sizin qarşınızdakı şair, yazıçı-publisist Əlihey- dər Babayevin (Əli Heydər) ”Qeyri-adı qayıdış”adlı romanı da insan ruhuna hakim kəsilərək onu keçmişə və gələcəyə apara bilən nakam bir bir sevgi tarixçəsidir. Həyatda tək-tük adam tapmaq olar ki, ilk sevgisinə qovuşsun. Mən deyərdim ki, dün- ya nakam sevgilər məkanıdır. Hamının qəlbində qovuşa bilmə- diyi, illər keçdikcə yana-yana xatırladığı bir nakam sevgisi ya- şayır.Bizim haqqında danışdığımız əsərin qəhrəmanı Vəli mü- əllim kimi..

Vəli müəllim sadə və şair qəlbli bir kənd müəllimidir. Hə-yatının acılı-şirinli sınaqlarından çıxaraq, doğma kəndinin bala- larına dərs deyən Vəli müəllim çox həssas qəlbli, xeyirxah bir insandır. Öz peşəsini çox sevir və bu peşəni şagirdlərinə sevə-sevə öyrədir. Onları gələcəyin savadlı bir insanı, şəxsiyyəti ki- mi görmək istəyir. Bir sözlə Vəli müəllim əsl vətəndaş və əsl müəllimdir. Bütün gənclər kimi o da sevib və sevilib. Lakin XX əsrin 80–ci illəri olmasına baxmayaraq yenə də bir çox kəndlərdə azad sevgi cəmiyyət tərəfindən bir mənalı qarşılan- mır. İki sevən gəncin sevgisini heç kim başa düşmür.

Valideynlərin bir-biri ilə düşmən münasibətinin cəzasını ye- nə də övladlar çəkməli olur. Düzdür, sonradan öz səhvlərini başa düşsələr də, artıq gec olur. Nəticədə dünyaya daha bir na- kam sevgi doğulur. Vəli və Tahirənin sevgisi...Vəli ilk imta- handan da kəsilir. İlk eşqini də itirir. Məktəbi qızıl medalla qurtarmasına baxmayaraq, birinci il instituta qəbul oluna bil- mir. Deməli, həyat imtahanından da kəsilir. Lakin o, ruhdan düşmür, başa düşür ki, səhv edib. Və bu səhvi düzəltməyə çalı- şır. Ona rişxənd edən peşə məktəbi müəlliminə cavab verməyi bacarır:

-Müəllim, böyük səhviniz var. Mən kasıb bir ailənin usagı- yam. Medalı isə biliyimlə almışam. Əgər qəbul oluna bilmə- mişəmsə bu faciə deyil. Inşallah gələn il qəbul olunaram.

Vəli öz təhsili uğrunda mübarizə aparır və istəyinə çatır. La- kin məhəbbəti uğrunda mübarizə aparmaqda hər iki sevən gənc aciz qalır.Demək olar ki, onlar onlara qarşı duran maneələri ya- rıb keçə bilmirlər. Bəlkə də böyüyə, valideynə hörmət xatirinə öz sevgilərini qurban verirlər. Bir məsələni də qeyd edim ki, bu əsər müəllifin də qeyd etdiyi kimi həyatdan götürülmüşdür.

Hər bir yazıçı kimi Əliheydər müəllim də öz yazıçı təxəy- yülünü işə salaraq belə bir gözəl əsər yarada bilmişdir.

Tale elə gətirir ki, Vəli müəllim ehtiyac üzündən Rusiyaya gedir və həyatının bir neçə ilini ailəsindən balalarından uzaqda keçirməli olur. Lakin o, bir an da olsun öz ailəsini unutmur, min bir çətinliklə qazandığını öz evinə, ailəsinə göndərir. Tə- miz qəlbli bu insan bacılarının da qayğısına qalır. Hətta öz Tahirəsinin də gizlin-gizlin halı ilə maraqlanır, lazım gəldikdə kömək əlini uzadır. Vəli müəllimin gözəl dostları var, dar gün- də arxalana biləcəyi dostlar. Mamed, Nazim, Hikmət və s.

Yazıçı bu əsərdə dostluq və qardaşlıq məsələsini də ön plana çəkməyi bacarmışdır. “Dost qardaşdan da irəlidir”, mə-sələsi bu əsərdə daha qabarıq görünür. Əsərdə hər bir obraz özünəməxsus xüsusiyyətləri ilə təsvir olunub. Tahirə və Nazlı obrazları məhz belə bir obrazdır. Tahirə nə qədər (bəlkə də Vəlinin nəzərində) xoş rəftar, geniş düşüncəlidirsə, Nazlı bir o qədər onun əksi təsirini bağışlayır. Yəni hisslərini heç vaxt dili- nə gətirmir. Sevsə də, nifrət də etsə bunu biruzə vermir. Hətta bunu özü də Vəliyə etiraf edir:

-“Mən heç vaxt sən istədiyin kimi ola bilmərəm, mən beləyəm”, -deyir. Tahirə isə tamam başqadır. Tam Vəlinin istə- diyi kimi xasiyyətə malikdir. Lakin bu iki eyni xasiyətli insan bir-birindən ayrı yaşamğa məhkumdurlar. Bu da həyatın qəri-bəliklərindən biridir. Mən burada əsəri tam danışmaq fikrində deyiləm. Sadəcə əsər haqqında sizdə ilk təəssürat yaratmağa çalışdım. Əsəri oxuduqca siz Vəli müəllimi, Tahirəni, Nazlını və başqa obrazları yaxından tanıyacaqsınız.

Bu əsəri mən sevgi tarixcəsi adlandırsam da, əsərdə başqa vacib məsələlərə də toxunulub. Xeyirxahlıq, dostluq, valideynə və övlada olan sonsuz məhəbbət və başqa insanı keyfiyyətlər ön plandadır. Yazıçı-publisist Əliheydər Babayev həm də lirik şairdir.Bu əsərdə də bəzi şeir nümunələrindən istifadə etmişdir. Bu da sevən qəlbin çırpın-tılarının məhsuludur.



Salmısan sən məni səhraya, çölə,

Eşqini car etdin mahala, elə.

On uşaq anası olsan da belə,

Tək sənə məxsusdur könlüm, ağlama.

Hörmətli oxucu, biz həyatı kitablardan yox, həyatdan öy-rənirik. O bizə sevməyi, nifrət etməyi, xeyirxahlığı öyrədir. Lakin gözəl bir kitab həyatımızı dəyişməkdə, həyat yolunu düzgün seçməkdə bizə kömək edə bilər. Yazıçı-publisist Əli-heydər Babayevin “Qeyri-adı qayıdış” əsəri də belə bir əsər-dir. Mən Əliheydər müəllimi bu əsəri münasibətilə təbrik edir və daha böyük uğurlar arzulayıram!


REYHAN KƏNAN

Şairə. AYB-nin üzvü

PROLOQ




M
ülayim yaz günlərinin biri idi. Göy üzü aydın, yamaclara, yağan qar əriyib başıaşağı axaraq çaylara qarışır, böyük şırıltı ilə sevdiyinə,həsrətində olduğu dənizə qovuşmağa şütüyürdü. Təpələrin, dağların yamaclarında qarın əsarətindən yenicə qur- tulmuş yamyaşıl otlar qorxa-qorxa boy atmaq üçün boylanır, novruzgülü, bənövşə insanların üzünə gülürdü. Yaşıl təpədə ot- layan qoyunların mələrtisi təbiətə öz rəngini, dadını qatırdı. Quzular dəcəlliklə analarının böyür-başında tullanaraq oyna- yır, həvəslə, şıltaqlıla analarını əmirdilər. Bu kəndin aşağı tərə- fində, iki çayın arasında yerləşən təpədə kənd qəbiristanlığı yerləşirdi. Qəbiristanda hündür fısdıq ağacları artıq tumurcuq- lanmış, qol-budaqları qəbiristanı çətir kimi örtmüşdü. Qəbiris- tanlıqda sükut hökm sürürdü. Təkcə budaqlarda yuva qurmuş quşların civiltisi, cəh-cəhi bu sükutu pozurdu. Çox da hündür olmayan bir başdaşının yanında cavan bir gəlin çömbəlib, qəbi- ri yan yörəsini basmış otlardan təmizləyir, başdaşını tumarla- yaraq öpür, astaca nəsə zümzümə edirdi...

Qəbirin baş daşında qara mərmərə həkk edilmiş qızıl gül şəkli, soyad və ad, altında isə bir bənd şeir var idi.



Bir ömür yaşadım sənsiz səninlə,

Nə əlim yetişdi, nə ünüm yetdi.

Mənim məhəbbətim xatirələrdə,

Həyatım xəyallar içində bitdi.

Qəbiristanın dəmir torla əhatələnmiş hasarının yanından keçən orta yaşlı, başı papaqlı iki kişi ayaq saxlayıb diqqətini bu mənzərəyə cəlb etmiş, nəsə danışır, əli ilə gəlini göstərərək bir-birinə nəyisə izah edirdilər. Bir azdan onlardan azca uca boylu olanı “Ah, gidi dünya”,- deyib siqaretini tüstülədərək yollarına davam etdilər.

Gəlin isə onları görmürdü. Birdən qulağına gələn səs onu diksindirdi:

-Ağlama... Gəlin çaşqınlıqla başını qaldırdı. Bu, o idi. Heç zaman heç kimdən və heç nədən qorxmayan, çəkinməyən, daima qayğsını, hərarətini hiss etdiyi o...

Gəlin çaşqınlıqla ona baxdı. Göz yaşlarına hakim ola bilmədi:

-Bu sənsən? Necə gəldin bura? Haradan bildin buradayam?

-Mən daima səninlyəm, bu necə ola bilər ki, mən səni tək buraxım? Ağlama, mənim günahsız mələyim. Gəl, gəl gedək buradan.

-Niyə belə etdiniz, axı niyə? Mənim günahım nə idi?

Gəlinin göz yaşları yanaqları boyunca axırdı.

-Sənin günahın günahsız olmağındadır.Sənin günahın yox- dur. Qoy buna səbəb olanlar, zaman, bax bu geridə qalmış, xü- rafata uymuş mühit, bu qəflət yuxusundan ayılmayanlar cavab versinlər. Ağlama, gedək. Mən səni heç zaman ağlayan görmə- məliyəm. Sən heç zaman ağlamayacaqsan, eşitdin məni? Sən o göz yaşlarını axıtmağa məhkum deyilsən, körpəm, sən günah- kar deyilsən.

Gəlin başını onun sinəsinə qoyub hıçqırdı. O isə gəlinin qolundan tutub ayağa qaldırdı.

Səssiz, xəbərsiz gəldiyi kimi onu da bu şəkildə qəbiris-tanlıqdan uzaqlaşdırdı. Hər ikisi bir-birinə qısılıb sakitcə ye- riyir, heç biri danışmırdı. Sanki utanırdılar bir-birindən, sanki bir-birinə deyəcəkləri sözlər qeybə çəkilmişdi. Birdən gəlin başını qaldırıb onun üzünə baxdı və yenidən hönkürdü:

-Sən də qocaldın, məni bəs kimə verirsiniz? Niyə mənim başıma bu müsibəti açdınız? Hər gün ölüb dirilirəm, eşidirsənmi, hər gün. Axı niyə?

-Sus... Sakit ol, gedək, gecdir artıq.

Və sakitcə uzaqlaşıb tədricən gözdən itdilər.

İLK İMTAHAN
Onlar orta məktəb illərindən bir-birini tanıyırdılar. Hər ikisi eyni məktəbdə oxuyurdu. Vəli onuncu, Tahirə isə səkkizinci si- nifdə idi. Tahirə bəstə boyu, sarışın saçları, mavi gözləri, ağ üzü, qızaran yumru yanaqlı şirin bir qız idi. Vəli oxuduğu sin- fin və məktəbin əlaçısı olsa da, Tahirə zəif oxuyurdu. Vəlinin ondan çox xoşu gəlirdi. Hər dəfə tənəffüsdə belə Tahirə qızlar- la oynayanda, ya sakit dayananda Vəli ondan aralı durub gözlə- rini ondan çəkməzdi. Nəhayət, bir gün Tahirə dərsdən çıxanda müəllim olmadığı üçün Vəligilin sinfini də evə buraxmışdılar. Vəli addımlarını yeyinlədib Tahirəyə çatanda ürəyi riqqətlə dö- yünsə də, onunla ilk dəfə yol yoldaşı oldu. Yol boyu danışır, söhbət edirdilər. Vəli onun ürkək baxışlarını, qızaran yanaqla- rını gördükcə, tutula-tutula danışır, Tahirənin isə rəngi qızarır, haldan-hala düşürdü. Bu ilk görüşdən sonra demək olar ki, hər gün onlar daimi yol yoldaşına çevrildilər.Vəli hər gün Tahi-rəni evlərinə kimi ötürür, dərsə gedəndə belə onu gözləyirdi.

Artıq məktəb şagirdləri onların uşaq sevgisindən, isti müna- sibətlərindən xəbər tutmuş, onların adlarına şeirlər qoşur, söz belə atırdılar.

Nəhayət, bir gün Vəli Tahirə ilə dərsdən sonra bütün uşaq- lardan ayrlıb yol gedə-gedə ürəyini ona açdı. Tahirə onu dinlə- yir, yanaqları qıpqırmızı qızarır, rəngi dəyişilirdi. Vəli ona sev- diyini deyəndən sonra Tahirə qızarıb ağladı:

-Niyə ağlayırsan, Tahirə, sənə şeir də yazmışam e. Dinlə, gör necədir?

Vəli ona ilk yazdığı şeiri oxuyanda Tahirə gözlərini bir nöqtəyə dikib xeyli fikirləşə-fikirləşə dilləndi:

-Bizi onsuz da, evlənməyə qoymayacaqlar ki, Vəli.

-Kim qoymayacaq, niyə qoymayacaqlar ki? Biz kimə nə etmi- şik, Tahirə?

-Atalarımız bir-biri ilə yamandırlar. Hər ikisi əsəbi adamlar- dı. Həm də biz şiə, siz isə sünnüsünüz. Onlar heç vaxt buna yol verməzlər,- dedi.

-Əşşi, sən dəlisən e, nə şiə, nə sünnü?

Bu söhbətdən sonra demək olar ki, hər gün görüşən, yol yoldaşı olan bu iki gənc bir-birinə arzularını danışır, xəyallarını bö- lüşür, gələcəyin ümidinə qol-qanad açırdılar.

Beləcə bir il də keçdi. Vəli orta məktəbi qızıl medalla biti- rəndə evlərində böyük bir izdiham var idi. Böyük bir qonaqlıq tutulmuş,Vəlinin bacıları, əmisi, əmi övladları onlara yığışmış, hamı onu təbrik edir, xoş arzularını bildirirdilər. Vəli arada für- sət tapıb ürəyini bacısı Məltəmə açanda bacısı əvvəl çox sevi- nib qardaşının üzündən öpdü. Lakin nə düşündüsə birdən du- ruxdu:

-Yox, bu alınmaz, Vəli,-dedi. Axı atamgil onlarla danışmır- lar. Atam da ki, heç vaxt onların həyətinə elçi getməz, onun qı- zını da öz evinə gəlin gətirməz,Vəli,-dedi.

Vəlinin gözləri yaşardı:

-Axı niyə? Bizim günahımız nədir? Biz niyə ayrılmalıyıq – deyə kövrəldi.

Bacısı isə ”qoy atam eşitməsin, sən də bu sözü, onun adını unut, qardaş”,- deyərək söhbətə son qoydu.

Vəli həmin gecəni olduqca narahat və fikirli yatdı. Səhərisi gün bir bəhanə tapıb Tahirə ilə görüşməyi qərara aldı. Kənd yerində bu cür görüşmək çox qorxulu olmaqla yanaşı, həm də böyük səs-küyə səbəb olacaqdı. Lakin bu gün onların hər ikisi bu qaydanı pozdular. Onlar yoldan azca aralı böyürtkən kolu- nun dalında dayanıb pıçıltı söhbət edirdilər.Tahirə Vəliyə da- nışmağa imkan vermirdi.

-Unut məni, Vəli,-deyib ağlamağa başlayanda Vəli təəccüblə soruşdu:

-Niyə?


-Dünən anama danışdım, bir-birimizi sevdiyimizi dedim. Anam üstümə qışqırdı. “İki dünya bir ola,bu olmayacaq, o sün- nü gədəyə qız vermərəm”, - dedi.

-Unut məni, Vəli. Bizi onsuz da qovuşmağa qoymayacaqlar.

Vəlinin dili-ağzı qurumuşdu. İlk dəfə siqareti ağzına aldı. Hər ikisi kövrəlmişdi, ikisi də ağlayırdı.“Axı bizim günahımız nə idi”, -deyə düşünürdülər.

Beləcə günlər günləri, aylar ayları əvəz edirdi. Gecələr ya- tanda belə Tahirənin surəti Vəlinin gözlərinin önündən çəkil- mirdi. Dəfələrlə yuxuda sayıqlamış, adını çəkmişdi. Qardaşının günü- gündən saraldığını görən Məltəm onu yanına çağırıb boynunu qucaqlayaraq ”belə etmə, Vəli, günü-gündən əriyir- sən”- deyərək onu ovundurmağa çalışırdı.

Artıq qəbul imtahanlarının başlanmağına az qalıırdı. Vəli sə- nədlərini Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun əm- təəşünaslıq fakültəsinə vermişdi. Amma heç nə oxuya və tək- rarlaya bilmirdi.O vaxtın mövcud qaydalarına görə abituriyent- lər dörd fəndən qəbul imtahanı verməli idi. Amma orta məktəbi qızıl medalla bitirənlər əgər birinci fəndən beş qiymət ala bil- səydi, digər dörd fəndən azad olunacaqdılar. Bu Vəliyə də şa- mil olunurdu. Lakin o, oxuya bilmirdi. Nəhayət özünə sirdaş bildiyi bacısına ürəyini açdı:

-Nə olar, Məltəm, xahiş edirəm, Tahirə ilə yarım saatlıq görüşüb danışmaq istəyirəm. Onu çağır, nə olar, xahiş edirəm.

Axı o zaman mobil telefon yox idi. Heç Vəligilin evlərində belə telefon yox idi. Məltəm qardaşının yalvarışları qarşısında söz tapmayıb: “yaxşı, çağıraram”,-deyərək güləndə sanki dün- yanı Vəliyə verdilər.

Məltəmin vasitəçiliyi və köməkliyi ilə onlar səhərisi gün çay qırağında görüşdülər. Kəndin altında ətrafı sıx meşəlik olan iri bir çay axırdı. Çayın ortasında iri, qara sal daşlar sanki dikəlir, yüksək dağdan gələn çayın suyu qayaların, daşların üzərindən atdanıb şırhaşırla axırdı. Hər ikisi iri daşın arxasında büzüşüb oturmuş, asta-asta danışırdılar. Məltəm isə onların keşiklərini çəkirdi. Tahirə asta-asta danışır, danışdıqca yanaqları qızarır, gözləri nəmlənirdi.

-Vəli, ikimiz də bunu gözəl bilirik ki, bizi ayıracaqlar. Biz axmaq bir adət-ənənənin, sünü-şiəliyin, valideynlərimizin qur- banı oluruq,Vəli. Bizim bu sevgimiz heç zaman qovuşmaz. Gəl qaçaq, qaçırt məni, Vəli, qaçaq, gedək bu xarabadan. İlim-ilim itək. Heç instituta da girmə, Vallah, ac qalmarıq. Mən də işlə- yərəm, bir-birimizə kömək olarıq. Nə olar, qaçaq.

Vəli eşitdiklərinə inanmırdı:

-Yox, Tahirə, qaçmaq çıxış yolu deyil. Axı hara qaçaq? Mən ata-anamın tək oğul övladıyam, onlar isə qocalırlar. Deyirsən ki, onların bu yaşlarında mən onları atım? İndi onları atsam, gələcəkdə səni atmayacağıma zəmanət verirsənmi? Qaçmayaq, Tahirə, mən atamla danışaram, üzümü bərkidərəm. Özüm de- yərəm atama, darıxma. Biz toy ilə evlənəcəyik.

-Doğrudan? Vəli, sən atana bunu deyə bilərsən?

-Əlbəttə, deyərəm, atam məni çox istəyir.

Tahirə bərkdən «caan» deyib qışqıranda Vəlinin bacısı Məl- təm uğundu:

-“Siz ikiniz də zır dəlisiniz”, - deyərək güldü. Aradan heç beş dəqiqə keçməmiş Məltəm iki-üç dəfə «öhö, öhö,» deyib xəbərdarlıq öskürəyini edəndə Vəli hansısa təhlükənin oldu-ğunu duyaraq dönüb Tahirəyə baxdı. O, sap-sarı saralmışdı.

Vəli başımı qaldırıb daşın dalından çıxaraq bacısına baxanda bacısı gözləri ilə çayın o biri sahilini göstərdi. Vəli bacısının göstərdiyi səmtə baxanda Tahirənin böyük qardaşı Mahirin çiy- nində ov tüfəngi, damağında siqaret tutub dağa tərəf baxdığını gördü. Mahir onları görmüşdümü, görməmişdimi bilinmirdi. Amma o, Vəligil tərəfə deyil, əks tərəfə baxırdı.Vəli Tahirəyə pıçıldadı:

-Mahir burdadır, bəlkə də bizi görüb. Mən onun yanına ge- dib başını qataram. Sən bacımla çıxın gedin. Mən sabah atamla danışaram.

Tahirə isə həyəcandanmı, qorxudanmı tir-tir əsirdi.Vəli asta ad- dımlarla Mahirə tərəf addımlayaraq ona çatıb salam verəndə Mahir diksindi. Dərhal boylanaraq Vəlini gördü və salamını alıb təəccüblə ona baxdı:

-Sən neynirsən burda ?

-Necə neynirsən? Adam öz kəndində, öz çayının qırağında neyniyər ki? Sən neynirsən, mən də ondan edirəm də.

Mahir güldü:

-Vəli, sən bəlasan e. Ə, mən ov edirəm, bəs sən?

-Mən də sənin ovçuluğuna baxıram. Mahir, bax qarşıdakı çökə ağaçı tərəfdə quşlar bol olur, gedək o tərəfə. Onlar gedə-gedə Vəli tez-tez dönüb arxaya baxırdı. Birdən Mahir ona tərəf döndü:

-Sənə nə olub?

-Heç nə.

-Vəli, mənə yalan demə, nə olub sənə?

Vəlinin gözləri doldu. Bir istədi desin ki, Mahir, sevirəm, am- ma dinə bilmədi.

-Vəli, bəlkə qız, zad sevirsən, hə? Sən Allah elədir? Vəlinin dili tutulmuşdu.

-Ay zalım, gül kimi oğlansan. Özün də ata-ananın tək oğlu, həm də savadlı oğlansan. Vallah, kimin qızını istəsən dərhal verəcəklər. Hə, de də, istədiyin kimin qızıdır axı?

Vəli yenə tutuldu.

-Vəli, sən canın, kimdir, de. Vallah, mən də sənə kömək edərəm, istəsən sənin üçün poçtalyon da olaram.

-Mahir, doğrudan kömək edərsən?

-Əlbəttə.

-Mahir, mən...

-De.

-Mahir, mən elə bir qızı istəyirəm ki, onu mənə verməzlər. Ya da ki, atam onu almaz.



-Niyə ə?

-Çünki atalarımız bir-biri ilə danışmırlar, yamandırlar.

-Əşşi, cəhənnəmə danışmırlar. Bunun sizə dəxli nədir? Siz də günahkarsınız?

-Vallah, yox, Allah haqqı, biz heç nə etməmişik.

-Dayan, dayan, sənin atan kiminlə yamandır ki? Vəli udqundu.

Nə deyəcəyini bilmədi.

-Vəli, olmaya...? Cavab ver, niyə susursan?

-Mahir, nə deyim, onsuz da qoymazlar.

-Vəli...get, evinə.Hələ get instituta gir, oxu, oranı qurtar, son- ra görsələr ali təhsillisən verərlər qızı, darıxma. Vallah, sənə mən kömək edərəm.

Vəli özündən ixtiyarsız onun boynunu qucaqladı.

-Can qardaşım, doğrudan edərsən?

-Dedim edərəm, amma mənə nəsə dediyini heç kim bilmə- məlidir a.

-Baş üstə.

İsti yay günü idi. Kənddə artıq ot biçimi başlanmışdı. Vəli- nin atası Qalib kişi sovxozda fəhlə işləyirdi. Vəli evə dönəndə Qalib kişi də işdən təzə qayıtmışdı. Çox zəhmli baxışları vardı.

-Salam, dədə.

Vəli atasına “dədə” deyib müraciət edirdi. Atası oğlunun salamını almayıb ona tərs-tərs baxdı:

-Dərslərini oxuyursan?

-Həəə.


-Hmmm. Avara-avara işlərin dalınca düşüb veyillənmə, dərs- lərini oxu. Bir neçə gündən sonra imtahanındır.

-Yaxşı.


-Haradaydın bu gün?

-Heç, dədə, dərslərimi oxudum. Sonra da uşaqlarla çaya getmişdim.

-Hmm, çaya...Bala, çaydakı daşlar nə qədər iri olsa da, su da-şanda onların üstündən aşır, bildinmi?

Vəlinin bədənindən bir gizilti keçdi. Atası nə demək istəyirdi?

Artıq Vəli ürəyində atasına deyəcəyini qət etmişdi. Amma ürək edə bilmirdi. Hər dəfə onunla danışmaq istərkən atasının gözlərinə tuşlanan zəhmli baxışlarını görəndə dili tutulurdu.

İyul ayının bürkülü isti günlərindən biri idi. Artıq qəbul im- tahanlarına az qalırdı. Vəli iki köynək, bir şalvar və kitabla- rını çamadana yığıb Bakıya hazırlaşırdı. Anası hər dəqiqə əl- lərini göyə qaldırıb dodaqlarının altında nəsə pıçıldayaraq dua edir, atası isə demək olar ki, danışmırdı. Günorta vaxtı həyət- lərində, iri gavalı ağacının dibində oturub nahar edirdilər. Qalib kişinin həmişə yanında gəzdirdiyi VEF radiosu isə son xəbər- ləri oxuyurdu. Haradasa qonşuluq zəminində gedən bir dava haqqında diktor məlumat verirdi. Qalib kişi:-“kül bunların başı- na, elə bil, dünyanı özləri ilə aparacaqlar”,-deyərək hirsləndi. Vəli dözməyib atasına baxdı:

-Dədə, bu insanalar niyə bir-biriləri ilə yola getmirlər? Axı özün də deyirsən ki, kim özü ilə nə aparacaq?

-Hə, elədir, bala, dünyadan heç kim özü ilə beş metr ağdan və əməllərindən başqa heç nə aparmayacaq. İnsan öləndən son- ra da onun əməlləri yaşayacaq.

-Dədə, bəs insan nəyə görəsə, kiminləsə ömürlük düş-mənçilik edib, bunu övladlarına da miras qoya bilərmi?

-Yox, övladın ata-ana ilə nə işi?

Vəlinin içində bir ümid şamı alışdı:

-Dədə, bax sən kiminləsə yamansansa, danışmırsansa, mən də onun övladları ilə düşmən olmalıyam?

-Yox, bunun sizə dəxli nədir?

Vəlinin anası qalxıb onlara çay süzdü. Atası diqqətlə, zəhmlə oğlunun üzünə baxdı. Filtrsiz ”Prima” siqaretini müştüyünə taxıb kibrit ilə yandırdı və acı tüstüsünü acgözlüklə sinəsinə çəkdi.

-Həə, Vəli, hazırlaş, sabah Bakıya yola düşəcəyik. Səni orda qoyub qayıtmalıyam. Ev, təsərrüfat, mal-qara var, bala. Bakıda bacıngildə qalar, inşallah imtahanını verərsən.Qəbul olunandan sonra baxrıq, bir şey fikirləşərik.

-Yaxşı,- deyib Vəli qalxıb otağa keçdi.

On iki vərəqlik dəftərdən bir kağız cırıb yazmağa başladı:

-“Salam,Tahirə, necəsən? Mən sabah Bakıya, imtahana ge- dirəm. Əgər edə bilərsənsə axşamçağı haça bulağın ya-nındakı ağacın altına gəl. Səni görmək istəyirəm. Kağızı oxu, cır, yan- dır. Nə yazsan mənə göndər. Öpürəm səni, əzizim Tahirəm.”

Məktubu qatlayıb kağız yağışqanı ilə yapışdıraraq üstünə ürək və gül şəkli çəkdi. İndi o, kağızı kiminlə göndərəcəyini fikirləşirdi. Birdən qapı açıldı. Kənddə hamının Qızbəs xala adlandırdığı Vəlinin anası içəri girdi. O, əslində mehriban qa- dın idi. Oğlunun boynunu qucaqlayıb üzündən öpdü:

-Sənə qurban olum, ay oğul, sağ salamat get oxu. İnşallah sənin toyunda gəlinimin qabağında bir oynayaram ki. Gəlinim də maşallah, odur ey, ceyran balası. Bu boyda ev-eşik, imarət qurmuşuq, gedib yada qismət olmayacaq ki. Atan da, mən də Yusif kişinin qızını gözaltı etmişik. Bir-iki dəfə də qıza eşitdir- mişəm. Maşallah, od parçasıdır.

Otaq Vəlinin başına hərləndi. Aman Allah, o, nələr eşidirdi? Anası nə danışırdı?

Qeyri-ixtiyarı səsini qaldırdı:

-Siz nə danışırsınız? Mənim evlənmək vaxtım deyil. Mən oxumalıyam, işləməliyəm. Yusif kimdir? Nə qızı? Onun mən yaşda olan qızı heç yoxdur. Olsa belə mən sevmirəm, istəmi- rəm, istəməyəcəyəm. Əl çəkin məndən.

-Ay mənim dəli balam, niyə istəmirsən? Görürsən biz də qocalmışıq, qarşımıza bir çay qoyanımız, yemək bişirənimiz, paltar yuyanımız yoxdur. Nə olar, qız səndən cəmi üçcə il bö-yükdür də. Bu daha yaxşıdır. Bişib e, bişib o. Bütün ev işlərini bacarır.

Aman Allah, o, nələr eşidirdi....

-Ana, siz özünüzə qulluqçu axtarırsınızsa, məni buraya niyə qatırsınız? Mən istəmirəm, çıxıb cəhənnəm olacağam bu xara- badan.Evlənmək istəmirəm, evlənsəm də mən Yüsifin qızını al-mayacağam. Öz sevdiyimi alacağam.

-Öz sevdiyini? Demaqoq Xeybərin o göygöz matişkəsini? Allah vurmuşdu onu. Atan eşitsə aləmi dağıdar. O haranın ...ki, mənim evimə gəlin ola? Mənim evim-eşiyim, imarətim ona qalacaq?

-Ana, istəmirəm. Lənət o ev-eşiyə də, imarətə də. İstəmirəm, əl çəkin məndən- deyib Vəli qapını çırparaq evdən dəli kimi çıxdı. Həyətlərinin aşağı hissəsində iri qoz ağacının dibinə çəkilib hönkürtü ilə ağladı. Ondan yaşca kiçik olan əmisi oğlu- nun səsinə diksindi.

-Vəli, sənə nə olub?

-Zakir, sənə qurban olum, başına dönüm, mənə bir kömək et.

-Axı nə olub sənə?

-Bu məktubu necə bacarırsansa Tahirəyə çatdır. Qurban olum sənə, Zakir.

Zakir ona baxıb key-key gözünü döyürdü.

-Zakir, qurban olum, heç kim bilməsin, görməsin. Cavabı da al, gətir. Heç kimə vermə, Zakir.

Zakir “yaxşı”- deyib məktubu Vəlidən alaraq yola düzəldi. Bu vaxtı Qalib kişinin zəhmli səsi Vəlini diksindirdi. O, oğlunu ça- ğırırdı. Vəli yerindən qalxıb atasının yanına gedəndə atası diqqətlə oğlunun üzünə baxdı. Çox zəhmli baxışları vardı.

-Sənə nə olub?

-Heç nə, dədə, nədir ki?

-Gözlərin niyə qızarıb? Xəstə deyilsən?

-Yox, dədə, yaxşıyam. Gözümə çöp düşmüşdü. Ovxaladım, ona görə qızarıb deyəsən.

-Hmmm.. Hə, dərslərinə hazırsan? Sabah yola düşürük. İnşal- lah instituta gir, sənin toyunu da edərəm. Bala, anan da, mən də qocalmışıq, bacın da nişanlıdır. O da, gələn ay gəlin köçür. Sən mənim gözümün ağı-qarası bir oğul övladımsan. Atan da sənin üçün çalışır. Bu ev eşik də, mal-mülk də sənindir, bala.

Vəli gözlərini bir nöqtəyə dikmişdi. Beynində fikirlər labirintə dönmüşdü. Heç nəyi anlaya bilmirdi. Anasının dediyi sözlər beynində uğuldayırdı....

“- Öz sevdiyini? Demaqoq Xeybərin o göygöz matişkəsini? Allah vurmuşdu onu. O haranın ...ki, mənim evimə gəlin ola? Mənim evim-eşiyim, imarətim ona qalacaq? Atan eşitsə aləmi dağıdar.”

“-Öz sevdiyini? Demaqoq Xeybərin o göygöz matişkəsini? Allah vurmuşdu onu. Atan eşitsə aləmi dağıdar. O haranın...ki, mənim evimə gəlin ola? Mənim evim-eşiyim, imarətim ona qa- lacaq? Atan eşitsə aləmi dağıdar.”

-Vəlii.


Qalib kişinin zəhmli səsi onu ayıltdı:

-Hə, dədə, nədir?

-Sənə nə olub? Yoxsa ?

-Nə, dədə?

-Get, ağlını başına yığ. Sabah yol gedirik.

Vəli atasından ayrılıb həyət qapısına tərəf addımladı. Tövlənin arxasına çəklib siqareti yandırdı. Elə bu vaxt əmisi oğlu Zakirin “Vəli, ay Vəli” səsini eşitdi. Vəli onu yanına çağırdı. Zakir köynəyinin cibindən sapla bağlannış əzilmiş bir kağızı ona ver- di. Vəli acgözlüklə məktubu alıb açdı. Yer-göy başına hərlən- di. Hərflər gözündən qaçır, əcaib rəngə boyanmağa başladı. Tahirə yazırdı:

“Vəli...Vəli sənə qurban olum, məni bağışla və məni unut. Al- lah mənim valideynlərimin üzünü qaraltsın. Allah onları zəlil etsin. Dünən qonşumuz Əhədulla kişi arvadı ilə bizə gəlmiş- dilər.Anam dedi ki, sənin üçün gəliblər.Ağladım, anamın ayaq- larını öpüb yalvardım, amma o,üstümə qışqırdı. Atam da Əhə-dullaya söz verdi. Mənə nişan gətirəcəklər. Vəli, mən bu gecə uksus içib özümü öldürəcəyəm. Ölsəm də məni unutma, əlvi- da.”

İlahi, Vəli nələr oxuyurdu. Yazı gözlərində oynayır, hərflər qaçırdı. Qapıdan dəli kimi çıxıb Tahirəgilə tərəf yüyürməyə başladı. Xeybərgilə gedən yol yoxuşdan keçirdi, evlərinin ara- sında haradasa beş yüz metrədək yol vardı. Vəli üzü yuxarı qaçdıqca heç nə görmür, heç nə eşitmirdi. Zakir onun dalınca qaçır, “Vəli, dayan”-deyə qışqırırdı. Vəlinin isə nəfəsi təngisə də qaçırdı. Alnından axan tər gözlərinə süzülür, göynədir, am- ma onu yolundan saxlamağa gücü çatmırdı. Xeybərgilin evləri- nə çatmağına yüz metrdən az qalırdı. Birdən arxadan Vəli ata- sının zəhmli səsini eşitdi:

-Vəliiii.

İlk dəfə əzrail kimi qorxduğu atasını eşitmədi. O daha zəhmlə qışqırdı:

-Sənlə deyiləm, küçük? Qayıt deyirəm sənə, qayıt.

-Yoox.


-Qayıt dedim sənə, yoxsa.....

Bu “yoxsa” Vəlini tutdu... Atasından hər şeyi gözləyirdi.

-Dədə, ölür, öləcək. Dədə, öldürəcək.

-Ə, sarsağın biri, sarsaq. Kim ölür e, kim öləcək? Kimi öl-dürəcəklər?

Vəli artıq Tahirəgilin evinə yaxınlaşmışdı. Qalib kişi də oğluna çatırdı. Vəlinin gözləri birdən onların həyətinə sataşdı. Xeybər- gilin həyətində qonşulardan bir neçəsi bir-birinə dəymişdi. Arada bəzi səslər gəlirdi:

-Axı birdən birə buna nə oldu?

Vəli dəli olmaq həddinə çatmışdı, ürəyi şiddətlə döyünürdü. Yazıq-yazıq atasının üzünə baxdı. Atası oğlunun üz-gözündən nə oxudusa, siqaretini müştüyünə taxıb yandırdı, dərindən qul- lab vurdu. Onu quru öskürək tutdu. Azca toxtayıb üzünü oğlu- na tutdu:

-Vəli, uşaq olma, sən qayıt evə. Mən Xeybərgilə gedirəm. Gedim, görüm nə olub?

Vəli qulaqlarına inana bilmədi. İlahi, atası nə deyirdi? Özündən ixtiyarsız atasına sarıldı.Yalnız “dədə” deyib pıçıldaya bildi. Atasının gözlərindən süzülən göz yaşı oğlunun biləyini islatdı. Bunu oğlundan gizlətmək üçün zəhmlə diləndi:

-Çıx get evə, mən yarım saata qayıdaram. Eşitdin məni, bir- başa evə get.

-Oldu, dədə, gedirəm-deyə Vəli cavab verdi. Qalib kişi Xey- bərgilin çəpərindən aşıb həyətlərinə daxil oldu. Vəli ağacın arxasına keçib gizlincə onlara baxırdı. Atası qonşularla görüşüb nəsə danışırdılar. Heç nə eşidilmirdi. Vəli burada nə qədər dur- duğunu belə hiss etmirdi. Dərin fikrə dalmış ikən atasının ayaq tappıltısına oyandı. Arxaya boylananda atasının gəldiyini gör- dü. Ağacın dalından sivrilib başıaşağı evə tərəf qaçmağa baş- ladı.

Axşamçağı Qalibgilin həyətində iri samovar qaynayır, hə- yətdə palaz sərilib üstünə süfrə salınmışdı. Qızbəs xala oğlu ilə küsülü kimi davranırdı. Atası samovara baxır, bacısı paltar- larını ütüləyirdi. Süfrəyə çay gələndə ailə bir yerdə çay süf- rəsinə yığışdı.Vəli gözlərini atasının ağzına zilləmişdi. Atası siqaretini yandırıb aramla söhbətə başladı:

-Həə, övlad ki, var, ata-ana üçün kal armuddur. Nə uda bilir-sən, nə qaytarıb tullaya. Bayaq, Xeybərgildə camaatın toplaş-dığını görüb ora getdim. Nə olar, biz böyüklüyümüzü edərik. Hər yerini bilməzə baş qoşmaq biz böyüklərə şərəf gətirməz. Qızbəs xala ərinin sözünü kəsdi:

-Nə? Sən Xeybərgilə getmişdin? Niyə?

-Arvad, Xeybərin qızının başına hava gəlibmiş. Mollaya dua yazdırmağa gediblər. Qızı cinlər evdən qaçırıblarmış.Xeyli ax- tarıblar, tapmayıblar. Sonra kimsə onu tövlənin aşağısında ölü kimi uzanmış görüb. Cinlər onu əzişdirmiş, ağlını başından alıblarmış. Eeeh, Allah gözəllik əvəzinə bunlara niyə ağıl ver- mir görəsən?

-Aaaaa, a kişi, bu dəlilik onların nəslində var da. Elə Xeybə- rin bacısı da cinlidir də. Cinlər hər beş gündən bir onu aparırlar da.

-Həə, qurban olum, Allaha.

Vəli artıq heç nə eşitmirdi. Həyət başına hərlənirdi. Ata anasının səsi qırıq-qırıq gəlirdi, ətraf fırlanır, gözləri görmür- dü. Və.....birdən yer sürətlə fırlanmağa başladı. Hər şey əvvəl- cə yaşıl, sonra qara rəngə boyandı. Vəli gözlərini açanda özünü yorğan döşəyində gördü. Başına nəyin gəldiyini, nə vaxt yatdı- ğını xatırlamırdı. Qolundakı fosforlu saata baxdı. Artıq gecə yarısı saat dörd idi. Yatağından qalxmaq istərkən başı gicəl- ləndi. Səsə atası oyandı.

-Vəli, nədir, haran ağrıyır?

-Heç yerim, dədə- deyə Vəli başını aşağı dikib cavab verdi. Həyətə düşüb nəyisə xatırlamağa çalışsa da, heç nə xatırlaya bilmədi.Yenidən yatağına qayıtdı. Yuxu onun gözlərindən uzaq düşmüşdü.

Artıq gün açılırdı. Qalib kişi oğlunu çağırdı:

-Qalx, Vəli, bir azdan rayon mərkəzinə getməliyik. Oradan da Bakıya yola düşəcəyik, bala, dur.

Vəlinin sanki bütün ruhu ölmüşdü. Nə ürəyi, nə ayaqları ge- dirdi. Sanki keyimişdi. Amma atasının sözündən çıxa, ya da etiraz edə bilməzdi. Anası və bacısı süfrəyə çay, təndir çörəyi, pendir, şor qoydular. Qalib kişi bal gətirdi. Vəli heç nə yeyə bilmirdi. Zor-bəla ilə iki stəkan çay içdi. Bacısı ona göz edib bayıra çağırdı:

-Qaqaş, sənə yaxşı yol. Oxumağına diqqət et, mən bur-dayam. Tahirə ilə danışaram. Nə olsa, sənə xəbər edərəm.

Vəli bacısına sarılıb onu öpdü. Bu vaxt atasının səsi gəldi:

-Ya Allah, haydı bala, dur çamadanını götür, gedirik.

Qızbəs xala oğlunu qucaqlayıb üzündən öpdü. Deyəsən ürəyin- də ona xeyir-dua verirdi. Amma Vəlinin qulağına başqa sözlər gəlirdi sanki:

“-Öz sevdiyini? Demaqoq Xeybərin o göygöz matişkəsini? Allah vurmuşdu onu. Atan eşitsə aləmi dağıdar. O haranın...ki, mənim evimə gəlin ola? Mənim evim-eşiyim, imarətim ona qalacaq?”.

İlk dəfə olaraq Vəlinin ürəyində anasına qarşı nifrət hissi baş qaldırdı. Heç zaman heç kimə bağışlaya bilməyəcəyi nifrət his- si. Anasından aralandı.Onun arxasınca su səpdilər. Vəli atası ilə kənddən UAZ tipli maşınla rayon mərkəzinə gəldilər.

Onların kəndi rayon mərkəzindən təxminən qırx kilometr aralıda, meşələrin qoynunda yerləşirdi. Rayon mərkəzinə çatıb oradan Bakıya gedən avtobusa bilet alaraq yola düşdülər. Təxminən altı saatlıq yol gedəndən sonra Bakıya çatıb, oradan Bakının kəndlərinin birində yaşayan bacısıgilə gəldilər. Vəlinin bacısı atasını, qardaşını görüb onları gülərüzlə qarşılayıb evə dəvət etdi. Yeznəsi onunla nə qədər deyib-gülsə də Vəlinin ey- ni açılmırdı. Atası, bacısı və yeznəsi o biri otağa çəkilib öz ara- larında xeyli nəsə danışıb müzakirə edəndən sonra gecəni yat- dılar. Səhərisi gün Qalib kişi onlarla sağollaşıb oğlunun cibinə əlli manat pul qoyaraq onu qucaqlayıb öpdü :

-Vəli, bütün fikrini imtahanına ver. Bax birinci imtahandan beş alsan qalan imtahanlardan azadsan. Sənə inanıram, inşallah alarsan. Mən qayıdıram.

Vəli diqqətlə atasının üzünə baxdı. Atasının gözləri dolmuşdu.

-Boş-boş, avara şeylər haqqında düşünmə, oğul. Ancaq dərs- lərini fikirləş.

Qalib kişi oğlunu Bakıda qoyub kəndə qayıtdı.

1979- cu il avqust ayının beşi idi. Bu gün Ali məktəblərə ilk qəbul imtahanları keçirilirdi.Bu,Vəlinin müstəqil həyatındakı ilk imtahan idi. O, ilk imtahanını riyaziyyatdan verməli idi.

İmtahan artıq başlanmışdı. Vəli orta sıra, orta yerdə otur- muşdu. Riyaziyyatdan yazılı imtahan üçün müəllim imtahan vərəqlərini paylayandan sonra sualları yazı taxtasına yazdı. Vəlinin gözləri axır, beyni dumanlanırdı. Suallardan heç nə ona sanki çatmırdı. Kağıza nə yazdığını belə xatırlamadı. Qeyri-ixtiyari gözlərindən axan yaş imtahan vərəqınin üstünə düşdü. Məcburən imtahanın sonuna kimi oturmalı oldu. Sanki uzun illərin məhbusu idi. Ürəyi çırpınırdı. İmtahan bitəndən sonra başını aşağı salıb imtahan zalından çölə çıxdı. İnstitutun bina- sından filormoniya bağına tərəf addımladı. Siqaretini yandırıb, xəyala daldı.

İmtahan nəticələri üç-dörd gündən sonra bəlli olacaq, imtahandan müvəfəqiyyətlə keçənlərin siyahısı institutun həyə- tindəki tablolardan asılacaqdı. Axşam bacısıgilə qayıtdı. Ondan nə olduğunu, imtahanı necə verdiyini soruşanda büzüşmüş şəklidə udquna-udquna bircə “bilmirəm”- deyə bildi. Bu zaman yeznəsi Eldar evə gəldi. O, özü də orta məktəbdə riyaziyyat müəllimi işləyirdi.

-Ə,Vəli, gəl görüm bura.

Vəlini qucaqlayıb üzündən öpdü:

-Necədir, imtahandan beş ala bilərsənmi? Hansı məsələ, mi- sallar düşmüşdü? Necə həll etdin?

Vəlinin dili boğazına getdi, udqundu:

-Vallah bilmirəm, heç nə yadımda deyil.

-Pahoo, bu da bizim qızıl medalla məktəbi bitirənimiz. Sən nə danışırsan, Vəli?

Vəli cavab verəcək halda deyildi. O, bu anda Allahdan özünə yalnız ölüm diləyirdi. Atasının zəhmli baxışlarını, səsini, ana- sının iynəli sözlərini təsəvvüründə canlandırdıqca özünə ölüm arzulayırdı. Qəti qərar qəbul etmişdi. O, evə qayıtmayacaqdı. Bu fikirlərlə də o, yuxuya getdi. Bütün gecəni ona nifrətlə baxan atasını, anasını, ondan üz döndərən Tahirəni gördü.

Səhər açılanda Vəli ancaq bir stəkan çay içib evdən çıxdı. O, dəmir yol vağzalına gəldi. Burada stollar qurulmuş və texniki-peşə məktəblərinə uşaq cəlb edir, sənədləri yığırdılar.

Stolların birinə yaxınlaşdı. Burada Suraxanıda yerləşən bir nömrəli texniki-peşə məktəbinə sənəd qəbul edirdilər. Vəli pe- şələrə baxır, baxa-baxa düşünürdü. Beləcə üç gün keçdi. Bu günlər ərzində Vəlinin daxilən nə çəkdiyini yalnız özü bildi. Səhər yeznəsi və bacısı ilə birgə institutun həyətinə yollandılar. Bacısı ona ürək-dirək verirdi:

-Vallah, beş alarsan. Bir də, heç beş olmasın e, dörd olsun, lap üç olsun, bilirəm ki, kəsilməzsən. O biri imtahanları da ve- rib qəbul olunarsan. Maşallah, Allaha qurban olum, sənə bu is- tedadı verib.

Vəli susurdu. İnstitutun həyətində geniş izdiham var idi. Valideynlər, uşaqlar bir-birinə qarışmışdı. Ağız deyəni qulaq eşitmirdi. Vəlinin yeznəsi iri cüssəli olduğundan onlara yol açdı. Tablolara yaxınlaşdılar. Siyahını iki dəfə oxudular. Vəli-nin adı, familiyası yox idi. Vəli uşaq kimi hönkürdü. Bu onun ilk imtahanı idi... Və bu imtahandan Vəli keçə bilməmişdi.

İndi o, geriyə hansı üzlə qayıdacaqdı? Atasının, müəllimlə- rinin, Tahirənin üzünə necə baxacaqdı?

Hönkürtüsünə yanında olanlar belə boylanıb onu dairəyə al- mışdılar. Hərə bir cür ürək-dirək verirdi. Yeznəsi qap-qara qa- ralmışdı.

-Nə isə, qayıdaq - dedi.

-Vəli, fikrin nədir?

-Mən kəndə qayıtmayacağam Eldar, sənədlərimi alıb peşə məktəbinə verəcəyəm. Yataqxanada qalacaq, oxuyacaq, işləyə- cəyəm. Bu mənim son qərarımdır. Yeznəsi əlini onun kürəyinə vurdu:

-Əhsən, bax bu oldu kişi sözü.

Vəli institutdan sənədlərini alıb bir başa Suraxanı qəsəbəsində yerləşən bir nömrəli texniki peşə məktəbinə gedərək təmirçi-çilingər peşəsini seçdi. Məqsədi kəndə qayıtmamaq, sənət, peşə öyrənib və yenidən ali məktəbə hazırlaşmaq, tələbə kimi geri dönmək idi.

Sentyabrın birində dərslər başlananda Vəli yeni bir zərbə aldı. Peşə məktəbində onlara peşə öyrədəcək usta-müəllim uşaqları yığıb azca danışandan sonra Vəlini təqdim etdi:

-Baxın, hətta orta məktəbi qızıl medalla bitirən də bura gəlib, peşə öyrənmək istəyir. Niyə? Çünki bilir ki, orta məktəbdə o medalı savadı ilə almayıb. Allah bilər bu medalı ona neçəyə sı- rıyıblar.

Uşaqlar dönüb Vəliyə təəccüblə baxanda o, özünü saxlaya bilməyib dilləndi:

-Müəllim, böyük səhviniz var. Mən kasıb bir ailənin usagı- yam. Medalı isə biliyimlə almışam. Əgər qəbul oluna bilmə- mişəmsə, bu faciə deyil. Inşallah gələn il qəbul olunaram.

Müəllim ”inşallah”,- deyib onlardan aralandı.

Vəli tələbələr üçün ayrılmış yataqxanada qalırdı. Yeməyi də özləri bişirir, paltarlarını da özləri yuyurdular. O, gecələr tənha guşəyə çəkilib ya şeir yazır, ya da dərslərini oxuyurdu. Bir müddət aradan keçəndən sonra məktəbin direktoru onu otağına çağırdı. Vəli qapını döyüb açanda atasının direktorun otağında oturduğunu görəndə dizləri əsdi. İçəri girib salam ver- di. Qalib kişi zəhmlə onu süzdü.

-Səni bura oxumağa göndərmişdim, ya avaralanmağa? Budur sənin qeyrətin ə?

-Dədə, vallah, özüm də bilmədim, niyə kəsildim.

-Səni Allah kəsib də. Xalxın uşaqları yamaqlı şalvarla gedir oxuyur, sən gəlib arvad kimi peşə məktəbinə soxulmusan. Direktor söhbətə qarışdı:

-Əmi, siz elə nahaq deyirsiniz. Uşağın üstünə düşmək lazım deyil. Burada oxuyar, əlinə həm bir sənət alacaq, həm də hazır- laşıb ali məktəbə gələn il girər. Qalib kişi oğlunun üzünə baxdı:

-Dur, hazırlaş, evə gedirik. Evində oxuyub hazırlaşarsan.

-Yox, dədə, mən qayıtmayacağam. Bütün əzablara hazıram, qalıb oxuyacaq, hazırlaşacağam.

Qalib kişi dinmədi. Hirslə qalxıb qapıdan çıxanda dalınca Vəli də çıxdı:

-Dədə, məni bağışla. Sənin ümidini doğrulda bilmədim. Am- ma söz verirəm, mən oxuyacağam.

Atası oğlunun gözlərinə baxıb əlini cibinə salaraq iki ədəd yaşıla çalan iyirmi beşlik çıxarıb ona verdi:

-Al, oxu, nə deyirəm ki, təki oxu.

Bunu deyib dala baxmadan oğlundan uzaqlaşıb iti addımlarla qapıdan çıxdı.

Sentyabrın axırları idi. Respublikanın pambıq rayonlarında havaların soyuması ilə əlaqədar olaraq pambıq yığımı sürətlən- miş, bütün tələbələri pambıq yığımına cəlb etmişdilər. Peşə məktəbinin direktoru Məmmədağa müəllim də məktəbin şa-girdlərini yığıb kolxoçulara kömək üçün pambıq yığımına ge- dəcəklərini bildirdi. Uşaqları avtobuslara doldurub Jdanov (indiki Beyləqan) rayonunun Eyvazallar kəndinə gətirdilər. Aranın istisi insanı yandırırdı. Heç vaxt pambıq kolu görməyən uşaqlar üçün pabmıq yığımı çətin idi. Amma Vəli bütün çətin- liklərə dözəcəyinə and içmişdi.
SARSINTI





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə